Month: May 2021

  • Gəncədə keçmiş arvadını qətlə yetirən şəxslə bağlı cinayət işi başlandı

    Mayın 26-da saat 13 radələrində Gəncə şəhəri ərazisində Günay Amanovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri Qafar Amanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Günay Amanovaya xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

    Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Qafar Amanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

  • Две армянские диверсионные группы пытались перейти на территорию Азербайджана – ОФИЦИАЛЬНО

    Согласно информации Министерства обороны АР, 27 мая две разведывательно-диверсионные группы вооруженных сил Армении совершили попытку перейти армяно-азербайджанскую государственную границу в направлении населенного пункта Юхары Айрым Кельбаджарского района и пыталась заминировать пути снабжения, ведущие к позициям азербайджанской армии.

    Об этом сообщил МИД Азербайджана.

    В ведомстве отметили, что эти группы были обнаружены, некоторые их члены сбежали, а шесть человек (в том числе двое из одной группы и четверо из другой) были разоружены и задержаны подразделениями ВС Азербайджана.

  • İki erməni diversant qrupu Azərbaycan ərazisinə keçməyə cəhd göstərib – RƏSMİ

    Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən cari ilin mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, həmin qruplar aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərksilah edilərək saxlanılıb.

  • Sumqayıtda 91 yaşlı qadın intihar edib

    Sumqayıtda intihar hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

    1930-cu il təvəllüdlü Nuriyeva Asiya İsa qızı yaşadığı mənzildə özünü asıb. İntiharın səbəbləri bilinmir.

    Meyit aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Günün qoroskopu: Yaxınlarınızla münasibətləri rəvan etməyə can atın

    Median.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

    Qoç – çətinliklər və problemlərdən xali olmayan gündür. Amma uğursuz zaman da deyil. Başladığınız işləri tez başa vuracaq, nailiyyətlər əldə edəcəksiniz. Mühüm işləri yarımçıq qoymayın. Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın.

    Günün ikinci yarısında dəyərli təcrübə və önəmli məlumatlar əldə edə bilərsiniz.

    Yaşam potensialının səviyyəsi yüksəkdir. Aktiv istirahət, gəzinti və idmanla məşğul olmaq əhvalınızı yaxşılaşdıra bilər.

    Axşam saatlarında normal istirahət edin. Sevdiyiniz insanı sevindirməyi unutmayın.

    Buğa
    – diqqətli olun. Əsas məsələni unudaraq ikinci dərəcəli detallara həddən ziyadə fikir verməyin. Çoxsaylı, amma qeyri-ciddi səhvləri istisna edin. Sənədlərlə çalışmaq, mürəkkəb hesablamalarla məşğul olmaq üçün münasib zaman deyil.

    Günün ikinci yarısında işgüzar danışıqlar pis keçməyəcək. Nüfuzlu insanlarla ünsiyyət gözlənilən nəticəni verəcək.

    Yeni tanışlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

    Maliyyə məsələləri ilə bağlı mühüm qərarlar qəbul etməyin, anlaşma və ya sövdələşmələri ertələyin. İşgüzar duyumunuz bu gün sizə xilaf çıxa bilər.

    Yaxınlarınızla əlaqədə olun. Mühüm, təcili xəbər gələ bilər.

    Əkizlər – öz problemlərinizi unutmağa çalışaraq başqalarının müşküllərinin çözülməsinə həddən ziyadə vaxt ayırmayın. Yaxın ətrafınızdakı insanlar sizdən yardım istəyir, kömək diləyirlər. Amma sizdən sui-istifadə etmək, yararlanmaq niyyətində olanlar da var.

    Günün ikinci yarısında maraqlı tanışlıqlar ola bilər. Ancaq təmaslarda sərvaxt olun. Mənasız, yaltaq, həyasız insanlardan uzaq durun.

    Gəlirlər və maraqlı işgüzar təkliflər istisna deyil. İş üçün münasib zamandır. Səfər və ya səyahət uğurlu alınacaq. Şəraitin dəyişməsi emiosional durumunuza müsbət təsir edəcək.

