Month: April 2021

  • Azərbaycanda koronavirusdan ölənlərin sayı yenidən artdı – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1402 yeni yoluxma faktı qeydə alınıb, 2238 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 316 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 285 024 nəfər müalicə olunaraq sağalıb, 4 461 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 27 036 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 194, bu günə qədər isə ümumilikdə 3 218 111 test icra olunub.

    Qeyd edək ki, ötən sutka ərzində 27 nəfər koronavirusdan vəfat etmişdi.

  • Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

    Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə AZƏRTAC-a bildirib ki, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri moratoriumun qüvvədə olduğu dövrdə balıq ovlamamağa və qaydalara əməl etməyə çağırıb: “Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək. Bu müddətdə balıq ovu ilə məşğul olan hər kəsi balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirik”.

    Nazirlik rəsmisi icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə Su Nəqliyyatında Polis İdarəsi ilə birlikdə ölkənin daxili su hövzələrində “Təmiz hövzələr” aksiyasının həyata keçirildiyini də vurğulayıb.

    H.Əlizadə həmin aksiyaların ölkənin bütün sututarlarında davam etdirildiyini, may ayından isə Xəzər dənizində keçiriləcəyini balıq ovu ilə məşğul olanların diqqətinə çatdırıb.

  • “RangeRover”i dayanacaqda saxlayıb xanıma söz atdı, sonra döydü – TƏFƏRRÜAT

    Bakının Xətai rayonunda 1987-ci il təvəllüdlü Ramin Alıyev küçədə tanış olduğu Səbinəni (ad şərti verilib – red.) döyüb.

    Median.Az teleqraf.com-a istinadən bildirir ki, Ramin Alıyev “RangeRover” markalı avtomobili avtobus dayanacağının qarşısında saxlayıb və dayanacaqda avtobus gözləyən Səbinədən idarə etdiyi avtomobillə Günəşli qəsəbəsinə getməyi istəyib, sonra isə əxlaqsız təkliflər edib.

    Bu zaman Səbinə ona sərt cavab verib. Bundan əsəbləşən Ramin avtomobildən düşərək Səbinəyə yaxınlaşıb və onu nalayiq sözlərlə təhqir edib, şillə ilə ağız nahiyəsindən vurub.

    İstintaq orqanı tərəfindən Raminin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

    İfadə verən Ramin elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, hadisə baş verən gün axşam saatlarında dostu ilə görüşü olub: “Saat 23.00-da “Range Rover” markalı avtomobillə dostumu “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında düşürdüm. Sonra yolumu davam etdirdim. Yəni yaşadığım Köhnə Günəşli qəsəbəsi istiqamətində hərəkət etdim.

    Xətai rayonu, Sarayevo küçəsi ilə hərəkətdə olarkən “Bakı” kinoteatrının yaxınlığında avtobus dayanacağında bir qız gördüm. Həmin qız tək idi. Qız xoşuma gəldiyi üçün tanış olmaq istədim. Onu əvvəllər tanımamışam. Avtobuslar Günəşli istiqamətində hərəkət etdiyi üçün fikirləşdim ki, həmin qız da Günəşliyə gedə bilər. Ona görə qıza Günəşliyə aparmağı təklif etdim.

    Lakin həmin qız sözlərimə çox sərt reaksiya verdi. Məni söyüb təhqir etməyə başladı. Mən də onu söyüb təhqir etdim. Daha sonra qız sakitləşmədiyi üçün avtomobildən düşərək yanına getdim. Dayanacaqda bir az mübahisə etdik. Əsəblərimi cilovlaya bilmədim, şillə ilə qızın sifətindən vurdum”.

    Raminin sözlərinə görə, oradan aralanıb və avtomobilinə əyləşərək yaşadığı ünvana yola düşüb: “Sonradan polislər tərəfindən saxlanıldım. Polis idarəsində mənə məlum oldu ki, qızın adı Səbinədir. Səbinə ilə aramızda mübahisə təxminən 2-3 dəqiqə çəkdi. Əməlimdən peşman olmuşam. Onunla barışmağa cəhd etmişəm. Amma razılıq olmayıb. Ailəliyəm, bir azyaşlı uşağım var. Bağışlanmağımı istəyirəm”.

    Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinənin sözlərinə görə, 5 ildən yuxarıdır “Bazarstore” supermarketində kassir vəzifəsində işləyir: “Hər gün saat 12.00-da işə gəlirəm və saat 23.00-da işdən çıxaraq 40 saylı marşrut avtobusu ilə yaşadığım Xətai rayonu, General Şıxlinski küçəsinə gedirəm.

