Month: June 2021

  • “WhatsApp”da yeni funksiya işə salındı

    “WhatsApp” messencerində bir hesabın bir neçə cihazda eyni vaxtda istifadəsi funksiyası işə salınıb.

    İstifadəçinin cihazları bir-birinə bağlandıqdan sonra “WhatsApp Web” və “WhatsApp Desktop”un eyni anda işləməsi üçün əsas cihazın onlayn qalmasına ehtiyac qalmır. Bu rejimdə bir hesaba əlavə edilən beş cihazdan istifadə etmək olar. Hazırda bu funksiya tətbiqin 2.21.14.1 nömrəli beta versiyasında və yalnız “Android”də işləyir. Daha sonra yeni funksiya bütün istifadəçilər üçün əlçatan olacaq.

  • “Neftçi” Sloveniya toplanışını “Spartak” üzərində qələbə ilə başa vurdu

    Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Neftçi” sonuncu yoxlama oyununu keçirib.

    Samir Abasovun yetirmələri Moskva “Spartak”ı ilə üz-üzə gəliblər.

    Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçirilmiş görüş Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    “Ağ-qaralar”ın qollarını 8-ci dəqiqədə Namik Ələskərov, 45+2-ci dəqiqədə isə yeni transfer Harramiz Soares vurub. Moskva təmsilçisinin qoluna isə 44-cü dəqiqədə Mixail İqnatov imza atıb.

    Qeyd edək ki, təlim-məşq toplanışını Sloveniyanın Kranyska Qora bölgəsində keçirən “Neftçi” iyunun 21-də yerli “Olimpiya” ilə 1:1 hesablı heç-heçə edib, iyulun 24-də isə “Domjale”yə 1:2 hesabı ilə uduzub.

  • Lənkəranda ikimərtəbəli evdə yanğın olub

    Lənkəran şəhərinin Boladı kəndində ümumi sahəsi 420 m² (hər mərtəbəsi 210 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 210 m² sahədə yanıb.

    Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Elşad Xosenin qəbir daşı görənləri şoka saldı – FOTO

    Elşad Xosenin qəbir daşı görənləri şoka saldı – FOTO

    Tanınmış reper Elşad Xose son paylaşımı ilə hər kəsi çaş-baş salıb.

    Median.Az “yenisabah.az”a istinadən xəbər verir ki, sosial şəbəkə hesabında qəbir daşını paylaşan 41yaşlı reper təəccüb doğurub.

    Belə ki, o, öz şəkli və adı olan məzar daşının fotosunu izləyiciləri ilə bölüşüb.

    Həmin fotonu təqdim edirik:

  • Abşeron sakini dənizdə boğulub

    Abşeron rayon sakini dənizdə boğulub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Novxanı çimərliyində qeydə alınıb.

    Saray qəsəbəsi sakini, 1998-ci il təvəllüdlü Həşimov Məhərrəm Həşim oğlu dənizdə çimərkən batıb.

    Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Sahibə Qafarova Türk Şurasının Budapeşt ofisində çıxış edib – FOTO

    Macarıstanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 29-da Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində “2021 – ci il – Nizami Gəncəvi ili”nə həsr olunmuş tədbirdə iştirak edib.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbiri Türk Şurasının Budapeşt ofisinin rəhbəri Yanoş Hovari açaraq Spiker Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini salamlayıb. O, Türk Şurası çərçivəsində əməkdaşlıqdan bəhs edərək Macarıstanın bu qurumda müşahidəçi qismində fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

    Sonra Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Andraş Baranye çıxış edərək Azərbaycanla-Macarıstan arasında münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında danışıb. O, Azərbaycanın Macarıstan üçün qardaş və strateji tərəfdaş dövlət olduğunu vurğulayıb, münasibətlərin dinamik inkişafından məmnunluğunu ifadə edib. A.Baranye Türk Şurası çərçivəsində həyata keçirilən əməkdaşlığın iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

    Tədbirdə Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edib.

    Spiker Sahibə Qafarova Türk Şurasının Budapeştdəki ofisini dərin tarixi kökləri rəmzləşdirən, türk dünyası ilə macarları birləşdirən məkan kimi yüksək dəyərləndirib. O, Macarıstan parlamentinin Türk dünyasına inteqrasiyanı davam etdirmək qərarının əhəmiyyətini vurğulayıb. Milli Məclisin Sədri qeyd edib ki, hazırda həm Macarıstan, həm də Türk dövlətləri aralarındakı əməkdaşlığı dərinləşdirmək üçün səy göstərirlər. Bildirilib ki, Macarıstan Türk Şurasına cəmi üç il əvvəl qəbul edilsə də, əlaqələrin möhkəmləndirilməsi üçün ötən müddətdə xeyli addımlar atılıb. Siyasi əlaqələrin möhkəmlənməsinin digər sahələrə təsirinə toxunan Azərbaycan parlamentinin Sədri bildirib ki, bu baxımdan Macarıstanla Türk ölkələri arasında məqsədyönlü birgə səylər iqtisadiyyatda artıq müsbət nəticələrini verib.

