Month: April 2021

  • Azərbaycanda ödəmə mənbəyində verginin tutulması qaydası dəyişir

    Azərbaycanda ipoteka saxlayanın borc məbləğindən aşağı olan ipoteka ilə yüklü edilmiş əmlakı əldə etdikdə hərrac təşkilatçısının ödəmə mənbəyində vergi tutmaması təklif olunur.

    Bu, “Vergi Məcəlləsində dəyişiklik edilməsi” barədə qanun layihəsində öz əksini tapıb.

    Təklif olunan dəyişikliyə görə, hərrac təşkilatçısı bu barədə (ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə) hərracın nəticələri rəsmiləşdirildiyi gündən 10 iş günü müddətində vergi orqanına təsdiq edilmiş formada məlumat təqdim edir. Fərdi sahibkarlar özü Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürür və bu barədə vergi orqanına bəyannamə təqdim edir.

    Əgər ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın dəyəri borc məbləğindən artıqdırsa, bu halda Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı tərəfindən ipoteka saxlayandan ödəmə mənbəyində tutulur.

    Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə verilmiş borcun təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlakı ipoteka saxlayan əldə etdikdə Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergini hərrac təşkilatçısı ödəmə mənbəyində ipoteka saxlayandan tutur. Bununla da, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydaları və vergi ödəyicilərinin dairəsi (hansı halda ipoteka saxlayan, hansı halda isə ipoteka qoyan) dəqiqləşdirilir.

  • Azərbaycanda ipoteka ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

    Azərbaycanda ipoteka ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

    Azərbaycanda hərracın baş tutmaması ilə bağlı qaydalara dəyişiklik olunur.

    “Report”un xəbərinə görə, bununla bağlı “İpoteka haqqında” qanuna dəyişiklik edilir.

    Dəyişiklik layihəsinə əsasən, qanuna yeni 43.7-1-ci maddə əlavə olunur. Həmin maddəyə görə, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik olan protokol imzalayacaqlar.

    Qanuna dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 30-da keçiriləcək iclasında müzakirə olunacaq.

  • “Respublikanski”nin baş həkimi vəzifəsindən çıxarıldı

    Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov vəzifəsindən çıxarılıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

    Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi vəzifəsinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov təyin olunub.

    Telman İbadov isə həmin xəstəxananın direktor müavini vəzifəsinə təyin olunub.

  • Azərbaycanlı referi DÇ-yə namizəd hakimlər siyahısında

    2021-ci ildə Rusiyada təşkil olunacaq çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinin oyunlarını idarə etməyə namizəd olan hakimlərin adları açıqlanıb.

    48 hakimin yer aldığı ilkin siyahıda azərbaycanlı referi də var.

    Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. FİFA referisi İnqilab Məmmədov 2021-ci ildə keçiriləcək dünya çempionatının oyunlarına idarə etməyə namizəd hakimlər arasındadır.

    24 referinin yer alacağı yekun siyahı 2021-ci ilin iyul ayında açıqlanacaq.

  • Ərdoğan Şuşada çox önəmli açıqlamalar verəcək – Politoloq

    “Amerika prezidenti Co Baydenin “erməni soyqrımı” ifadəsini işlətməsi əslində Türkiyə ilə bərabər Amerikanın Azərbaycanla münasibətlərinə də mənfi təsir edir. Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Ona qarşı atılan addım Azərbaycana qarşı atılan addıma bərabərdir”.

    Bunu Milli.Az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

    O bildirib ki, Şuşada Türkiyə konsulluğu açılarsa bu, həm Baydenə, həm də erməni separatçılarına müəyyən qədər dəstək verən qüvvələrə ciddi bir mesaj olacaq:

    “Təsadüfü deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baydenin açıqlamasından dərhal sonra məhz Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, birgə addımlar haqqında fikir mübadləsi aparıb. Bu birgə addımlar nə ola bilər, bu haqda düşünməyə ehtiyac var. Hesab edirəm ki, mayın ortalarında Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək, buradan çox önəmli açıqlamalar veriləcək. Bunlardan biri hətta Türkiyənin Şuşada konsulluğunun açılması da ola bilər. Bu, həm Baydenə, həm də erməni separatçılarına müəyyən qədər dəstək verən Moskvaya da ciddi bir mesaj olacaq.

    Erməni lobbisi Baydenin bu açıqlamasından bir neçə gün sevindi. Amma indi üstündən bir neçə gün keçib, düşünürlər ki, “yaxşı, bu açıqlama verildi, bəs sonra?”. Ermənistan üçün bu açıqlamanın heç bir pozitiv tərəfi yoxdur. Tam əksinə, Bayden bununla Ermənistanı çox pis vəziyyətə sürüklədi. Çünki Ermənistan müharibədən məğlub çıxıb. Ermənistanın bərpasına, inkişafına və qonşularla münasibətlərinin normallaşmasına ehtiyac var. Bayden isə bütün bunların üstündən xətt çəkməyə çalışdı. Ona görə düşünürəm ki, baydenin bu qərarı Ermənistanın xeyirinə deyil. Erməni lobbisi bir neçə gün sevinə bilərdi, amma üstündən 4 gün keçib, erməni lobbisi də artıq sonrakı addımları düşünürlər ki, indi Türkiyə əleyhinə hansı addımları ataq?! İllər uzunu arzulayırdılar ki, Amerika prezidenti bu ifadəni işlətsin, işlətdi, bəs sonra?! Sonrası isə artıq Ermənistan üçün yaxşı nəticələr verməyəcək. Çünki ermənilər bu siyasətlərini davam etdirdikcə qonşularla münasibətlərini normallaşdıra bilməyəcəklər”.

