Month: April 2021

  • Azad edilmiş ərazilərdə inventarlaşmış torpaqların həcmi açıqlandı

    İşğaldan azad edilmiş ərazilərdə 454 000 ha torpaq sahəsinin inventarlaşdırılması başa çatıb.

    Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

    İqtisadiyyat Nazirliyi tərəfindən ümumilikdə 10 rayon üzrə 150 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşdırılıb.

    Hazırda 8 yaşayış məntəqəsində işlər davam etdirilir. 321 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub.

  • KİV: “Yuventus” baş məşqçi postu ilə bağlı qərarını verdi

    KİV: “Yuventus” baş məşqçi postu ilə bağlı qərarını verdi

    İtaliyanın “Yuventus” klubu əsas komandanın baş məşqçisi Andrea Pirlo ilə bağlı qərar verib.

    Median.Az “SportMediaset” nəşrinə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis mövsümün sonunda Turin təmsilçisindən ayrılacaq.

    Artıq onun yerinə kimin keçəcəyi də bəllidir. “Qoca sinyora” sabiq baş məşqçisi Massimiliano Alleqriyə həvalə olunacaq. Pirlo komandanı Çempionlar Liqasının qrup mərhələsinə daşısa belə, klub rəhbərliyinin seçimi dəyişməyəcək.

    Qeyd edək ki, “Yuventus” 33 turdan sonra A Seriyasında 66 xalla 4-cü pillədədir. Alleqri 2014 – 2019-cu illərdə “Yuventus”a rəhbərlik edib. O, Turin təmsilçisi ilə 5 dəfə İtaliya çempionluğu, 4 dəfə ölkə kuboku və 2 dəfə Superkubok qazanıb. Təcrübəli mütəxəssis İtaliyada ardıcıl 4 mövsüm “qızı dubl” edən ilk baş məşqçidir.

  • Tokio-2020: İştirakçılar Yaponiyaya uçuşdan əvvəl iki dəfə test verəcək – QAYDALAR

    Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında koronavirusla bağlı bəzi yeni qaydalar açıqlanıb.

    “Report” Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən qaydaları təqdim edir.

    1. Bütün iştirakçılar Yaponiyaya uçuşdan əvvəl iki dəfə koronavirus testindən keçməlidirlər;

    2. İdmançılar və onların bilavasitə yaxınlığında olanlar üzə çıxmayan müsbət test nəticələrini minimuma endirmək üçün gündəlik testdən keçəcəklər. Testlərin vaxtı tədbirlər və yarış cədvəlinə uyğun müəyyənləşdiriləcək;

    3. Olimpiadanın digər iştirakçıları ölkəyə daxil olandan sonra ardıcıl 3 gün testdən keçəcəklər. Onlar üç gündən sonra Tokioda qaldıqları müddətə və idmançılarla təmas səviyyəsinə əsasən mütəmadi testlərə cəlb ediləcəklər;

    4. Bütün iştirakçılar öz hərəkət planlarına uyğun addımlar atmalıdırlar. Hamı 14 gündür Yaponiyada olan iştirakçılarla və ölkə sakinləri ilə təması azı bir metr məsafədə saxlamalıdır;

    5. “Tokio-2020″nin bütün iştirakçıları yalnız olimpiada üçün nəzərdə tutulmuş xüsusi nəqliyyat vasitələrindən yararlanmalıdır. Onların ictimai nəqliyyatdan istifadəsinə icazə verilmir;

    6. Bütün iştirakçılar koronavirusa qarşı tədbirlərin görüldüyü məhdud yerlərdə qidalanmalıdırlar. Bura xüsusi ictimai iaşə obyektləri, restoranlar və onların öz otaqlarında xidmət və ya yemək çatdırılma daxildir;

    7. Sıx təmaslar COVID-19 testi müsbət çıxmış hər hansı şəxslə 15 dəqiqə və ya daha çox davamlı təmasda olanları müəyyənləşdirir. Mehmanxana nömrəsi və avtomobillərin olduğu qapalı məkanlarda bir metr yaxınlıqda maskasız gəzmək olmaz. Xəstələnmə halları Yaponiya səhiyyə orqanları tərəfindən təsdiqlənəcək.

    Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul – 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul – 8 avqusta təxirə salınıb. Pekindəki Qış Olimpiya Oyunları isə 2022-ci il 4 – 20 fevralda gerçəkləşəcək.

  • “Google” gündəlik 200 milyon dollar xalis mənfəət əldə edir

    Bu ilin I rübündə ABŞ-ın texnologiya nəhəngi “Google” şirkəti 17,9 milyard dollar xalis mənfəət əldə edib.

    Bu, ötən ilin eyni dövrünə nisbətən 2,6 dəfə çoxdur.

    3 ay ərzində şirkətin gəlirləri isə 55,3 milyard dollar olub ki, bu da illik müqayisədə 34,4% çoxdur.

    Beləliklə, “Google” gündəlik 600 milyon dollardan çox gəlir, 200 milyon dollara yaxın isə xalis mənfəət əldə edir.

  • Qubada məktəb direktoru işdən çıxarılıb

    Quba rayon İspik kənd tam orta məktəbinin direktoru Bəxtiyar Kərimov işdən çıxarılıb.

    Bu barədə “Report”a Quba Rayon Təhsil Şöbəsindən məlumat verilib.

    B.Kərimov təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə çalışmanın son yaş həddinə çatması ilə əlaqədar vəzifəsindən azad edilib.

    Qeyd edək ki, keçmiş direktor təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev tərəfindən Fəxri fərmanla təltif edilib.

  • AZAL Türkiyənin 2 şəhərinə uçuşları müvəqqəti dayandırır

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbul şəhərinə uçuşları müvəqqəti dayandırır.

    Bakı – Ankara – Bakı aviareysləri (J2 103/104) aprelin 29-dan mayın 13-nə qədər, Bakı – İstanbul – Bakı aviareysləri (J2175/176) aprelin 29-dan mayın 16-na qədər yerinə yetirilməyəcək.

    Bununla yanaşı, mayın 12-nə planlaşdırılan Bakı – Antalya – Bakı aviareysi (J2 125/126) də baş tutmayacaq.

    Buna səbəb təlabatın az olmasıdır. Sərnişinlər aldıqları aviabiletləri “Türk Hava Yolları” şirkətinin reyslərinə dəyişə bilərlər. Bununla yanaşı, aviabiletləri cəriməsiz AZAL-ın istənilən tarixə olan reysinə dəyişdirmək və yaxud qaytarmaq da mümkündür.

  • Dünyanın 100 ən nüfuzlu şirkəti açıqlanıb

    “Time” jurnalı dünyanın ən nüfuzlu şirkətlərinin siyahısını açıqlayıb. “Report” xəbər verir ki, siyahı nəşrin saytında dərc edilib.

    Dünyanın ən nüfuzlu şirkətlərinin reytinqi 5 kateqoriyaya bölünüb – “Pionerlər”, “Liderlər”, “İnnovatorlar”, “Nəhənglər” və “Dağıdıcılar”.

    “Pionerlər” kateqoriyasında birinci yeri amerikalı aktrisa və prodüser Riz Uizerspun tərəfindən yaradılmış “Hello Sunshine” media şirkəti tutub. Bu kateqoriyada həmçinin müğənni Rihannanın “Savage X Fenty” alt paltarı istehsal edən şirkəti və Kanadanın çətənə üzrə ixtisaslaşmış əczaçılıq şirkəti “Tilray” yer alıb.