    Şuranın bütün üzv dövlətlərinin nümayəndələrinin Budapeştə, Türk Şurasının nümayəndəliyinə təşrif gətirməsini xalqlarımız arasında təmasların daha bir təcəssümü olduğunu söyləyən Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Qazaxıstan nümayəndələri macar həmkarları ilə birgə mövcud əlaqələrin intensivləşməsinə böyük əhəmiyyət verirlər. Bu gün Türk Şurası öz strateji baxışını yaratmaq üzərində işləyir. “Türk Dünyasının baxışı-2040” bir yol xəritəsidir, ondan istifadə edərək biz xarici siyasət sahəsində daha yaxşı əlaqələndirməyə, təhlükəsizlik sahəsində aydın əməkdaşlığa, aramızda azad ticarət müqavilələrinin imzalanmasına, nəqliyyat əməliyyatları üçün sərhədlərin açılmasına və əlbəttə ki, dil və əlifba sahələrində daha dərin əməkdaşlığa doğru irəliləyə bilərik. Bu sahələr bizi heç vaxt olmadığı qədər yaxınlaşdırır və ölkələrimiz arasındakı inteqrasiya proseslərinə töhfə verir. Ortaq proqramlara və müxtəlif sahələrdə daha dəqiq əlaqələndirməyə malik olmaqla biz Türk dünyası üçün daha yaxşı gələcək qura bilərik.

    Sahibə Qafarova qeyd edib ki, Türk Şurasının qarşıya qoyduğu vacib vəzifələrdən biri də beynəlxalq terrorizm, separatizm, ekstremizm və transsərhəd cinayətlərə qarşı mübarizədə fəaliyyətlərin koordinasiyasıdır. O, bu baxımdan tədbir iştirakçılarına xatırladıb ki, Azərbaycan 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib. Keçən il isə Azərbaycan öz hərbi-siyasi imkanlarından istifadə edərək otuz illik erməni işğalına son qoyub. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi üç onillik ərzində, Azərbaycan özü bu qərarların icrasını təmin edərək ərazi bütövlüyünü bərpa edənə qədər kağız üzərində qalmışdı. Sahibə Qafarova vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tarixi torpaqları olan Qarabağı tamamilə azad etdi və Ermənistanı 10 noyabr 2020-ci ildə təslim aktını imzalamağa məcbur etdi. Spiker təcavüzə və işğala qarşı aparılmış Vətən müharibəsində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərinə görə Türk Şurasına üzv-dövlətlərin hökumətlərinə və xalqlarına öz adından və Azərbaycan Respublikasının Milli Məclisi adından səmimi təşəkkürünü ifadə edib.

    Milli Məclisin Sədri vurğulayıb ki, ölkələrimizin türk birliyinin parlament ölçüsünü yaratmağa nail olmaları çox sevindiricidir. Türkdilli Ölkələrin Parlament Assambleyası – TÜRKPA xalqlarımız arasındakı mövcud əməkdaşlığın dərinləşməsi üçün son dərəcə vacibdir. Əminlik ifadə edib ki, TÜRKPA-da müşahidəçi statusuna malik olan Macarıstanın bu qurumla inteqrasiyası dərinləşdikcə, xalqlarımız bir-birinə daha da yaxınlaşacaq. Türk Şurasına üzv olmaq üçün digər ölkələrdən gələn yeni müraciətlər məmnunluq doğurur, 10-dan çox tərəfdaşımız bu qurumda müşahidəçi statusu almaq niyyətlərini ifadə ediblər.

    Sonra tədbirdə Nizami Gəncəvinin Macarıstanda dərc olunan və dahi Azərbaycan şairinə həsr olunan kitabın tərcüməçisi Laura Pal, Peri Benedik və digərləri çıxış edib, Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş proqram nümayiş etdirilib.

    Sonda Milli Məclisin Sədri xatirə kitabını imzalayıb.

