Month: May 2021

  • Hava şəraitinin sabitləşəcəyi vaxt açıqlandı

    Azərbaycanda faktiki hava açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Şərur, Şahbuz, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Şabran, Nabran, Sumqayıt, Bakı, Maştağa, Binə, Çilov adasında yağış, Qrız, Şahdağ və Xınalıqda qar yağıb.

    Şimal-qərb küləyi əsib, arabir Naftalanda 27, Neftçala, Biləsuvarda 20, Şəmkirdə 17, Bakıda 34, Maştağada 32, Qum adasında 28, Çilov adasında 26, Neft Daşları, Pirallahıda 25, Sumqayıtda 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

    Ölkə ərazisində müşahidə olunan güclü külək gecə tədricən zəifləyəcək. Mayın 6-sı gündüz havanın nisbətən sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

  • Azərbaycana 100 min pulsuz test dəsti gətirilib

    “Zeytun Pharmaceuticals” MMC şirkəti ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində dövlətə dəstək məqsədi ilə 50 000 ədəd Türkiyə istehsalı olan “COVID-19 Ekstraksion Kiti Testi” və 50 000 ədəd “RTqPCR Tespit Kiti Testi” təmənnasız olaraq Azərbaycan Səhiyyə Nazirliyinə təqdim edib.

    Bu barədə “Report”a Səhiyyə Nazirliyindən məlumat verilib.

    Səhiyyə Nazirliyi şirkətin təmənnasız olaraq təqdim etdiyi COVID-19 virusunun müayinəsi üçün 50 min test dəstini minnətdarlıqla qəbul edib.

    “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızda COVID-19 virusu ilə mübarizə tədbirlərinə başlanılan ilk günlərdən etibarən ölkə vətəndaşlarının sağlamlığını, sosial təminatının qorunmasını əsas vəzifələr kimi müəyyənləşdirərək, dövlət qurumları və özəl sektora aid şirkətlərin diqqətini bu sahəyə yönəltməyi tapşırıb. Səhiyyə Nazirliyinin rəhbərliyi pandemiya ilə mübarizə dövründə “Zeytun Pharmaceuticals”ın dəstəyini təqdirəlayiq hesab edib, şirkətə dərin minnətdarlığını bildirir”, – məlumatda bildirilib.

  • Samir Şərifov ADB-nin İllik Toplantısında iştirak edib

    Mayın 5-də video-konfrans formatında Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 54-ci İllik Toplantısı keçirilib.

    Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, “Dayanıqlı və yaşıl iqtisadiyyatın bərpası üçün əməkdaşlıq” devizi altında keçirilən iclasda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri iştirak edib.

    İclasda Azərbaycanı maliyyə naziri, ADB-in Rəhbərlər Şurasının üzvü Samir Şərifov təmsil edib.

    İllik toplantıda Rəhbərlər Şurasının hazırkı sədri Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və AİB-in prezidenti Masatsuqu Asakava çıxış ediblər.

    İclasın gündəliyinə Bankın 2020-ci il üzrə illik hesabatının müzakirəsi, maliyyə hesabatlılığına və müstəqil auditorların rəylərinə daxili nəzarət üzrə İdarə Heyətinin hesabatı, 2021-ci il üçün büdcənin təsdiqi, xalis gəlirlərin müəyyən olunması, bankın tətbiq etdiyi qaydaların və tənzimləyici normaların nəzərdən keçirilməsi, 2022-ci ildə keçiriləcək Rəhbərlər Şurasının 55-ci İllik Toplantısının tarixi və yerinin müəyyənləşdirilməsi və digər məsələlər daxil edilib.

    Asiya və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi problemlər və yeni çağırışlar o cümlədən, dayanıqlı gələcək üçün əməkdaşlığın gücləndirilməsi, qlobal iqlim dəyişikliklərinə qarşı tutarlı tədbirlərin görülməsi, COVID-19 xəstəliyinə qarşı vaksinasiya sahəsində əldə edilmiş ilkin irəliləyişlərlə dəstəklənən iqtisadi artımın qorunması, o cümlədən post-pandemiya dövründə iqtisadiyyatların bərpası zamanı yaranacaq çağırışların dəstəklənməsi, vergi sahəsində üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə Asiya və Sakit Okean vergi qovşağının açılması illik toplantıda diqqət mərkəzində olub.

    Xatırladaq ki, ADB-in Rəhbərlər Şurasının 54-cü İllik Toplantısı 3-5 may 2021-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilməli idi. Lakin İllik Toplantının COVID-19 pandemiyası ilə əlaqədar video-konfrans formatında keçirilməsinə dair qərar qəbul edilib.

    Asiya və Sakit Okean Regionunda rifah, inklüzivlik, çeviklik və dayanaqlığın əldə edilməsini dəstəkləyən AİB 1966-cı ildə yaradılıb və baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 49-u regiondan olmaqla, 68 ölkə üzvü var. Azərbaycan AİB-a 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

  • ABŞ-da təyyarə qəzası qurbanlarının sayı artıb – YENİLƏNİB

    Missisipi ştatının Hattisburq şəhərində ötən gün axşam kiçik təyyarənin qəzaya uğrayaraq yaşayış evinə çırpılması nəticəsində ölənlərin sayı dördə çatıb.

