Month: May 2021

  • Mayın 28-i avtobuslar işləyəcək – RƏSMİ

    28 May – Respublika Günü ölkə ərazisində ictimai nəqliyyat işləyəcək.

    Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov “Report”a bildirib ki, mayın 28-də paytaxtda ictimai nəqliyyatın hərəkətinin dayandırılması nəzərdə tutulmayıb.

  • Neftçalada 10 ton çətənə kolu məhv edilib

    Neftçalada yabanı halda bitən 10 ton çətənə kolu məhv edilib.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mikayıllı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

    Polis əməkdaşları tərəfindən yabanı halda bitmiş ümumi çəkisi 10 ton olan 11 132 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

    Faktla bağlı RPŞ-də araşdırma aparılır.

  • Milli qiymətləndirmənin təfərrüatı açıqlandı

    Təhsil Nazirliyi məktəblərdə keçirilən milli qiymətləndirmənin təfərrüatını açıqlayıb.

    Nazirlikdən verilən məlumata görə, 1-11 iyunda ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə növbəti milli qiymətləndirmə təşkil olunacaq.

    Milli qiymətləndirmənin Azərbaycan və rus bölmələri üzrə təşkili nəzərdə tutulur. Bu il keçiriləcək milli qiymətləndirmə həm əyani (seçilmiş siniflər üzrə), həm də onlayn (“Virtual məktəb” platforması üzərindən) formatda təşkil olunacaq.

    İyunun 1-dən başlanılacaq milli qiymətləndirmə prosesində ilk növbədə IV, VI və IX sinif şagirdləri əyani şəkildə müvafiq olaraq riyaziyyat, tədris dili və xarici dil, eləcə də təbiət fənləri üzrə sualları cavablandıracaqlar. İyunun 2-dən isə II-VIII və X sinif şagirdləri onlayn formatda ayrı-ayrı fənlər üzrə müxtəlif sayda tapşırıqları cavablandıracaqlar.

    Qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında ümumi şagird qruplarında “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən müvafiq fənlər üzrə test tapşırıqlarına cavab vermək lazımdır (https://www.youtube.com/watch?v=TYD5z3Hq9vU). Onlayn milli qiymətləndirmədə iştirak edəcək şagirdlər öz nəticələrinə testi tamamlandıqdan sonra ekrana çıxacaq “Təhlil” (“Review”) bölməsindən baxa bilərlər. Şagirdlərin nəticələrinin əlavə olaraq elektron poçtla göndərilməsi nəzərdə tutulmayıb.

    Milli qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər arasında sosial-iqtisadi vəziyyətə dair sorğu keçirilməsi də nəzərdə tutulur.

    Qeyd edək ki, milli qiymətləndirmə tədqiqatı məktəbdaxili summativ qiymətləndirmə ilə qarışdırılmamalıdır. Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün ümumi təhsil müəssisələrində aparılan tədqiqatdır. Milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə nəticələrinə təsir etmir.

  • Bakıda 23 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

    Bakıda keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədar mayın 31-dən başlayaraq qismən və tam bağlanacaq yollara görə 23 marşrut xəttinin hərəkət sxem müvəqqəti dəyişdiriləcək.

    Məlumata görə, həmin marşrut xətləri aşağıdakılardır:

    • 1, 2, 4, 10, 46 və M3 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. – Y.Səfərov küç, ilə;

    • 5 nömrəli marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi S.Rəhimov küçəsində olmaqla hərəkəti Azadlıq pr., S.Rəhimov küç., Xətai pr., ilə;

    • 6 nömrəli marşrut üzrə avtobusların fəaliyyəti 2 istiqamət üzrə yəni 20-ci Sahə – M.Useynov küçəsi (Funikulyor) və Axundov bağı – Azadlıq prospekti metro stansiyası istiqamətində;

    • 88, M7 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m.st yaxınlığında olmaqla hərəkəti 28 May m/st. – Puşkin küç. – D.Əliyeva küç ilə;

    • 6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə;

    • 53, 125 və 127 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küç. (Funikulyor);

    • 59 və 61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. – Ş.Bədəlbəyli küç. –R.Behbudov küç. ilə;

    • 65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., – Ə.Cavad küç., – Azərbaycan pr. ilə;

    • 205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç. Daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək;

    • M2 və M2A nömrəli ekspres marşrutlar üzrə avtobusların hərəkəti Neftçilər prospektindən çıxarılaraq Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələri ilə təşkil ediləcək.

