Month: October 2023

  • Xətaidə yolu keçən 12 yaşlı qızı avtomobil vurub

    Bakının Xətai rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Abdullazadə Zərifə Şaiq qızını vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.
    //report

  • Gömrük xidməti polkovniki vəfat etdi

    Dövlət Gömrük Komitəsi Akademiyasının baş mütəxəssisi, gömrük xidməti polkovniki Şəmsəddin Abışov vəfat edib.

    “Qafqazinfo”nun məlumatına görə, 60 yaşlı polkovnik ürək tutmasından dünyasını dəyişib.

    Ş.Abışov əvvəllər Azərbaycan ordusunda batalyon komandiri və ordu korpuslarından birində qərargah rəisi kimi xidmət edib.

  • Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

    Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanan 2023-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Səfər çərçivəsində qonaqlar əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.

    Sonra qonaqlar Azərbaycan Ordusunun Döyüşü İdarəetmə Mərkəzi və Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsini ziyarət edərək burada görülən işlərlə tanış olublar.

    Qeyd edək ki, özbəkistanlı hərbi nümayəndələrin səfərinin başlıca məqsədi ordu quruculuğu sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

    Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.

  • “Youtube”da keçmiş sevgilisi ilə bağlı video yayan qadın cəzalandırıldı – FOTO

    Mingəçevir Şəhər Məhkəməsində Şəhər Mərkəzi Xəstəxanasının oftalmoloqu Elxan Hüseynovun qeyri-rəsmi nikahda yaşadığı Pərvanə Tahirova barəsindəki xüsusi ittiham qaydasında şikayətinə baxılıb.

    “Qafqazinfo” xəbər verir ki, E.Hüseynov əvvəllər qeyri-rəsmi nikahda yaşadığı və 3 yaşlı övladının anası olan qadının Cinayət Məcəlləsinin 147-ci və 148-ci (təhqir və böhtan) maddələri əsasında məsuliyyətə cəlb olunmasını tələb edib. O bildirib ki, əvvəllər sevgi münasibətində olduğu qadın mətbuatda və “Youtube” platformasında çıxış edərək onun haqqında təhqiramiz və böhtan xarakterli fikirlər bildirib. “Youtube”da yayılmış video məhkəməyə sübut kimi təqdim edilib.

    Araşdırmalar zamanı məlum olub ki, həkim E.Hüseynov bir neçə il əvvəl Pərvanə Tahirova ilə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayıb və onların bir qızı dünyaya gəlib. Daha sonra E.Hüseynov Pərvanəni və qızını özünə məxsus evə köçürüb. Lakin bir müddət sonra onların münasibəti pozulub və E.Hüseynov keçmiş sevgilisi və övladının evdən çıxmalarını tələb edib. Lakin P.Tahirova Elxanın tələbini rədd edib və evi ona qaytarmayacağını, onun qızını böyütdüyünü deyib. Daha sonra tərəflər arasında məhkəmə çəkişməsi başlayıb. Həmçinin P.Tahirova Elxanın onun yaşadığı evə gizli kamera quraşdırması və sair iddialarla bağlı video çəkərək mediada yayıb.

    Məhkəmə xüsusi ittiham qaydasındakı şikayəti təmin edib. P.Tahirova qeyd edilən maddələr üzrə təqsirli hesab edilib və 1500 manat cərimə olunub.

  • MDB baş katibindən İlham Əliyevə təbrik

    Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Bu barədə President.az xəbər verir.

    Məktubda deyilir:

    “Çox hörmətli İlham Heydər oğlu!

    Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

    1991-ci il oktyabrın 18-i Azərbaycan dövlətçiliyinin salnaməsində mühüm tarixə çevrildi. Məhz həmin gün Azərbaycan xalqı gələcək suveren inkişafı ilə bağlı öz seçimini etdi.

    Ötən illər ərzində Azərbaycan dünyada layiqli yerini tutub, beynəlxalq münasibətlərin öz xarici siyasətini ardıcıl olaraq müstəqil şəkildə həyata keçirən fəal subyektinə çevrilib.

    Sizin rəhbərliyinizlə iqtisadi, sosial və ictimai-siyasi sahələrdə həyata keçirilən islahatlar ölkənin gələcək inkişafına və onun əhalisinin rifahının yüksəlməsinə xidmət edir.

    Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah və çoxşaxəli dövlətçilik fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram”.

  • Azərbaycanda seçki dairəsi üzrə dairə seçki komissiyaları təşkil edilib

    Azərbaycanda seçki dairələri üzrə dairə seçki komissiyaları təşkil edilib.

    “Report”un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.

