Month: October 2021

  • Tbilisi meri seçkilərində Kaxa Kaladze liderlik edir

    Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) yerli özünüidarəetmə orqanlarına bu gün keçirilmiş seçkilərin ikinci turunun ilkin nəticələrini açıqlayıb.

    “Report”un yerli bürosu xəbər verir ki, MSK artıq Tbilisi üzrə 769 məntəqənin 153-dən (19,8 %) əldə olunan səsləri hesablayıb.

    Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 56,1 %, müxalif Vahid Milli Hərəkat Partiyasından Nika Meliya isə 44 % səs əldə edib.

  • İnfarkt olacağınızı 1 ay əvvəldən necə bilmək olar?

    Önəmli olan diqqətli olmaq və müşahidə etməkdir!

    Yaşadığımız dövrdə ən əsas erkən ölüm səbəblərindən biri də infarktdır. Gərgin həyat tərzi, qeyri-sağlam qidalar qəbul etmək, xroniki yuxusuzluq… Biz özümüz bəzən günü-gündən daha geniş yayılan və daha təhlükəli olmağa başlayan bu xəstəliyin inkişafına şərait yaradırıq.

    Ancaq bu yazıda sağlam həyat tərzi yaşamaq və az əsəbiləşmək haqqında deyil, bu xəstəliyin əlamətləri barədə söhbət gedəcək.

    İnfarkt olacağınızı 1 ay əvvəlcədən bilmək olarmı? Bəzi əlamətlər yaxınlaşan təhlükə barədə sizi 1 ay öncədən xəbərdar edə bilər. Bəz hansı əlamətlər həyəcan siqnalı kimi qəbul oluna bilər? Bu əlamətləri bilməklə siz lazımi tədbirlər görərək infarktın qarşısını ala bilərsiniz.

    Yorğunluq

    Arteriyalar daraldıqda ürək həmişə olduğundan daha az qan qəbul edir. Bu da qan dövranı sisteminin fəaliyyətini pozur. Bu problemin ilkin əlaməti isə daimi yuxululuq və tam yorğunluq hissidir.

    Nəfəs daralması

    Ürəyiniz kifayət qədər qan qəbul edə bilmirsə, bu o deməkdir ki, sizin ağciyərləriniz almağa vərdiş etdikləri oksigen miqdarını ala bilmir.

    Bu iki sistem bir-birindən olduqca asılıdır. Biri digərindən ayrı normal fəaliyyət göstərə bilmir. Belə ki, əgər normal nəfəslə bağlı probleminiz yaranıbsa, təcili surətdə həkimlə məsləhət edin.

    Zəiflik

    Əgər bütün bədəninizdə zəiflik hiss edirsinizsə, bu o deməkdir ki, sizin arteriyalarınızda çox az qan vardır. Əzələləriniz lazımi miqdarda oksigen və qidalandırıcı maddələr qəbul edə bilmir. Buna görə də əgər hər hansı səbəb olmadan özünüzü huşunuzu itirəcək kimi hiss edirsinizsə, bu artıq özlüyündə ürək-damar sistemi ilə bağlı həyəcan siqnalı sayıla bilər.

    Başgicəllənməsi və soyuq tər

    Beyinə qan axınının çatışmazlığı həyat üçün olduqca təhlükəlidir. Əgər bütün bədəninizi soyuq tər basırmış kimi hissiyat varsa və tez-tez başınız gicəllənirsə, siz bu əlamətləri sadəcə olaraq gözardı edə bilməzsiniz.

    Sinədə təzyiq

    Əgər sinənizdə həddindən artıq təzyiq hissi, bu bölgədə narahatlıq kimi əlamətlər yaranırsa, bu əsla yaxşı hal deyil. Bu əlamətlər zamanla daha tez-tez təkrarlana və sizə daha çox narahatlıq yaşada bilər. Əgər bu əlamətləri gözardı etsəniz, infarktla qarşı-qarşıya qalma riskiniz böyükdür.

    “Şaxta” sindromu

    Əgər sizdə periodik olaraq (vaxtaşırı) səbəbsiz yerə qrip əlamətləri yaranırsa, bu, yaxınlaşan infarkt barədə xəbər verə bilər. İnfarkt keçirən bir çox insanlar infarktdan bir neçə gün əvvəl izah edilməsi mümkün olmayan “soyuq” hissi keçirdiklərini və “donduqlarını” qeyd ediblər.

    Bununla necə mübarizə aparmaq olar?

    Əgər bu əlamətləri şəxsən yaşadığınızı hiss edirsinizsə və ya yaxınlarınızdan kimsə bunları yaşayırsa, təcili olaraq həkimə müraciət edin. İnfarktın qarşısını almağın ən yaxşı üsulu onun erkən mərhələdə əlamətlərini aşkar etmək və profilaktik müalicəyə başlamaqdır.