    Xərçəng – müsbət təmayüllərin təsiri artır. Başladığınız işlərdə və layihədə uğura nail ola bilərsiniz. Bədxah və rəqiblərinizin arasında bir neçəsi irəliləyişinizi görərək susmağa, passivliyə üstünlük verirlər. İndiyədək sizdən uzaq duran şəxslər tərəfdaşlıq və əməkdaşlıq təklif edirlər.

    İşgüzar danışıqları və görüşləri günün ilk yarısında başa vurun.

    Günün ikinci yarısında müstəqil şəkildə, təkbaşına çalışın. Diqqətli olun, acı yanlışlıqlara yol verməyin.

    Axşam saatları fiziki təmrinlər və idmanla məşğul ola bilərsiniz. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağa çalışın.

    Şir – işdə münaqişələrə yol verməməyə çalışın. Hətta ən kiçik münaqişə və ya qarşıdurma belə, işdə rəhbərliklə, həmkarlarla münasibətləri korlaya bilər.

    İşgüzar danışıqlara, yeni sifarişin müzakirəsinə tək yollanmayın. Yanınızda sizinlə həmfikir insan olarsa, mövqelərinizi daha səbatlı, daha asan müdafiə edə bilərsiniz.

    Günün ikinci yarısında maliyyə itkiləri, planlaşdırılmamış itkilər istisna deyil.

    Yaxınlarınızla təmaslarda səmimi, həssas olun. Fikirlərinizi gizlətməyin, amma qabalıq da etməyin. Önəmli vədlər verməyin. Onları yerinə yetirmək düşündüyünüzdən də çətin olacaq.

    Qız – peşəkar fəaliyyət baxımından uğurlu gündür. İşlərinizdə irəliləmək, çoxdankı rəqibi geridə qoymaq şanslarınız var. Yeni işə, layihəyə başlamaq olar. Gəlir mənbələrinin sayını artırmağa çalışın.

    Günün ikinci yarısında maliyyə fonu daha yaxşı olacaq. Artıq unutmağa başladığınız borcu qaytaracaqlar.

    Axşam saatlarında yeni münasibətlərə başlamaq olar. İntuisiyanız iti olsun, ilk dəfə gördüyünüz insanın kimliyini az sonra anlamağa çalışın.

    Səfərlər pis alınmayacaq.

    Gəzintiyə də çıxa bilərsiniz.

    Tərəzi – sadə, rahat bir gündür. Maraqlı təsadüflər və uğurlu hadisələr yaşanacaq. Gərəkli istiqamətdə hərəkət edin. Belədə yolunuzda sədlər və maneələr yaranmayacaq. Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədikləri işləri başa vura bilərsiniz. Ən yaxşı peşəkar bacarıqlarınızı və məziyyətlərinizi karyeranıza təsir edə biləcək insanlara nümayiş etdirin.

    Günün ikinci yarısında anlaşma və sövdələşmələri müzakirə etmək, müqavilə imzalamaq olar.

    Emosional fon əlverişlidir. Nikbin və aktiv olun. Pozitiv emosiyalarınızı ətrafınızdakı insanlarla paylaşın. Bu günədək sizə diqqət yetirməyə insanlar indi ünsiyyətə, təmaslara can atırlar.

    Əqrəb – gün uğursuz alına bilər. Problem situasiyada və ya hadisələrin inkişaf məcrasında yox, gözləntilərinizlə bağlıdır. Gözləntiləriniz isə çox yüksək, duruma və perspektivlərə adekvat deyil.

    Bütün gözləntilərin dərhal həyata keçməməsi ehtimalı ilə razılaşın. Belədə rahatlaşacaqsınız.

    Günün ikinci yarısında məqsədə doğru düşünülmüş şəkildə, astadan irəliləyin. Təxribatlara uymayın. Hər addım yaxşı götür-qoy ediləndən sonra atılmalıdır. Şəxsi münasibətilərdə ehtiyatlı olun.

    Axşam saatlarında alış-verişə çıxmaq, çoxdan almaq istədiyiniz əşyaları almaq olar. Bəzi ev işlərini ertələyərək maraqlandığınız məsələ ilə məşğul olmaq olar. Pozitiv emosiyalara ehtiyacınız var.

