Month: June 2021

  • Rusiyaya pomidor ixrac edəcək müəssisələrin adı açıqlandı

    Rusiya hökuməti iyulun 1-dən etibarən bu ölkəyə Azərbaycandan pomidor idxal etmək hüququna malik 11 müəssisənin siyahısını elan edib.

    Qonşu ölkənin müvafiq qurumunun açıqlamasında aşağıdakı sahibkarlıq subyektləri sadalanır:

    Əliyev Xaqani Taleh – Tovuz rayonu

    Cəfərov Vaqif Yusif – Şəmkir rayonu

    Hüseynova Gülqız Ağahəsən – Bakı şəhəri Xətai rayonu

    Musayeva Şəhla Qəzənfər – Şəmkir rayonu

    Əkbərov Mətləb Fərayıl – Şəmkir rayonu

    “Rus Aqro Alliance” MMC – Bakı şəhəri Nərimanov rayonu

    Dəmirov Anar Yaşar – Tovuz rayonu

    Əsgərov İlham Möhsun – Şəmkir rayonu

    İslamov Musa İbiş – Bakı şəhəri Suraxanı rayonu

    “Xəzər-R.R.R” MMC – Şəmkir rayonu

    Mustafayev Niyaməddin Rüstəm – Şəmkir rayonu.

    Bu müəssisələrin birgə video təftişlər nəticəsində və Qida Təhlükəsizliyi Agentliyinin zəmanətilə seçilən məhsul nümunələrinin fitosanitariya ekspertizasının yekunlarına görə müəyyənləşdirildiyi bildirilir.

    Beləliklə, hazırda Rusiyaya ölkənin 152 müəssisəsi pomidor ixrac etmək hüququna malikdir.

    2020-ci ilin 10 dekabr tarixindən Rusiya tərəfi Azərbaycan pomidor və almalarında müəyyən ziyanverici həşəratların mütəmadi olaraq aşkarlanmasını bildirərək həmin məhsulların ölkəmizdən idxalına müvəqqəti qadağa qoymuşdu.

  • İkitərəfli görüşdə Lavrovun zarafatı Çavuşoğlunun xoşuna gəldi – VİDEO

    Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında bu gün Antalyada keçirilən təkbətək görüş sona çatıb.

    Görüş başlamazdan əvvəl nazirlər iki ölkənin bayraqları qarşısında xatirə şəkli çəkdiriblər.

    “RİA Novosti”nin məlumatına görə, bu zaman maraqlı hadisə yaşanıb. Belə ki, şəkil çəkdirmə mərasimində türkiyəli jurnalist bayrağın görünmədiyi səbəbindən Lavrovdan yerini dəyişməsini xahiş edib.

    “Siz gördüyünüzü görürsünüz. Bizə nə etməli olduğumuzu deməyin”, – deyə Lavrov cavab verib.

    Çavuşoğlu isə gülərək zarafatın onun xoşuna gəldiyini bildirib.

    Qeyd edək ki, nazirlərin görüşündən sonra heyətlər arasında danışıqlara başlanıb. Toplantı mətbuata qapalı olaraq davam edib.

  • Tarif Şurası: Elektrik enerjisi ilə bağlı əhali qrupu üzrə tariflərə dəyişiklik edilməyib

    Azərbaycan Respublikası Tarif (qiymət) Şurası 30.06.2021-ci il tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansatış tarifinə aydınlıq gətirib.

    Şuradan bildirilib ki, bu tariflər enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil olunur:

    “Bu tarifin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməyib”.

  • Azərbaycanda daha 86 nəfər koronavirusa yoluxub, 26 nəfər sağalıb

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 86 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 336 047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 219 nəfər müalicə olunaraq sağalıb, 4 974 nəfər vəfat edib, aktiv xəstə sayı 854 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8871, ötən müddət ərzində isə ümumilikdə 3 749 303 test aparılıb.

  • Qurban bayramı günlərində marşrut avtobusları və metro işləyəcək

    Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli qərarına əsasən, Qurban bayramı bu il iyulun 20-si və 21-də qeyd olunacaq.

    Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” qərarına əsasən, 20 və 21 iyul ictimai nəqliyyat, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırıldığı günlər sırasına daxil deyil.

    Odur ki, Qurban bayramı günlərində ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq.

  • “Azəriqaz” sədri qaz tariflərindəki dəyişikliyin müsbət tərəflərini AÇIQLADI

    Mərkəzləşdirilmiş istilik sistemləri, o cümlədən məhəllə qazanxanaları və ya hər hansı bir binanın mərkəzləşdirilmiş qazanxanaları üçün tarif qiymətləri aşağı salınıb.

    Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev deyib.

    O bildirib ki, qazın qiyməti ilə bağlı qeyri-əhali abonentləri üzrə tariflərdə də dəyişiklik edilib:

    “Bu, çox müsbət dəyişiklikdir. Əhali tərəfindən bizə dəfələrlə müraciətlər olunurdu ki, mərkəzi istilik sistemləri olan MTK-lar, yaşayış məntəqələrində, “Azəristiliktəchizat”a qazın veriliş qiymətində müəyyən dəyişiklik olsun. Mərkəzi istilik sistemi olan yaşayış binalarında, o cümlədən “Azəristiliktəchizat”a verilən qazın qiyməti 1 kubmetr üçün 20 qəpik idi, yəni 1000 kubmetr üçün 200 manat idi. Lakin yeni tariflə bu qiymət aşağı salınıb. Yeni tariflə artıq qiymət 20 qəpik deyil 13 qəpikdir”.