    Məsələ barədə MSK sədrinin müavinin Rövzət Qasımov, MSK katibi Arifə Muxtarova və Mikayıl Rəhimov məlumat veriblər.

    MSK-nın sentyabrın 19-da keçirilən iclasında seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri təsdiqlənib.

    Toplantıda 92 seçki dairəsi üzrə dairə seçki komissiyaları təşkil edilib.

    MSK sədri Məzahir Pənahov bildirib ki, 33 seçki dairəsi üzrə dairə seçki komissiyalarının adı və sıra sayı dəyişmədiyindən tərkibi olduğu kimi saxlanılıb.

    Seçki komissiyasının sədri, iki katibi dairə seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçiləcək. Dairə seçki komissiyası 9 üzvdən ibarətdir.

    Seçki komissiyasının sədri, iki katibi dairə seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçiləcək. Seçki komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil deputatları təmsil edirlər.

    Məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul olunub.

    Qeyd edək ki, MSK-nın sentyabrın 19-da keçirilən iclasında seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri yenidən təsdiqlənib. Seçki dairələrinin yenidən formalaşdırılması, bəzi seçki dairələrinin ləğv olunması, yeni seçki dairələrinin yaradılması nəticəsində seçki dairələrinin ümumi sayı dəyişməyib. Azərbaycanda yenə ümumilikdə 125 seçki dairəsi var.

  • Bakıda hipermarketə silahlı hücumla bağlı məhkəmədə təqsirləndirilən şəxslər ifadə veriblər

    Bakıda hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.

    Təqsirləndirilən Dəyanət Qüdrətov bildirib ki, hadisədə Ruhlan İsmayılov hədə-qorxu etdiyinə görə iştirak edib.

    Proses noyabrın 15-də davam etdiriləcək.

    Qeyd edək ki, hadisə bu il martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketdə qeydə alınıb. Belə ki, edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülüb, eləcə də külli miqdarda pul vəsaiti ələ keçirilib.

    Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər – 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə və öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuliyyətinə cəlb edilib.

    Cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin (CM) 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd) 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə) 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri, cinayətin törədilməsində köməkçilər – Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova CM-nin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi – Rövşən İsmayılova CM-nin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə CM-nin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.

    Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

    Ölmüş təqsirləndirilən şəxs Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

    Cinayətin törədilməsində istifadə edilən “AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, banka məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.

    Cinayət işi üzrə istintaq orqanı tərəfindən Azər Məmmədovun, Dəyanət Qüdrətovun, İbrahim İbrahimovun, Səbuhi Qurbanovun, Babək İsgəndərovun və Rövşən İsmayılovun işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Посол: Обвинения во вторжении Азербайджана на территорию Армении абсурдны

    Обвинения во вторжении Азербайджана на территорию Армении абсурдны.

    Как сообщает Report, об этом посол Азербайджана в Турции Рашад Мамедов заявил, выступая на панельной дискуссии “Азербайджан после победы в Карабахе”, прошедшей в Анкаре.

    Посол подчеркнул, что Азербайджан не нацелен на чужую территорию.

    “Мы считаем, что на Южном Кавказе должен быть мир, и мы за то, чтобы армянские жители Карабаха приняли азербайджанское гражданство и жили на наших землях”, – добавил он.

  • Səfir: “Azərbaycanın Ermənistanın ərazisinə daxil olması ilə bağlı ittihamlar absurdur”

    “Azərbaycanın Ermənistanın ərazisinə daxil olması ilə bağlı ittihamlar absurdur”.

    “Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankarada “Qarabağ zəfərindən sonra Azərbaycan” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

    O bildirib ki, hələ sərhədlər müəyyənləşməyib:

    “Kim iddia edə bilər ki, Azərbaycan Ermənistan ərazisinə daxil olub? Bu, yanlış düşüncədir. Sərhədlərin müəyyənləşməsinə ehtiyac var. Bunun hansı xəritə əsasında aparılacağı müəyyənləşdirilməlidir”.

    Səfir qeyd edib ki, Azərbaycanın kimsənin ərazisində gözü yoxdur:

    “Biz düşünürük ki, Cənubi Qafqaza sülh gəlməlidir. Biz Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul edib torpaqlarımızda yaşamasının tərəfdarıyıq”.

  • “Qalatasaray”-“Beşiktaş” oyununun hakimləri bəlli oldu

    “Qalatasaray”-“Beşiktaş” oyununun hakimləri bəlli olub.

    21 oktyabr şənbə günü RAMS Parkda oynanılacaq Qalatasaray – Beşiktaş derbisini idarə edəcək hakimlərin adları açıqlanıb.

    Belə ki, oyunu hakim Halil Umut Meler idarə edəcək.
    //azxeber.com