Month: April 2021

  • Azərbaycan Olimpiya Oyunlarına neçə lisenziya qazanıb?

    Ötən il koronavirus səbəbindən təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları bu il keçiriləcək.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yarış 23 iyul 8 avqust tarixlərində baş tutacaq.

    Azərbaycan da dünyanın ən böyük idman yarışına qatılacaq. Komandamız bu yarış üçün bu vaxta qədər cəmi 16 lisenziya əldə edib.

    Sizi lisenziya qazanan idmançıların adları və yarışacağı idman növləri ilə tanış edirik:

    Anna Skidan – Atletika (çəkic atma)

    Nazim Babayev – Yüngül Atletika (üç təkanla tullanma)

    Maksim Şemberev – Üzgüçülük (400 m qarışıq)

    Mariya Stadnik – Qadın güləşi (50 kq)

    Şərif Şərifov – Sərbəst güləş (97 kq)

    Hacı Əliyev – Sərbəst güləş (65 kq)

    Hacımurad Hacıyev – Sərbəst güləş (74 kq)

    İslam Abbasov – Yunan-Roma güləşi (87 kq)

    Zöhrə Ağamirova – Bədii gimnastika (çoxnövçülük)

    Aliyə Paşayeva

    Diana Əhmədbəyli

    Darya Sorokina

    Ayşən Bayramova

    Zeynəb Hümmətova – Bədii gimnastika (qrup – çoxnövçülük)

    Marina Nekrasova – İdman gimnastikası (qadınlar – çoxnövçülük)

    İvan Tixonov – İdman gimnastikası (kişilər – çoxnövçülük)

    Ruslan Lunyov – Güllə atıcılığı

    Milad Beigi Harçegani – Taekvondo (-80 kq)

    Tayfur Əliyev – Boks (57 kq)

  • Avropanın ardından Dünya Universitet Oyunları da təxirə salındı

    18-29 avqustda Çinin Çendu şəhərində keçirilməli olan XXXI Dünya Yay Universitet Oyunları təxirə salınıb.

    Bu barədə Beynəlxalq Universitet İdmanı Federasiyası, Çin Universitet İdmanı Federasiyası və Çendu-2021 Təşkilat Komitəsi birgə qərar verib.

    Yarış COVID-19 pandemiyası və beynəlxalq səfər məhdudiyyətləri üzündən 2022-ci ilə keçirilib. Yarışın yeni tarixi daha sonra razılaşdırılacaq. Amma yarışın adı Şendu-2021 FISU Dünya Universitet Oyunları kimi qalacaq və loqosu dəyişdirilməyəcək.

    Bundan başqa, Niderlandın Neymeqen şəhərində 8-13 iyun tarixlərində baş tutmalı olan tələbələrin velosiped üzrə Avropa çempionatı da analoji səbəbdən ləğv olunub.

    Qeyd edək ki, daha əvvəl ötən ay Serbiyanın paytaxtı Belqradda V Avropa Universitet Oyunlarının 14-27 iyul tarixlərində keçirilməyəcəyi açıqlanıb. Bu yarışın bu il daha gec tarixlərdə keçirilməsi barədə müzakirələr aparılır.

  • Cəmi 4 günə tarixi dəyişən igidlər… – VİDEO

    Bu gün “Aprel döyüşləri”nin başlanmasından 5 il ötür.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu hücuma keçiblər. Azərbaycan mövqeləri və yaşayış məntəqələri atəşə məruz qalıb. Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində döyüşlər Azərbaycanın qələbəsi ilə nəticələnib.

    “Aprel döyüşləri” nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi, Cocuq Mərcanlı, Gülüstan, Qazaxlar və Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunub.

    Aprelin 5-də Moskva şəhərində beynəlxalq qurumların müşahidəsi ilə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında atəşkəs müqaviləsi imzalanıb.

    Döyüşlər nəticəsində Ermənistan Ordusunun 560 hərbçisi məhv edilib, 500 hərbçi yaralanıb, 33 tank və zirehli maşın, 25 artilleriya qurğusu məhv edilib.

    Erməni təxribati nəticəsində Azərbaycanda 2-si uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb.

