Month: September 2021

  • “İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi”

    “Bilirsiniz, bu, Ermənistandakı vəziyyəti əks etdirən bir fikirdir. Regionda sülhün bərqərar olunması ilə bağlı bizim mövqeyimizə gəldikdə, mən bir neçə dəfə açıq bəyanatlar vermişəm və yəqin siz internetə baxsanız onları tapa bilərsiniz. Bunlar xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işə başlamaqdan, Ermənistanla sülh sazişinin üzərində aparılacaq hərtərəfli danışıqlara hazırlaşmağa başlamaqdan ibarətdir. Bütün bunlar xoşməramlı jestlərdir”.

    Bu¾ fikirləri sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində deyib.

    “Yeri gəlmişkən, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Onlar ya bu təkliflərə məhəl qoymur, ya da ki, hazır olmadıqlarını deyirlər. Lakin mənim bəyanatım öz mənşəyini Ermənistanda müşahidə etdiyimiz tendensiyadan götürür. Bu siyasi istablişmentin bəzi dairələrində revanşizm tendensiyasıdır. Söhbət təkcə müxalifətdən getmir, iqtidardan da gedir. İntiqam almaq üçün ictimai bəyanatlardan və daha önəmlisi praktiki addımlardan, Ermənistanı militarizasiya etmək cəhdlərindən, bir məqsəd xatirinə edilən, müharibəyə yenidən başlamaq üçün yeni müasir avadanlıqlara çıxış əldə etmək cəhdlərindən gedir. Buna görə, mənim sözlərim kobud görünə bilər, lakin bu sözlərin əsas məqsədi Ermənistan rəhbərliyi və Ermənistan siyasi istablişmentini istənilən revanşizm əlamətlərinə, xalqımıza, dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı istənilən təhlükəyə cavab veriləcəyi haqqında xəbərdar etməkdən ibarət idi. Onlar bizim necə cavab verdiyimizi bilir və İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi. Biz müharibəyə başlamaq istəmirik. Bu, bizə lazım deyil. Danışıqlar aparılan illər ərzində bu, bizə heç vaxt lazım olmayıb. Lakin indi hesab edirəm ki, revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün onlara xəbərdarlıq etmək vaxtıdır”, – dövlət başçısı bildirib.

  • İranın Suriyadakı bazası bombardman edildi

    Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində İranın dəstəklədiyi qruplaşmanın bazası bombardman edilib.

    Bu məlumatı “Röyters” agentliyi yayıb.

    Məlumata görə, bir neçə zərbədən sonra qruplaşmanın yerləşdiyi ərazidə təcili yardım maşınları müşahidə edilib. Bazaya kim tərəfindən zərbə endirildiyi məlum deyil.

    Qeyd edək ki, İran bir müddət öncə Deyr əz-Zordakı mövcudluğunu gücləndirmişdi.

    ///axar.az

  • İlham Əliyev: “Səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı”

    “Fransa hər zaman Azərbaycanda dost ölkə hesab olunub. Biz bir çox iqtisadiyyat, ticarət və infrastruktur layihələrini həyata keçirmişik. Münasibətlər uğurla inkişaf edirdi və biz ümid edirik ki, Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq”.

    Prezident İlham Əliyev bu barədə “France-24” televiziya kanalına müsahibəsində Fransanın mövqeyi ilə bağlı sualı cavablandırarkən bildirib.

    Dövlətimizin başçısı qeyd edib ki, Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı. “Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Ancaq, səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi – Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

    Müharibə zamanı və ondan dərhal sonra baş verənlərə qayıtmaq istəmədiyini söyləyən dövlətimizin başçısı deyib: “Biz Parisdən gələcək münasibətlərimizlə bağlı müsbət siqnallar aldıq və onlara müsbət cavab verdik. Müxtəlif səviyyələrdə, o cümlədən bu yaxınlarda iki ölkənin xarici işlər nazirləri arasında təmaslar olmuşdur. Azərbaycan hər zaman əməkdaşlığa açıq olub. Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik”.

    Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır: “Biz də bunu istəyirik. Ümid olunur ki, Ermənistan da istəyir. Biz bunun üzərində işləməliyik, buna diqqətlə yanaşmalıyıq və bir il əvvəl baş verənlərə qayıtmalı deyilik. Bizə gəldikdə, bu çox xoşagəlməz hadisələrdən sui-istifadə etməyəcəyik. Biz səhifəni çevirmək istəyirik”.

  • Prezident: “Sərhədsiz reportyorlar” təşkilatının hesabatı xalqımız və mənim üçün heç bir əhəmiyyət daşımır”

    “Biz “Sərhədsiz reportyorlar” kimi QHT təşkilatı ilə uzun illər əvvəl hər hansı ünsiyyəti dayandırmışıq. Bu, bəlkə də 15 il əvvəl baş verib və bu, onların Azərbaycanla bağlı çox qərəzli və ədalətsiz mövqeyi ilə əlaqədardır. Bu səbəbdən onların hesabatı mənim üçün və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır”.

    Bu fikirləri sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində “Sərhədsiz reportyorlar” təşkilatı Sizə müraciət edərək, Azərbaycan blogeri Məhəmməd Mirzəliyə qarşı hədələrə və zorakılığa son qoymağa çağırıb. O, Fransada qaçqın kimi yaşayır. Mart ayında burada ona şiddətli hücum edilib, bıçaq xəsarəti alıb. Sualım belədir: “Sərhədsiz reportyorlar” təşkilatının rəyinə görə, Siz həmin şəxsləri susdurmaq məqsədilə xaricə adamlar göndərirsiniz” sualını cavablandırarkən deyib.

    Dövlət başçısı əlavə edib: “Avropada, o cümlədən Fransada yüzlərlə insan yaşayır və Azərbaycanda gördüyümüz işlər onların xoşlarına gəlmir. Onlar Fransada, başqa ölkələrdə yaşayırlar və heç kəs onlara toxunmur. Əgər sizin ölkədə yaşayan insanla bağlı hadisə baş verirsə, bunun araşdırılması məhz sizin ölkənizin hüquq-mühafizə orqanlarının işidir. Azərbaycanı bu məsələdə günahlandırmaq QHT-nin işi deyil. Sizin istintaqçıların bıçaqla xəsarət yetirmə halı ilə bağlı kifayət qədər sübutları varmi?

    İlham Əliyev “Siz həmin şəxslə hər hansı əlaqənin olduğunu rədd edirsiniz?” sualına cavabında deyib:

    “Tamamilə belədir. Yüz faiz rədd edirəm. Hər hansı sübut, araşdırma olmadan və kimin hansı cinayəti törətdiyini müəyyən etmədən bütün ittihamlar tamamilə əsassızdır və qərəzlidir”.

  • Paytaxtın yağış suları basan küçələrindən sakinləri keçirən “yeni texnologiyası” – VİDEO

    Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarından davam edən güclü yağıntı nəticəsində bəzi küçə və məhəllələri yağış suları basıb. Bu səbəbdən sakinlər bir sıra çətinliklərlə üzləşiblər.

    Paytaxtın Sabunçu rayonunda maraqlı görüntülər lentə alınıb.

    Belə ki, su basan ərazidən keçə bilməyən insanlar ekskovatora minərək yolun quru hissəsinə keçiblər.

    Həmin görüntüləri təqdim edirik:

  • Gəncədə Anım Günü ilə bağlı fləşmob keçirilib – VİDEO

    Gəncədə Anım Günü ilə əlaqədar Heydər Əliyev Meydanında “Vətən var olsun!” devizi altında fləşmob keçirilib.

    Fləşmobun ərsəyə gəlməsində şəhid ailələri, qazilər, tələbə gənclər təşkilatlarının fəal üzvləri və idmançılar yaxından iştirak ediblər.

