Month: October 2021

  • Azərbaycan millisinin daha bir oyunu koronavirusa görə təxirə salınıb

    Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki daha bir oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

    UEFA-nın rəsmi saytı xəbər verir ki, Belçika millisi ilə oktyabrın 9-da keçirilməli olan matç nəzərdə tutulan vaxtda baş tutmayacaq.

    Buna hazırda sözügedən ölkədə səfərdə olan yığmanın 3 futbolçusunun – Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) koronavirusa yoluxmasıdır.

    Qeyd edək ki, daha əvvəl U-17-nin Norveçlə görüşü də eyni səbəbdən təxirə salınıb.

  • Реакция Роналду, признанного лучшим игроком английской Премьер-лиги: Надо продолжать упорно работать – ВИДЕО

    Португальский нападающий “Манчестер Юнайтед” Криштиану Роналду, признанный, лучшим игроком английской Премьер-лиги по итогам сентября, сделал публикацию посвященную этому событию.

    “Горжусь, что меня выбрали игроком месяца среди стольких прекрасных футболистов в Премьер-лиге. Спасибо всем моим товарищам по команде в “Манчестер Юнайтед”, я не смог бы этого добиться без них. Надо продолжать упорно работать и результаты будут”, – написал Роналду на своей странице в Instagram.

    Отметим, что в список претендентов на награду также входили Мохамед Салах (“Ливерпуль”), Жоау Канселу (“Манчестер Сити”), Антонио Рюдигер (“Челси”), Аллан Сент-Максимен (“Ньюкасл Юнайтед”) и Исмаила Сарр (“Уотфорд”).

  • İngiltərə Premyer Liqasının ən yaxşısı seçilən Ronaldu: “Gəlin, inadla çalışmağa davam edək” – VİDEO

    Sentyabr ayı üçün İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu adına layiq görülən “Mançester Yunayted” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu bu hadisəyə öz münasibətini bildirib.

    Ulduz futbolçu fikirlərini öz “Instagram” səhifəsində dərc edib.

    “Premyer Liqada bu qədər çoxlu sayda güclü futbolçular arasından Ayın Oyunçusu seçilməyimdən qürur duyuram. “Mançester Yunayted”dəki bütün komanda yoldaşlarıma minnətdaram, onlarsız bu nəticələrə nail ola bilməzdim. Gəlin inadla çalışmağa davam edək, bunun sayəsində nəticələr gəlməkdə davam edəcək”, – futbolçu öz sosial şəbəkə hesabında yazıb.

    Xatırladaq ki, otuz altı yaşlı hücumçu bu nominasiyada Joao Kanselo (“Mançester Siti”), Antonio Rudiger (“Çelsi”), Məhəmməd Salah (“Liverpul”), Allana Sent-Maksimin (“Nyukasl”) və İsmaila Sarrı (“Uatford”) qabaqlayıb.

  • Prokurorluq orqanlarına qəbulla bağlı test imtahanı keçirilib

    Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə 08 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 23-cü müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib.

    İmtahan koronavirus epidemiyasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən elan edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq namizədlərin iştirakı ilə saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında keçirilib. İmtahanı qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.

    Müsabiqə ilə bağlı müraciəti qeydə alınmış 406 namizəddən 382 nəfəri imtahanda iştirak edib, onlardan 70 və daha artıq bal toplamış 181 namizəd müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanıb.

    Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) internet saytlarında yerləşdirilib.

    İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcək.

  • Ailəsi onu atdı, özündən 30 yaş kiçik tələbəsini aldı – Bu gün ölən Xalq artistinin həyat hekayəsi – FOTO

    Bu gün dünyasını dəyişən Xalq artisti Ağakişi Kazımov haqda maraqlı məlumatları təqdim edirik.

    Ağakişi Şəmməd oğlu Kazımov 28 noyabr 1935-ci ildə Ağcabədidə anadan olub.

    1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alır.

    1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak edir.

    Ali təhsilini başa vurandan sonra o, təyinatla Quba Dövlət Dram Teatrına baş rejissor göndərilir. Bir neçə il orada işləyəndən sonra Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin “Duel” dramını, diplom işi kimi isə C.Cabbarlının “Aydın” əsərini tatarca hazırlayır.


    Daha sonra Sumqayıt Dövlət Musiqili Dram Teatrında əvvəl baş rejissor, sonra direktor kimi çalışır. “Müsibəti Fəxrəddin”, “Toy”, “Arşın mal alan”, “Xoşbəxtliyə gedən yol”, “Büllur sarayda”, “Od gəlini”, “Vaqif”, “İkinci səs” və başqa tamaşalara quruluş verir.

    Ağakişi Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.

    Ömrünün Akademik Milli Dram Teatrına həsr edən aktyor 2010-cu ildə teatrdan ayrılır. Müsahibələrinin birində rejissor bu barədə deyir:

    “Almaniyaya getmişdim. Həkim mənə dedi ki, sənə nə olub, özünü psixoterapevtə göstər, tir-tir titrəyirsən. Dedimi, şoka düşmüşəm, çünki sevimli teatrımdan ayrılmışam, şok içindəyəm. Dedi, get, ayrı teatrda işlə. Dedim, yox, axı 52-ci ildən mən gözümü açıb bu teatrda işləmişəm.”


    Teatrdan uzaq qalan aktyor həmkarı Cənnət Səlimova ilə Gənc Tamaşaçılar Teatrında birgə işləməyə can atsa da, Cənnət xanım ona müsbət münasibət bildirməyib. Aktyor müsahibələrinin birində xatırlayır:

    “Cənnət Səlimovanı mən öz çiynimdə dördüncü kursdan beşinci kursa keçirmişəm. Hələ tələbə ikən o, rəqs qurmalı idi və gəldi ki, “Ağakişi, mən rəqs qurmalıyam rəqsim boş qalıb”. Dedim, dəli olmusan? Sən Telli, mən Vəli, bu saat onu qurarıq. Qurduq, oynadıq, indiyə qədər o institutda müəllimlər o nömrəni xatırlayır. İndi də biz onunla bir kafedrada işləyirik, mehribanıq, amma görürəm ki, Cənnətdə qısqanclıq var. Deyirəm, Cənnət, mən də gəlim bir-iki tamaşa verim, deyir, məndə yeddi rejissor var, yer yoxdur. Bax bu da var və adamı yandırır. Bəs mənim vaxtımda sənin özünü elə beş dəfə çağırmışdım ki, ay Cənnət… Gənc Tamaşaçılar Teatrının baş rejissoru olduğum 20 il ərzində kimlər istəyirdi gəlib orada tamaşa qoyurdu, çünki mən onlardan qorxmurdum. Bilirdim ki, nə qədər tamaşa qoysalar, gəlib mənim səviyyəmə çatmayacaq. O sözdən sonra yalvarsa da, ora getmərəm”.

    Ağakişi Kazımovun 120-yə yaxın tamaşası olsa da, o, özü bunlardan yalnız onunu yaxşı hesab edib, o biri tamaşalarına isə xaltura kimi yanaşıb.


    Rejissor Ağakişi Kazımov iki dəfə ailə qurub. Birinci xanımından ayrılandan sonra o, tələbəsi, Gənc Tamaşaçılar teatrının aktrisası Mehriban Abdullayeva ilə tanış olur. “Solğun çiçəklər” televiziya tamaşasının çəkilişləri vaxtı onların işgüzar münasibəti sevgiyə çevrilir və Ağakişi Kazımov özündən 30 yaş kiçik olan aktrisa ilə münasibətlərini rəsmiləşdirir. Aktrisa müsahibəsinin birində xatırlayır:

    “Ağakişi Kazımov mənə həm sənətdə, həm də həyatda dəstək olub. Eşidirdi ki, onunla mənim haqqımda söz-söhbət gəzir, mənə deyirdi, başını sal aşağı, işinlə məşğul ol. Bu barədə heç vaxt açılmazdı. İndi bilirəm ki, o da o söz-söhbətlərdən əziyyət çəkib, amma üzə vurmayıb. Onunla mənim haqqımda yayılan dedi-qodunun heç bir əsası yox idi. İndiyə qədər bu barədə nə o, nə mən danışmışıq. Hər gecə ağlayırdım. Ola bilər, məhz bu şayiələr bizim tez ailə qurmağımıza mane oldu. Bu gün o əsassız söz-söhbətlərin səbəbkarı olan adam həyat yoldaşımdır. Kaş, elə o vaxt – o yersiz söhbətlər yayılan vaxt evlənəydik. Onsuz da Ağakişi Kazımovu ailəsi atıb getmişdi. Ona qarşı olan sevgim tamam başqa bir şeydir. Ağakişi ilə saatlarla, günlərlə, illərlə durmadan söhbət edək, bezmirik. Sözsüz anlayırıq bir-birimizi. Yaş fərqi məni qorxutmur, onun yaşı 75-i keçib, mənimki 45-i. Yalnız ona peşmanam ki, çoxdan evlənməmişik, indi övladlarımız olardı, illəri bada verməzdik.”