    “Aprel döyüşləri”ndə şəhid olan polkovnik Vüqar Yusifov “Vətənə xidmətə görə” ordeni ilə, “Murov qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucov “İgidliyə görə” medalı ilə, Ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin pilotları- mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş-leytenant Bəkir İsmayılov “Azərbaycan bayrağı” ordeni ilə təltif ediliblər.

    Polkovnik-leytenant Murad Mirzəyev və Xüsusi Təyinatlı Qüvvələrin mayoru Samid İmanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

    Polkovnik Şükür Həmidov isə hələ o zaman sağikən bu ada layiq görülüb. Ş.Həmidov Vətən Müharibəsində şəhid olub.

  • Şuşaya atılan “İskəndər” yedəyində çoxlu suallar gətirib – Bəs bu raket niyə təhlükəlidir?

    İkinci Qarabağ müharibəsində “İskəndər” raketlərindən Azərbaycana qarşı istifadə edilməsi faktının ictimailəşməsi özü ilə bir sıra suallar da gətirdi.

    ANAMA deyir ki, Şuşa ərazisində minatəmizləmə zamanı Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İskəndər-M” operativ taktiki raket kompleksindən atılan raketlərin qalıqları tapılıb.

    Yayılan fotolardan görünür ki, atılan raket partlayıb və onun böyük hissələri əraziyə səpələnib.

    İndi isə gəlin sualları təsnifatlaşdıraq. İlk olaraq elə “M” modifikasiyalı “İskəndər”in ora hansı ərazidən atılması sual doğurur. Axı, bu zamana qədər Ermənistanda ancaq “İskəndər-E” kompleksinin olduğundan bəhs edilirdi – ən azından açıq internet mənbələrində.

    “İskəndər”in “E” variantı dağıdıcılıq gücünə və uçuş məsafəsinə görə “M”lərdən qat-qat aşağıdır. Birinci 280, ikinci isə 500 kilometrədək məsafə qət edə bilir. Bəzi mənbələrdə isə “İskəndər-M” kompleksinin raketlərinin 700 kilometrə qədər uçduğu yazılır.

    Əgər Ermənistanda “M” tipli “İskəndər” yoxdursa, bəs o zaman Şuşaya o raket haradan atılıb? Rusiyadanmı? Əslində dəqiq cavab yoxdur. Yalnız məntiqi mühakimələr belə deyə bilər ki, o raket Rusiyanın Ermənistan ərazisindəki 102 saylı hərbi bazasından (Gümrüdə) buraxılıb. Hərçənd bu da versiyalardan sadəcə biridir.

    İkinci sual: Raket bu qədər güclüdürsə, niyə hədəfə dəyməyib? İki versiya önə çıxır. Ya Azərbaycan hava hücumundan müdafiə qüvvələri raketi zərərsizləşdirib, ya da buvaxtadək “İskəndər” haqqındakı təqdimatlar blef olub.

    Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib ki, müharibədə “İskəndər” raketləri tətbiq olunmayıb.

    Lakin qalıqların tapılması bu açıqlamanı şübhə altına qoyur.

    Hərçənd ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan “nə ət, nə balıq” prinsipi ilə İrəvanın mövqeyini dilə gətirib. Onun açıqlamasında təkzib yoxdur, əksinə təsdiqə yaxın ifadələr var.

    “Heç bir şey deyə bilmərəm, çünki bu məlumatın açıqlanması nəzərdə tutulmayıb”, – deyə A.Davtyan bildirib.

    “İskəndər” təhlükəsi

    Rusiya “İskəndər-M” operativ-taktiki raket komplekslərini Kalininqrada yerləşdirib. “İskəndər-M” raketlərinin Avropa Birliyinin şərq hissəsində – Kalininqrad ərazisində yerləşdirilməsi 10 ildən çoxdur ki, beynəlxalq hərbi çevrələrin əsas müzakirə predmetlərindən biridir. Rusiya bunu daimi əsaslarla edir, yoxsa müvəqqətidir – bu da müzakirə mövzusudur. Birinci varianta isə üstünlük vermək olar, çünki Rusiya daim Avropanı və NATO-nu qorxu altında saxlamaq üçün daimi yerləşdirməni önə çıxara bilər.

    Moskvanın “İskəndər” taktikasını Rusiyanın NATO-nun sərhədlərinə qədər gəlib çıxması ilə əlaqələndirənlər də az deyil.

