Azərbaycan Televiziyası Ballıqaya faciəsinin 29-cu ildönümü ilə əlaqədar film hazırlayıb.
Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, film “Mən şahidəm” adlanır.
“Mən şahidəm”də 1992-ci il avqustun 28-də Goranboyun Ballıqaya ərazisində məskunlaşmış laçınlıların ermənilər tərəfindən qətlə yetirilməsindən bəhs edilir. Altı aylıq Canpoladdan 93 yaşlı Zeynəb nənəyədək 24 nəfərin öldürülüb yandırıldığı soyqırımın şahidləri danışacaqlar.
“Telefilm”in istehsalı olan filmin quruluşçu rejissoru Pərviz Həsənov, ssenari müəllifi Afaq Əhmədova, quruluşçu operatoru Cavid Əliyev, səs rejissoru Əliabbas Qasımov, prodüseri Fatimə Əzimova, layihə rəhbəri isə Elçin Musaoğludur.
Filmin çəkilişləri Ağcabədi, Bərdə və Goranboy rayonlarında aparılıb.
“Mən şahidəm” avqustun 28-i saat 22:00-da AzTV-də yayımlanacaq.
Bakı şəhərində tikinti, məişət əşyaları, oyun konsulları, kondisioner və mobil telefonların onlayn yolla satışı ilə məşğul olan şirkətlərin etibarından sui-istifadə edərək onların nümayəndələrini aldadan və ya həmin şəxslərə qarşı soyğunçuluq edən iki nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən qanunsuz hərəkətləri etməkdə şübhəli bilinən paytaxt sakinləri Rüstəm Tinayev və Turqut Quliyev tutulublar.
Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən malların onlayn satışını həyata keçirən şirkətlərə bu şəxslər tərəfindən müxtəlif vaxtlarda sifarişlər verilib. Şirkətin nümayəndələri malları Rüstəm Tinayev və Turqut Quliyevin Nizami rayonunda qeyd etdikləri ünvanlara çatdırdıqdan sonra onlar müxtəlif vasitələrlə sifariş verdikləri məhsulları götürərək ödəniş etmədən hadisə yerindən yayınıblar.
Bu üsulla adları qeyd edilən şəxslər son bir neçə ay ərzində 20-yə yaxın şirkətə onlayn sifariş verərək onların məhsullarını ya dələduzluq, ya da soyğunçuluq yolu ilə ələ keçiriblər. Rüstəm Tinayev və Turqut Quliyevin ümumilikdə zərərçəkənlərə 30 min manata yaxın maddi ziyan vurduğu müəyyən edilib.
Qeyd edək ki, bu şəxslər ələ keçirdikləri malları daha sonra dəyər-dəyməzinə müxtəlif məkanlarda satıblar. Maraqlı burasındadır ki, Rüstəm Tinayev və Turqut Quliyev onlayn yolla sifariş verdikləri bütün avadanlıqların paytaxtın Nizami rayonunun ərazisinə gətirilməsini istəyiblər. Onlar zərərçəkənlərin demək olar ki, əksəriyyətini bu rayonun ərazisində aldadıblar. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisələrin hər birini etiraf ediblər.
Rüstəm Tinayev və Turqut Quliyev barəsində 24-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Bu şəxslərin digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Rüstəm Tinayev və Turqut Quliyev əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edə bilərlər.
Təbiəti məhv edilən, evləri dağıdılan, qəbristanlığı belə yerlə yeksan edilən Zəngilanın Məmmədbəyli kəndində salamat qalan yeganə tikili qədim türbədir.
Türbənin tarixi 14-cü əsrə dayanır.
Elmlər Akademiyasının aparıcı işçisi Şakir Albalıyevin sözlərinə görə, tanınmış simaların, yaradıcı şəxslərin qəbrlərinin üzərində türbələrin tikilməsi türk dünyasında ənənə halı alıb və bu günümüzə qədər davam edir.
Səkkiz güşəli olan türbə Məhəmməd Əlihacı oğlu Yahyanın şərəfinə inşa edilib.
Türbənin qapısı yerdən 1,8 metr hündürlükdədir. Orada yeraltı sərdabədə mövcuddur. Türbənin giriş qapısının üstündə ərəbcə Qurandan ayə, türbənin kimə məxsus olduğu və nə zaman tikildiyi qeyd olunub.
Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb.
Oxu.az-ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub.
O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golden Score-da ipponla qalib gələrək qızıl medal qazanıb.
Bununla da bu gün tatamiyə çıxan üç Azərbaycan cüdoçusu da ən yüksək əyarlı medalı əldə edə bilib.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 14:00-dan etibarən Həmid Heydəri atletikanın nizə atma növündə qüvvəsini sınayacaq.
Hadisə bu gün rayonun Dovudlu kəndində qeydə alınıb.
Kənd sakini, 1999-cu il təvəllüdlü Yarməmmədova Solmaz Fəzail qızı yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.
İki uşaq anası Solmaz Yarməmədovanın özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV vasitəsilə xəbərdarlıq ediliblər.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları dezinfeksiya həftəliyi çərçivəsində Departamentin balansında olan yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
“Bir daha bildiririk ki, koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir. Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız ilk növbədə vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməlidirlər”, – İcra Hakimiyyətindən bildirilib.
Cari ilin yanvar-iyul aylarında Rusiyada əhalinin təbii azalması 512.5 min nəfər təşkil edib.
İlk yeddi ayda ölkədə 811.7 min nəfər doğulub, 1.128 milyon nəfər isə ölüb.
Ölkənin statistika idarəsindən verilən məlumata görə, builki azalma ötən ilin analoji dövrü ilə müqayisədə demək olar ki, 200 nəfər çoxdur. 2020-ci ilin eyni dövründə azalma sayı 316.3 min olmuşdu.
Meksika prezidenti Andres Manuel Lopes Obrador öz mətbuat konfransına buraxılmayıb.
Hadisə ölkənin Çyapas ştatında baş verib.
Tustle-Qutyerres şəhərində təhsil sahəsində Həmkarlar İttifaqının üzvləri etiraz aksiyası keçirib. Etirazçılar dövlət başçısının mətbuat konfransının keçiriləcəyi hərbi hissənin önündə prezident avtomobilinin qarşısını kəsiblər.
Obrador tədbirə avtomoblində əyləşərək videobağlantı ilə qoşulub.