    Baş verən hadisə günü, saat 23.00-da işdən çıxaraq evə getmək üçün iş yerimin yanında olan sərnişin dayanacağına gəldim. Dayanacaqda sərnişin kimi məndən başqa heç kim yox idi. Dayanacağın yanında siqaret və su satılan köşkdə adını bilmədiyim, lakin üzdən qiyabi tanıdığım kişi dayanmışdı. Onun yanında iki nəfər tanımadığım şəxs dayanaraq köşkdə işləyən kişi ilə söhbət edirdilər. Həmçinin dayanacağın arxa tərəfindən 5-6 metr ara məsafəsində meyvə-tərəvəz satılan mağazanın satıcısı, küçədə mağazasının qarşında iş görürdülər.

    Bu zaman avtobus dayanacağının qarşısında qara rəngli “Range Rover” markalı avtomobil dayandı. Avtomobilin sürücüsü içəridən mənə baxmağa başladı. Əvvəl fikir vermədim. Sonra o, mənə “gözəl, həyalım, Günəşliyə gedirsənsə, gəl otur, avtomobilə səni də aparım” dedi. Yenə də ona fikir vermədim və heç bir söz demədim”.

    Səbinə qeyd edib ki, həmin şəxs ona avtomobilə oturmağı dayanmadan təklif etdiyi üçün əlində sübut olsun deyə mobil telefonu ilə videoçəkiliş etməyə başlayıb: “Bu zaman avtomobilin sürücüsü mənə dedi ki, nə səni yeyərəm, gəl otur maşına. O, məni əxlaqsız qadın kimi qəbul etdi. Bu sözlər mənə çox pis təsir etdiyindən ona “get ananı, bacını ye”, – deyə bildirdim.

    Həmin şəxs ünvanıma söyüşlər söydü. Ona getməsini, yoxsa hərəkətləri barədə polisə məlumat verəcəyimi dedim… O isə cavab olaraq mənə söyüşlər söyməyə başladı. Avtomobildən düşərək üstümə hücum etdi, sağ əli ilə ağız nahiyəmə zərbə endirdi. Zərbədən alt dodağım partladı və ağzımın içinə qan gəldi”.

    Səbinə qeyd edib ki, həmin şəxsi özündən kənarlaşdırmaq üçün itələyib və barəsində polisə şikayət edəcəyini deyib: “O isə mənə bildirdi ki, boğazını üzərəm, get hara isəyirsənsə, şikayət et. Bundan sonra avtomobilin qeydiyyat nişanını mobil telefonla çəkdim. Həmin şəxs isə avtomobilinə minərək getdi. Bu müddətdə kənardan münaqişəyə heç kim müdaxilə etmədi.

    Mənə xəsarət yetirən şəxsi əvvəllər tanımamışam. Polis idarəsində onun Ramin adlı şəxs olduğunu bilmişəm. Ramin Alıyev ilə barışmamışam və onu bağışlamıram”.

    Raminin barəsində olan cinayət işi Xətai rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılıb.

    Ramin 3 ay müddətinə azadlıqdan məhrum edilib.

  • “Semaşko” və “Respublikanski”nin baş həkimləri işdən çıxarıldı – Yeni təyinatlar

    Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.

    Qeyd edək ki, Telman İbadov 2020-ci il Naxçıvan Ali Məclisinə seçimlərdə 45 saylı Aza seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olub və deputatı seçilib.

    Saytın digər məlumatına görə, 1 saylı Tibbi Klinik Mərkəzin (“Semaşko”) direktoru Qafarov İlham Heydər oğlu da işdən çıxarılıb.

    Ramin Bayramlının əmri ilə onun yerinə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub.

  • Şəmkirin sabiq icra başçısı məhkəməyə gətirildi

    Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov məhkəməyə gətirilib.

    APA xəbər verir ki, Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan A.Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılır.

    Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Əməliyyat zamanı icra başçısından əlavə onun birinci müavini Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyevin də saxlanıldığı bildirilir.

    Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

  • Başlıbel faciəsi ilə bağlı Qızıl Xaç Komitəsinə məlumat verildi

    Aprelin 28-də Baş prokurorun birinci müavini Elçin Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Beata Skvarska-Zonhenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Baş Prokurorluqdan verilən məlumata görə, qonaqları salamlayan Baş prokurorun birinci müavini Beynəlxalq Qızıl Xaç Komitəsi ilə ölkəmiz arasında uğurla inkişaf edən qarşılıqlı əlaqələr barədə söhbət açıb. Ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, eləcə də vətəndaşlarımıza qarşı sülh və insanlıq əleyhinə törədilmiş cinayətlər barədə məlumat verilib.