    “Liderlər” kateqoriyasına Milli Basketbol Assosiasiyası (NBA) rəhbərlik edir. Bu kateqoriyaya həmçinin elektronika istehsalçıları “Apple” və “Sony”, idman geyimləri istehsalçısı “Nike”, “Twitter” sosial şəbəkə saytı və “Mastercard” maliyyə korporasiyası daxil edilib.

    “İnnovatorlar” bölməsində birinci yeri “Gro Intelligence” analitik şirkəti tutub. Bu siyahıda “Moderna” biotexnologiya şirkəti, “Netflix” striminq xidməti, “Zoom” videokonfrans proqramı və “Spotify” musiqi xidməti də var.

    “Nəhənglər” kateqoriyasına avtomobil istehsalçısı “General Motors” rəhbərlik edir. Jurnal həmçinin “Facebook” sosial şəbəkəsini, “Disney” media konqlomeratını, “Google” transmilli korporasiyasını, “Microsoft” şirkətini və “Amazon” ticarət platformasını bu siyahıya əlavə edib.

    “Dağıdıcılar” bölməsində birinci yeri “Illumina” şirkəti tutub. Siyahıya həmçinin elektromobil istehsalçısı “Tesla”, “Airbnb” kirayə mənzil və ev axtarış saytı, “Clubhouse” sosial şəbəkəsi və “OnlyFans” xidməti daxil edilib.

  • “CPM-İnvest İnvestisiya Şirkəti” “Bakı Fond Birjası”na üzv olub

    Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “CPM-İnvest İnvestisiya Şirkəti” QSC öz müraciəti əsasında “Bakı Fond Birjası” QSC-yə üzv qəbul edilib.

    Bu barədə “Report”a BFB-dən bildirilib.

    Məlumata görə, bununla da Birjanın üzvü olan investisiya şirkətlərinin sayı 10-a çatıb.

    Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “CPM-İnvest İnvestisiya Şirkəti”ni bu ilin yanvar ayında dövlət qeydiyyatına alıb. Yeni maliyyə qurumunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 1 058, mənzil 36a, nizamnamə kapitalı 400 min manat, qanuni təmsilçisi isə Nəriman Sabir oğlu Hadıyevdir.

  • Yevlaxda kişi 4 yaşlı ögey oğlunu döyərək işgəncə verib

    Yevlax rayonunda azyaşlı atalığı tərəfindən döyülərək ağır fiziki işgəncələrə məruz qalıb.

    Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini, 40 yaşlı Paşa Laçınov ögey oğlu 4 yaşlı M.D.-ni (şərtidir) döyərək ona işgəncələr verib.

    Yevlax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyadan “Report”a bildirilib ki, faktla bağlı məsələ araşdırılır. Qeyd olunub ki, uşaq hazırda hüquq-mühafizə orqanlarının nəzarətindədir:

    “Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmalardan sonra yekun məlumat ictimaiyyətə təqdim ediləcək”.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə “Report”a deyib ki, fakt öz təsdiqini tapacağı təqdirdə hadisəyə hüquqi qiymət veriləcək:

    “İstənilən halda zorakılıq yolverilməzdir və zorakılığı törədən şəxslər məsuliyyət daşıyırlar. Fakt öz təsdiqini taparsa, azyaşlı ailədən alınaraq dövlətin himayəsinə veriləcək və zorakılıq faktı ilə bağlı müvafiq tədbir görüləcək”.

  • Ermənistan MTX-nin keçmiş direktoru fərarilikdə ittiham olunur

    Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanesyan istintaqa cəlb olunub.

    “Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu siyasətçinin vəkili Lusine Saakyan bildirib.

    Onun sözlərinə görə, A.Vanesyan Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinə çağırılıb.

    MTX-nin sabiq rəhbəri ermənilərin Şuşada uğradıqları ağır məğlubiyyətlə bağlı ittiham olunur. Bildirilib ki, müharibə zamanı A.Vanesyan və başçılıq etdiyi “Vətən” silahlı dəstəsi Şuşadakı mövqelərini özbaşına tərk ediblər.