  • Siqaret çəkənlərin qənimi – xroniki obstruktiv ağ ciyər xəstəliyi

    Bu kifayət qədər yayılmış ağ ciyər xəstəliyidir. Xəstəliyin səbəbi ağ ciyərlərin uzun müddət ərzində zədələnməsidir (adətən siqaret çəkmək nəticəsində).

    Xroniki obstruktiv ağ ciyər xəstəliyi uzun müddət ərzində siqaret çəkən insanların əksər hissəsində müşahidə olunur. Lakin onların əksəriyyəti bundan bixəbər olur və orqanizmdə baş verən pozulmaları digər xəstəliklərlə əlaqələndirir.

    Xroniki obstruktiv ağ ciyər xəstəliyinin (XOAX) əsas simptomu nəfəsalmanın çətinləşməsidir.

    XOAX əksər hallarda 2 xəstəliyin birləşməsidir – xroniki bronxit və ağ ciyər emfizeması. Xroniki bronxit zamanı bronxlar iltihablaşır və daim çoxlu selik ifraz edir. Nəticədə bronxların divarları qalınlaşır və bu da həfəs yolların daralmasına səbəb olur (bu proses “obstruksiya” adlandırılır). Nəfəs yolların daralması nəticəsində nəfəsalma çətinləşir.

    Emfizema zamanı ağ ciyərin alveolları (ağ ciyərdə olan qovuqcuqlar – bu qovuqcuqlar vasitəsilə orqanizmdə qaz mübadiləsi baş verir). XOAX zamanı alveollar zədələnir və onların elastikliyi azalır. Nəticədə ağ ciyərlərin qaz mübadiləsini təmin edən sahəsi azalır, orqanizm daha az oksigen alır ki, bunun nəticəsində insanda təngnəfəslik inkişaf edir.

    Vaxt keçdikcə XOAX daha da inkişaf edir, dərinləşir və xəstənin vəziyyəti daha da ağırlaşır. Gecikmiş mərhələlərdə bu xəstəlik əlilliyə səbəb ola bilər. Ağ ciyərin zədələnməsi prosesini dayandırmaq mümkün deyil, bu proses inkişaf etməyə davam edəcək. Lakin alveolların dağılması prosesini ləngitmək və xəstənin vəziyyətini yüngülləşdirmək mümkündür.

    Yuxarıda qeyd etdiyimiz kimi, XOAX-in əsas səbəbi siqaret çəkməkdir. İllər ərzində siqaret tüstüsü nəfəs yolları qıcıqlandırır və alveolların zərif toxumasını dağıdır. Tək siqaret çəkmək deyil, siqaret çəkən insanların arasında olmaq da çox ziyanlıdır (buna passiv siqaret çəkmək deyilir).

    XOAX səbəb olan digər risk faktorları arasında:

    – uzun müddət ərzində kimyəvi maddələrin buxarının, tozun və s. ziyanlı maddələrin təsiri,

    – həyat boyu (xüsusilə uşaq yaşlarında) keçirilmiş ağır ağ ciyər xəstəlikləri və s.

    XOAX-in əsas simptomları:

    – uzunsürən öskürək

    – öskürək zamanı bəlğəmin xaric olunması

    – fiziki gərginliklər zamanı artan təngnəfəslik.

    Vaxt keçdikcə XOAX daha da inkişaf edir və təngnəfəslik hətta cuzi fziki gərginliklər zamanı əmələ gəlir. Xəstə hətta qida qəbul etdikdə, adi fiziki hərəkətlər etdikdə əziyyət çəkir. Belə xəstələr çəki itirir və fiziki cəhətdən zəifləyir.

    XOAX dövri olaraq kəskinləşə bilər və bu zaman xəstəliyin simptomları daha da artır və xəstənin vəziyyəti pisləşir. Belə kəskinləşmə zamanı hətta xəstənin həyatını təhlükə altına salan vəziyyətlər yarana bilər.

    Bu xəstəliyi pulmonoloq həkimi müalicə edir. XOAX-in ilk simptomlarında dərhal həkimə müraciət edin. Bu müalicənin daha effektli olmasını təmin edir.

    XOAX-in inkişafını ləngitmək üçün ilk növbədə siqaret çəkməkdən imtina etmək lazımdır. Bu ən vacib şərtdir.

    Həkim xəstəyə xüsusi müalicə təyin edir – bronxları genişləndirən preparatlar, bəlğəmgətiricilər, antibiotiklər, hormonal preparatlar (xəstəliyin kəskinləşməsində). Bu müalicə tədbirləri nəfəsalmanı asanlaşdırır, təngnəfəsliyi azaldır və ya aradan qaldırır, xəstənin həyat keyfiyyətini yüksəldir. Xəstə yaxşı qidalanmalı, bədən tərbiyəsi, tənəffüs gimnastikası ilə məşğul olmalıdır.

    Bu xəstəliyin əsas profilaktik tədbiri siqaret çəkməkdən imtina etməkdir.

  • Samuxda gənc oğlan bıçaqlanıb

    Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən bildirir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Sadıqov Xaliq Salam oğlu kütləvi dava zamanı bıçaqlanıb.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol çiyin nahiyəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • “YouTube” Braziliya prezidentinin kanalını bloklayıb

    “YouTube” videohostinq xidməti Braziliya prezidenti Jair Bolsonaronun rəsmi kanalını bir həftə müddətinə yeni videolar yayımlamaq imkanından məhrum edib.

    Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

    Məlumata əsasən, bu, dövlət başçısı tərəfindən xidmətin qaydalarının təkrar pozulması səbəbilə edilib:

    “Jair Bolsonaronun kanalından vaksinlərin yoluxma riskini azaltmadığını və digər yoluxucu xəstəliklərə səbəb olduğunu iddia edən videonu sildik. Bu video bizim COVID-19 haqqında tibbi xarakterli qeyri-dəqiq məlumatların yayılması ilə bağlı qaydalarımıza ziddir. Videonun yaradıcısının kimliyindən və siyasi baxışlarından asılı olmayaraq, biz siyasətimizi ardıcıl şəkildə tətbiq edirik”.

    Qeyd edək ki, J.Bolsonaro cümə axşamı sosial mediada həftəlik brifinqi zamanı saytlardan birində yayılan məlumatdan sitat gətirib. O, Böyük Britaniyada koronavirusa qarşı peyvənd olunanlarda sonradan QİÇS-in aşkar edildiyi barədə danışıb.

  • 1 noyabrdan bu köhnə smartfonlarda Whatsapp-ın dəstəyi dayandırılacaq – SİYAHI

    Whatsapp dünyanın ən məşhur messencerlərindən biridir və gün ərzində ondan milyonlarla istifadəçi istifadə edir.

    Lakin buna baxmayaraq yaxın zamanda sözügedən messencer bəzi köhnə smartfonlarda artıq çalışmayacaq. 1 noyabr tarixindən başlayaraq Android və iOS ilə çalışan bəzi köhnə smartfonlarda Whatsapp-ın dəstəyi dayandırılacaq. Bu isə öz növbəsində milyonlarla istifadəçini əhatə edəcək.

    Bu cür qərarın səbəbi ondan ibarətdir ki, siyahıda olan smartfonlar artıq köhnəlmiş hesab edilir və onların dəstəklənməsi böyük resurslar tələb edir. Whatsapp son illərdə çoxlu sayda dəyişikliyə məruz qalıb və ona bir çox yeni funksiya əlavə edilib. Köhnə smartfonlar isə həmin funksiyaları dəstəkləmə qabiliyyətinə sahib deyillər. Bundan əlavə olaraq bu məsələdə təhlükəsizlik faktoru da var. Belə ki, köhnə smartfonlarda təhlükəsizliyin təmin olunması prosesi də çox qəlizdir.

    1 noyabr tarixindən Whatsapp dəstəyini itirəcək smartfonların siyahısı aşağıdakı kimidir:

    Samsung:

    – Galaxy Trend Lite

    – Galaxy S2

    – Galaxy Trend 2

    – Galaxy S3 mini

    – Galaxy Core

    – Galaxy Xcover 2

    – Galaxy Ace 2.

    LG:

    – Lucid 2

    – Optimus L5 double

    – Optimus L4 II Double

    – Optimus F3Q

    – Optimus F7

    – Optimus F5

    – Optimus L3 II Double

    – Optimus F5

    – Optimus L5

    – Optimus L5 II

    – Optimus L3 II

    – Optimus L7

    – Optimus L7 II Double

    – Optimus L7 II
    – Optimus F6

    – LG Enact

    – Optimus F3

    – Optimus L4 II

    – Optimus L2 II

    – Optimus Nitro HD və 4X HD.

    Apple:

    – iPhone 6S

    – iPhone 6S Plus

    – iPhone SE (birinci nəsil).

    Huawei:

    – Huawei Ascend G740

    – Ascend D Quad XL

    – Mate Ascend

    – Ascend P1 S

    – Ascend D2

    – Ascend D1 Quad XL.

