Month: November 2021

  • Nərə balıqlarını satan şəxs cəzalandırılıb

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Siyəzən şəhərində fəaliyyət göstərən balıq bazarında keçirilən nəzarət tədbirləri zamanı nərə balıqlarının satılması faktı aşkar olunub.

    Bunu “Report”a Xidmət rəisi Hikmət Əlizadə bildirib.

    O qeyd edib ki, ovlanması qanunla qadağan olunmuş nərə balıqlarını satan şəhər sakini Kənan Əskərov barəsində akt tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

    H.Əlizadənin sözlərinə görə, qanunsuz balıq ovunun və satışının qarşısının alınması istiqamətində monitorinqlər davam etdirilir.

  • Karantin rejimi ilə bağlı 10 mindən çox ticarət obyekti monitorinq edilib

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərində sanitar-gigiyena və karantin rejiminin tələblərinə əməl olunması ilə bağlı bu günə qədər 10 480 ticarət obyektində monitorinqlər aparıb.

    Məlumatda deyilir ki, monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskadan istifadə etməsi və sosial məsafənin gözlənilməsi, sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska ilə təmin olunması ilə bağlı qoyulan tələblərə əməl edilməsi vəziyyəti yoxlanılır. İndiyə qədər 1 404 halda pozuntulara yol verildiyi aşkar edilib, 351 nəfərin obyektlərə qoruyucu maskasız daxil olduğu, 1.053 halda isə ticarət obyektlərinin işçilərinin maskadan istifadə etmədiyi müəyyənləşdirilib. Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndirilərək, İnzibati Xətalar Məcəlləsinə əsasən, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq olunub.

    “İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, karantin dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə – vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər isə 600 manat cərimə edilir. Bir il ərzində bu pozuntunun təkrar yol verilməsinə görə vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 1 200 manat cərimə edilir.

    Karantin qaydalarına tam əməl edilməli, işçilər qoruyucu maska ilə təmin olunmalı, vətəndaşların ticarət obyektlərinə maskasız daxil olmasına yol verilməməli, maskası olmayan şəxslərə girişdə maska təqdim edilməlidir. Sahibkarlıq subyektləri həmçinin təsərrüfat obyektlərinin ərazisindəki müştərilər arasında sosial məsafənin qorunmasına, o cümlədən kassaların qarşısındakı insanlar arasında 1,5-2 metrlik ara məsafəsinə əməl olunmasına ciddi nəzarət etməlidirlər. Ticarət obyektlərində monitorinqlər mütəmadi qaydada davam etdiriləcək”, – deyə qurum bəyan edib.

  • Əfqanıstanda İŞİD-in 3 üzvü öldürülüb

    Əfqanıstanın şimalındakı Bəlx vilayətində “Taliban” hərəkatının üzvləri İŞİD bazasına basqın edib.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalət rəhbərliyinin sözçüsü məlumat yayıb.

    Toqquşma nəticəsində İŞİD-in 3 nümayəndəsi öldürülüb, 5 nəfər isə həbs edilib.

    “Taliban”ın sözçüsü Zabihullah Mücahid deyib ki, İŞİD daha əvvəl hakimiyyət üçün “baş ağrısı” olduğunu bildirmişdi.

  • MTN-in keçmiş əməkdaşı məhkəmədə ifadə verib

    Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları – Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən S.Ələkbərov ifadə verib.

    O, ittiham üzrə özünü təqsirli bilməyib.

    Daha sonra zərərçəkmiş şəxs qismində iş adamı Bahəddin Sultanov dindirilib. Zərərçəkmiş şikayətçi olmadığını deyib.

    İttihama görə, V.Ələkbərov xidməti vəzifəsi ilə əlaqədar olaraq B.Sultanovun oğlu İntiqam Sultanovun həbsdən azad olunması üçün 500 min dollar tələb edib, 370 min dollar alıb.

    Prosesdə M.Şıxəliyev səhhətində problem yarandığını bildirib və bu səbəbdən proses davam etdirilməyib.

    Növbəti proses noyabrın 5-ə təyin olunub.

    Qeyd edək ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

    İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

    Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

    Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

    Cinayət işi üzrə 32 zərərçəkmiş var.

  • Yəməndə hava zərbəsi zamanı 100-dən çox husi öldürülüb

    Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin strateji əhəmiyyətə malik Marib şəhəri yaxınlığında hava hücumları nəticəsində 115 husi üsyançısının öldürüldüyünü bildirib.

    “Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

    Belə ki, son sutka ərzində Maribdən təxminən 50 km cənubda endirilən zərbələr nəticəsində 14 hərbi maşın məhv edilib və 115-dən çox üsyançı öldürülüb.

    Yəməndə silahlı münaqişə 2014-cü ilin martından davam edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmən prezidenti Abd Rabbo Mansur Hadinin qoşunlarını ölkənin bir hissəsinə nəzarət edən husi üsyançıları ilə qarşıdurmada dəstəkləyir.

  • Ombudsman Avropa Şurasının nümayəndəsi Verena Teyloru qəbul edib

    İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Avropa Şurasının Proqramlar üzrə Baş Direktorluğunun rəhbəri Verena Teyloru qəbul edib.

    Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes də görüşdə iştirak edib.

    Görüşdə tərəfləri maraqlandıran bir sıra mühüm məsələlər barəsində müzakirə aparılıb. Ombudsman qonağa Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, təsisatın insan hüquqlarının və azadlıqlarının müdafiəsi və təmini sahəsindəki çoxşaxəli fəaliyyəti, mandatı və səlahiyyətləri barəsində ətraflı məlumat verib.

