Month: October 2023

  • İsrail MN: “Qəzzada əməliyyatın yeni mərhələsi başladı”

    “İsrail ordusu Qəzza zolağında əməliyyatın birinci mərhələsini tamamlayıb və növbəti əmrlərə qədər davam edəcək yeni mərhələnin icrasına başlayıb”

    Bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkənin hərbi rəhbərliyi ilə vəziyyəti qiymətləndirmək üçün keçirilən görüşdən sonra bildirib.

    “Müharibənin birinci mərhələsini keçdik. Bu gecə Qəzzada yer silkələndi. Yerdən və havadan zərbələr endirdik, bütün səviyyələrdə, hər yerdə terrorçulara hücum etdik. Ordu üçün göstərişlər aydındır: Yeni sərəncam olana qədər hərəkat davam edəcək”, – nazir bildirib.

    Mənbə: TASS

  • Naxçıvan MR DİN-in əməkdaşları atış təlimində iştirak ediblər

    Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşları atış təlimində iştirak ediblər.

    Polis əməkdaşları təlim mərkəzində odlu silahla davranış qaydalarından və silahdan istifadə zamanı təhlükəsizliklə bağlı biliklərini təkmilləşdiriblər.

    Təlimdə qanunvericiliyin tələbinə uyğun olaraq xidməti silahın tətbiqi ilə bağlı əməkdaşlara məlumat verilib.

  • DİN: “Gəncədə məktəbliyə qadının narkotik maddə vurması ilə bağlı iddialar əsassızdır”

    “Bəzi sosial şəbəkə səhifələrində Gəncə şəhərində bir məktəbliyə naməlum qadın tərəfindən narkotik maddə vurulması ilə bağlı yayılan iddialarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb”.

    Bunu oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

    Onun sözlərinə görə, həmin məktəbli və valideyni müəyyən olunub:

    “Araşdırmalarla müəyyən edilib ki, həmin səs yazısındakı iddialar tam əsassızdır. Məktəbli valideyn nəzarətində sorğulara cavabında bildirib ki, o, məktəbdən geri qayıdarkən bir nəfər yaşlı qadının ona yaxınlaşdığını görüb qorxub.

    Bununla yanaşı, müvafiq ekspertiza təyin olunub və ekspertiza rəyinə əsasən də onda hər hansı narkotik vasitə qalıqları aşkarlanmayıb. Qeyd olunanları nəzərə alaraq iddiaları təkzib edirik”.

    Xatırladaq ki, sosial şəbəkələrdə Gəncə şəhərində bir məktəbliyə naməlum qadın tərəfindən narkotik maddə vurulması ilə bağlı məlumatlar yayılıb.

  • Culfada vəzifəli şəxs işdən azad olundu

    Culfa rayon icra hakimiyyəti başçısının müavini işdən azad olunub.

    APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

    Sərəncama əsasən, icra başçısının müavini Vüsal Əziz oğlu Məmmədzadə işdən çıxarılıb.

  • Bakıda dayanacaq qan gölünə çevrildi: “BNA buranı nə vaxt yuyacaq?” – VİDEO

    Bu kadrlar Bakının Tbilisi prospektindəki dayanacaqlardan birində lentə alınıb.

    Videodan aydın olur ki, dayanacaq tamamilə qan içindədir. Görüntünü lentə alan şəxsin sözlərinə görə, yaxınlıqda baş verən avtomobil qəzasında yaralanan şəxsi dayanacağa gətiriblər. Nəticədə oturacaqlar və dayancağın ərazisi qanla göllənib. Hadisənin üstündən iki gün keçməsinə baxmayaraq, dayanacaq təmizlənməyib.

    Videoda qeyd olunur ki, ərazinin təmizliyinə Bakı Nəqliyyat Agentliyi cavabdeh olsa da, oradan guya polisin qan nümunələri götürəcəyi ilə əlaqədar dayanacaqda təmizlik işi aparılmadığı qeyd olunub. Əraflı videomaterialda:
    //bakupost.az

  • XİN Makronun Azərbaycan əleyhinə əsassız və qərəzli iddialarını qətiyyətlə pisləyib

    “Fransa Prezidenti Emmanuel Makronun oktyabrın 27-də Avropa İttifaqı Şurasının Brüsseldə keçirilmiş iclası çərçivəsində Azərbaycana qarşı səsləndirdiyi əsassız və qərəzli iddialarını qətiyyətlə pisləyir və rədd edirik”.

    Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Prezidenti Emmanuel Makronun Avropa İttifaqı Şurasının Brüssel toplantısı çərçivəsində iddialarına dair şərhində əksini tapıb.

    Bildirilib ki, onilliklər ərzində vasitəçi olarkən Azərbaycanın 20%-ə yaxın ərazisinin Ermənistan tərəfindən işğalına göz yuman və ərazilərimizdə separatizmi təşviq edən Fransanın Azərbaycan tərəfini Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid yaratmaqda ittiham etməsi gülünc və qəbuledilməzdir. Fransa heç vaxt uğurlu vasitəçilik səyləri aparmayıb və onun keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə vasitəçiliyi Minsk Qrupu ilə birlikdə başa çatıb. Eynilə beynəlxalq öhdəliklərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın dəfələrlə Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, qondarma erməni rejiminin ləğvinə dair çağırışlarına baxmayaraq, Fransa tərəfi Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir iş görməyib.

    O da qeyd olunub ki, Fransa Ermənistana yalan vədlər vermək əvəzinə, Ermənistana düzgün istiqamət versəydi Azərbaycana qarşı olan təhdidi güc yolu ilə həll etməyə ehtiyac olmazdı və məsələ sülh yolu ilə həll olunardı:

    “Məhz Fransanın iştirak etdiyi vasitəçilik səylərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib.

    Bu xüsusda, Fransanın mövqeyi onun keçmiş müstəmləkə bölgələrindəki mövcud vəziyyətdən dərs almaqdan imtina etdiyini nümayiş etdirir. Bunun əksinə, Fransa inadkarcasına Afrika və digər regionlardakı uğursuzluqlarını bölgəmizə əvvəlcədən uğursuzluğa məhkum olmuş müdaxiləsi ilə kompensasiya etməyə çalışır. Əgər Fransa keçmiş müstəmləkələrindəki kövrək mövcudluğundan irəli gələn məsələləri daha az ağrısız həll etmək istəsə, Azərbaycan bu istiqamətdə vasitəçilik xidmətlərini təqdim edə bilər.

    Fransa bölgəmizdə sülh və sabitliyə mane olan təcavüzkar Ermənistanı dəstəkləmək və silahlandırmaq məqsədi daşıyan məkrli siyasətinə son qoymalıdır”.

  • Azərbaycan gömrükçüləri külli miqdarda gümüş aşkar edib – FOTO

    Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

    Median.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsinin müxtəlif yerlərindən 10 ədəd külçə formasında 999,9 əyarlı, ümumi çəkisi 22,55 kq olan gümüş aşkar edilib.

    Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

  • İlham Əliyev: “Türkiyə dünyada əsas söz sahiblərindən biri olan qüdrətli dövlətdir”

    “İstiqlalına şəhidlərinin canı və qanı bahasına, çox mürəkkəb və ziddiyyətli beynəlxalq vəziyyətdə qovuşan Türkiyə Respublikası yüz il sonra qlobal siyasi xəritədə mühüm mövqeyə malik, dünyada əsas söz sahiblərindən biri olan, hər cəhətdən güclü və qüdrətli dövlətdir”.

    AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanlandığı təbrik məktubunda yer alıb.

    Dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib:

    “Atatürkün əmanəti olan qardaş Türkiyənin son iyirmi ildə inkişaf tempi, dünya çapında ən öndə duran ordudan tutmuş yüksək texnologiya və innovasiyalara qədər bütün sahələrdə əldə etdiyi möhtəşəm nailiyyətləri, beynəlxalq aləmdə qazandığı etibarı və yüksək nüfuzu Sizin sarsılmaz iradənizin, yorulmaz fəaliyyətinizin və qətiyyətlə həyata keçirdiyiniz müdrik siyasətinizin nəticəsidir. Sizin əzmlə yürütdüyünüz strateji inkişaf xəttinə xalqınızın birmənalı dəstəyi, Sizə olan sonsuz inam və etimadı Türkiyənin gələcək uğurlarını və nailiyyətlərini təmin edəcək ən mühüm amillərdir”.

