Month: Oktyabr 2023

  • Azərbaycana 197 xarici qida obyektinin məhsul gətirməsinə icazə verilib

    Azərbaycana 197 xarici qida obyektinin məhsul gətirməsinə icazə verilib.

    Bu barədə “Report”a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, AQTA 15 ölkə üzrə 224 xarici qida obyektində qiymətləndirmə aparılıb. Həmin müəssisələrdən 197-sinin təsdiqlənməsi başa çatdırılıb. 20 obyekt uyğunsuzluqların müəyyən olunmuş müddətdə aradan qaldırılması şərtilə təsdiq edilib. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar qiymətləndirilmiş 3 müəssisənin təsdiqindən imtina olunub. 4 obyektlə bağlı qiymətləndirmə hesabatları isə yekunlaşmaq üzrədir.

    Qiymətləndirilmiş xarici qida obyektləri Rusiya, Belarus, Almaniya, Çin, Ukrayna, İran, Gürcüstan, Polşa və digər ölkələrdə fəaliyyət göstərir.

  • Yaponiya HƏMAS rəhbərliyinə qarşı yeni sanksiyalar tətbiq edib

    Yaponiya hökuməti Fələstinin HƏMAS radikal qruplaşması ilə əlaqəli şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

    Bu barədə “Reuters” Yaponiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

    Məhdudiyyətlər radikal hərəkata sponsorluq edən fiziki şəxslərin və şirkətlərin maliyyə aktivlərinin dondurulmasından ibarətdir.

    Yaponiya hökuməti həmçinin, maliyyələşməsinin qarşısını almaq üçün HƏMAS-ın doqquz liderinin aktivlərinin dondurulması qərarına baxacaq.

  • Messi daha nə qədər futbol oynayacağını açıqlayıb

    ABŞ-nin “İnter Mayami” klubunun kapitanı Lionel Messi uzun müddət futbol oynamağı planlaşdırdığını bildirib.

    Bu barədə BBC məlumat yayıb.

    “Nə vaxta qədər oynamağa davam edəcəyəm? Çox uzun müddət. Bilmirəm. Fiziki cəhətdən özümü necə hiss etdiyimdən asılı olacaq. Tarix deyə bilmərəm. Hər şey gündən-günə dəyişir”, – deyə Messi vurğulayıb.

    Qeyd edək ki, “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib. Bu mükafata Lionel Messi layiq görülüb.

  • HƏMAS-la müharibədə İsrailin 315 hərbçisi öldürülüb

    HƏMAS-la müharibədə İsrailin 315 hərbçisi öldürülüb.

    Bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari bildirib.

    Onun sözlərinə görə, hazırda HƏMAS tərəfindən körpələr, uşaqlar, qadınlar, qocalar və yaralılar daxil olmaqla 238 girov saxlanılır və bununla bağlı həmin şəxslərin ailələrinə məlumat verilib.

    Qeyd edək ki, İsrail ordusu 1973-cü ildə ərəb-İsrail müharibəsində ən böyük itkiyə məruz qalıb. Onda yəhudi dövlətinin ordusu 2 656 itki verib.

  • Yol polisinə yeni “Volvo” markalı avtomobillər verilib

    Yol polisinə yeni “Volvo” markalı avtomobillər verilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

    Qeyd olunub ki, “Volvo S90” modeli olan avtomobillər artıq xidməti maşın statusu alıb.

    Qeyd edək ki, BMW modelindən sonra patrul avtomobilləri “Mercedes” modelinə qismən keçid etmişdi. Həmçinin “Hyundai” və “KİA”nın bəzi modelləri də xidməti avtomobil kimi istifadə olunur.

    “Volvo” isə DYP sistemində yeni daxil olub.