    Görüşdə gender bərabərliyi, qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə barədə danışılıb, həmçinin bu sahədə maarifləndirmənin əhəmiyyəti vurğulanıb. Diqqətə çatdırılıb ki, Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) proqramı çərçivəsində bu mövzularda mütəmadi qaydada təşkil edilən təlimlərə Ombudsman Aparatının əməkdaşları da cəlb olunurlar.

    S.Əliyeva zorakılığa məruz qalmış ailələrə maddi, mənəvi və psixoloji yardım göstərilməsi, məişət zorakılığına qarşı mübarizə üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, bu sahədə müvafiq tədris vəsaitlərinin hazırlanması istiqamətində birgə əməkdaşlığın zəruriliyini vurğulayıb.

    Yekunda Ombudsman təsisatı ilə Avropa Şurası arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi sahəsində fikir mübadiləsi aparılıb.

  • Gələn il Azərbaycan qazının Gürcüstan ərazisi ilə nəql həcmi artacaq

    2022-ci il üçün Cənub Qaz Dəhlizi ilə 20 milyard kubmetr qaz nəql olunacaq ki, bu da kifayət qədər yüksək göstəricidir. Belə ki, bu kəmərin maksimal yüklənməsi indiyədək 22 milyard kubmetrə çatıb.

    Bu barədə Gürcüstanın Neft və Qaz Korporasiyasından ölkənin Birinci kanalına bildirilib.

    Qeyd olunub ki, Gürcüstan gələn il tranzit ölkə kimi Azərbaycan qazının nəqlindən endirimli qiymətə daha böyük həcmdə təbii qaz əldə edəcək. Bu il Gürcüstan ümumilikdə 1,014 milyard kubmetr qaz alıbsa, 2022-ci ildə bu göstərici 1,500 milyard kubmetrə qədər artacaq.

    “Gürcüstan Azərbaycan qazının nəqli müqabilində müəyyən güzəştlər əldə edir. Hazırda ölkələr arasında iki növ müqavilə mövcuddur – optimal qaz və əlavə qaz. Birinci müqavilə Gürcüstana hər il Cənub Qaz Dəhlizi ilə nəql olunan qazın 5 %-ni aşağı qiymətə almağa imkan verir və bu müqavilə 2066-cı ilədək qüvvədədir. Əlavə qazın alqı-satqısı üzrə müqavilənin müddəti isə 2026-cı ildə başa çatacaq, həmin vaxta qədər Gürcüstan hər il 500 milyon kubmetr qazı güzəştli qiymətə alacaq”, – qurumdan bildirilib.

    Korporasiyadan qeyd olunub ki, 2024-2025-ci illərdə Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin 30 milyard kub metrə qədər artırılması planlaşdırılıb və bu o deməkdir ki, tranzitin müqabilində Gürcüstanın əldə edəcəyi ucuz qazın həcmi də artacaq.

  • Bakıda 14 yaşlı qız qaçırıldı

    Bakıda yeniyetmə qız qaçırılıb.

    Hadisə noyabrın 1-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu ərazisində qeydə alınıb.

    Belə ki, 2007-ci il təvəllüdlü A.L (ad, soy ad şərti) naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildiirlib ki, yeniyetmənin qaçırılması ilə bağlı DİN-ə məlumat daxil olub, onun axtarışına başlanılıb.

  • Azərbaycan Ordusu Naxçıvanda komanda-qərargah təlimi keçirir

    “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmələrlə keçirilən komanda-qərargah təlimi davam edir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Komanda-qərargah təlimində müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının aidiyyatı üzrə birləşmə və hissələrinin praktiki fəaliyyətlərə cəlb olunan bölmələri “Həyəcan” siqnalı ilə təlim rayonuna çıxarılıb.

    Döyüşü idarəetmə mərkəzlərində qoşunların fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış işçi qrupların müasir texniki vasitələr üzərindən məlumat mübadiləsini aparmaq bacarıqları yoxlanılır.

    Təlimdə müxtəlif qoşun növü birləşmələrinin qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, ayrı-ayrı tapşırıq yerinə yetirən taktiki və xüsusi qrupların fəaliyyətinin uzlaşmasına nail olmaq, komandirlərin yaranmış şəraitə uyğun olaraq qısa zamanda doğru qərar qəbul edib tabelikdə olanlara çatdırmasını təmin etmək əsas məqsədlər kimi qarşıya qoyulub.

    Komanda-qərargah təlimi noyabrın 6-dək davam edəcək.

  • Baş prokuror: “Ermənistanın cinayətləri ilə bağlı sübutların toplanması davam edir”

    “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq, Azərbaycan müvafiq orqanları, o cümlədən Xarici İşlər Nazirliyi bu istiqamətdə tədbirlər həyata keçirir”.

    Bu fikirləri “Real TV”yə müsahibəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

    “Təbii ki, sənədlərin təqdim olunmasında, hazırlanmasında prokurorluq da özünə aid hissədə iştirak edib. Konkret cinayət işlərinin istintaqı zamanı əldə olunmuş maddi sübutlar toplanıb. Bunların hamısı həmin proseslər zamanı istifadə olunur və gələcəkdə də olunacaq. Hazırda sübutların toplanması davam edir”, – deyə o vurğulayıb.