Month: Oktyabr 2023

  • Uşağın peşə seçiminə valideynlər necə kömək etməlidirlər?

    Yeniyetmə üçün öz müqəddəratını təyinetmə dövrü – çox çətin zamandır, çünki uşaq öz taleyini təhlil edir və düşünür.

    Bu barədə rusiyalı yeniyetmə və ailə psixoloqu İrina Qrişina valideynlərin yeniyetmənin gələcək peşəsini seçməsinə necə kömək edə biləcəyi barədə danışarkən bildirib.

    Onun sözlərinə görə, valideynlər övladını peşə seçməyə həvəsləndirməyə çalışarkən həm ona kömək edə, həm də əksinə, həvəsdən sala bilər.

    Mütəxəssis bildirib ki, uşağın peşə seçimi prosesində iştirakını təşviq etmək üçün valideyn həm xarici, həm də daxili motivasiyanın inkişafı üçün şərait yaratmalıdır.

    “İlk növbədə, yeniyetmənin müstəqilliyini tanımaq, ardınca isə onu inkişaf etdirmək vacibdir. Bunun üçün ona yaş keçdikcə ailədə və öz həyatını planlaşdırmaqda rolunun necə dəyişdiyi izah edilməlidir. Valideynlərin ona özü üçün seçim etmək imkanı verməsi vacibdir, bu zaman manipulyasiyadan çəkinilməlidir. Valideyn dəstəkləyici mövqe tutsa, o, bir çox mənfi nəticələrdən – uşaq üçün maraqlı olmayacaq təhsil, bu təhsilə və repetitorlara faydasız maliyyə xərcləri, uşaq tərəfindən məzəmmət və təhqirlərdən qaça biləcək”, – deyə psixoloq bildirib.

    İ.Qrişina həmçinin yeniyetməyə müxtəlif peşələrin nümayəndələri ilə tanış etmək və ya praktik təcrübə qazanmağa təşviq etməklə kömək etməyin mümkün olduğunu bildirib.

    Mənbə: Gazeta.ru

  • Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını heçə saydı – VİDEO

    Paytaxtda sərnişindaşıma ilə məşğul olan avtobuslardan birində təhlükəli hal qeydə alınıb.

    Bunun əks olunduğu video Baku.ws-in qaynar xəttinə göndərilib.

    Sabunçu rayonu, Ramana qəsəbəsi və 8-ci kilometr bazarı istiqamətində hərəkət edən 214 nömrəli müntəzəm marşrut avtobusunun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb. O, avtobusu qapısı açıq vəziyyətdə idarə edib. Sərnişinlər də avtobusun qapısından sallanıblar.

    Sözügedən görüntüləri təqdim edirik:

  • Qazaxıstanda mədən qəzasında ölənlərin sayı artdı

    Qazaxıstanın Karaqanda vilayətindəki Kostenko mədənində axtarış-xilasetmə əməliyyatları ilə sonuncu şaxtaçının cəsədi çıxarılıb. Oktyabrın 28-nə keçən gecə baş vermiş qəza nəticəsində 46 şaxtaçı həlak olub.

    Bu barədə Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şariphanov hökumətin iclasında məlumat verib.

    Qeyd edildiyi kimi, bu günə kimi ölənlərdən 40-nın şəxsiyyəti müəyyən edilib. Altı nəfərin kimliyi açıqlanmayıb. Onları müəyyən etmək üçün lazımi müayinələr aparılır və DNT analizinə də ehtiyac olacaq.

    Mənbə: vesti.ru

  • Qəzza zolağının şimal rayonlarından minlərlə sakin təxliyə edildi

    Ən azı 800 min dinc sakin Qəzza zolağının şimal rayonlarını tərk edib.

    Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Conatan Konrikus brifinq zamanı məlumat verib.

    “800 mindən çox fələstinlinin əsas döyüş zonasının yerləşdiyi şimal hissəsindən təxliyə edildiyini görməyə şadıq”, – deyə o bildirib.

    Mənbə: TASS

  • Avtomobillər toqquşdu, söyüş söyüldü, məktəbin yaxınlığında qan töküldü

    Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nahid Qədirovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilib.

    İttihama görə, hadisə 28 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndinin inzibati ərazisində yerləşən Yeni Qızılca kənd tam orta məktəbin yaxınlığında qeydə alınıb. Belə ki, Nahid Qədirov tanışının idarə etdiyi “ZAZ Tavriya” markalı avtomobilində sərnişin qismində olduğu zaman həmin nəqliyyat vasitəsi digər şəxsin idarə etdiyi QAZ-3110 avtomobili ilə toqquşub. Həmin şəxslərin arasında qəzanın maddi xərclərinin bölüşdürülməsi səbəbindən mübahisə yaranıb.