    Oxatan – qarışıq, ziddiyyətli gündür. Uğurlar və nailiyyətlər olacaq. Amma nə isə sizi narahat edir. “Nazik buz” üzərində gəzdiyiniz, az sonra hansısa pis hadisənin baş verəcəyi gözləntisi sizdə ciddi nigaranlıq, narahatlıq yaradır. Hisslərinizin əsiri olmayın. İşlərin real durumu o qədər də pis deyil. Problem uğursuz emosional fondadır.

    Günün ikinci yarısında sakit olun, sınanmış metodlardan vaz keçməyin. Əhvalınızı korlamayın. Meditasiya və yoqa ilə məşğul olmaq mümkündür. SPA-prosedurlar və idman da pis deyil.

    Axşam saatlarında alış-verişə çıxmaq olar. Dostlarla ünsiyyətə vaxt ayırmağı unutmayın.

    Oğlaq – sakit, rəvan gündür. İşlərinizlə münasibətlərinizdə köklü dəyişikliklər olmayacaq. Peşəkar fəaliyyətlə bağlı planları reallaşdırmaq, başladığınız işləri bitirmək şansları var.

    Günün ikinci yarısında sərvaxt, detallara və xırdalıqlara diqqəli olun. Məqsədə doğru sınanmış, etibarlı yollarla gedin. Kənar yollara çıxaraq eksperimentlər keçirməyin.

    Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Situasiyadan yararlanaraq rəğbət bəslədiyiniz insanla təmasları bərpa edin.

    Dolça
    – inadkar, qətiyyətli olun. Peşəkar fəaliyyət müstəvisində və şəxsi münasibətlər sahəsində irəliləyişə nail ola bilərsiniz. Mürəkkəb tapşırıqlar və çətin məsələlərin öhdəsindən gəlməyə çalışın. Yaşanan hadisələrlə formalaşmış situasiyanın əsl səbəblərini, məzmununu anlamağa can atın. Yaxın ətrafınızdakı insanların görə bilmədikləri qanunauyğunluqları sezin.

    Günün ikinci yarısı əmlak və maliyyə ilə bağlı problemlərin həlli üçün əlverişlidir. Ən çətin ixtilafları çözməyə səy göstərin.

    Yaxınlarınızla münasibətləri rəvan etməyə can atın. Ailə üzvlərindən birinin istəklərini qulaqardına vurmayın. Başqalarının zəifliklərinə güzəştli yanaşma mənasız mübahisə və ixtilafların qarşısını ala bilər.

    Balıqlar – kimsəyə imkan verməyin ki, sizi yanıltsın, aldatsın. Sağlam məntiqə əsaslanın. Təxribatlara uymayın, manipulyasiya qurbanı olmayın. İşgüzar danışıqlar və müzakirələr üçün münasib zamandır. Mövqelərinizi səbatlı şəkildə müdafiə edin, qarşı tərəfin qarşısına arqumentlər qoyun.

    Günün ikincim yarısı səfər və ya səyahət üçün sərfəlidir. Yalnız əyləncə, istirahət barədə düşünməyin.

    Yeganə ciddi problem ailə üzvləri və ətrafınızdakı insanlarla xoş münasibətləri qorumaqdır.

    Buna nail olmasanız, təşvişə düşməyin. Sizdə emosional diskomfort yaradan şəxslərlə təmasları minimuma endirin.

  • Daha bir şəhid övladı dünyaya gəldi – FOTO

    Vətən müharibəsi şəhidi Rüsif Yusif oğlu Kazımovun övladı dünyaya gəlib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidimizin övladı bu gün dünyaya göz açdığı səhiyyə ocağında qarşılanaraq, valideynlərinin sakini olduğu Cəlilabad rayon Uzuntəpə kəndinə yola salınıb.

    Şəhid leytenantın övladına Nuran adı verilib.

    Qeyd edək ki, Rusif Kazımov 1997-ci ildə Cəlilabad rayonunun anadan olub. O, Vətən müharibəsində Laçın rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

  • ABŞ Konqresinin üzvü Respublika Günü ilə bağlı bəyanatla çıxış edib

    25 may tarixində ABŞ Konqresinin üzvü Pol Qosar bəyanatla çıxış edərək, Azərbaycan Respublikasının 103 illiyi və Sovet İttifaqından müstəqilliyinin 30 illiyi ilə bağlı öz təbriklərini çatdırıb.