    Ağakişi Kazımovun bioqrafiyası ilə bağlı daha bir maraqlı məqam təkrarolunmaz aktyor, Xalq artisti Yusif Vəliyevlə bağlıdır. Belə ki, Yusif Vəliyevin həyat yoldaşı Zemfira xanımın sözlərinə görə, aktyorun ölümünü tezləşdirən rejissor Ağakişi Kazımov olub. Aktrisa bu barədə deyir:

    “Yusifi bu dünyadan yox edən Gənc Tamaşaçılar Teatrının baş rejissoru Ağakişi Kazımov olub. O, həm də bizimlə qonşu idi, onlar səkkizinci mərtəbədə yaşayırdılar, biz 9-da. Yusif rəhmətə gedəndən sonra o və arvadı mənim başıma nə oyunlar gətirdilər. Axırda mənim qonşularım onları polisə verdilər. O, Yusifi teatrda repertuardan çıxarmışdı. Yoldaşım ölənə qədər bu münasibəti gördü. On il bu cür nəhəng aktyor rolsuz qaldı. Mən hətta demişdim ki, Ağakişi Yusifin qəbrinin üstünə gəlməsin. Amma gəldi. Yusiflə vida mərasimi işlədiyi teatrda deyil, evimizdə oldu. Çünki ona layiq olduğu qiyməti vermədilər”.

    Ağakişi Kazımov ötən il noyabrın 28-də öz ad günündə insult keçirir. Xəstəxana şəraitində müalicə alsa da, səhhətindəki problemlər səngimək bilmir.

    Uzun sürən xəstəlikdən sonra Xalq artisti bu gün – 8 oktyabr 2021-ci ildə dünyasını dəyişir.

    Mənbə: Kulis.az

  • Rusiyada saxta spirtli içkidən ölənlərin sayı 21 nəfərə çatıb

    Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içdikdən ölənlərin sayı 21 nəfərə çatıb.

    “Report” xəbər verir ki, bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb.

    Məlumata görə, ümumilikdə 49 nəfər saxta içki qurbanı qeydə alınıb.

    Ölənlərin qanında aşkar edilən metanol ölümcül dozadan dəfələrlə yüksək olub.

    Qeyd edək ki, Vilayətin İstintaq Komitəsi tərəfindən hadisə ilə bağlı artıq üç nəfər şübhəli şəxs qismində saxlanılıb.

  • Hindistanda peyvənd olunmayan dövlət qulluqçuları işdən uzaqlaşdırılacaq

    Hindistanda Yeni Dehli rəhbərliyi oktyabrın 16-na qədər peyvənd olunmayan dövlət qulluqçularının işləməsinə icazə verməyəcək.

    “Report” xəbər verir ki, bu barədə “India Today” qəzeti məlumat yayıb.

    “Tibb işçiləri, müəllimlər, eləcə də məktəb, kollec və universitetlərin digər işçiləri də daxil olmaqla, milli paytaxt dairəsi idarəsində çalışanlar15 oktyabr tarixinə qədər peyvənd olunmalıdır”, – məlumatda deyilir.

    Peyvənd edilməyən işçilər ilk dozanı qəbul edənə qədər məzuniyyətdə hesab olunacaqlar.

    Bu həftənin əvvəlində Hindistan hökuməti yetkin əhalinin 70%-inin peyvənd edildiyini açıqlayıb.

  • İrlandiya millisi Bakı Olimpiya Stadionunda məşqə çıxıb

    Futbol üzrə İrlandiya yığması Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunu öncəsi sonuncu məşqə çıxıb.

    “Report” məlumatına görə, Bakı Olimpiya Stadionunda (BOS) gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Məşqdə yüksək qızdırma səbəbindən təcrid olunan futbolçular – Adam İda və Ceyson Nayt da iştirak ediblər.

    Qeyd edək ki, oktyabrın 9-da BOS-da oynanılacaq Azərbaycan – İrlandiya matçı saat 20:00-da start götürəcək.

  • Saakaşvili 8 günə 12 kq arıqlayıb

    Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili aclıq aksiyasının 8-ci günündə 12 kq arıqlayıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Saakaşvilinin vəkili Beka Basiliya açıqlayıb.

    Onun sözlərinə görə, Saakaşviliyə baxdıqda onun arıqladığını görmək mümkündür: “Bildiyim qədərilə o, təqribən 12 kq arıqlayıb. Gün keçdikcə onun sağlamlıq vəziyyəti mütəmadi olaraq pisləşməyə başlayacaq. Lakin o, əhval-ruhiyyə baxımından gümrahdır”.

    Vəkilin sözlərinə görə, Saakaşvili telefon zənglərindən istifadə edə bilməz. Basiliya qeyd edir ki, prokurorluq qanunsuz olaraq Saakaşvilinin telefon zənglərindən istifadə etməsini qadağan edib.

    “Onun həqiqətən də televizoru var. Həmçinin əlavə matras da gətirdilər. Əvvəl də matras vermişdilər. Lakin bu, ən bəsit insani tələblərə cavab vermirdi”, – deyə vəkil əlavə edib.