    Narazılığı aradan qaldırılması məqsədilə hadisə yerinə təqsirləndirilən şəxsin tanışı, zərərçəkmiş Samir Fətəliyev (şərti) gəlib. Mübahisə zamanı zərərçəkmiş şəxs onların ünvanına nalayiq söyüşlər söyüb. Daha sonra Nahid həmin gün saat 23 radələrində Yeni Qızılca kənd tam orta məktəbin yaxınlığında Samirlə görüş təyin edib. Görüş zaman onların arasında mübahisə baş verib. Nəticədə o, özü ilə götürdüyü bıçaqla Samirin sol bazu və qarın nahiyəsinə 3 dəfə qəsdən zərbə vuraraq, ona xəsarətlər yetirib.//pravda.az

  • Tacikistanda silsilə zəlzələlər baş verib

    Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində silsilə zəlzələlər baş verib.

    Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Respublika Mərkəzinin alimləri məlumat veriblər.

    İdarədən verilən məlumata görə, zəlzələlər Murqab rayonunda qeydə alınıb.

    Yerli vaxtla 01:26 və 01:46-da (Bakı vaxtı ilə 00:26 və 00:46 – red.) 3,8 və 4,7 bal gücündə yeraltı təkanlar baş verib. Daha sonra saat 05:40-da (Bakı vaxtı ilə 04:40 – red.) yenidən 4,2 bal gücündə təkanlar qeydə alınıb.

    Zəlzələlərin ocağı 100 km dərinlikdə yerləşib.

    Respublikanın Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi insan itkisi və dəymiş maddi ziyanla bağlı hələlik açıqlama verməyib.

    Mənbə: Sputnik Tacikistan

  • ADPU-nun professoru vəfat edib – FOTO

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin professoru, filologiya elmləri doktoru Kamil Bəşirov vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, professor Kamil Bəşirov 68 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

    Qeyd edək ki, Kamil Bəşirov 1955-ci ildə Yevlax rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (APİ) Filologiya fakültəsini bitirib. 1982-ci ildən APİ-nin (indiki ADPU) iki nömrəli korpusunda tədris üzrə dispetçer, 1990-cı ildən laborant, müəllim, baş müəllim, dosent vəzifələrini tutub. Yeddi kitabın, 100-dən artıq elmi məqalənin müəllifi olub.

  • Sumqayıtda evə silahlı basqın edən şəxslə bağlı DAHA BİR FAKT

    Sumqayıtda evə silahlı basqın edərək 2 nəfəri öldürüb, 4 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin üzərində məhkumluğu olub.

    Median.Az APA-ya istinadən bildirir ki, 02.06.2023-cü ildə Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Müşfiq Tağıyevə azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq tətbiq olunub.

    Bundan əlavə, Müşfiq Tağıyev 22.07.2022-ci ildə Yaşıldərə bağlar ərazisində qonşusu Əli Məmmədovla su borusu üstündə dava edib və qonşusuna xəsarət yetirib. Faktla bağlı inzibati icraat başlanılıb. O, Sumqayıt şəhər məhkəməsinin müvafiq qərarı ilə 150 manat civarında cərimə olunub. Verilən müddətdə cəriməni ödəmədiyi üçün yenidən məhkəməyə çağırılaraq 19.10.2023-cü il tarixdə keçirilən açıq iclasda cəzası dəyişdirilərək 160 saat islah işləri ilə əvəz olunub.

    Xatırladaq ki, okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.
    Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.

  • Azərbaycanda son bir həftə ərzində 95 nəfər COVID-19-a yoluxub

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (23.10.2023-29.10.2023) 95 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan üç nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 834 050 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 588 nəfər müalicə olunaraq sağalıb, 10 356 nəfər vəfat edib, aktiv xəstə sayı 106 nəfərdir.

    Ölkədə son həftə ərzində 3 475, hazırkı dövrədək isə 7 703 250 test aparılıb.

  • İsrail Qəzzada atəşkəsdən imtina edib

    “İsrail Qəzzada atəşkəsə razı olmayacaq”.

    Bunu ölkənin Baş naziri Benyamin Netanyahu bəyan edib.

    O, qeyd edib ki, İsrail Qəzzadakı mülki insanları qorumağa çalışır, lakin HƏMAS onların təhlükəsiz əraziyə getməsinə mane olur.

    Mənbə: TASS