    Qurumun rəhbəri qeyd edib ki, dünyanın bir çox ölkələrində mərkəzləşdirilmiş istilik sistemlərindən istifadə edilir və bu sistemlər qaz məsrəfinin qarşısını almaqla ekoloji cəhətdən bir çox üstünlük verir:

    “Bu tarif gələcəkdə mərkəzləşdirilmiş istilik sistemlərinin tətbiqinin daha da artmasına gətirib çıxaracaq”.

  • Füzulidə minalı sahədə yanğın başlayıb: Əraziyə helikopter göndərilib

    Füzuli rayonunda geniş açıq sahədə və qismən meşə zolağında yanğın hadisəsi olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

    FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Qacar kəndi yaxınlığında geniş açıq sahədə və qismən meşə zolağında (minalanmış ərazi, ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib.

    Əlavə məlumat veriləcək.

  • “Azəriqaz”dan qazın qiyməti ilə bağlı AÇIQLAMA

    Tarif Şurasının bugünkü qərarı əsasında təbii qazın qiyməti ilə bağlı tariflərdə dəyişiklik edilib.

    Oxu.Az-ın məlumatına görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev danışıb.

    O bildirib ki, əvvəl iki tarif mövcud idi, yəni 10 qəpik və 20 qəpik tariflər. Onun sözlərinə görə, 2200 kubmetrə qədər 1000 kubmetr qazın qiyməti 100 manat idi, 2200 kubmetrdən yuxarı 1000 kubmetr qazın qiyməti 200 manat idi:

    “Bu hissə abonentlərin 80 faizə qədərini təşkil edirdi. Yeni tarifdə isə bu rəqəmlərdə dəyişiklik olub. İllik istehlak həcmi 2200 kubmetrdən 1200 kubmetrə kimi endirilib. 2020-ci il və son 5 ayın araşdırması göstərir ki, ümumi abonentlərin 51 faizini təşkil edəcək. Bu gün 2,4 milyon abonentimiz var və onların 1,3 milyona yaxını qazı limit çərçivəsində, yəni 1 kubmetr 10 qəpik, 1000 kubmetri 100 manatdan istifadə edə biləcək”.

    O qeyd edib ki, növbəti limit isə 1200 ilə 2500 kubmetr arasında bölünüb:

    “Bu aralıqda olan həcm üçün isə 1000 kubmetr 200 manatdan, yəni 1 kubmetr 20 qəpikdən ödəniləcək. 2500 kubmetrdən yuxarı istifadə üçün isə 1 kubmetr 25 qəpikdən, 1000 kubmetr isə 250 manatdan müəyyənləşib”.

  • Bakıda mərkəzi yolda aparılan təmir işləri sıxlığa səbəb ola bilər

    Paytaxt yollarında hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması tədbirləri çərçivəsində Heydər Əliyev prospekti əsas yolunun “Bağırov” körpüsü kimi tanınan yolayrıcı tuneldən keçən hissəsində ayırıcı bordürün inşası ilə bağlı layihə hazırlanıb.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

    Bildirilib ki, layihənin icrası prospektin bu hissəsində baş verən yol-nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alma risklərinin minimuma endirilməsinə, piyada təhlükəsizliyi səviyyəsini daha da artırmağa imkan verəcək.

    Müvafiq dövlət qurumlari ilə razılaşdırılan layihənin icrasına başlanılıb. Bu səbəbdən, yolun hər iki istiqamətində orta zolaqlar üzrə nəqliyyat axınında fasilələrlə müəyyən ləngimələr yarana bilər. Sürücülərdən hərəkətin təhlükəsizliyi məqsədi ilə görülən işlərə anlayışla yanaşmalarını xahiş edirik.

  • Falçının şəhidin həyat yoldaşını necə aldatmasının detalları məlum olub

    Qusar rayonunda falçının evdən oğurluq etməsi ilə bağlı bəzi detallar məlum olub.

    “Report”un verdiyi məlumata görə, rayon sakini Qusar Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək iyun ayının 27-də tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini, evində şər qüvvələr olduğunu bildirərək fala baxmaq adı ora daxil olduğunu və 11 800 manat pulunu oğurladığını bildirib.

    Məlum olub ki, qarət olunan qadın Vətən müharibəsi şəhidi Çoban Nurmətovun həyat yoldaşı Əfsanə Nurmətovadır.

    Hadisəni isə Yevlax rayon sakini Aygün Abdullayeva adlı qadın törədib.

    Qadın həyat yoldaşı Elçin Abdullayevlə birlikdə sonuncuya məxsus “Ford Tranzit” markalı nəqliyyat vasitəsi ilə Yevlax istiqamətində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan zaman isə E.Abdullayevə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən bir ədəd AKS-74U markalı avtomat, 24 ədəd patron və bir ədəd avtomat darağı aşkarlanaraq götürülüb.

    Onların barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

    A.Abdullayeva tutulan zaman pulun bir hissəsini və qızıl üzüyü zərəçəkmişə qaytarıb.