    Bu barədə report-a Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən məlumat verilib.

    Bəyanatda, Azərbaycanın bölgədə vacib tərəfdaş kimi demokratiya və müstəqilliyin parlaq nümunəsi olmaqda davam etdiyi xüsusi vurğulanır.
    Əsrlər boyu Rusiya imperiyası və Sovet İttifaqının qəddar idarəçiliyi altında olan Azərbaycanın müstəqilliyə nail olduğu, ABŞ-ın dost Azərbaycanla birgə Respublikanın 103 illiyini qeyd etdiyi diqqətə çatdırılır.

    ABŞ və Azərbaycanın azadlıq, demokratiya və müstəqillik kimi birgə amalları bölüşdüyü Konqres üzvü tərəfindən qeyd olunur və digər Konqres üzvləri təbriklərə qoşulmağa dəvət edilir.

    Bəyanatın Konqresdə qeydiyyata alınmış ingilis dili mətni ilə https://www.congress.gov/117/crec/2021/05/25/167/91/modified/CREC-2021-05-25-pt1-PgE578-4.htm səhifəsində tanış olmaq mümkündür.

  • ABŞ və Türkiyə prezidentlərinin görüşü iki ölkə arasındakı münasibətlərə təkan verəcək

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Baydenin iyun ayında Brüsseldə keçiriləcək NATO sammiti çərçivəsində baş tutacaq görüşü iki ölkə arasındakı münasibətlərdə yeni bir dövrün başlanğıcı olacaq.

    Trend-in məlumatına görə, bunu böyük ABŞ şirkətlərinin rəhbərləri ilə onlayn görüş zamanı Rəcəb Tayyib Ərdoğan deyib.

    İki ölkə arasında iqtisadi əməkdaşlıq perspektivlərinə toxunaraq, T.Ərdoğan Ankaranın Türkiyə ilə ABŞ arasındakı ticarət həcminin 100 milyard dollara çatmasını hədəfə qoyduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, bu hədəfə çatmaq üçün tərəflər birgə maraqlara və dəyərlərə əsaslanan səmimi yanaşma nümayiş etdirməlidirlər.

    Ölkənin iqtisadi uğurlarından bəhs edən T.Ərdoğan Türkiyənin Çindən sonra 1,8 faiz ilə G20-də ən yüksək iqtisadi artıma sahib olan ölkə olduğunu qeyd edib:

    “2021-ci ilin ilk 4 ayında Türkiyənin ixracı ötən ilin eyni dövrüilə müqayisədə 45 faiz artaraq 4 milyard 272 milyon dollara çatıb”.

    Dövlət başçısı pandemiyanın yaratdığı qeyri-müəyyənliyə baxmayaraq, Türkiyənin investisiya cəlbediciliyində ciddi bir artım olduğuna da diqqət çəkib.

    O bildirib ki, yaxın zamanda ölkə rəhbərliyi Türkiyə ictimaiyyətinə və beynəlxalq investorlara ölkə iqtisadiyyatına birbaşa xarici investisiya strategiyalarını təqdim edəcəklər.

    Onun sözlərinə görə, Türkiyə ölkənin texnoloji transformasiyasını sürətləndirəcək, yeni iş yerləri açacaq və cari hesab balansına müsbət təsir edəcək layihələrə xüsusi əhəmiyyət verir.

    T.Ərdoğan əlavə edib ki, Türkiyə investisiyaların stimullaşdırılması və investorlara güzəştlərin verilməsi sistemini asanlaşdırmaq niyyətindədir.

