Month: April 2021

  • Təhsil naziri: Məktəbəhazırlıq qruplarının 94 min şagirdi I sinfə yerləşdirilib

    Bu gün birinci siniflərə qəbul prosesinə start verilib. Prosesin daha çevik və şəffaf təşkili məqsədilə dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul elektron sistem vasitəsilə həyata keçirilir. Belə ki, keçən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərdən 94.000 nəfəri artıq I sinfə birbaşa yerləşdirilib”.

    Bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.

    “Bütün valideynlər və qanuni nümayəndələr uşaqları sərbəst şəkildə www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Qəbulla bağlı hər hansı çətinliklə qarşılaşdıqda qeyd olunmuş “whatsapp” hesablarına və yerlərdə (Bakı şəhəri daxil olmaqla) fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz. https://baku.edu.gov.az/az/page/9/5548”, – deyə nazir qeyd edib.

  • Həbs olunan bələdiyyə sədrinin növbəti saxtakarlığı – VİDEO

    Müsahib Qurbanovun şikayəti ona məxsus pay torpağının qanunsuz şəkildə mənimsənməsi və buna aidiyatlı qurumların illərdir göz yummasıdır.

    Söhbət ondan gedir ki, 2003-cü ildə dövlət tərəfindən Müsahib Qurbanovun həyat yoldaşı Telli Verdiyevaya Daşkəsən rayonunun Xoşbulaq kəndində pay torpağı verilib. 2007-ci ildə isə ailəyə daha bir rəsmi sənət təqdim edilir ki, bununla da ailə verilən torpaq sahəsində tikinti aparmaq hüququna malik olur.

    Nəticə etibarı ilə Müsahib Qurbanov imkan düşdükcə tikinti materialları alır. Ailənin maddi durumu yaxşı olmadığından tikinti marerialları zamanla alınır. Lakin günün birində yəni 2015-ci ilin avqust ayında Qurbanovlara məxsus torpaq sahəsinin kimlərsə tərəfindən hasara alındığı məlum olur. Müsahib Qurbanov bu günə kimi də onlara məxsus torpaq sahəsinin kim tərəfindən mənimsənildiyini müəyyən edə bilmir.

    Aparılan araşdılmalar sonrası məlum olub ki, ailəyə məxsus torpaq sahəsi Daşkəsən rayon Xoşbulaq kənd bələdiyyəsinin sədri Rasim Allahverdiyev tərəfindən saxta sənədlərlə başqasına satılıb. Üstəlik ərazi cəmi bir gün içərisində daş hasara alınıb.

    Bu hadisənin üzərindən 6 ilə yaxın zaman keçsə də bu illər ərzində Qurbanovlar ailəsinin haqlı şikayətinə baxan tapılmır. Döymədikləri qapı, müraciət etmədikləri qurum qalmasa da ailənin əlindən alınan torpaq sahəsini sahibinə qaytaran yoxdur.

    İş hətta məhkəməyədək gedib çıxıb. Hazırda Qurbanovlara məxsus torpaq sahəsini qanunsuz sənədlərlə başqasına satan Xoşbulaq kəndinin bələdiyyə sədri Rasim Allahverdiyev bir müddətdir həbs edilib.

    Adıçəkilən şəxs korrupsiya və digər mənimsəmə faktlarında təqsirli bilinərək tutulub. İndi Müsahib Qurbanov daha kimlərə müraciət edəcəyini bilmir.

    Məsələ ilə bağlı rayon icra hakiminin birinci müavini Vüqar Məmmədov bildirib ki, vətəndaşın şikayətinə baxılacaq və lazımı köməklik ediləcək.

  • Koronavirusun beyinə təsir mexanizmi aşkar edilib

    Britaniya və İsveçrə alimləri koronavirusun həmin virusa yoluxmuş insanın beyninə necə təsir etdiyini aşkar edib. İnfeksiya neyronların ölümə səbəb olmur, yalnız nevroloji simptomlarla izah edilən iltihablı reaksiyalara səbəb olur. Tədqiqatçılar “S18-hACE2” transgen siçanların mərkəzi sinir sistemindəki SARS-KoV-2 koronavirusun təsirini araşdırıb.