  • Füzulidə 600-dən çox ağac əkilib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Füzuli rayonunun Qaraməmmədli kəndinə mediatur təşkil olunub.

    Səfər zamanı kənddə 1 hektar ərazidə 600-dən çox müxtəlif cinsli ağac əkilib.

    Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib ki, işğal dövründə ermənilər tərəfindən ərazilərdə yaşıllıqlara vurulan ziyanlarla bağlı 4 istiqamət üzrə monitorinq aparılır: “Beynəlxalq ekspertlərin də bu işlərə cəlb edilməsinə ehtiyac var. Dəymiş ziyanın hesablanması işləri həyata keçirilir və nəticə Ermənistan qarşısında təzminat iddialarının qaldırılması üçün aiddiyyəti qurumlara təqdim ediləcək. Ərazilər minalardan təmizləndikdən sonra daha geniş miqyaslı meşə bərpa işləri aparılacaq”.

  • Mustafa Denizli doğma klubuna baş məşqçi kimi qayıtdı

    “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Denizli Türkiyə I Liqasında çıxış edən “Altay” komandasının sükanı arxasına keçib.

    72 yaşlı mütəxəssis yeni vəzifədə Osman Özköylünü əvəzləyib.

    Denizli futbolçu kimi İzmir komandasının aşağı yaş qrupunda yetişib və 18 il “ağ-qara” formanı geyinərək, kapitan sarğısını daşıyıb. O, klub prezidenti Özgür Ekmekçioğlunun dəvətini qəbul etsə də, maaşını əsgərlərə, qazilərə və şəhid ailələrinə yardım qurumlarına bağışlanmasını istəyib. Təcrübəli mütəxəssis doğma komandasına 38 ildən sonra baş məşqçi kimi qayıdıb.

    Hazırda I Liqada 32 oyundan 54 xalla 6-cı yerdə gedən “Altay” son 2 turda 2 xal toplasa, Superliqaya vəsiqə uğrunda “pley-off” matçlarına vəsiqə qazanacaq.

    Qeyd edək ki, Mustafa Dənizli 2013/2014 mövsümündə “Xəzər Lənkəran”ın baş məşqçisi olub.

  • Azad edilmiş ərazilərdə inventarlaşmış torpaqların həcmi açıqlandı

    İşğaldan azad edilmiş ərazilərdə 454 000 ha torpaq sahəsinin inventarlaşdırılması başa çatıb.

    Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

    İqtisadiyyat Nazirliyi tərəfindən ümumilikdə 10 rayon üzrə 150 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşdırılıb.

    Hazırda 8 yaşayış məntəqəsində işlər davam etdirilir. 321 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub.

  • Türkiyə MN: İncirlik bazası bütün obyektləri ilə birlikdə dövlətimizin mülkiyyətidir

    “İncirlik Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi hava bazalarından biridir”.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

    “İncirlik bütün obyektləri ilə birlikdə Türkiyə Respublikası dövlətinin mülkiyyətidir”, – nazirlikdən qeyd olunub.

    Nazirlik məsələ ilə bağlı 6 maddəlik açıqlamasında bildirib: “İncirlik bazasındakı məlum təsisatların istifadəsi Türkiyə ilə ABŞ arasında 1980-ci il martın 29-da imzalanan Müdafiə və İqtisadi Əməkdaşlıq müqaviləsinə görə davam edir. Bu müqavilə “Türkiyə Respublikası hökuməti İncirlikdəki Türk Silahlı Qüvvələri obyektlərində müştərək müdafiə tədbirlərinə qatılması üçün Birləşmiş Ştatlar hökumətinə izn verir”.

    – İncirlik bazası Türkiyə Silahlı Qüvvələrinə aid Hava Qüvvələri bazalarından biridir, türk bazasıdır, üzərindəki bütün təsisatlarla birlikdə mülkiyyəti Türkiyə Respublikası dövlətinə aiddir;

    – Şanlı bayrağımız 24 saat göylərdə dalğalanır və heç bir zaman enməyib;

    – İncirlikdəki 10-cu Tanker Komandanlığı Əskişəhərdə yerləşən Döyüş Hava Qüvvələri komandanlığına, daha sonra Hava Qüvvələri Komandanlığına tabedir;

    – 10-cu tanker komandanlığı ABŞ-dan xaricdə İspaniya, Qətər və Polşaya aiddir. Oradan təbii sabitlik üçün əməliyyatlar dəstəklənir və s”.

  • “Google” gündəlik 200 milyon dollar xalis mənfəət əldə edir

    Bu ilin I rübündə ABŞ-ın texnologiya nəhəngi “Google” şirkəti 17,9 milyard dollar xalis mənfəət əldə edib.

    Bu, ötən ilin eyni dövrünə nisbətən 2,6 dəfə çoxdur.

    3 ay ərzində şirkətin gəlirləri isə 55,3 milyard dollar olub ki, bu da illik müqayisədə 34,4% çoxdur.

    Beləliklə, “Google” gündəlik 600 milyon dollardan çox gəlir, 200 milyon dollara yaxın isə xalis mənfəət əldə edir.