    NATO isə bu cür silahları sabitliyə təhdid olaraq dəyərləndirir. Daha da qorxulusu odur ki, “İskəndər-M” raketləri nüvə başlıqları ilə təchiz oluna bilər.

    İndi hər dəfə “İskəndər”in niyə bu qədər müzakirələr yaratdığını anlayırıqmı?

    Qeyd edək ki, aprelin 2-də Bakıda Şuşaya atılan həmin raketin qalıqları nümayiş olunub.

    //oxu.az

  • Biləsuvarda qətl – Dayısını öldürdü

    Biləsuvarda qətl hadisəsi olub.

    Aprelin 2-də saat 13 radələrində Biləsuvar şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Vüqar Haxverən oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

    Biləsuvar rayon prokurorluğundan bildirilib ki, Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

    Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin bacısı oğlu 2005-ci il təvəllüdlü Qubadlı Röyal Şahin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Vüqar Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

    Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

    Röyal Qubadlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
    Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

  • Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2361 yeni yoluxma faktı qeydə alınıb, 822 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 266 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 239 807 nəfər müalicə olunaraq sağalıb, 3617 nəfər vəfat edib, aktiv xəstə sayı 22898 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 127, ötən müddət ərzində isə ümumilikdə 2 901 160 test aparılıb.

  • Azərbaycan əsgərləri Türkiyədə minaaxtarma təlimlərində – VİDEO

    Türkiyə Silahlı Qüvvələri bir çox xarici ölkənin ordusuna hərbi təlim keçir. Bu ölkələrdən biri də qardaş ölkə Azərbaycandır.

    Bu barədə “TRT Haber”in hazırladığı reportajda qeyd edilir.

    Təlimlər müasir və üstün texnologiya ilə təchiz edilmiş son robot sistemləri, detektorlar və çətin ərazi şəraitində mina axtarma itlərinin komandası ilə həyata keçirilir.

    Şüarı “99 faiz müvəffəqiyyət fəlakətdir” olan METI komandasının məqsədi həm döyüş sahəsində, həm də məşqdə 100 faiz müvəffəqiyyət əldə etməkdir. Azərbaycan əsgərləri də eyni prinsip üzrə təlim alırlar.

    Türkiyə və Azərbaycan əsgərləri böyük koordinasiyada hərəkət edirlər.

    İzmirdə təlimlərin 8 həftə davam edəcəyi bildirilir.

  • ANAMA: Şuşaya atılmış raket “İskəndər-M” raketidir

    “Martın 15-də Agentlik tərəfindən Şuşa şəhərində aparılan təmizləmə əməliyyatı zamanı iki müxtəlif yerdən raket qalıqları aşkar olundu”.

    Bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov deyib.

    O qeyd edib ki, aparılan tədqiqat zamanı raketin üzərində olan “9M723” indeks kodu yoxlanılıb:

    “Bu zaman məlum olub ki, bu “İskəndər” raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Son aparılan araşdırma nəticəsində qənaətə gəlindi ki, atılmış raket “İskəndər-M” raketidir. Hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar keçirilməkdədir”.

  • Baş Prokurorluq onları beynəlxalq axtarışa verdi

    Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilmələri barədə sorğular edilmişdir.

    Baş Prokurorluqdan Qaynarinfo-ya bildirilib ki, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Türkiyə Respublikasının vətəndaşı Avcı Əmrahın – 31.12.2019-cu il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Abşeron rayonu Digah qəsəbəsində yerləşən Aytən Hüseynovaya məxsus fərdi yaşayış evindən ümumilikdə 547 min manat dəyərində xüsusi ilə külli miqdarda qızıl-zinət əşyalarını oğurlamasına; Daşkəsən rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hüseynli Elxan Saleh oğlunun– 03.08.2016-cı il tarixdə Daşkəsən rayonunun Xoşbulaq kəndində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə Səbuhi Hətəmova qarşı quldurluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

    Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan edilmişdir.

    Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Elxan Hüseynli və Avcı Əmrah Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilmişlər.

  • Bakıda müəllim koronavirusdan öldü (FOTO)

    Bakıda müəllim koronavirusdan vəfat edib.

    Bu barədə məlumat Tahir Hacıyev adına 252 nömrəli orta məktəb-liseyin rəsmi “Facebook” səhifəsində paylaşılıb.

    Məktəbin ingilis dili müəllimi Nərminə Əliyeva koronavirusdan vəfat edib.