  • Gəncədə erməni terroru nəticəsində evləri dağılanlaarala kompensasiya ödənilib

    2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyası tərəfindən müvafiq işlər aparılıb. Gəncədə raket zərbələri nəticəsində zərərçəkən ailələrin bir qismi Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 272 ünvanında yerləşən yeni yaşayış kompleksində tam təmirli mənzillərlə təmin olunublar.

    Median.Az Trend-ə istinadən bildirir ki, digər 12 ailəyə isə istəklərinə uyğun olaraq razılaşdırılmış qaydada mənzillərinin dəyəri məbləğində pul vəsaiti köçürülüb.

    Bununla əlaqədar olaraq kompensasiya alan ailələr Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

  • AVRO-2020: İngiltərə Almaniyaya ikinci qolu da vurdu – YENİLƏNİR + VİDEO

    Meydan sahibi İngiltərə dördqat dünya və üçqat Avropa çempionlarına ikinci qolu da vurdu. Meydana ikinci hissədə daxil olmuş Cek Qrilişin ötürməsindən sonra Hari Keyn baş zərbəsi ilə fərqləndi – 2:0. Bu, hücumçu Keynin AVRO-2020-də dördüncü oyunda ilk qoludur.

    21:35

    İngiltərə 75-ci dəqiqədə hesabı açdı. Yenə İngiltərənin qolunu Rahim Sterlinq vurdu. Bu onun artıq AVRO-2020-də üçüncü qoludur.

    21:35

    Matçda ikinci hissə gedir. İndiyədək komandalar 32 dəfə qarşılaşıb. Bunlardan 13-də İngiltərə, 13-də Almaniya qalib gəlib, 6 görüş heç-heçə başa çatıb. Top fərqində ingilislər qabaqdadır: 51:42.

    20:49

    Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində qapılara qol vurulmadı.

    20:01

    Matç başladı.

    19:30

    Futbol üzrə Avropa çempionatı davam edir.

    Bu gün AÇ-2020-nin 1/8 final mərhələsina yekun vurulacaq.

    Mərhələnin sonuncu oyun günündə daha iki görüş baş tutacaq. Əvvəlcə Londondakı “Uembli” stadionunda meydan sahibi İngiltərə yığması Almaniya ilə üz-üzə gələcək.

    Günün digər qarşılaşması isə Qlazqodakı “Hempden Park” stadionunda keçiriləcək. Burada İsveç və Ukrayna yığmaları 1/4 finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

    AÇ-2020
    1/8 final
    29 iyun

    20:00. İngiltərə – Almaniya
    Baş hakim: Danni Makkeli (Niderland).
    London. “Uembli” stadionu.

    İngiltərə (3-4-3): 1. Cordan Pikford, 2. Kayl Volker, 3. Luk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Hari Maquayr, 9. Hari Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Tripyer, 14. Kalvin Fillips, 25. Bukayo Saka.

    Almaniya (3-4-3): 1. Manuel Noyer (k), 2. Antonio Rüdiqer, 4. Matias Qinter, 5. Mats Humels, 6. Yozua Kimix, 7. Kay Haverts, 8. Toni Kroos, 11. Timo Verner, 18. Leon Qoretska, 20. Robin Qosens, 25. Tomas Müler

  • QADAĞA qüvvəyə minir: Cəriməsi 5 mindir – DİQQƏT

    İyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlar qadağan olunur.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bu barədə Lent.az-a bildirilib ki, qadağan olunmuş plastiklərin idxalına, istehsalına və satışına cərimə var:

    “Cərimənin miqdarı vəzifəli şəxslər üçün 1000-1500 manat, hüquqi şəxslər üçün 3000-4000 manatdır”.

    Qeyd edilib ki, qadağan olunmuş plastiklərdən təkrar cərimə isə vəzifəli şəxslər üçün 1500-2000 manat, hüquqi şəxslər üçün isə 4000-5000 manat təşkil edir.

  • 10 gündür içməli suya həsrət qalan Yevlax sakinləri – VİDEO

    Aran bölgəsinin yayı isti keçən rayonlarından biri də Yevlaxdır. Burda son günlər temperatur 35-40 dərəcəyə çatır. Belə isti havalarda su probleminin olması isə daha çətin vəziyyət yaradır.

    Şəhərin Cəfər Cabbarlı küçəsində sakinlər 10 günə yaxındır ki, içməli su üzünə həsrət qalıblar.

    Burda yaşayanlar bildirir ki, su motorları işləsə də, evlərə su qalxmır. Sakinlər suyu ya pulla almalı, ya da bir neçə yüz metr məsafə qət edib xüsusi qablarda daşımalı olurlar.

    Daha ətraflı Baku TV-nin süjetində: