Month: October 2023

  • Ağdam və Cəbrayıldakı sənaye parklarında dəmiryol infrastrukturu yaradılacaq

    Ağdam və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının ərazilərində dəmiryol infrastrukturu yaradılacaq.

    “Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, bununla bağlı layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

    Xatırladaq ki, indiyə qədər Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, altı qeyri-rezidenti var. Bu investorlar parka 176 milyon manatdan çox pul qoymağı, 1 600-dən çox daimi iş yeri yaratmağı planlaşdırır. Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir.

    200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına isə 10 milyon manata yaxın investisiya yatırılıb. Parkın beş rezidenti, bir qeyri-rezidenti var. Bu investorlar parka 33 milyon manata yaxın pul qoymaq, 420-dən çox daimi iş yeri yaratmaq istəyirlər. Rezidentlərdən biri – “Avto Lizinq Azərbaycan” MMC artıq fəaliyyətə başlayıb.

  • “Dəmir yumruq” abidəsi Xankəndiyə aparıldı – VİDEO

    “Dəmir yumruq” abidəsi Xankəndiyə aparılıb.

    Bu barədə görüntülər İTV-də yayımlanıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Zelenskilərin hərraca qoyulan mənzili satılıb

    Zelenskilərin hərraca qoyulan mənzili 44,3 milyon rubla (809 067 AZN) satılıb.

    Məlumata görə, həmin mənzil Krımda yerləşir.

    Qeyd edək ki, mayın sonunda Krım parlamenti ukraynalı oliqarx və siyasətçilərin aktivlərinin milliləşdirilməsinə səs vermişdi. Bu zəmində Volodimir Zelenskinin həyat yoldaşının Livadiyadakı mənzili hədəfə alınaraq hərraca çıxarılmışdı.

    Mənbə: Ura.ru

  • Bayram günləri qatarlar bu qrafiklə hərəkət edəcək

    Bayram günləri ilə əlaqədar 8-12 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarları qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

    Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib. Bildirilib ki, qatarlar noyabrın 4-də isə iş gününün qrafikinə uyğun işləyəcək.

    Hərəkət cədvəli ilə tanış olmaq üçün linkə daxil ola bilərsiniz.

  • Bakıda içki satışı obyekti ilə bağlı protokol tərtib edilib, bəzi məhsulların satışı dayandırılıb

    Bakıda fəaliyyət göstərən alkoqollu və alkoqolsuz içkilərin satışı obyektində yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 44 ünvanında yerləşən, fiziki şəxs Xəyyam Məhəmməd oğlu Mahmudova məxsus alkoqollu və alkoqolsuz içkilərin topdan və pərakəndə satışı obyektində agentlik əməkdaşları tərəfindən keçirilən planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

    Ticarət obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, anbar sahəsində hər biri 300 ml olan “Doğan Ay” əmtəə nişanlı 17 ədəd acılı və 8 ədəd acısız şalğam suyunun etiketlənməsində Azərbaycan dilində məlumatların olmadığı, məhsulların saxlanma şəraitinə əməl edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Azərbaycan dilində etiket məlumatları olmayan məhsulların satışı dayandırılıb, obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

  • “Muğan Bank”ın kreditorları onlayn qaydada qeydiyyatdan keçə biləcəklər

    Ləğv prosesində olan “Muğan Bank” ASC-nin kreditorları artıq Kreditorların Elektron Portalı vasitəsilə tələblərini onlayn qaydada qeydiyyatdan keçirə biləcəklər.

    Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, ləğv prosesində olan “Muğan Bank” ASC-nin kreditorları axtarış sistemində public.adif.az yazaraq portala “ASAN Login”dən istifadə etməklə daxil ola bilərlər. Portala daxil olan hər bir istifadəçi ləğv prosesində olan “Muğan Bank” ASC-nin “Kreditor qeydiyyatı” bölməsinə daxil olub əlavə olunacaq sənəd və məlumat xanalarını düzgün şəkildə doldurduqdan sonra tələbinin qeydiyyatını tamamlaya bilər. Tələbin qeydiyyatı tamamlandıqdan sonra tələbini qeydiyyatdan keçirən şəxsin mobil telefon nömrəsinə tələbin qeydiyyatının statusu haqqında məlumatı əks etdirən sms daxil olacaq. Habelə tələbin qeydiyyatının statusu barədə məlumat portalın “Sorğularım” bölməsinə daxil olmaqla da əldə edilə bilər. Kreditorlar həftənin 7 günü, günün 24 saatı, heç yerə getmədən, vaxtlarına qənaət edərək onlayn qaydada portala daxil olub ləğv prosesində olan banka qarşı tələblərini qeydiyyatdan keçirə bilərlər.

    “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.

    Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu bankların ləğv prosesini şəffaf şəkildə həyata keçirmək, ləğv prosesində olan bankların kreditorlarını vaxtında məlumatlandırmaq, kreditorlarla əlaqələri genişləndirmək, habelə onların maraqlarını qorumaq məqsədilə daha öncə Kreditorların Elektron Portalını ərsəyə gətirib və ictimaiyyətə təqdim edib.

    Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib, iflas proseduruna başlanılıb və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunub. 27 oktyabr 2023-cü il tarixdən etibarən ləğv prosesində olan “Muğan Bank” ASC-yə qarşı tələblərin yazılı şəkildə qeydə alınmasına başlanılıb.

    Ləğv prosesində olan “Muğan Bank” ASC-nin kreditorlarından 25 dekabr 2023-cü il tarixədək tələblərini Kreditorların Elektron Portalından istifadə etməklə və ya bankın aşağıda qeyd edilmiş ünvanda yerləşən baş ofisinə yaxınlaşmaqla qeydiyyatdan keçirmələri xahiş olunur.

    Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, 21B.

    Əlaqə: (+994) 941.

  • İsrail ordusu Qəzza zolağında HƏMAS-ın yüksək rütbəli şəxslərini öldürdü

    İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS radikal hərəkatının dörd nümayəndəsini öldürüb.

    Bu barədə İsrail Müdafiə Qüvvələri mətbuat xidmətinin “Telegram” kanalında dərc olunan məlumatda bildirilib.

    “Son bir neçə saat ərzində İsrail Müdafiə Qüvvələri hərbçiləri HƏMAS-ın dörd yüksək rütbəli silahlısını məhv edib. Onların arasında HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin mərkəzi bölməsinin komandanı Cəmil Baba və tank əleyhinə bölməyə rəhbərlik edən Məhəmməd əs-Səfadi var.

    Həmçinin HƏMAS tank əleyhinə bölməsində xidmət edən Mumin əl-Hicazi və silahlıların texniki-istehsalat şöbəsində yüksək vəzifə tutan Məhəmməd Avadallah zərərsizləşdirilib”, – deyə qeyd edilib.

    Mənbə: TASS

  • Azərbaycanda tələbələrin sayı 20 min artacaq

    Azərbaycanda ali təhsil alanların sayı 20 min nəfər artacaq.

    “Trend”in məlumatına görə, bu barədə 2024-2027-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının əsas prioritetlərində deyilir.

    Qeyd edilib ki, gəlirindən asılı olmayaraq, bütün ailələrin övladları üçün təhsilə əlçatanlıq təmin olunacaq. Ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq.

    Bununla yanaşı, ali təhsilin keyfiyyəti artırılacaq və beynəlxalq rəqabətliliyi təmin olunacaq. Rəqabətli maliyyələşmə və idarəetmə mexanizmləri yaradılacaq.

    Qeyd edək ki, hazırda Azərbaycanda ali təhsil müəssisələrində 205 mindən artıq tələbə təhsil alır.

  • “Qızıl top”un sahibi bu gün elan olunacaq

    Bu gün oktyabrın 30-da Parisdə, “Şatelet” teatrında “France Football” jurnalı tərəfindən 2022-ci il üçün dünyanın ən yaxşı futbolçusuna “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçiriləcək.

    Qeyd edək ki, Fransa nəşrinin mükafatı futbol dünyasının ən nüfuzlu mükafatı hesab olunur. Mükafat ilk dəfə 1956-cı ildə təqdim edilib.

    Milli komandaların kapitanları və məşqçiləri, idman jurnalistləri planetin ən yaxşı oyunçusuna səs verirlər. Hazırda “Qızıl top” mükafatları 4 kateqoriya üzrə təqdim olunur: ən yaxşı kişi oyunçuya, ən yaxşı qadın oyunçuya, 21 yaşa qədər ən yaxşı oyunçuya və ən yaxşı qapıçıya.

    Mənbə: olympics.com

  • Qəzzadakı Türkiyə xəstəxanası aviazərbələrlə vuruldu

    Qəzza şəhərinin cənubunda yerləşən türklərə məxsus xəstəxana hava hücumuna məruz qalıb.

    Məlumata görə, hava hücumunu xəstəxanaya İsrail Silahlı Qüvvələri edib.

    Qeyd edək ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Mənbə: TASS