    Gəmiricilərin bir qrupuna az dozada koronavirus, digəri isə əvvəlcə A qripi virusu, daha üç gün sonra koronavirus yeridilib. Üçüncü qrup heyvanlar nəzarət üçün istifadə edilmişdir. Gəmiricilər SARS-KoV-2 virusunun yeridilməsinin üçüncü – yeddinci günündə evtanaziya edilib. Koronavirusun infeksiyanın yeddinci günü mərkəzi sinir sisteminə daxil olduğu və neyronlarda yayılması məlum olub. Virus əvvəlcə qoxu orqanına təsir edib, daha sonra beyin və onurğa beyni alt bölgələrinə nüfuz edib. İnfeksiya sinir hüceyrələrinin ölümünə səbəb olmayıb, amma orta dərəcədə iltihaba səbəb olan sinir sisteminin immunitet hüceyrələrinin – makrofaqların və T hüceyrələrinin aktivliyi artırıb.

  • Təzyiq niyə qalxır? – SƏBƏBLƏRİ VƏ MÜALİCƏSİ

    Hipertoniya – yüksək təzyiq xəstəliyidir. Əgər bu problem yarandısa, çox zaman xroniki hala keçir və insan ömür boyu onunla mübarizə aparıb, dərmanlarını qəbul edir.

    Çox zaman səhvən elə bilirlər ki, təzyiqin səbəbi baş və ya ürəklə bağlıdır. Əslində isə hər təzyiq xəstəsinin öz səbəbi var.

    Medicina.az arterial təzyiqin normadan yüksəlməsinin 3 əsas səbəbi və inkişaf mexanizmini təqdim edir.

    Bütün təzyiq xəstələrinin məlumatlanması vacibdir ki, öz təzyiqlərinin səbəbini bilsinlər.

    Hələ 3-4 il əvvələ kimi tibb təzyiqdən əziyyət çəkən xəstəyə birinci şikayətdən sonra müəyyən sinfə məxsus və bir qədər yüngül tərkibli dərman təyin edirdilər. O effektsiz olduqda isə başqa dərmana keçirdilər, beləcə sadəcə dərmanlar və dozaları dəyişirdi.

    Zamanla bu yanaşma və müalicənin yanlış olduğu, həkimi də, xəstəni də çarəsiz vəziyyətə gətirdiyi sübut olundu.

    Təzyiq mədədə yara xəstəliyi deyil ki, konkret müalicə protokolu və buna uyğun müasir bir neçə dərmanı verib yaranın vəziyyətinə baxasan.

    Təzyiq xəstəsində hər pasiyentinin özünün səbəbi, mexanizmi və fərdi tənzimləyici sxemi var. Ona uyğun dərman seçmək isə çətindir.
    Xəstədə təzyiqin nədən qaynaqlandığını və 3 mexanizmdən hansının baş verdiyini tapıb, ona uyğun müalicə seçilməlidir.

    Beləliklə, yüksək təzyiqin 3 əsas yaranma mexanizmi var.

    1. Adrenalin əsaslı – simpatik adrenalin

    2. Böyrək – renin anqiotenzin

    3. Duz-maye balansı

    1. Adrenalin mexanizmində səbəbkar orqan böyrəküstü vəziləridir. Onların hasil etdiyi adrenalin miqdarı və ürək-damar sisteminə təsirindən təzyiq yüksələ bilər.

    Bu təzyiqin xarakter əlamətləri:

    – Daha çox gənc yaşlılarda olur
    – Təzyiqin ancaq yuxarı həddi – yəni sistolik təzyiq yüksəlmiş olur
    – Ürək ritmi, nəbz sürətlənir
    – Ürək müayinəsində ürək atımı yüksəkdir
    – Ovuclar, dabanlar buz kimi olur
    – Nevroz, təşvişli, emosional, gərgin olurlar
    – Təzyiqlərinin qalxdığını ürəkdə narahatlıqla hiss edirlər – sıxılma, yanma, döyüntünün artması, çırpınma

    Necə müalicə edilir:

    İlk olaraq beta adrenoblokator dərmanlarla (bisoprolol, metoprolol və s) başlanılır. Bu sinifdən olan dərmanlar adrenalinin ürəyə atışını blok edir. Böyrəküstü vəzilər həmişəki kimi adrenalini yüksək hasil etsə də, ürək bunu görmür, hiss etmir.