  • Piylənmə koronavirusa yoluxma riskini 6 dəfə artırır

    Bu gün dünyada insanların ən çox əziyyət çəkdiyi məsələlərdən biri də artıq çəki və piylənmədədir. Bir çox hallarda artıq çəkili insanlar həkimlə məsləhətləşmə aparmadan müxtəlif vasitələrdən istifadə etməklə arıqlamağa cəhd edirlər. Nəticədə arıqlamaq əvəzinə, sağlamlığını itirənlər də olur.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, piylənmənin səbəbləri, insan orqanizmində əmələ gətirdiyi fəsadlar, müalicə yolları barədə sualları Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ümumi, bariatrik və metabolik cərrahı, Beynəlxalq Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının üzvü, tibb üzrə fəlsəfə doktoru Elçin Abdinov cavablandırıb. Həkim piylənmənin çox mürəkkəb patogenezə malik, tez-tez residivləşən xroniki bir xəstəlik olduğunu, dünya əhalisi arasında sürətlə yayılaraq dövrümüzün xəstəliyinə çevrildiyini bildirib.

    – Piylənmənin əsas səbəbləri nələrdir?

    – Piylənmənin səbəbləri olduqca çoxdur. Günümüzdə səbəbləri hələ də araşdırılır və yeni amillər aşkarlanır. Burada qidalanma faktorunun rolu danılmazdır. Orqanizmə daxil olan normadan artıq kalorinin sərf edilməməsi nəticəsində yağlar piy toxuması şəklində yığılaraq artır və piylənmə yaranır. Orqanizmdə maddələr mübadiləsinin və hormonal balansın pozulması da piylənmənin səbəbləri sırasındadır.

    – Bəs kimlər piylənməyə məruz qalmış hesab olunurlar?

    – Gündəlik həyatımızda rastlaşdığımız hər kök, şişman, artıqçəkili insanı piylənməyə məruz qalmış hesab etmək olmaz. Piylənməni təyin etmək üçün Bədən Kütlə İndeksi (BKİ) anlayışından istifadə olunur. BKİ bədən kütləsinin boy hündürlüyünün kvadratına bölünməsi ilə əldə olunur. BKİ 19-25 arası olduqda norma, 25-30 arası olduqda artıq kütlə, 30-dan çox olduqda isə, piylənmə kimi qiymətləndirilir. Piylənmə bir sıra ağır metabolik xəstəliklərlə də müşayiət olunur: II tip şəkərli diabet, hipertoniya, qaraciyər piylənməsi və s. Bir məqamı da qeyd edim ki, bu gün dünya səhiyyəsi iki böyük problemlə üz-üzə qalıb: COVID-19 pandemiyası və piylənmə. Onsuz da piylənmə dünyada il ərzində 3-3.5 milyon insanın həyatına son qoyurdusa, bu gün onlar arasında COVID-19-a yoluxmaya görə ölüm faizi xeyli yüksəlib. Piylənməsi olan insan COVID-19-a yoluxduqda, onu müalicə etmək xeyli çətindir.

    – Siz bunu nə ilə izah edərdiniz?

    – Qeyd etdiyim kimi, dünya səhiyyəsi piylənmə ilə əlaqədar çox böyük problemlərlə üzləşib. Səhiyyə sistemi, tibb müəssisələri bədən kütləsi 150 kiloqrama qədər olan pasiyentlərə xidmət üçün hesablanıb. Bədən kütləsi 150-dən çox olan pasiyentlərə KT, MRT, digər müayinələr etmək və xidmətləri həyata keçirmək bir sıra çətinliklər yaradır. Bildiyimiz kimi, koronavirus xəstələrinin tənəffüsünü rahatlaşdırmaq və oksigen təminatını artırmaq üçün üzü üstə uzanmaları tövsiyə olunur. Piylənməsi olan xəstələrdə isə bu, əks effekt verir. Piy toxuması koronavirus üçün münbit şərait yaradır. Piylənməsi olanlarda virusun qanda miqdarı, virulentliyi yüksək olur, virusun yaşama müddəti uzanır və ölüm riski artır.

    – Bəs piylənmə koronavirusa yoluxma riskini artırırmı?

    – Aparılan araşdırmalar onu deməyə əsas verir ki, piylənmə COVID-19-a yoluxma riskini 6 dəfə artırır.