  • AMEA-nın işçisinə 13-cü imam “sertifikat”ı verildi

    Azərbaycan Milli Elmlər Akademiyasının işçisi olan xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verilib. Məlumata görə, öncə xanımı inandırıblar ki, səndə qeyri-adi səmavi istedad var, adi insan deyilsən. Xanım da doğru olduğunu düşünüb, buna inanıb. Rəsmiləşdirməni tələb edib, nəticədə sertifikasiya ediblər.

    Məsələ ilə bağlı qadın hüquq-mühafizə orqanlarına müraciət edib. AMEA işçisinin vəkili Aqil Layıc açıqlamasında bildirib ki, “sertifikat” verən şəxslərin kimliyi bəllidir.

    “Hazırda iş üzrə istintaq aparılır. Qadına qarşı dələduzluq edən şəxslərin işi məhkəməyə göndəriləcək. “Sertifikat”ın verilməsi üçün AMEA işçisindən müəyyən miqdarda pul da alıblar”.

  • İstanbulda Anım Günü ilə əlaqədar sərgi keçirilib

    Sentyabrın 28-də İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü və Anım Günü ilə əlaqədar sərgi keçirilib.

    “Report”un Türkiyə bürosu xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.

    Tədbir çərçivəsində fotolardan ibarət sərgi təşkil olunub. Sərgidə nümayiş etdirilən fotolarda Vətən müharibəsi dövrü və işğaldan azad edilən torpaqların görüntüləri əks etdirilib.

    Mərasimdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva çıxış edib. O, Vətən uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlıqlarından danışıb: “Bu qələbə Azərbaycan xalqının həm cəbhədə, həm də diplomatiyada ən parlaq ulduzudur”.

    Daha sonra Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşı Murat Taner çıxış edərək Azərbaycanın Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdığını deyib: “Türkiyə bu savaşda taleyini taleyi, canını canı bilən azərbaycanlı qardaşlarının yanında oldu, onlarla birgə sevindi. Bu gün şanlı Azərbaycan bayrağı Qarabağda dalğalanırsa, bu yolda qəhrəman Azərbaycan oğullarının canı, qanı var”.

    Qeyd edək ki, tədbirdə Türkiyədə müalicə alan Vətən müharibəsi qaziləri də iştirak edib.

  • ИВ города Баку: Последствия дождя устраняются

    “Сегодня с утра в некоторых районах Баку прошел кратковременный интенсивный дождь. В связи с этим затопило некоторые улицы и проспекты, образовались лужи. Сотрудники ОАО “Азерсу” и службы коммунального хозяйства города устраняют последствия дождя”.

    Об этом сообщили в Исполнительной власти города Баку.

    В связи с тем, что городская канализационная сеть находится на балансе ОАО “Азерсу”, к этим работам привлечены специалисты организации: “Коммунальные службы города принимают совместные координационные, информационные и другие необходимые меры. В то же время следует отметить, что аналогичные случаи наблюдаются и в других странах во время интенсивных дождей”.

  • BŞİH: “Yağışın fəsadları aradan qaldırılır”

    “Bu gün səhər saatlarından Bakı şəhərinin bəzi ərazilərində qısamüddətli intensiv yağış yağıb. Bununla əlaqədar bəzi küçə və prospektlərdə su basma halları baş verib, gölməçələr yaranıb. Yağışın fəsadları Azərsu ASC və şəhərin kommunal təsərrüfatı xidməti əməkdaşları tərəfindən aradan qaldırılır”.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

    Bildirilib ki, şəhərin kanalizasiya şəbəkəsi “Azərsu” ASC-nin balansında olduğundan qurumun mütəxəssisləri bu işlərə cəlb edilib: “Şəhərin kommunal xidmətləri tərəfindən birgə əlaqələndirmə, məlumatlandırma və digər zəruri tədbirlər görülür. Eyni zamanda qeyd olunmalıdır ki, intensiv yagış zamanı digər ölkələrdə də oxşar hallar müşahidə olunur”.