  • YAP “Meydan” TV-nin qarşısında şərt qoyub

    Yeni Azərbaycan Partiyası (YAP) mayın 25-də “Meydan” TV youtube kanalında feysbukda saxta səhifələrin yaradılması ilə bağlı yayılmış videoda partiyanın ünvanına səsləndirilən ittihamlara münasibət bildirib.

    Partiyadan “Report”a bildirilib ki, qərəzli və birtərəfli qaydada material hazırlayan, jurnalistikanın prinsiplərini kobud şəkildə pozan “Meydan TV” partiyanın Mətbuat Xidmətinə müraciət etməyib, iddialarına cavab istəməyib. Bundan başqa, qeyd edilib ki, videomaterialda ictimai fəal Bəxtiyar Hacıyevin əsassız olaraq Yeni Azərbaycan Partiyasının rəhbərliyini ittiham etməsi onun məsuliyyətsiz və qərəzli münasibətinin göstəricisidir.

    “Tam məsuliyyətlə bəyan edirik ki, Yeni Azərbaycan Partiyası nəinki “facebook”da, hətta bütün sosial şəbəkə seqmentlərində saxta hesablardan istifadə etmir, üzvləri, fəalları bu işə təşviq olunmur. Bu məsələ ilə əlaqədar “The Guardian” qəzetinin araşdırmasında da “Facebook” şirkətinin məsul əməkdaşı bildirmişdir ki, “facebook”un Azərbaycan platformasında silinən 300-dən artıq saxta səhifənin Yeni Azərbaycan Partiyası ilə hər hansı əlaqəsi tapılmayıb. Bu da sübut edir ki, Yeni Azərbaycan Partiyası sosial şəbəkələrdə saxta hesablardan, eləcə də siyasi rəqiblərinə qarşı “trol xidməti”ndən istifadə etmir.

    Saxta səhifələrlə yazılan rəylərin YAP-a aid olmasını sübut edən hər hansı fakt da yoxdur. Ehtimal oluna bilər ki, saxta profil və səhifələrlə yazılan rəylər YAP-ın nüfuzuna zərbə vurmaq üçün hansısa maraqlı qruplar tərəfindən hazırlanır. Bu baxımdan hesab edirik ki, “Meydan TV”nin yaydığı böhtan xarakterli video da YAP-a qarşı aparılan qara piar kampaniyasının tərkib hissəsidir.

    “Meydan TV”nin Yeni Azərbaycan Partiyası haqqında təhrif olunmuş, əsassız məlumatları yoxlamadan, dəqiqləşdirmədən yayması məhkəmə predmetinə də çevrilə bilər. Bu səbəbdən də, “Meydan” TV-dən tələbimiz ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası haqqında yayılan birtərəfli, böhtan xarakterli videomateriala görə jurnalistikanın etik qaydalarına və qanunların tələblərinə uyğun olaraq rəsmi üzrxahlıq edilsin, təkzib materialı yayılsın.

    Əgər “Meydan TV” sosial şəbəkələrdə saxta hesablarla rəylər yazan, siyasi rəqiblərini təhqir edənlər barədə obyektiv araşdırma aparmaq fikrinə düşərsə, müvafiq məlumat və faktları təqdim edə bilərik”, – məlumatda qeyd edilib.