    Beta blokatorlar bəzən bronx spazm, öskürək, kişilərdə cinsi disfunksiya, ereksiya pozulması yaradır. Ona görə gənc, yeni evlənən, ata olmağa hazırlaşan kişilərə ehtiyatla təyin edilir.

    Həyat tərzi:

    Dərmandan əlavə müntəzəm fiziki iş, idman, iş və istirahət rejiminin tənzimlənməsi, zərərli vərdişlərdən imtina, yaxşı yuxu, gəzmək

    Əsas əlamətləri:

    – Orta yaşda insanlarda çox olur
    – Həm sistolik – yuxarı, hər də diastolik aşağı təzyiq artır
    – Nəbz normada olur
    – Ürək USM-də normaldır
    – Daban və əllər istidir, normaldır
    – Xəstə təzyiqinin artdığını başında, ənsədə ağrı, sıxılma ilə hiss edir

    Necə müalicə olunur:

    APF ingibitorlaı – enalapril, ramipril və s və ya sartanlar – valsartan, azilsartan ilə başlayır. Effekt olmadıqda kalsium antaqonistləri əlavə olunur: Ampodipin, felodipin və s. Bu dərmanlar rininin damarlara təsirini azaldır

    Kriz zamanı nə etməli:

    Dil altına kaptopril dərman qoyulur.

    3. Bədəndə artıq mayenin toplanması, su duz maye balansının pozulması

    Bu təzyiqin əlamətləri:

    – Pasiyentlər 50-60 yaş üzəri olur
    – Həm aşağı, həm yuxarı təzyiq rəqəmləri, daha çox yuxarı göstərici artır
    – Puls normadadır
    – ürək atımı fraksiyası UZİ-də aşağı sərhəddədir
    – Daban və oruclar istidir
    – Piylənmə, bel hissənin ölçüsünün artması
    – Ayaqlarda, əldə şişkinlik, ödem
    – Xəstə adətən başında sıxılma, yanma, gözlərdə ağrı, yəni başdan təzyiqinin qalxdığını hiss edir

    Necə müalicə edilir:

    – Əsas dərmanlar sidikqovuculardır – hidroxlortiazid, torasemid – bunlar digər sinif dərmanlarla birgə təyin edilir

    – Xörək duzu, duzlu qidalar, alkoqol, şəkər, yağların qəbulu azaldılır

    Kriz zamanı hər hansı güclü sidikqovucu içilir. Məsələn: furasemid.

    Klassik təzyiq inkişafı: əvvəl bir az gənc yaşda adrenalin mexanizmi ilə başlayır, sonra buna böyrək qoşulur, gec mərhələdə maye durğunluğu olur.

    Hazırda bir xəstədə eyni zamanda 2 mexanizmin olması aşkarlanması halları çoxdur. Buna qarışıq hipertenziya deyilir.

    Ona görə də hər təzyiq xəstəsinin dərmanı, müalicəsi eyni ola bilməz.

    Burdan belə nəticəyə gəlinir:

    – Tanış, qohum, dost, aptekdə işçi məsləhəti ilə özünü müalicə, dərman təyini, dərman qəbul etmək olmaz. Ona görə çox xəstələr dərmanın təsir etmədiyini deyir

    – Birinci dəfə təyin edilən müalicənin illərlə və həmişəlik effektiv olması demək deyil. Müalicələr dəyişə bilər

    – Təzyiq əgər son 1 ayda daim normadan yüksəlibsə, deməli, dərhal müalicəsinə başlanmalıdır. Aylarla gözləmək olmaz.

  • Alimpaşa Məmmədov Bakıya gətirildi

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Alimpaşa Məmmədov Bakıya gətirilib.

    Qeyd edək ki, bu gün Şəmkir rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində icra başçısından əlavə onun birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.

  • Nazirlər Kabineti uşaqların uşaq evlərinə qəbulu qaydalarını təsdiqləyib

    Nazirlər Kabineti uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydaları təsdiq edib.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Bildirilib ki, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu və müəssisələri tərk etməsi qaydaları Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilib, müəssisələrdə uşaqlara xidmətin təşkili, onların təminatı və yaşayış şəraiti ilə bağlı məsələlər tənzimlənib.

