Month: April 2021

  • Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar

    Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

    AZƏRTAC xəbər verir ki, səfərdən geniş reportaj aprelin 27-də təqdim ediləcək.

  • Deputatın anasının məzarından 2500 manatlıq çələng oğurlandı

    Deputat Ağalar Vəliyevin anasının məzarı üzərindən çələng oğurlanıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı millət vəkilinin ailə üzvləri polisə müraciət edərək məlumat veriblər.

    A.Vəliyevin ötən ilin sentyabr ayında vəfat edən və Yasamal qəbiristanlığında dəfn edilən anası Qaragöz xanımın məzarı üzərindən 2500 manat dəyərində çələng və güllər oğurlanıb.

    Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.

  • İranda zəlzələ olub

    İranın İraqla sərhədində Kirmanşah vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

    Yeraltı təkanların dərinliyi 10 km olub.

    Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.

  • AFFA hakimlə bağlı araşdırmaya başlayır – Rəsmi

    Azərbaycan Premyer Liqasının 24-cü turunda ötən gün keçirilən qalmaqallı “Sabah” – “Neftçi” oyununun baş hakimi Vüqar Həsənli cəzalandırıla bilər.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, hazırda bununla bağlı araşdırma aparılır.

    Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 1ol.az-a açıqlamasında məlumatı təsdiqləyib. Vüqar Həsənli və köməkçilərinin işi təhlil olunduqdan sonra bununla bağlı qərar veriləcək.

    Məsələ ilə əlaqədar AFFA-nın mətbuat xidməti sosial şəbəkələri vasitəsi ilə açıqlama yayıb. Açıqlamada deyiir: “Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində aprelin 25-də keçirilmiş “Sabah” – “Neftçi” oyununun hakim-inspektoru tərəfindən təqdim olunacaq hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq) qarşılaşmanın hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA-nın Hakimlər Komitəsi tərəfindən müvafiq araşdırma aparılacaq”.

    Xatırladaq ki, 2:2 hesabı ilə başa çatan görüşdə baş hakim “Sabah”ın 3 futbolçusuna qırmızı vərəqə göstərib. “Sabah”ın qapısına mübahisəli penalti təyin edən Vüqar Həsənli görüşün sonlarına yaxın qonaqların qolunu saymayıb. Oyundan sonra hər iki komanda hakim idarəçiliyindən narazı qaldığını açıqlayıb.

  • Azərbaycanda qızıl ucuzlaşıb

    Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, aprelin 26-da qızılın qiyməti aprelin 23-ü ilə müqayisədə 6,9275 manat (0,23 faiz) azalaraq 1 unsiya üçün 3 027,7595 manat təşkil edib.

    Gümüş 0,2388 manat (0,54 faiz) ucuzlaşaraq 1 unsiya üçün 44,2363 manata bərabər olub.

    Platinin qiyməti 49,9375 manat (2,43 faiz) artaraq 2 104,0645 manat, palladiumun qiyməti 42,823 manat (0,89 faiz) artaraq 4 877,555 manat təşkil edib.

    Bir ay ərzində bir unsiya qızıl 80,903 manat (2,7 faiz) bahalaşıb, gümüş 0,0626 manat (0,1 faiz) ucuzlaşıb, platin 49,6995 manat (2,4 faiz) ucuzlaşıb, palladium 328,712 manat (7,2 faiz) bahalaşıb.

    Bir il ərzində isə bir unsiya qızıl 96,526 manat (3,3 faiz) bahalaşıb, gümüş 18,415 manat (71,3 faiz) bahalaşıb, platin 800,479 manat (61,4 faiz) bahalaşıb, palladium 1 440,7245 manat (41,9 faiz) bahalaşıb.

  • Eyni vaxtda 35 qadınla eşq yaşayan şəxs həbs edildi

    Yaponiyada marketinq işçisi eyni vaxtda 35 qadınla eşq yaşadığına görə həbs edilib.

    İşi sayəsində tanış olduğu qadınlara evlilik təklifi edən 39 yaşlı yaponun iç üzünü polislər açıb. Belə ki, kişi doğum gününü müxtəlif tarixlərdə bildirərək, münasibətdə olduğu qadınlardan bahalı hədiyyələr alıb.

    Daha sonra ortalıqda görünməyən şəxs, “sevgililəri” tərəfindən axtarışa verilib. Bir neçə qadının həmin şəxsi polisə axtarışa verməsi diqqət çəkib. Yapon polis şəxsi qısa zamanda saxlayıb. O, dələduzluqda ittiham olunaraq, həbs edilib.

  • FHN-dən xəbərdarlıq: Sabah ciddi zərurət olmadıqda küçəyə çıxmayın

    Fövqəladə Hallar Nazirliyi sabah ölkə ərazisində gözlənilən qeyri-sabiq hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.

    Nazirlikdən verilən məlumatda bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 27-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi gözlənilir.

    Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.

    Bununla yanaşı, əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.

    Həmçinin, güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı “112”-yə zəng edin!

  • İtkin düşən Aytəkin 3 ay sonra tapıldı

    Bir müddət əvvəl itkin düşən 24 yaşlı Goranboy rayon sakini Aytəkin Hüseynova polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Goranboy rayon, Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb və artıq ailəsinə təhvil verilib.

    Qeyd edək ki, A.Hüseynova cari ilin fevral ayının 6-da yaşadığı evdən çıxaraq itkin düşüb.

  • Beyləqanda maşın kanala aşdı, üç nəfər boğulub öldü

    Beyləqan rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

    “Qafqazinfo” xəbər verir ki, rayonun Şahsevən kəndi ərazisində VAZ-21901 markalı avtomobil körpüdən su kanalına aşıb.

    Nəticədə avtomobildəki sərnişinlər – Yeni Mil qəsəbə sakini Mehman Qarayev, Sabirabad rayon sakini Azər Əhədov və Bakı şəhər sakini Elnur Həsənov suda boğularaq həlak olub, sürücü Akşin Cəfərov isə xəstəxanaya yerləşdirilib.

    Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

    Faktla bağlı araşdırma aparılır.

  • Zaqatalada altı ay əvvəl istifadəyə verilən subartezian quyusu çöküb

    Zaqatalada altı ay əvvəl istifadəyə verilən subartezian quyusu çöküb.

    APA xəbər verir ki, hadisə rayonun Yeni Suvagil kəndində baş verib.

    Hadisə nəticəsində yaxınlıqdakı bir evə ciddi ziyan dəyib.

    Qeyd edək ki, 2020-ci ilin sentyabr ayında bölgü əsasında Zaqatala rayonunun Suvagil kəndində yeni subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. 78 metr dərinlikdə qazılan artezian quyusu istifadəyə verildiyi gündən ətrafda yaşayan 100-ə yaxın ailənin içməli suya olan ehtiyacını ödəyib. Bir müddət öncə, yağan yağışlardan sonra artezianın suyu bulanmağa və artmağa başlayıb. Bir neçə gün öncə isə gecə saatlarında artezian quyusu 10 metr diametrliyində, 5 metr dərinliyində çöküb. Hadisə gecə saatlarında baş verdiyindən xəsarət alan olmayıb. Yalnız yaxınlıqdakı bir evə ziyan dəyib.

    İlkin ehtimallara görə, subartezian quyusunun çökməsinə səbəb 20-25 metr dərinlikdən gələn qurunt sularıdır. Hal-hazırda ərazidə lazımi təhlükəsizlik tədbirləri görülməklə aidiyyəti qurumlara məlumat verilib.

    Əraziyə Bakıdan mütəxəssislər cəlb edilib.