  • Bakının 22 yolunda tıxac var – SİYAHI

    Hazırda paytaxtın 22 küçə və prospektlində tıxac var.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Tıxac olan yolların siyahısını təqdim edirik:

    1. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    2. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;

    3. Ağa Neymətulla küçəsi, “Nəriman Nərimanov” metro stansiyası istiqamətində;

    4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    6. Bakıxanov küçəsi, “Dədə Qorqud” parkı istiqamətində;

    7. Tbilisi prospekti, hər iki istiqamətdə;

    8. Niyazi küçəsi, hər iki istiqamətdə;

    9. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

    10. Mikayl Müşfiq küçəsi, “Badamdar dairəsi”-ndən 20 saylı məktəb istiqamətində;

    11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    12. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

    13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    14. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    15. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

    16. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    17. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    18. Babək prospekti, mərkəz istiqamətində;

    19. Bakı-Sumqayıt şosesi, hər iki istiqamətdə;

    20. Əbdülvahab Salamzadə küçəsi, hər iki istiqamətdə;

    21. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    22. Ziya Bünyadov prospekti, “Çermet “ körpüsü hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

  • Meyxanaçı Elza Seyidcahanla qalmaqalı HAQDA: “Aramızda olan bütün söz-söhbət…”

    “Yenidən bu məsələnin hansı səbəbdən şişirdildiyini bilmirəm. Bu, heç mənə maraqlı da deyil. Bizim aramızda olan bütün söz-söhbət, münasibət bitib”.

    Bu fikirləri Əməkdar artist Elza Seyidcahanın onu polisə şikayət etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirən tanınmış meyxanaçı Vüqar Əbdülov Yenicag.az-a açıqlamasında deyib.

    O, çoxdan baş vermiş bir məsələnin yenidən gündəmə gətirilməsinə qarşı çıxıb:

    “Bu hadisə iki-üç ay əvvəl olub. Polis İdarəsindən çağırış gəldi, Elza xanımla görüşdük, danışdıq, razılaşdıq, barışdıq. Ondan sonra mənim tərəfimdən Elza xanıma nə zəng, nə münasibət, nə də bir sözləşmə olub”.

    Qeyd edək ki, Elza Seyidcahan Vüqar Əbdülovun “Meyxəbər” verilişində onun şeirləri barəsində fikir söyləməsini əsas gətirərək bu addımı atdığını bildirib.

  • Sabiq icra başçısının məhkəmə istintaqı yenilənəcək

    Oktyabrın 31-də Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti iclas keçirilib.

    “Report”un Qərb bürosunun məlumatına görə, prosesdə iş üzrə zərərçəkmiş qurum kimi tanınan Sahibkarlara Kömək Fondunun nümayəndəsi məhkəmə istintaqının yenilənməsi barədə vəsatət verib.

    Hakimlər vəsatəti təmin ediblər.

    Növbəti məhkəmə iclası dekabrın 5-nə təyin olunub.

    Qeyd edək ki, ötən prosesdə prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

    Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Kürdəmirdə səhvən sirkə turşusu içən qadın xəstəxanalıq oldu

    Kürdəmir sakini kimyəvi maddə içərək zəhərlənib.

    Bizim.media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

    Belə ki, rayon sakini Gülzadə Hikmət qızı Ələkbərova səhvən sirkə turşusu içərək zəhərlənib.

    Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. G.Ələkbərovaya ilkin tibbi yardım göstərilib.

    Hazırda həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

    Faktla bağlı araşdırma aparılır.

  • Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsində ikitərəfli hərəkət qadağan edildi – FOTO

    Nərimanov rayonu Sabit Rəhman küçəsi – Xan Şuşinski küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat yayıb.

    Bildirilib ki, dəyişikliyə əsasən Xan Şuşinski – Sabit Rəhman küçələrinin kəsişməsindən Azadlıq prospekti – Sabit Rəhman küçəsinin kəsişməsinə qədər ikitərəfli yol birtərəfli təşkil edilib.

    Azadlıq prospektindən Sabit Rəhman küçəsinə giriş qadağandır nişanı vurulub.