Month: April 2021

  • Cəlilabadda yaşayış yerini tərk edən daha bir COVID-19 xəstəsi aşkarlanıb

    Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Cəlilabad şəhər sakini E.Əsgərova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

    Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

    Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

  • Apellyasiya müraciətləri üçün qeydiyyat başa çatıb

    Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən onlayn müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri üçün qeydiyyat yekunlaşıb.

    Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlərin apellyasiya müraciətlərinə əsasən, təkrar onlayn müsahibələr keçiriləcək.

    Müsahibələrin 7-8 may tarixlərində təşkili nəzərdə tutulub. Apellyasiya müraciətini təsdiq edən namizədlərin şəxsi səhifələrinə onlayn müsahibənin vaxtı barədə məlumat göndəriləcək.

  • Koronavirus mutasiyalarını qısa zamanda analiz edən metod hazırlanıb

    Yaponiyanın Osaka və Hokkaydo universitetlərinin alimləri koronavirus ştammlarının mutasiyalarının sürətli analizi üçün metod işləyib hazırlayıblar.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Cell Reports” jurnalında dərc olunmuş araşdırmanın materialları sübut edir.

    Koronavirusun mutasiyaya uğramış xətlərini qısa zamanda müəyyənləşdirmək vəzifəsi hazırda ənənəvi olanlardan başqa COVID ştammları vasitəsilə sürətlə artan yoluxma hallarının fonunda prioritetlərdən biridir. Belə ki, Yaponiyanın cənub-qərbində bütün yoluxma hallarının 80%-ə qədəri mutasiyaların payına düşür.

    Yapon alimlərin hazırladığı metod SARS-CoV-2 virusunun klonlarını yaratmaq üçün PZR metodundan istifadəni nəzərdə tutur ki, bununla sonradan virus mutasiyalarının bioloji xüsusiyyətlərini qısa zamanda analiz etmək mümkün olsun.

    Həmçinin qeyd olunur ki, metod koronavirus mutasiyalarının tədqiqatı üçün lazım olan müddəti iki həftəyə endirə biləcək. Hazırda isə ənənəvi metodlarla bu müddət bir neçə aya qədər davam edə bilir.

  • Azərbaycanda universitetin şöbə müdirinə cinayət işi açılıb – RƏSMİ

    Baş Prokurorluq Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın külli miqdarda təhsil haqqı məbləğlərini mənimsəməsinə və bunun da həmin təhsil ocağının tələbələrinin narazılığına səbəb olması ilə bağlı açıqlama yayıb.

    Qurumun Mətbuat xidmətindən bildirilib ki, Dürdanə Əliyevanın qeyd edilən qanunsuz əməlləri törətməsi barədə BDU-nun tələbələrindən daxil olan çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

    “Hazırda iş üzrə intensiv istintaq tədbirləri aparılmaqla toplanan sübutlara hüquqi qiymətin verilməsi və bu barədə ictimaiyyətin yaxın zamanda ətraflı məlumatlandırılması təmin ediləcəkdir”, – Mətbuat xidmətindən bildirilib.

  • Gürcüstanda Novruzun milli bayram elan olunması məsələsinə baxılır

    Gürcüstan parlamentində ölkədə Novruzun milli bayram elan olunması ilə bağlı layihənin nəzərdən keçirilməsinə başlanılıb.

    Martın 12-də qanunverici orqana daxil olan layihəni ictimai fəal Samirə Bayramova hazırlayıb.

    Layihədə martın 21-nin Gürcüstanda qeyri-iş günü elan edilməsi də təklifi əksini tapıb.

    Qanunverici orqanın İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsində təşəbbüsə baxılıb. Qeyd olunub ki, təşəbbüs ölkənin Əmək Məcəlləsinə dəyişikliklərin edilməsini nəzərdə tutur. Təkliflərin alınması məqsədilə sənəd Gürcüstan hökumətinə göndərilsə də, bu günədək cavab alınmayıb. Bu səbəbdən məsələni müəyyən edilmiş müddət ərzində – aprelin 27-dək baxılması üçün tam hazırlamaq mümkün olmayıb. Bununla yanaşı, komitə qanunvericilik təşəbbüsü ilə bağlı beynəlxalq təcrübəni öyrənir.

    Parlamentin büro iclasında ötən gün qəbul edilən qərara əsasən, məsələyə baxılma müddəti 30 gün uzadılıb.