    Gündən-günə güclənən, ən qabaqcıl dövlətlərlə bir sırada layiqli yerini tutan müasir Türkiyəni görməkdən qardaş ölkə olaraq böyük qürur və fərəh hissi duyduğumuzu vurğulayan Azərbaycan Prezidenti bildirib:

    “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı xalqlarımızın qardaşlığını, birliyini, həmrəyliyini ifadə etməklə yanaşı, ikitərəfli münasibətlərimizin əsl mahiyyətini əks etdirir. Fəxrlə qeyd etmək istəyirəm ki, bu fəlsəfənin sübutu olaraq hazırda Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr və müttəfiqlərdir”.

  • Xaricdəki azərbaycanlıların repatriasiyası QAYDALARI təsdiq olundu

    Prezident İlham Əliyev “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

    “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları” ilə bu linkdən tanış olmaq mümkündür.

  • Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

    Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

    Bu barədə President.az xəbər verir.

    Məktubda deyilir:

    “Hörmətli cənab Prezident, əziz qardaşım, əlamətdar tarix – Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

    Bir əsr bundan əvvəl türk dünyasının böyük oğlu, mahir sərkərdə və dahi lider Qazi Mustafa Kamal Atatürk Türkiyə xalqını vahid bir ideal ətrafında birləşdirməyə müvəffəq olmuş, özünün ən möhtəşəm əsəri olan Türkiyə Respublikasını qurmaqla istiqlal mübarizəsini uğurla sona çatdırmışdı. Bu müstəsna gündə ulu öndər Atatürkün, onun silahdaşlarının və qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

    İstiqlalına şəhidlərinin canı və qanı bahasına, çox mürəkkəb və ziddiyyətli beynəlxalq vəziyyətdə qovuşan Türkiyə Respublikası yüz il sonra qlobal siyasi xəritədə mühüm mövqeyə malik, dünyada əsas söz sahiblərindən biri olan, hər cəhətdən güclü və qüdrətli dövlətdir. Atatürkün əmanəti olan qardaş Türkiyənin son iyirmi ildə inkişaf tempi, dünya çapında ən öndə duran ordudan tutmuş yüksək texnologiya və innovasiyalara qədər bütün sahələrdə əldə etdiyi möhtəşəm nailiyyətləri, beynəlxalq aləmdə qazandığı etibarı və yüksək nüfuzu Sizin sarsılmaz iradənizin, yorulmaz fəaliyyətinizin və qətiyyətlə həyata keçirdiyiniz müdrik siyasətinizin nəticəsidir. Sizin əzmlə yürütdüyünüz strateji inkişaf xəttinə xalqınızın birmənalı dəstəyi, Sizə olan sonsuz inam və etimadı Türkiyənin gələcək uğurlarını və nailiyyətlərini təmin edəcək ən mühüm amillərdir.

    Gündən-günə güclənən, ən qabaqcıl dövlətlərlə bir sırada layiqli yerini tutan müasir Türkiyəni görməkdən qardaş ölkə olaraq böyük qürur və fərəh hissi duyuruq. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı xalqlarımızın qardaşlığını, birliyini, həmrəyliyini ifadə etməklə yanaşı, ikitərəfli münasibətlərimizin əsl mahiyyətini əks etdirir. Fəxrlə qeyd etmək istəyirəm ki, bu fəlsəfənin sübutu olaraq hazırda Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr və müttəfiqlərdir.

    Tarixən olduğu kimi, xalqlarımız bu gün də bir-birinin yanındadır, sevincini də, kədərini də birgə yaşayırlar. Azərbaycan xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Siz başda olmaqla qardaş Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə, ərazi bütövlüyünə göstərdiyi birmənalı siyasi dəstəyini və qətiyyətli mövqeyini heç zaman unutmayacaq.

    Biz Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrini bundan sonra da bütün sahələrdə gücləndirmək əzmindəyik. Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər kimi sarsılmaz təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz həm də bölgədə sabitliyin, əmin-amanlığın, inkişafın və təhlükəsizliyin zaminidir.

    Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə qardaşlığını və birliyini əbədiyyətədək yaşatmaq və daha da möhkəmləndirmək, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli missiyamızı bundan sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik.

    Bu tarixi gündə Sizin və qardaş Türkiyə xalqının sevincinə qoşulur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Türkiyə Respublikasına daim rifah, firavanlıq və yüksəliş arzulayıram”.