    Eyni zamanda, Qərarda uşaqların müəssisələrə qəbulu və müəssisələri tərk etməsinə dair zəruri sənədlərin siyahısı təkmilləşdirilib, müəssisəyə qəbul edilmiş uşaqların hüquq və vəzifələri müəyyənləşdirilib.

    Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrində uşaqlar münasib yaşayış şəraiti ilə təmin edilirlər. Həmin müəssisələrdə xidmətlər psixoloqlar, sosial işçilər və sosial xidmətçilər tərəfindən həyata keçirilir.

  • Valideynlərini itirmiş uşaqların qrup evlərinə qəbul qaydalarına DƏYİŞİKLİKLƏR

    Nazirlər Kabineti uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydaları təsdiq edib.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Bildirilib ki, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan qrup evlərinə qəbulu və qrup evlərini tərk etməsi qaydaları Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilib, həmçinin qrup evlərində uşaqlara xidmətin təşkili, onların təminatı və yaşayış şəraiti ilə bağlı məsələlər tənzimlənib.

    Eyni zamanda, Qərarda uşaqların qrup evlərinə qəbulu və qrup evlərini tərk etməsinə dair zəruri sənədlərin siyahısı təkmilləşdirilib, qrup evlərində yaşayan uşaqların hüquq və vəzifələri müəyyənləşdirilib. Qrup evlərində 0-18 yaşarası uşaqlara qayğı göstərilir. Uşaqlar qrup evlərinə 6 yaşınadək qəbul edilirlər.

    Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərində uşaqlar münasib yaşayış şəraiti ilə təmin olunurlar. Həmin müəssisələrdə xidmətlər psixoloqlar, sosial işçilər və sosial xidmətçilər tərəfindən həyata keçirilir.

  • Türkiyə və Ukrayna arasında əməkdaşlıq memorandumu imzalanıb

    Türkiyə və Ukrayna arasında sərhəd keçidi prosedurlarının sadələşdirilməsi və ölkələr arasında yeni çarter reyslərinin açılmasını nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.

    Bu barədə Ukrayna mədəniyyət naziri Aleksandr Tkaçenko şəxsi “Telegram” kanalında məlumat paylaşıb.

    O, qeyd edib ki, Türkiyədə aprelin 29-dan mayın 17-dək tətbiq olunacaq lokdaun ukraynalı turistlərə şamil olunmayacaq. Onlar ölkə boyu sərbəst şəkildə hərəkət edə biləcəklər.

  • Sərt karantin yenidən gündəmdə – VİDEO

    2019-cu ilin dekabr ayından dünyanı koronavirus adlı bir bəla ovucunda saxlayıb. 2021-ci ilin ikinci rübündə olsaq da bəşəriyyət olaraq hələ də bu bəla ilə çarpışırıq.

    Artıq 150 milyon insan bu virusa yoluxub. 3.1 milyon nəfər isə bu virus səbəbindən vəfat edib.

    Ötən aylar ərzində coğrafi mövqeyi və yayılma dinamikasından asılı olaraq ölkələr iki, üç hətta dördüncü dalğanı belə yaşayıb.

    Qardaş Türkiyə hökuməti pandemiya səbəbindən tam qapanma tətbiq edəcək.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Balaxanıda tullantı emalı və xidmət müəssisələrinin yaradılmasına başlanılır

    Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin imzaladığı Balaxanıda tullantı emalı və xidmət müəssisələrinin yaradılması barədə sərəncamının icrası ilə bağlı sərəncam imzalayıb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Sənədə əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Prezidentin Sərəncamına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

    Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər.

    Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidirlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

    Bu sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

    Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Qeyd edək ki, Prezidentin sözügedən sərəncamına əsasən, Balaxanı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, yaşıl biznesin inkişafına kömək edən ərazidir.

    Resurslardan davamlı və səmərəli istifadəni təmin etmək və tullantıları minimuma endirmək məqsədilə Balaxanı Sənaye Parkının ərazisində istehsal müəssisələri, eləcə də tullantıların emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır.