Month: August 2021

  • Bakıda 32 yaşlı kişi özünü asaraq intihar etdi

    Bakıda intihar hadisəsi baş verib.

    Hadisə dünən 18:00 radələrində Yasamal rayonu Moskva Prospekti ev 95, mənzil 4-də baş verib.

    Belə ki, 1990-cı il təvəllüdlü Elşən Əhmədov yaşadığı evin sanitar qovşağında özünü dəsmalla asaraq intihar edib. Onun evdə tək yaşadığı bildirilir.
    Faktla bağlı araşdırma aparılır.

  • Lənkəranda baş verən yanğın söndürüldü

    Lənkəran rayonunun Moloja kəndi yaxınlığında meşə massivində baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri tərəfindən söndürülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

    Qeyd edək ki, sözügedən meşə massivində yanğın ötən gün başlayıb. Əvvəlcə meşə zolağında baş verən yanğın məhdudlaşdırılıb, bu gün isə tam söndürülüb.

  • Azərbaycan sərhədçilərini öldürən İran vətəndaşı ilə bağlı YENİ XƏBƏR

    Bu ilin may ayının 15-də Bərqi Həsənğuli Novruz oğlunun digər İran İslam Respublikasının vətəndaşları Əbdi Rəsul Zöhrab oğlu, Ağayi Əllahbəxş Bağış oğlu, Həsənzadə Huşəng Curi oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncudan külli miqdarda narkotik vasitə və psixotrop maddələr hesab edilən ümumilikdə külli miqdar təşkil edən 3947.755 qram heroini, 930 qram olan külli miqdarda metamfetamini, ümumilikdə külli miqdar təşkil edən 8.34 qram metadonu və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2.157 qram olan narkotik vasitə tiryəki, habelə AK 74 markalı 2 ədəd odlu silahı və onun komplekt hissələri olan daraqları, çoxsaylı 7.62 və 5.45 mm-lik kalibrdə patronları və bir ədəd gecəgörmə cihazını əldə edib daşımaqla, İrandan Azərbaycan Respublikasının Yardımlı rayonu ərazisindən qaçaqmalçılıq yolu ilə ölkəmizin ərazisinə keçirərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açaraq həmin Xidmətin 2 hərbi qulluqçusunu qəsdən öldürmələri faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.

    Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, cinayət hadisəsinin iştirakçılarından biri – İİR-nın vətəndaşı Bərqi Həsənğuli Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, ( qabaqcadan əlbir olan bir qrup şəxs halında iki zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla qəsdən öldürmə), 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah, onun komplekt hissələrini, habelə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədilə əldə etmə və qaçaqmalçılıq yolu ilə keçirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət sərhədinin qanunsuz keçmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

    Hazırda İran vətəndaşı Bərqi Həsənğulinin yuxarıda qeyd edilən cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

    İstintaqın gedişi zamanı 19 may 2021-ci il tarixdə saat 10:30 radələrində isə DİN-in Daxili Qoşunlarının və DSX-nin hərbi qulluqçularının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun üzvü-İran İslam Respublikasının vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlunun Yardımlı rayonunun Zevin kəndi ərazisində gizləndiyi yer müəyyən edilərək silahlı müqavimət göstərən zaman zərərsizləşdirilmiş, digər iki İran vətəndaşı barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlar qəbul edilməklə axtarışları elan olunmuşdur.

    Hazırda həmin cinayətin digər iştirakçılarının müəyyən edilməsi və bütün digər cinayət xarakterli fakt və məlumatlar üzrə cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilir.

  • Bakı çimərliyində kütləvi dava – Qıza söz atdığına görə – VİDEO

    Pirşağı çimərliyində qadına söz atmaq üstündə dava düşüb.

    İstirahətə gələnlərdən birinin digər şəxsin yanında olan qadına söz atması əvvəlcə mübahisə, sonra isə dava ilə nəticələnib.

    Tərəfləri ətrafdakların köməyi ilə sakitləşdirmək mümkün olub.

    Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan həmin görüntüləri təqdim edirik:

    Qeyd edək ki, bir neçə gün öncə də çimərlikdə dava düşmüşdü.

    //oxu24.com

  • Övladınızın “patı”-“şüşə” çəkdiyindən necə şübhələnməli? – 12 ƏSAS ƏLAMƏTƏ DİQQƏT!

    Hazırda ən ucuz sintetik narkotik növü kimi bazarda tələbat olan və çox dövriyyə olunan”şüşə -patı” bütün Azərbaycanı cənginə alıb. Hər gün polis onlarla narkotik aludəçisi və satıcısını aşkarlayıb tutur.

    Şüşə, patı deyilən maddə heroin, nəşədən çox fərqlənir. Hazırda yeniyetmələr – 14-17 yaş, hətta qızlar arasında geniş yayılıb.

    Bəs ata-ana övladının bu narkotik maddəsinə qurşandığını xaricən, simasından hansı əlamətlərlə bilə bilər?
    Medicina.az həkim psixiatr, narkomaniyanın müalicəsi ilə də məşğul olan Abdulla Şıxlınskidən patı şüşə istifadəsi zamanı görülən əsas əlamətlər barədə açıqlama alıb.

    Həkim valideynləri diqqətli olmağa çağırıb və vacib tövsiyələrini verib.

    “El arasında şüşə, patı adı ilə məlum olan, əslinfə tibbi adı metamfetamin olan narkotik maddədir.

    Çox təhlükəli sintetik narkotikdir. Bu maddənin birinci dozasını qəbul edən kimi öyrəşmə, asılılıq yaradır.

    Metamfetamin ilk dəfə Yapon alimləri tərəfindən müharibə dövründə sintez olunub. Yaponiya ordusunun əsgərləri heç vaxt yorğunluq hiss etməsinlər, aktiv və daha aqressiv olsunlar, müharibə dəhşətlərindən qorxmasınlar.

    Nəyə görə şüşə adlandırılır: çünki bu maddə kristal formasındadır, şəffafdır, sınmış şüşənin qəlpələrinə bənzəyir.
    Bu maddə psixostimulyatorlar qrupuna aiddir. Onun təsirinin əsasında biokimyəvi proseslər durur: bu maddə bədənə daxil olandan sonra adrenalin, serotonin, dofaminin maddələrin miqdarını sürətlə həddən artıq təhlükəli miqdarda artırır. Stimulyasiya olunmuş psixika bundan sonra dayana bilmir.

    Aşağıdakı əlamətlərə görə uşağın şüşə qəbul etdiyini bilmək olar:

    – Göz bəbəkləri daralır, birinci qəbuldan sonra bu baş verir
    – Sifət qızarmış olur
    – Gözlər şüşəyə bənzəyir, donuq olur. Elə bu narkotikin şüşə adlandırılmasının bir səbəbi də budur
    – Baxışları bir nöqtəyə dikilir
    – İnsan yerində sakit otura bilmir, əl-ayaqlarını boş yerə tərpədir, ovuşdurur
    – Hamının sözünü kəsir, özü durmadan danışır
    – Ətrafdakıların onun sözenə reaksiyasına əhəmiyyət vermir
    – Dəridə qaşınma çoxalır, uşaq özünü tez-tez qaşıyır
    – Uzun müddət qəbul edirsə, bədəndə müəyyən yaralar əmələ gəlir. Xəstələrin çiynində, kürəyində irinli yaralar olur. Bu yaralar burun və ağız içində də ola bilər
    – Ucadan qışqırararaq danışırlar, fikirləri bir-birinə bağlı olmur, təfəkkür qırıqlığı olur. Bir fikri bitirməmiş o birinə keçir. Nə danışdığı bilinmir. Danışıq tezləşir.
    – Qarşısı alınmaz, səbəbsiz aqressiya, davaya meyillik, digərlərinə hücum etmə
    – Tənəffüs səthi və fasiləli olur
    – Nəbz çox tezləşmiş, sürətlidir
    – Güclü yuxusuzluq başlayır, xəstədə həyəcan, təşviş, təlaş halları olur

    Bu əlamətlərə görə övladınızdan şübhələnə bilərsiniz.

    Bütün sintetik narkotiklər – “şüşə”, “kokos”, “spayz” hamısı oxşar əlamətlər verir. Xəstənin bu narkotiklərdən hansını və neçə müddətdir qəbul etməsini həkim narkoloq və psixiatr müəyyən edə bilər”

  • İnsanı ölümdən qurtaran üsul. Hamı öyrənməlidir!

    Boğazda hər hansı yad cisim (qida, sümük, meyvə tumu və s.) qaldıqda nəfəs yolları qismən bağlana bilər.

    Bu zaman insan çətinliklə də olsa nəfəs ala və danışa bilir. Belə vəziyyətdə orqanizmin müdafiə mexanizmi olan öskürək köməyə gəlir – insan öskürür və yad cisim əksər hallarda xaric olur. Lakin bəzən yad cisim nəfəs yollarını tam bağlaya bilər ki, bu zaman insan nə nəfəs ala, nə danışa, nə də öskürə bilir, boğulur, göyərir. Bu çox təhlükəli vəziyyətdir ki, insan dəqiqələr ərzində həyatını itirə bilər.

    Böyük adamın boğazında yad cisim qaldıqda adətən ilk yardım məqsədi ilə Heymlix üsulundan istifadə olunur. Bu üsulun müəllifi məşhur Amerika həkimi cərrah Henri Heymlixdir.

    1974-cü ildən istifadə olunan bu üsul yalnız ABŞ-da 50 mindən artıq insan həyatını xilas edib.

    Heymlix üsulu necə həyata keçirilir?

    Zərərçəkəni arxadan qucaqlayıb əlinizin birini yumruq şəklində sıxın və digər əlinizlə yumruğunuzu tutun. Yumruğunuzu göbəyindən bir qədər yuxarıda olmaqla döş sümüyü qurtaran yerdə yerləşdirin.

    Dirsəklərinizi önə verərək, hərəkət istiqaməti dərinə və yuxarı olmaqla cəld hərəkətlərlə yumruğunuzla zərərçəkənin qarnına sıxın.

    Zərərçəkənin qarnına təzyiq edilməsini yad cisim tənəffüs yolundan çıxana qədər, həkim gələnə qədər və ya zərərçəkən huşunu itirənə qədər davam etdirmək lazımdır.

    Əksər hallarda Heymlix üsulu effektli olur və yad cisim boğazdan çıxır.

    Saglamolun.az

  • Daha 6 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

    Qarabağdakı döyüşlər zamanı ölən daha 6 erməni hərbçinin cəsədi tapılıb.

    Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

    Cəsədlərdən 3-ü Füzulidə, 3-ü Xocavənddə həyata keçirilən axtarış əməliyyatı zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

    Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 629-a çatıb.

  • Kiyevdə terror təhlükəsi: Keçmiş istehkamçı Nazirlər Kabinetini partlatmaq istəyir – VİDEO

    Ukraynanın paytaxtı Kiyev şəhərində kimliyi bəlli olmayan şəxs Nazirlər Kabinetinin qarşısına qumbara ilə gəlib və insanları binada partlayış törətməklə hədələyib.

    Bu barədə “Korrupsiyaya son” Ümumukrayna İctimai Birliyi İdarəsinin sədri İqor Bondarçuk “Facebook” hesabında paylaşım edib.

    Videoda sözügedən şəxsin əvvəllər istehkamçı olduğunu bildirir. O, “buradan sağ qayıtmayacağam” deyir. O, qadınların yox, kişilərin binaya daxil olmasını tələb edir.

  • Nikol Paşinyanın istefasını tələb edən daha bir general işdən çıxarıldı

    Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Hazırlıqlar Baş İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəisi general-mayor Valerik Koçaryanın vəzifədən azad edilməsi ilə bağlı Prezident Armen Sarkisyana təqdimat göndərib.

    Bunu ölkənin Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazryan feysbuk səhifəsində yazıb.

    Onun sözlərinə görə, V.Koçaryan 2021-ci il fevralın 21-də N.Paşinyanın başçılıq etdiyi hökumətin istefasını tələb edən yüksək vəzifəli hərbçilərdən biridir.

    E.Kazryan bildirib ki, A.Sarqsyan 2021-ci il mayın 4-də Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-leytenant Karen Abramyanı, iyunun 24-də Hava Hücumundan Müdafiə Qoşunları İdarəsinin rəisi Armen Vardanyanı, Silahlı Qüvvələrin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor İşxan Matosyanı, iyulun 7-də isə general-mayor 3-cü ordu korpusunun komandanı Qriqori Xaçaturovu (KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu) Nikol Paşinyanın təqdimatı ilə işdən çıxarıb.

    E.Kazryan vurğulayıb ki, həmin generalların hamısı N.Paşinyanın istefasını tələb edən bəyanatı imzalamışdılar.

    ///Report

  • Avqust ayına olan hava proqnozu açıqlandı

    Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olacaq.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26, gündüzlər 30-35, bəzi günlərdə 38-41 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-8 mm) olacaq.

    Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 22-27, gündüzlər 32-37, bəzi günlərdə 40-42 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-10 mm) olacaq.

    Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 18-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 14-19, gündüzlər 22-27, bəzi günlərdə 30-35 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 32-55 mm) olacaq.

    Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26, gündüzlər 31-36, bəzi günlərdə 38-40 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-27 mm) olacaq.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 19-24, gündüzlər 27-32, bəzi günlərdə 35-38 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-116 mm) olacaq.

    Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 22-27, gündüzlər 33-37, bəzi günlərdə 41-44 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-22 mm) olacaq.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 22-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 20-25, gündüzlər 28-33, bəzi günlərdə 35-37 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-83 mm) olacaq.