    “Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin sözçüsü Rayan Mur bildirib.

    Milli Nəqliyyat Təhlükəsizliyi Təşkilatı (NTSB) və Federal Aviasiya Administrasiyasının (FAA) hadisə yerinə bu gün səhər cəlb olunub. Hadisənin təfərrüatı barədə məlumat verilmir.

    * * * * *

    ABŞ-ın Hattisberq şəhərində (Missisipi ştatı) çərşənbə günü gecə saatlarında kiçik təyyarə yaşayış binasının üzərinə düşüb.

    “Report” TASS agentliyinə istinadən xəbər verir ki, ən azı 2 nəfər ölüb.

  • “Sabah”ın məşqçisi təhqiredici jestə görə 5 oyunluq cəzalandı

    AFFA İntizam Komitəsi “Sabah” klubunun məşqçisi Miloş Yevtiçi 5 oyunluq cəzalandırıb.

    “Report”un məlumatına görə, buna serbiyalı mütəxəssisin “Neftçi”yə qarşı Azərbaycan Premyer Liqasının XXIV tur oyununda təhqiredici hərəkətə görə qırımızı vərəqə alaraq meydandan kənarlaşdırılması səbəb olub.

    Həmçinin klub 4 000 manat məbləğində cərimələnib.

    Qeyd edək ki, “Sabah” – “Neftçi” matçı 2:2 hesabı ilə başa çatıb.

  • Peyvənd olunanların sayı açıqlandı

    Azərbaycanda bu gün koronavirus (COVID-19) əleyhinə 29778 vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7957, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21821 nəfərdir.

    Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1566106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578144 təşkil edir.

  • Azərbaycanla üç ölkə arasında Birgə Komissiyanın tərkibi təsdiqlənib

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

    Sərəncamla “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamının 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

    “Komissiyanın həmsədri

    Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

    Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

    Azərbaycan Respublikası energetika nazirinin müavini

    “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

    Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Avstriya Respublikası tərəfinə bildiriş göndərəcək.

    Dövlət başçısının digər Sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 may tarixli 1514 nömrəli Sərəncamında dəyişiklik edilib.

    Belə ki, “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 may tarixli 1514 nömrəli Sərəncamının 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

    “Komissiyanın həmsədri

    Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

    Azərbaycan Respublikası təhsil nazirinin müavini

    Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

    Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

    Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti.”.

    2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə İraq Respublikası tərəfinə bildiriş göndərsin.

    Prezident İlham Əliyevin daha bir sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 noyabr tarixli 1850 nömrəli Sərəncamında dəyişiklik olunub.

    Sərəncamla “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 noyabr tarixli 1850 nömrəli Sərəncamının 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

    “Komissiyanın həmsədri

    Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Azərbaycan Respublikası maliyyə nazirinin müavini

    Azərbaycan Respublikası energetika nazirinin müavini

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

    Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

    Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

    2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Estoniya Respublikası tərəfinə bildiriş göndərsin.

  • Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu dəfn edildi

    Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçumuz dəfn edilib.

    Tağıyev Pərviz Hafiz oğlunun nəşi doğulduğu Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

    Qeyd edək ki, 1990-cı il təvəllüdlü Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) P.Tağıyev müharibənin ilk günlərində itkin düşmüşdü.

  • DYP-dən sürücülərə XƏBƏRDARLIQ

    Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

    Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi məlumat verib.

    Bildirilib ki, “Paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır. Küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən və piyadalardan son dərəcə ehtiyatlı olmasını, təhlükəsizlik qaydalarına daha da ciddi əməl edilməsini, belə ki, avtomobilləri çoxmərtəbəli binaların, ağacların altında saxlamamağı tövsiyə edirik.

    Piyadalardan isə açıq hava şəraitində hərəkətlərinin mümkün qədər məhdudlaşdırmağı xahiş edirik”.

  • Hansı hallarda dərmanlar icbari tibbi sığorta tərəfindən təmin edilir? – AÇIQLAMA

    “Vətəndaş qeydiyyat ünvanından asılı olmayaraq 1 il müddətinə icbari tibbi sığortanın xidmətlər zərfindən yararlana bilər”.

    Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.

    Onun sözlərinə görə, xəstəxanada yatış zamanı gündəlik qida və dərman xərcləri xidmətlər zərfinə daxildir:

    “Hər hansı əməliyyat və ya müalicə prosesi ilə əlaqədar olaraq xəstəxanada yatırsınızsa, bütün xərclər – əməliyyat, qida, dərman, tibbi sərflər xidmətlər zərfi vasitəsi ilə qarşılanır. Xəstəxanada yatış müddəti isə xəstəlikdən asılı olaraq müəyyən edilir”.

    A.Əhmədova həmçinin ambulator və stasionar şəraitdə müalicələr zamanı dərman təminatı ilə bağlı məsələyə də aydınlıq gətirib:

    “Müalicə zamanı dərman təminatı yalnız ambulator şəraitdə həyata keçirilən tibbi xidmətlər üçün nəzərdə tutulub. Ambulator şəraitdə göstərilən anesteziya və dərman sərfiyatı xidmətlər zərfinə daxildir. Lakin resept əsasında yazılan dərmanların heç biri icbari tibbi sığortanın xidmətlər zərfinə aid deyil. Stasionar müalicə üsulunda isə bütün xərclər icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir”.