    Otuz ilə yaxın dövr ərzində Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edildiyi, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa edildiyi vurğulanıb.

    Daha sonra 1993-cü ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhalinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi şəxslərin cəsədlərinin basdırıldığı yerlərin müəyyən edilməsi faktları üzrə Baş prokurorluq tərəfindən başlanmış cinayət işi barədə BQXK-nın nümayəndələrinə məlumat verilib.

    Səmimi qəbula görə təşəkkürünü bildirən Beata Skvarska-Zonhen ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini qeyd edib. Qonaq münaqişədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına humanitar yardımın göstərilməsi, cəbhəboyu ərazilərdə yaşayan mülki şəxslərin təhlükəsizliyi, fiziki və psixoloji sağlamlıqları, itkin düşmüş şəxslərin taleləri ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi layihələr, aparılan mühüm işlər, o cümlədən keçirdikləri təlimlər barədə məlumat verərək, ikitərəfli münasibətlərin inkişafı naminə, habelə Azərbaycan Respublikasının hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları ilə əməkdaşlıq istiqamətində münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduqlarını bildirib. Beata Skvarska-Zonhen hərbi münaqişə nəticəsində itkin düşmüş şəxslərin tapılmasının ümumi məqsəd olduğunu vurğulayaraq bu istiqamətdə Komitə tərəfindən intensiv işlərin görüldüyünü qeyd edib.

    Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

  • Bakıda velosiped zolağı ilə bağlı işlər 2027-ci ildə yekunlaşacaq

    “Bakının Baş Planında 63,5 km uzunluğundan velosped zolağının çəkilməsi nəzərdə tutulur”.

    Bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli bildirib.

    Onun sölərinə görə, velosiped zolağı ilə bağlı işlərin 2027-ci ildə yekunlaşacağı gözlənilir: “Bu layihə özündə üç mərhələni əks etdirir. Nəzərdə tutulan zolağın 2040-cı ilə qədər 251,2 km uzunluğunda olacağı gözlənilir”, – o deyib.

  • Güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında aprelin 29-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

    Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq da yayıb. Belə ki, aprelin 29-da gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

    Aprelin 29-u axşam qərb rayonlarından başalayaraq mayın 3-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayr-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

  • Çində bağçaya hücum olub – 20-yə yaxın uşaq yaralanıb

    Çinin Quansi-Çjuan muxtar rayonunda naməlum şəxs uşaq bağçasına hücum edib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hücum nəticəsində 18 nəfər, o cümlədən 16 uşaq və 2 tərbiyəçi yaralanıb.

    Qeyd olunur ki, polis hücum edən şəxsi saxlayıb. Hücumun səbəbləri ilə bağlı araşdırma aparılır.

  • 40 erməninin türk ailəsinə hücumu ilə bağlı TƏFƏRRÜAT

    Fransanın Sen-Dye-de Voj şəhərində ermənilərdən ibarət 40 nəfərlik qrupun türk ailəsinə etdikləri hücumun təfərrüatları bəlli olub. Məlum olub ki, hücum edənlər arasında Qarabağda gedən müharibədə iştirak edən erməni də var.

    Sosial şəbəkədə yerləşdirilən bu xəbər izləyicilərin kəskin narazılığı ilə qarşılanıb. Co Baydenin qondarma erməni soyqırımını tanımasından sonra ilhamlanan ermənilərdə türkofobiya əhval-ruhiyyəsi daha da güclənib.

    İzləyicilər “axı türk ailəsinin günahı nədir” deyə ermənilərin atdığı addımı sərt tənqid ediblər. Qarabağda üzləşdiyi biabırçı məğlubiyyətin qisasını türk ailəsindən almağa çalışan erməni barədə ümid etmək olar ki, rəsmi Paris hansısa bir addımı atacaq.

    Xatırladaq ki, gərginliyin yaranmasına səbəb aprelin 24-də bir erməni ilə bir türk arasında kiçik mübahisə olub. Mübahisədən sonra problemin həll olunduğunu deyən Türkiyə vətəndaşı 40-a yaxın ermənin yaxın qohumunun ailəsinin evinə hücum çəkdiyini bildirib. Hücum zamanı 4 nəfər yaralanıb. Bundan əlavə, erməni qrupu hadisə yerindən qaçarkən silahla havaya atəş açıb.