    Sony:

    – Xperia Miro

    – Xperia Neo L

    – Xperia Arc S.

  • UNEC Aİ-nin Türkiyədə maliyyələşdirilən layihələrinə cəlb olunacaq

    Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Türkiyədə reallaşdırılan layihələrdə iştirak edəcək.

    “Report” xəbər verir ki, bu barədə UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov sosial şəbəkədəki hesabında bildirib.

    “Beynəlxalq Strateji Menecment Konfransının Sədri və Türkiyə Əmək və Sosial Müdafiə Nazirinin müavini prof., dr., Lütfihak Alpkanla UNEC potensialının artırılması məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Türkiyədə reallaşdırılan müvafiq layihələrə UNEC-in cəlb edilməsi imkanlarını müzakirə etdik və razılıq əldə etdik. Uğurlar! Hər şey daha da yaxşı olacaq!”, – deyə Ədalət Muradov feysbukdakı hesabında yazıb.

  • Dünyanın bu ada dövlətində koronavirusa ilk yoluxma qeydə alınıb

    Polineziyada, Sakit okeanda ada dövləti olan Tonqa Krallığında pandemiyanın başlanmasından ilk dəfə koronavirusa yoluxma qeydə alınıb.

    “Report”un məlumatına görə, bu barədə Britaniyanın BBC Yayım Korporasiyası bildirib.

    İnfeksiya daha əvvəl Yeni Zelandiyadan təyyarə ilə gələn peyvənd olunmuş şəxsdə aşkarlanıb.

    Hakimiyyət orqanları rəsmilərinin məlumatına görə, hazırda 105,6 min nəfər olan ada dövləti əhalisinin təxminən 30%-i artıq peyvənd olunub.

    Tonqada ilk COVID-19-a yoluxma halı qeydə alındıqdan sonra minlərlə yerli sakin peyvənd olunmaq üçün sağlamlıq mərkəzlərinə axışıb

  • Ərdoğanla Baydenin görüşünün vaxtı məlum olub

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşəcəyi tarix açıqlanıb.

    “Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, liderlərin görüşü bazar günü, oktyabrın 31-də baş tutacaq.

    Görüş zamanı ABŞ istehsalı olan taktiki-qırıcı təyyarələr (F-15) və müdafiə sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bildirilir.

    Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri “Böyük İyirmilik” (G20) ölkələri liderlərinin Roma sammitində iştirak edir.

  • Qurban Qurbanov: “Bu məsələyə qarışmaq mənim səlahiyyətimdə deyil”

    “Futbolçuları təbrik edirəm. Çox yaxşı mübarizə apardıq. Oyunçuların əzmkarlığından razı qaldım. Yaxşı komandaya qarşı qalib gəldik. Rəqibin də bacarıqlı oyunçuları var”.

    “Report”un məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında deyib.

    49 yaşlı mütəxəssis görüşün çətin keçdiyini söyləyib: “Bu komandaya qarşı 90 dəqiqə mübarizə aparmalı və hərəkətli olmalıyıq. Futbolçular çox yoruldular. Çox çətin qrafikdəyik. Hazırda çox diqqətli olmalıyıq. Bəzi matçlarda rotasiya edirik. Bu periodda güc sərf etməliyik. Futbolçulara tez bərpa olunduqları üçün təşəkkür edirəm. Hesab görüşün asan keçdiyini göstərə bilər. Amma elə deyil”.

    Qurbanov Ağdam təmsilçisinin fanatlarının rəqib baş məşqçi Samir Abasovu istefaya səsləməsinə də münasibət bildirib: “Bu məsələyə qarışmaq mənim səlahiyyətimdə deyil. Amma etirazımı bildirdim. Mənə görə xoş deyil. Hər zaman demişəm ki, hamıya hörmətlə yanaşmalıyıq. Azarkeş azaddır. Öz düşüncələri və ideyaları var. İstəmirəm ki, bizim fanatları digər klubların məşqçilərinə şüar səsləndirsinlər. Rəqib komandanın baş məşqçisini istefaya səsləmək düzgün deyil. Mən istəyirəm ki, bizim bütün baş məşqçilərə hörmətlə yanaşsınlar. Ümid edirdim ki, bu, bir daha təkrarlanmayacaq”.

    Təcrübəli baş məşqçi Abdullah Zubirin görüşün sonunda ayağında ağrılar hiss etdiyini deyib: “Son günlər yaxşılaşmışdı. Ona görə arxayın idim ki, 90 dəqiqəyə gücü çatar. UEFA Konfrans Liqasında Qazaxıstan “Kayrat”ı ilə (2:1) matçdan sonra narahatlıq var idi. Sabah onun durumu tam bilinəcək”.