  • Paşinyan Ermənistanda vaksinasiyanın sürətindən razı deyil

    Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan koronavirus əleyhinə peyvənd olunmuş vətəndaşların sayının utancverici dərəcədə az olduğunu bildirib və hökumət üzvlərinə bir həftə ərzində peyvənd olunmaq göstərişini verib.

    Bu barədə Ermənistan KİV-ləri yazır.

    “Gəlin özümüzdən başlayaq. Gəlin zaldakıların hamısının bir həftə içində koronavirusa qarşı peyvənd olunacağına razılaşaq”, – Paşinyan deyib.

    O, ölkə üzrə yalnız 2 690 nəfərin vaksinasiya olunduğunu bildirib.

    “Peyvənd olunmuş vətəndaşların göstəricisi ölkənin bütün mənalarda keyfiyyətinin göstəricisidir: iqtisadiyyat, sivilizasiya, siyasət baxımından”, – N.Paşinyan vurğulayıb.

    Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxma hallarının ümumi sayı 215 528-ə yüksəlib. Ümumilikdə 4 087 nəfər koronavirusun fəsadlarından ölüb.

  • Gömrükçülər İrandan gələn yük avtomobillərində siqaretlər aşkar etdi

    Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 4 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

    Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.

    Belə ki, İdarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından idarə etdikləri “Mack” markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar.

    Nəqliyyat vasitələrinə kinoloji xidmət itin tətbiqi ilə baxış keçirilib. Bu zaman xidməti itlər avtomobillərin kabinəsinə və qoşqusuna reaksiya veriblər. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 8 200 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Yerevanda Mahatma Qandinin heykəlini niyə yandırıblar?

    Hindistan Milli Azadlıq Hərəkatının lideri Mahatma Qandinin Ermənistanın paytaxtı Yerevandakı heykəlinin yandırılması ölkə mətbuatında və sosial şəbəkələrdə rezonansa səbəb olub.

    Məlumatı “Sputnik Armeniya” yayıb.

    Bildirilib ki, Mahatma Qandinin heykəli Yerevanda 2020-ci ildə ucaldılıb. Onda ermənilər arasında heykəlin qoyulmasına etiraz edənlər də az olmayıb. Buna səbəb olaraq Mahatma Qandinin Mustafa Kamal Atatürk başda olmaqla Türkiyənin o vaxtkı rəhbərliyi ilə münasibətlərinin yaxşı olması və ermənilərin saxta soyqırımı iddialarını qəbul etməməsi göstərilir.

    Bundan başqa iddia edilib ki, Hindistanın Ermənistandakı səfirliyinin tvitter səhifəsində aprelin 24-ü ilə bağlı qeyddə əvvəlcə “soyqırımı” ifadəsi yazılsa da, bir neçə saat sonra söz mətndən çıxarılıb.

    Mahatma Qandinin yandırılmış heykəlini ermənilər sosial şəbəkədə paylaşaraq bunu qisasın alınması kimi təqdim ediblər. Məlumata görə, azadlıq liderinin heykəli yandırılmazdan iki gün əvvəl ona yumurta atılmışdı.

    Ermənilər iddia ediblər ki, Ermənistan Pakistanla münaqişədə birmənalı olaraq Hindistanın mövqeyini dəstəkləyir. Onlar hesab edir ki, bu yolla saxta iddialarını Hindistana qəbul etdirə biləcəklər.

    Yerevan merliyinin mətbuat katibi Akop Karapetyan Qandinin heykəlinin Ermənistan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə qoyulduğunu bildirib. O, belə abidələrin elmi əsaslandırmadan sonra ucaldıldığını da vurğulayıb.

    Qeyd edək ki, mütəxəssislər ermənilərin Mahatma Qandini sevmədiklərini və ona düşmən mövqedən yanaşdıqlarını bildiriblər.

  • Bakıda 5 il əvvəl evdən 18 min manatlıq oğurluq edən şəxslər tutuldu

    Bakıda 5 il əvvəl oğurluq edən şəxslər tutulub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il noyabrın 12-də rayon ərazisindəki evlərin birindən 13 600 manat, 3000 rubl pul və 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.Balakişiyev və V.Hacıyev müəyyən edilərək saxlanılıb.

  • Bakıda çay evindən 8 min manatlıq oğurluq edildi

    Bakıda çay evində oğurluq hadisəsi olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də rayon ərazisindəki çay evlərinin birindən 8000 manat dəyərində 3 ədəd televizor, 2 ədəd samovar, kondisioner mühərriki, kamera monitoru, yaddaş qurğusu və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov saxlanılıb.