Month: Oktyabr 2023

  • Bakı və Moskva neft-qaz hasilatı və tranziti sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak ilə iki ölkə arasında neft-qaz, elektrik enerjisi sektorlarında və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.

    Bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.

    “Rusiyanın ən böyük neft-qaz konserni Azərbaycanla işləyir və əməkdaşlığı genişləndirməyə hazırdır. Xüsusilə Rusiya karbohidrogenlərinin Azərbaycanın imkanlarında tranziti və emalı ilə bağlı bir sıra yeni təşəbbüslər var. Vəzifəmiz səylərimizi birləşdirməkdir”, – Novak vurğulayıb.

    Tərəflər həmçinin Rusiya neft-qaz şirkətlərinin Azərbaycanda yeni hasilat layihələrində iştirakını, ölkədə yanacaq satışı üzrə bizneslərinin genişləndirilməsini, o cümlədən Tixoretsk – Bakı neft kəməri ilə Rusiya neftinin reversiv tədarükünün artırılması məsələlərini müzakirə ediblər.

    İdxalın əvəzlənməsi siyasəti çərçivəsində Rusiya və Azərbaycan şirkətləri arasında texnoloji əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.

  • Tovuzda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

    Tovuz rayonunun Əyyublu kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un məlumatına görə, qəzada xəsarət almış 3 nəfər xəstəxanaya çatdırılıb.

    Onların kimlikləri müəyyənləşdirilir, hadisənin təfərrüatları hələ məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyada hərbi zavodda partlayış olub

    Rusiyanın Perm vilayətinin Solikamsk şəhərində yerləşən Ural hərbi sənaye zavodunda partlayış olub.

    Bu zavod Rusiyanın ən böyük hərbi-sənaye müəssisələrindən biri sayılır.

    Zavodda partlayıcı maddələr və sursat istehsal olunur.

  • Suriyadan 9 uşaq və 2 qadın Azərbaycana gətirilib

    Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq, oktyabrın 31-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 9-u uşaq və 2-si qadın olmaqla 11 nəfər Azərbaycan vətəndaşının Vətənə repatriasiyası həyata keçirilib.

    Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

    İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, onların Türkiyə Respublikası ərazisinə keçidi təmin olunub.

    İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.

    31 oktyabr 2023-cü ildə nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

    Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

    Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

  • Türkiyə Yunanıstanın nəzarətindəki adanı geri alıb

    Türkiyə Ege dənizində Yunanıstanın nəzarəti altında olan Zürafə Qayalığı adasını geri alıb.

    Bu barədə “TGRT Haber” məlumat yayıb.

    Bildirilib ki, ada balıqçılıq və müdafiə baxımından strateji əhəmiyyət kəsb edir.

    Məlumata görə, Ankara Afinaya rəsmi məktub göndərərək sözügedən adanın ona aid olduğunu bildirib. Qeyd olunub ki, adanın suverenlik hüququ ancaq Türkiyəyə məxsusdur. Yunanıstan məktuba müsbət cavab verib.

  • Ermənistan AES-in istismar müddəti 2036-cı ilədək uzadılır

    “Gələn il Metsamor Atom Elektrik Stansiyasının (AES) istismar müddətini uyğun lisenziya ilə 2036-cı ilədək uzatmağı planlaşdırırıq”.

    Bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan parlamentdə çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, AES-in istismar müddətinin uzadılması məqsədilə 20,2 milyard dram (təxminən 50 milyon dollar) ayrılıb.

  • Şərqi Zəngəzurda müvəqqəti olaraq üç şəhərcik salınacaq

    Şərqi Zəngəzur iqtisadi rayonunda müvəqqəti olaraq xidməti istifadə üçün üç şəhərcik salınacaq.

    “Report” bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, şəhərciklər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşəcək. Bu məqsədlə təxminən 4 milyon manat vəsait ayrılıb.

  • Bakı-Qəbələ-Bakı istiqamətində 10 əlavə qatar reysi təyin edilib

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə 10 əlavə qatar reysi təyin edib.

    Bu barədə ADY-dən bildirilib.

    Belə ki, 8, 9, 10, 11 və 12 noyabr tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.

    Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə noyabrın 4-ü iş günü sayıldığından həmin günə olan reys ləğv edilərək əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunub.

    Məlumat üçün bildirək ki, hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hərəkət edir. Marşrut üzrə bir istiqamətə gedişhaqqı standart sinif üçün 14 AZN təşkil edir.

  • Fransa polisi hicablı qadına atəş açıb

    Fransa polisi metroda hicablı qadına atəş açıb.

    Paytaxt Parisdəki metroda hicablı qadının sərnişinləri təhdid etməsi ilə bağlı polisə məlumat daxil olub.

    Bundan sonra polis metroda əməliyyat keçirib və qadına atəş açıb.

    Qadının üzərində heç bir partlayıcı maddə aşkar olunmayıb.

  • Ermənistan DİN Qarabağ ermənilərinin silahları təhvil vermələrini tələb edib

    Ermənistan Daxili İşlər Nazirliyi (DİN) Qarabağdan könüllü çıxıb ölkəyə gələnlərin silah-sursatı təhvil vermələrini tələb edib.

    Bu barədə “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir.

    Nazirliyin məlumatına əsasən, bu addım onları məsuliyyətdən azad edəcək.

    Qeyd edək ki, bir qədər əvvəl Ermənistan daxili işlər naziri Vahe Qazaryan Qarabağdan gələnlərin gətirdikləri silahları təhvil verməyə çağırış edib. Nazir parlamentdə bəyan edib ki, Qarabağdan müəyyən miqdarda silah və sursat daşınmasına dair sübutlar var: “Artıq onları könüllü təslim etmələri halları da var. Hüquq-mühafizə orqanları izahat işləri aparır”.