    Pandemiyanın başladığı ilk dövrdə Çin və İtaliyadan gələn məlumatlara görə, ölüm riski faktoru kimi yaş və yanaşı xroniki xəstəliklər əsas götürülürdüsə, virus əhalisinin 50 faizdən çoxu piylənmədən əziyyət çəkən ABŞ-a keçdikdə, fikirlər tamamilə dəyişdi. BKİ 30-dan yuxarı olan şəxslərdə ölüm riski 2 dəfə, 40-dan yuxarı olanlarda 4.5 dəfə, gənc və yaşı 60-dan aşağı olan belə kişilərdə isə daha da çox artır. Həmin amilin COVID xəstələrinin hospitalizasiyasında praktiki əhəmiyyəti var. Piylənməsi olan xəstələrin ilk baxışdan vəziyyəti yüngül görünsə də, onların çox qısa zamanda ağırlaşması mümkündür. Ona görə də ilk növbədə həmin xəstələr hospitalizasiya olunmalıdırlar.

    – Piylənmədən əziyyət çəkənlər hansısa konservativ üsullarla arıqlaya bilərlərmi?

    – Piylənmədən əziyyət çəkənlərin normal çəkiyə qayıtmasına pəhriz, idman kimi konservativ üsullar kömək etmir. Həm də idman zamanı daha da ağır xəsarətlər ala bilərlər. Aşağı dərəcəli, yəni birinci dərəcəli piylənmədə pəhriz, idmanla nəticə əldə etmək olar. Lakin onların 3 faiz şansı var. Yəni 100 xəstədən 97-də pəhrizi, idmanı buraxdıqda, həyat tərzini dəyişdirdikdə, nəinki itirilmiş çəki geri qayıdır, hətta əvvəlkindən də çox çəki alınır.

    – Piylənmə ilə mübarizədə ən əlverişli üsul hansıdır?

    – 1990-cı illərdə dünyanın tibb təşkilatları və alimləri piylənmə ilə mübarizənin cərrahi əməliyyat yolu ilə aparılması qərarına gəliblər. Təbii ki bu, morbid, yəni həddən artıq çox piylənməsi olanlara aiddir. Əgər, bir insanda piylənmə varsa, əməliyyata əks göstəriş yoxdursa, onun yeganə uğurlu, effektiv və uzunmüddətli müalicə üsulu bariatrik cərrahiyyədir. Bu, bütün dünyada sübut olunub və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilib.

    – Bariatrik cərrahiyyənin nə kimi faydaları var?

    – Piylənmədən əziyyət çəkən insanın daxili orqanlarında bir sıra problemlər mövcuddur. Həmin insanlar yanaşı olaraq bir sıra metabolik xəstəliklərdən əziyyət çəkirlər. Normal insanlara nisbətən ömürləri 30 faiz qısa olur. Səbəbi bilinməyən qəfləti ölüm riski həddən artıq çoxdur. Həmin əməliyyatdan sonra isə qanda şəkərin miqdarı tənzimlənir, qan təzyiqi normallaşır, xəstələrin ömrü 10-12 il artır. Əməliyyatdan sonra ən yaxşı nəticə 80 faiz hesab olunur. Bu, o zaman mümkündür ki, xəstələr əməliyyatdan sonra mütəmadi olaraq həkim müayinəsi və konsultasiyasından keçir, onlara verilən proqrama il yarım-iki il əməl edir.

  • Ceyhun Bayramov Avstriyanın federal naziri ilə görüşüb

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq arasında görüş keçirilib.

    Nazirlər ikitərəfli əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıb, post-pandemiya dövründə ikitərəfli qitisadi əməkdaşlıq və biznes əlaqələrin canlandırılmasının əhəmiyyətini vurğulayıblar.

    Nazir Ceyhun Bayramov həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın onilliklər ərzində davam edən təcavüzkar siyasəti, Ermənistan tərəfinin təxribatlarına cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatı və ərazilərin işğaldan azad olunaraq, ölkənin ərazi bütövlüyünün təmin olunması barədə danışıb. O, həmkarına post münaqişə dövründə azad olunmuş ərazilərdə həyata keçirilən yenidən qurma və bərpa işləri haqda məlumat verib. Bölgədə yaranmış yeni vəziyyətin regional əməkdaşlıq üçün açdığı imkanlardan bəhs edilib.

    İşğal faktorunun aradan qaldırılması ilə Azərbaycanın beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə ciddi riayət olunması əsasında Ermənistanla əlaqələrin normallaşdırılmasına hazır olduğu qeyd olunub.

    Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.