  • Təhsil Nazirliyindən lisey və gimnaziyalara şagird qəbulu ilə bağlı açıqlama

    2021-2022-ci tədris ili üzrə lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, ilkin olaraq seçilmiş 15 pilot təhsil müəssisəsində qəbul prosesi mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

    Təhsil Nazirliyindən verilən məlumata görə, mərkəzləşdirilmiş qəbul prosesi zamanı şagirdlər konkret bir təhsil müəssisəsinə qəbul üçün deyil, imtahanda iştirak üçün onlayn qeydiyyatdan keçməlidirlər. Bu, daha sonra şagirdlərə imtahan nəticələrinə, yəni toplanılan bala uyğun olaraq, müvafiq lisey və gimnaziya seçimi etməyə imkan yaradacaq. Yeni mexanizmə əsasən, şagirdlər bir neçə təhsil müəssisəsinə qəbul üçün sorğu göndərə biləcək.
    Mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün valideynlər şagirdlərin yerdəyişməsi elektron xidmət portalında (https://sy.edu.az) şəxsi kabinet vasitəsi ilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməlidirlər. Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan imtahan mərkəzini seçə bilirlər.

    Qəbul imtahanlarının vaxtı aşağıdakı kimi təyin edilib:
    • 16 iyun 2021-ci il tarixində VI siniflərə qəbul ( hazırda V sinifdə oxuyanlar üçün)
    • 17 iyun 2021-ci il tarixində V siniflərə qəbul ( hazırda IV sinifdə oxuyanlar üçün)
    • 18 iyun 2021-ci il tarixində VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün)
    • 21 iyun 2021-ci il tarixində isə VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).

    Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı aşağıdakı kimidir:
    • S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası;
    • A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziya;
    • S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyası;
    • S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziya;
    • Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi;
    • Kimya-biologiya Təmayüllü Respublika liseyi;
    • Texniki-Humanitar lisey;
    • 2 nömrəli Texniki-Humanitar lisey;
    • 147 nömrəli Texniki-Humanitar lisey;
    • 291 nömrəli Ekologiya liseyi;
    • Şəki, Şəmkir və Şirvanda yerləşən Kimya-biologiya Təmayüllü Respublika liseyləri;
    • Quba və Gəncədə yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyləri.

  • Bakıda 49 nömrəli marşrut xəttində ödəniş “BakıKart”la olacaq

    Bütün digər xidmət sahələrində olduğu kimi sərnişindaşımalarda da nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

    Nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırılması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.

    Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.

    Sabahdan 49 nömrəli marşrut xətti (“28 May” m/s (Səməd Vurğun bağı) – Sabunçu qəs.(Qəzənfər Musabəyov küç.)) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

    İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

  • Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edildi

    Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Qərənfil Əhmədova vəzifəsindən azad edilib.

    Bununla bağlı müvafiq əmr imzalanıb.

    Əmrə əsasən, Qərənfil Qorxmaz qızı Əhmədova Cəlilabad RTŞ-nin müdiri vəzifəsindən çıxarılıb.

    Qeyd edək ki, Q.Əhmədova 2019-cu ildən bu vəzifədə çalışırdı.

    O, daha əvvəl Cəlilabad şəhər 8 saylı məktəb-liseyin direktoru vəzifəsində çalışıb.

  • Gürcüstanda koronavirusa yoluxanların sayı 340 mini ötüb

    Gürcüstanda son sutkada daha 1 015 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 1 151 nəfər sağalaraq evə buraxılıb.

    Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

    Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 340 330-a, sağalanların sayı isə 321 928-ə yüksəlib.

    Ötən 24 saat ərzində xəstəlikdən 28, ümumilikdə isə 4 682 nəfər vəfat edib.

  • Gürcüstan istehsalı olan ilk PUA bu il təqdim ediləcək

    “Gürcüstanda istehsal olunacaq ilk pilotsuz uçuş aparatı bu ilin payızında təqdim ediləcək”.

    Bunu ölkənin müdafiə nazirinin müavini Zurab Azaraşvili “İmedi” telekanalına müsahibəsində deyib.

    Onun sözlərinə görə, PUA tam olaraq Müdafiə Nazirliyinin nəzdindəki “Delta” hərbi elmi-texniki mərkəzində yığılacaq.

    Nazir müavini qeyd edib ki, dron və PUA-ların istehsalı layihəsinin ilk mərhələsi bu il başa çatdırılacaq.