Month: Oktyabr 2023

  • Bakıda Azərbaycan-Rusiya işçi qrupunun IV iclası keçiriləcək

    Dekabrın 14-16-da Bakıda gənclər siyasəti sahəsində əməkdaşlığa dair Azərbaycan-Rusiya işçi qrupunun IV iclası keçiriləcək.

    Bu barədə Gənclər və İdman Nazirliyindən bildirilib.

    Məlumata görə, qurum artıq iclasla bağlı hazırlıq işlərinə başlayıb. Tədbir çərçivəsində rusiyalı qonaqların “Milli Azərbaycan Tarixi Muzeyi”nə, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinə, Qız Qalası abidəsinə, “Hərbi Qənimətlər Parkı”na və Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil ediləcək.

  • Ovçuların Ovçular Cəmiyyətinə üzvlüyü məcburi olmayacaq

    Ovçuların Ovçular Cəmiyyətinə məcburi üzvlük və digər tələblər aradan qaldırılıb.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Ovçuluq haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

    President.az-ın xəbərinə görə, bununla “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316; 2005, № 4, maddə 272; 2008, № 6, maddə 460; 2014, № 11, maddə 1355; 2015, № 4, maddə 362; 2020, № 5, maddə 512; 2021, № 12, maddə 1315; 2023, № 4, maddə 453) dəyişikliklər edilir.

    Dəyişikliklərə görə, dövlət ovçuluq kadastrı ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının statusu, onların coğrafi mövqeyi və sərhədləri, həmin ərazilərin və obyektlərin mühafizə rejimi, istifadəçiləri, ekoloji, elmi, iqtisadi, tarixi və mədəni əhəmiyyəti barədə zəruri məlumatların məcmusudur (10.1-ci maddə).

    Ovçuluq bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmir (14.3-cü maddə). Öncə bunun üçün üzvlük bileti də tələb olunurdu.

    Ovçular hər il üçün Ovçular Cəmiyyətinə üzvlük haqqını Ovçular Cəmiyyətinin üzvü olduqları halda vaxtında ödəməlidirlər (18.2.2-ci maddə).

    Hər il üçün üzvü olduğu Ovçular Cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə ov etmək hüququnun dayandırılması ilə bağlı maddə (19.0.1) ləğv edilir.

    Həmçinin ov etmək üçün verilmiş icazənin müddəti bitdikdə ov etmək hüququ dayandırılır (19.0.2-ci maddə).

    Eləcə də, ov etmək hüququ heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hallarda dayandırılır (19.0.8-ci maddə).

  • Paytaxt sakini silah-sursatı könüllü polisə təhvil verib

    Vətəndaşlarda olan döyüş silahlarının könüllük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Xətai RPİ-nin 37-ci PŞ-yə müraciət edən paytaxt sakinlərindən biri aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil vermək istədiyini bildirib.

    Polis vətəndaşın qeyd etdiyi ünvana gəlib və oradan bir ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlif çaplı patron, 2 ədəd əl qumbarası və 5 ədəd alışqan (zapal) aşkar edib.

    Məlumat verən vətəndaşa qarşı heç bir cəza təhdidi görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün ona təşəkkür edilib.

  • Azərbaycanda prokurorluq işçilərinin ştat sayı həddi dəyişib – SƏRƏNCAM

    Prezident İlham Əliyev 18 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddi”ndə dəyişiklik edib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

    Sərəncama əsasən, maliyyələşdirmə məsələləri dövlət büdcəsində prokurorluq orqanlarının saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

    Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • Prezident Ələt azad iqtisadi zonası ilə bağlı sərəncam imzalayıb

    Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Sərəncamla “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncamın əlavəsindəki yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 23,74 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilir.

    Sərəncamdan irəli gələn məsələlərin həlli İqtisadiyyat Nazirliyi, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunur.

  • Noyabr ayının HAVA PROQNOZU

    Noyabr ayında gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

    Noyabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

    Gecələr havanın temperaturu 10-15 dərəcə isti, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə 26 dərəcəyədək isti olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 28-38 mm).

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 5-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 5-8 dərəcə isti,
    dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 18-28 mm).

    Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-18 dərəcə isti, dağlarda gecə 2-6, gündüz 2 dərəcəyədək şaxta olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 27-34 mm).

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

    Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 18-20 isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək şaxta olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-35 mm).

    Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə
    isti, bəzi günlərdə 3-6 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 22-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-24 mm).

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

    Gecələr havanın temperaturu 5-10 dərəcə isti, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 2 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-73 mm).

    Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 9-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 11-16 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 23-26 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim
    normasına yaxın olacağı gözlənilir (norma 25-45 mm).

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 7-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

    Gecələr havanın temperaturu 10-15 dərəcə isti, bəzi günlərdə 4-8 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 23-26 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcəyədək şaxta olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 55-170 mm).

  • ABŞ mətbuatı Azərbaycanın mina problemini işıqlandırıb

    “Cari il sentyabrın 19-da ermənilərin təşkil etdiyi mina partlayışında həlak olan 6 nəfər haqqında danışan, habelə Ermənistanı mina xəritələrini paylaşmağa çağıran sərt bəyanatları görmürük. Ermənistanın təqdim etdiyi xəritələrin yalnız 25 faizi dəqiqdir və insan itkisi riski yüksək olduğundan bu xəritələrə etibar etmək olmur. Bu azmış kimi, bəzi beynəlxalq ekspertlər Azərbaycan ərazisinin minalardan təmizlənməsinin 30-35 il çəkəcəyini proqnozlaşdırır”.

    Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham ABŞ-nin populyar “Frontpage Magazine” qəzetində dərc olunmuş məqaləsində yazıb.

    Bir sıra beynəlxalq siyasi ekspertlərin fikirlərinin yer aldığı “Niyə indi minaları qadağan etməliyik?” sərlövhəli məqalə qeyd olunub ki, ermənilərin tapılması müşkül olduğuna əmin olduğu mina problemi olmasaydı, Azərbaycan tərəfi daha çox ərazini zərərsizləşdirib məcburi köçkünlərin öz evlərinə qayıdışını təmin etmiş olardı.

    Eyni zamanda diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 30 ilə yaxın davam etmiş hərbi işğalı nəticəsində ölkəmizin ərazisi kütləvi şəkildə mina və müharibə qalıqları ilə çirkləndirilib. Belə ki Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Milli Agentliyinin (ANAMA) statistik məlumatına əsasən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan indiyədək 189 mina partlayışı baş verib, 28 sentyabr 2023-cü il tarixinə bu partlayışlar nəticəsində 327 nəfər həlak olub. İsrailli politoloq bu mənada qeyd olunan problemi işıqlandıran statistikaların mina problemini həll etmək və günahsız insanların həyatını qorumaq üçün təcili tədbirlərin görülməsinə ehtiyac olduğuna dair həyəcan siqnalı verib.

    Qeyd olunub ki, Azərbaycan tərəfi minaların tələ kimi qoyulduğunu əks etdirən videolar yayımlayıb. Amma bütün bunlara baxmayaraq, Xankəndidə yanacaqdoldurma məntəqəsində baş vermiş məlum partlayışdan sonra Azərbaycan hakimiyyəti Qarabağın erməni sakinlərinə yardım göstərmək məqsədilə humanitar yardım və yanğınsöndürənlər göndərib.

    Sonda müəllif insan haqlarını müdafiə edən təşkilatların Azərbaycanı haqsız yerə tənqid edən çoxsaylı bəyanatı fonunda minalama ilə bağlı Ermənistanı qınayan bir bəyanatın belə mövcud olmamasını qərəzliliyin və ikili standartların aşkar təzahürü kimi qiymətləndirib.

  • Ermənistan Snoop Doggun ləğv edilmiş konsertinə görə təzminat ödədi

    Ermənistan Snoop Doggun İrəvanda sentyabrın 23-nə planlaşdırılan, lakin sonradan ləğv edilən konsertinə görə 6 milyon ABŞ dolları təzminat ödəyib.

    Ermənistan mediasının məlumatına görə, bu barədə ölkənin Maliyyə Nazirliyindən bildirilib.

    Bildirilib ki, konsert dövlət tərəfindən maliyyələşdirilən mədəni tədbirlər proqramı çərçivəsində planlaşdırılmışdı.

    O da vurğulanıb ki, məbləğ dövlət büdcəsinə qaytarılmayıb.

  • Sumqayıtda silahlı basqın edərək iki nəfəri öldürən şəxs evi partlatmaq istəyib – TƏFƏRRÜAT (YENİLƏNİB)

    Sumqayıt şəhərində baş vermiş silahlı insidentdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb.

    Oktyabrın 28-də Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

    Prokurorluq və Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Müvfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov və Susana Karakaşı qəsdən öldürməsi, Tərlan Fərəcova və Serkan Karakaşı, eləcə də onlara köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Keçirilmiş tədbirlərlə cinayətin törədilməsində istifadə edilən “İJ-18” markalı tüfəng, patronlar, barıt, benzin və digər əşyalar gizlədilən yerlərdən aşkar edilərək götürülüb.

    İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Müvfiq Tağıyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki şəxsi öldürmə) 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29, 186.2.1, 29, 186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd) və 229.1-ci (qanunsuz olaraq partlayıcı qurğuları hazırlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda ibtidai istintaq davam edir.

    “Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən qanunvericiliyinin tələblərinə riayət edilməsi və istintaq orqanı ilə dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur”, – birgə məlumatda qeyd olunub.

    * * * * *

    Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfərin ölməsi və dörd nəfərin xəsarət almasında şübhəli bilinən Müşviq Tağıyev Sumqayıt Şəhər Məhkəməsinə gətirilib.

    “Report”un məlumatına görə, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə M.Tağıyev barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərar qəbul edilib.

    Qərara əsasən, qətl törətməkdə şübhəli bilinən şəxs dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, dörd nəfər isə xəsarət alıb.

    Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar.

    Cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşviq Məhəmməd oğlu Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Müşfiq Tağıyevin öldürülən şəxslərlə qonşu olduğu bildirilir.

  • Türkiyəyə gedənlərin NƏZƏRİNƏ: Tarixi binanı ziyarət ödənişli olacaq

    Yanvarın 15-dən etibarən xarici vətəndaşlar üçün Ayasofiya məscidini ziyarət etmək ödənişli olacaq.

    Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

    O qeyd edib ki, bu qərar keyfiyyət və təhlükəsizlik məsələlərini daha da artıracaq.

    Nazir onu da əlavə edib ki, ibadət üçün məscidə gələn Türkiyə vətəndaşlarının ibadət yerlərində heç bir dəyişiklik olmayacaq.

    Mənbə: TRT Haber