    Qeyd edək ki, Mixail Saakaşvili oktyabrın 1-i saxlanıldığı gün aclıq aksiyası elan edib.

  • Azərbaycandakı “ağıllı şəhərlər” konsepsiyası xarici mətbuatda geniş işıqlandırılıb

    Bu yaxınlarda Azərbaycanda səfərdə olan balkanlı jurnalistlər ölkəmizlə bağlı təəssüratlarını əks etdirən məqalə və reportajlar hazırlayıblar.

    “Report” xəbər verir ki, Azərbaycanda qonaq olan Bosniya İctimai Televiziyasının heyəti elə ilk gün ADA Universitetində itkin düşmüş azərbaycanlılarla bağlı reportaj hazırlayaraq axşam xəbərlərində efirə veriblər. Süjetdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və ailəsini itirmiş köçkün Müşfiq Əliyevin fikirləri yer alıb.

    Qarabağa səfər etmiş serbiyalı jurnalist Nataşa İvanoski isə çalışdığı “Blic” qəzetində səfər təəssüratları ilə bağlı ikinci məqaləsini yayımlayıb. Budəfəki yazıda Gəncədə dağıdılmış mülki bina, müəllifin “Qafqazın Xiroşiması” adlandırdığı Ağdam və Bakıdakı qənimətlər parkı barədə yazılıb, hər bir hissə müəllifin özü tərəfindən çəkilmiş şəkillərlə müşayiət olunub. Yazıda Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun şəhərin bərpası ilə bağlı Azərbaycanın planlarına, məcburi köçkün Eldar Həmzənin qarabağlı köçkünlərin gələcəklə bağlı düşüncələrinə yer verilib.

    Jurnalist Nataşa İvanoski digər məqaləsində Bakıdan Şuşaya və Ağdama qədər gördüyü bir çox detalları qələmə alaraq hər addımda Qarabağın Azərbaycana məxsus olduğunu, “Qarabağ” sözünün Azərbaycan mənşəyini, müxtəlif kəndlərdə həmin yaşayış məntəqəsinin öz şəhidlərinin əbədiləşdirdiyini, azərbaycanlıların 1990-cı illərdə qovulduqları ərazilərə yenidən qayıtdıqlarına görə qürur duyduqlarını, Füzulidəki minalı əraziləri gördüyünü, təkcə bu il 20 Azərbaycan vətəndaşının minalardan həlak olduğunu və ümumiyyətlə Qarabağın minalardan təmizlənməsinin ən azı 10 ilə başa gələcəyini, etnik nifrətin yaşayış məntəqələrini kabus şəhərlərə çevirdiyini, Cəbrayıl və Ağdamdakı dağıdılmış evləri və Azərbaycan qəbirlərini, azərbaycanlıların ötən il Şuşanı azad etdiklərini və bu əməliyyatın bir sıra hərbi akademiyaların dərsliklərinə düşəcəyini qeyd edir. Şuşada gördüyü obyektləri – Bülbül ləqəbli müğənninin, Qarabağ xanının qızı və şairə Natəvanın və Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyovun büstləri, şair Molla Pənah Vaqifin məqbərəsini təsvir edir. Məqalə bir çox fotolar və onların təsvirləri ilə bəzədilib.

    Qarabağ səfər edən jurnalist Boyan Stoykovski də ABŞ-ın innovasiya səhifəsi olan “Zdnet” üçün yazısını Azərbaycandakı “ağıllı şəhərlər” konsepsiyasına həsr edib. Müharibə zamanı dağıdılmış infrastrukturun Bakı tərəfindən innovativ və yaşıl texnologiya ilə dirçəldilməsinin qeyd olunduğu məqalədə Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun gələcək planlar, ADA-nın professoru, urbanistika üzrə ekspert Anar Vəliyevin “ağıllı şəhərlər”in əhəmiyyəti və məcburi köçkün Eldar Həmzənin qarabağlı köçkünlərin geri qayıtmaqla bağlı fikirlərinə yer verilib.

    Qeyd edək ki, “Zdnet”in təkcə “Facebook”da 280 minə yaxın, “Twitter”də isə 460 mindən çox izləyicisi var.

    Müəllif Boyan Stoykovski öz tviter hesabında da bu məqaləni paylaşıb, xəbərə xeyli reaksiya gəlib. Maraqlıdır ki, bu reaksiyalar arasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin, BMTM sədri Fərid Şəfiyevin, ABŞ-da yaşayan azərbaycanlı aktivist Arzu Caidin fikirləri də var.

    Stoykovskinin məqaləsi həmçinin ingilisdilli “Russia Business Today” platformasında yayımlanıb, məqalədə azərbaycanlı ekspertlərin fikirləri yer alır.