Month: October 2023

  • Sərxoş halda evi səhv saldı, 10 aylıq cəza aldı

    Qəbələ rayonunda həmyerlisinin mənzil toxunulmazlığını pozan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə rayonda yerləşən evlərin birində qeydə alınıb.

    Belə ki, Qəbələ sakini, 1991-ci il təvəllüdlü S.Səlimov (şərti) məhkəmədəki ifadəsində bildirib ki, gecə saat 4 radələrində sərxoş halda keçmiş sevgilisinin evinə getmək istəyərkən səhvən başqa qadına məxsus mənzilə daxil olub. O, hasardan adlayaraq evin həyətinə, sonra isə pəncərənin torunu açaraq evə daxil olub.

    S.Səlimov həmin mənzilin yataq otağında ev sahibinin yuxuya getmiş oğlu Muradın (şərti) oyanmasına səbəb olub. Anası ilə birgə yaşayan 14 yaşlı oğlan evdə yad adamın olduğunu görərək qışqırmağa başlayıb. Yanlış ünvana gəldiyini görən 32 yaşlı S.Səlimov ayaqqabısını belə götürmədən oradan qaçıb.

    Hadisədən sonra ev sahibi olan qadın polisə müraciət edib. S.Səlimov barəsində Cinayət Məcəlləsinin 157-ci (mənzil toxunulmazlığını pozma) maddəsi ilə iş açılıb. İşin materialları Qəbələ Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə ana S.Səlimovun onun övladının ağır psixoloji travma almasına səbəb olduğunu deyib və ona ağır cəza verilməsini xahiş edib.

    Qəbələ Rayon Məhkəməsinin hökmü ilə S.Səlimova aylıq qazancının 20 faizi tutulmaqla 10 ay islah işləri cəzası verilib.

  • Külək güclənəcək, temperatur aşağı enəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

    Oktyabrın 17-si səhərdən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Oktyabrın 17-si gündüzdən 20-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan Muxtar Respublikası, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Qərb küləyi oktyabrın 17-si və 19-da 15-20 m/s, arabir 23-25 m/s, 17-də bəzi yerlərdə arabir 28-30 m/s-dək güclənəcək.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 6-8 dərəcə aşağı enəcək.

    Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay və Kürmükçaydan, Oğuz-Qəbələ bölgəsində Göyçay, Dəmiraparançay və Girdimançaydan, Quba-Qusar bölgəsində Vəlvələçay və Qaraçaydan, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsində Əsrikçay, Gəncəçay və Qabırrıçaydan, Qarabağ və Şərqi Zəngəzur bölgəsində Gorançay, Quruçay və Köndələnçaydan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • Bakıda qadın müğənni başı kəsilərək qətlə yetirilib, əri saxlanılıb – FOTO

    Bakıda qətlə yetirilən Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş.

    O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.

    Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.

    Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov Y.Nərimanın başını kəsərək küçəyə atıb.

    A.Həşimov daha sonra polisə gedərək könüllü təslim olub./Report

  • Azərbaycanda lokomotiv avtomobillə toqquşub

    Bu gün saat 13:10-da “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus lokomotiv 21 boş vaqon ilə Sumqayıtçay mənzilində dalan yolda hərəkətdə olarkən qorunmayan dəmiryol keçidini keçməyə cəhd edən dövlət qeydiyyat nişanı 50-EX-375 olan “Opel” markalı avtomobillə toqquşub.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

    Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.
    “ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini azaltmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

    Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir”, – deyə səhmdar cəmiyyəti bəyan edib.

  • Azərbaycandan İsrailə növbəti aviareysin tarixi açıqlanıb

    Azərbaycandan İsrailə növbəti aviareysin tarixi açıqlanıb.

    Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində məlumat verilib.

    Bildirilib ki, İsrailə növbəti uçuş oktyabrın 18-nə gözlənilir.
    Uçuşun detalları ilə bağlı məlumat İsrail Hava Yollarının saytına yerləşdirilib və sərnişinlər bilet ala bilərlər.

  • DYP son bir ildə qaydaları pozmayan sürücüləri mükafatlandırıb

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ərəfəsində il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücüləri mükafatlandırıb.

    “Report” xəbər verir ki, burada məqsəd sürücüləri qayda pozmamağa təşviq etmək və yollarda insanların təhlükəsizliyini təmin etməkdir.

    Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru polis kapitanı Toğrul Nəsirli bildirib ki, bir ilə yaxındır nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib. Həmin yolun üzərində 15 min ağacın əkilməsi nəzərdə tutulur.

  • Bakıda kişi tanışı olan qadını hotelin pəncərəsindən atdı – MƏHKƏMƏ

    Bakıda tanışını qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.

    Belə ki, bu ilin fevralın 16-da 1997-ci il təvəllüdlü Sücayət İbrahimovanın paytaxtın Nəsimi rayonunda yerləşən hotellərdən birinin pəncərəsindən yıxılaraq xəsarət alması faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

    İstintaqla 1995-ci il təvəllüdlü Şükür Qənbərovun qeyd edilən tarixdə aralarında yaranmış mübahisə zamanı Sücayət İbrahimovanı döyməsi, daha sonra onu öldürmək niyyəti ilə hotelin altıncı mərtəbəsində yerləşən otağın pəncərəsindən aşağı ataraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Şükür Qənbərova Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Землетрясение магнитудой 5 произошло возле Камчатки

    Землетрясение магнитудой 5 произошло сегодня в Тихом океане возле восточного побережья Камчатки (Российская Федераци).

    Об этом сообщает пресс-служба краевого Главного управления МЧС со ссылкой на региональный филиал Единой Геофизической службы (ЕГС) Российской академии наук.

    “Вечером 16 октября (разница с бакинским временем составляет 8 часов – ред.) в акватории Тихого океана зарегистрировано ощущаемое сейсмособытие. Эпицентр землетрясения магнитудой 5 находился в 125 км северо-восточнее Петропавловск-Камчатского городского округа на глубине 59 км”, – говорится в сообщении.

    Как сообщили в филиале ЕГС, сейсмическое событие ощутили в городах Петропавловск-Камчатский, Елизов и Вилючинск силой до двух-трех баллов. Тревога цунами не объявлялась, никто не пострадал, разрушений нет.

    Источник: “Интерфакс” (Россия)

  • Kamçatka yaxınlığında güclü zəlzələ baş verib

    Sakit Okeanda Rusiyanın Kamçatka vilayətinin şərq sahilləri yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib.

    Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhər dairəsindən 125 km şimal-şərqdə, 59 km dərinlikdə olub.

    Qeyd edək ki, seysmik hadisə Petropavlovsk-Kamçatski, Yelizovo və Vilyuçinskdə 2,0-3,0 bal gücündə hiss olunub.

    Mənbə: interfax

  • Sabahın hava proqnozu açıqlanıb

    Azərbaycanda oktyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz güclü şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 13-16 dərəcə isti, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

    Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaq.