Month: Oktyabr 2023

  • Türkiyədə dəhşət: Çimərlikdə parçalanmış qadın cəsədi tapıldı – FOTO

    Türkiyənin Antalya şəhərinin Muratpaşa rayonunda qayaların dənizlə birləşdiyi ərazidə meyit tapılıb.

    Qayalıq ərazidə hərəkətsiz vəziyyətdə uzanan şəxsi vətəndaşlar görərək polisə məlumat veriblər.

    Hadisə yerinə polis və xilasetmə qrupları cəlb edilib. Cəsədin qadına məxsus olduğu məlum olub. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi, ölüm səbəbinin araşdırılması üçün Antalya Ədliyyə Tibb Qurumu morquna göndərilib.

    Bundan başqa, Muğla şəhərinin Bodrum rayonunda da sahildə meyit tapılıb.

    Gəzintiyə çıxan vətəndaşlar günorta saatlarında dəniz sahilində hərəkətsiz uzanan adam görüblər. Hadisə yerinə gələn polis qrupları beldən yuxarısı olmayan qadın cəsədi aşkar edib. Cəsəd Muğla Ədliyyə Tibb Qurumu morquna göndərilib.

    Bir mühacirə aid olduğu ehtimal edilən cəsədin şəxsiyyətinin müəyyən edilməsi üçün araşdırma başladılıb.


    Mənbə: Haber Global

  • Xəstəxanalarda “Randevu” sistemi olacaq

    Xəstəxanalarda “Randevu” sistemi olacaq.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova “Medinex” sərgisinin mətbuat konfransı zamanı deyib.

    “Bu sistem test mərhələsindədir. Sərgidə sistemlə bağlı geniş məlumat veriləcək”,- deyə o bildirib.

    Qeyd edək ki, Azərbaycanda “Medinex” – 2023″ sərgisi çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Tibbi İnnovasiyalar Forumu keçiriləcək. Sərgi çərçivəsində həmçinin gözəllik sektoruna aid şirkətlərin iştirakı “Beauty Azerbaijan” adı altında təşkil olunacaq. Sərgilərə, ümumilikdə, 14 ölkədən 100 şirkət qatılacaq. “Medinex” sərgisi yenidən sənaye mütəxəssislərinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar mübadiləsi aparmaq və sərfəli müqavilələr bağlamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayacaq.

  • Beynəlxalq axtarışda olan dörd nəfər Azərbaycana ekstradisiya edildi

    Beynəlxalq axtarışa verilmiş dörd nəfərin Rusiyadan ölkəmizə ekstradisiyası təmin edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının dörd vətəndaşı – Həbib Kaltayev, Məhərrəm Miriyev, Rəşad Tağıyev və Cəmşid Bədirzadənin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Həbib Kaltayevin dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə, eləcə də bu məqsədlə keçirilən döyüş təlimlərində iştirak etmə, Məhərrəm Miriyevin xuliqanlıq, Rəşad Tağıyev və Cəmşid Bədirzadənin isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa veriliblər.

    Yuxarıda adları göstərilən şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq 30.10.2023-cü il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

  • Azərbaycana 197 xarici qida obyektinin məhsul gətirməsinə icazə verilib

    Azərbaycana 197 xarici qida obyektinin məhsul gətirməsinə icazə verilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, AQTA 15 ölkə üzrə 224 xarici qida obyektində qiymətləndirmə aparılıb. Həmin müəssisələrdən 197-sinin təsdiqlənməsi başa çatdırılıb. 20 obyekt uyğunsuzluqların müəyyən olunmuş müddətdə aradan qaldırılması şərtilə təsdiq edilib. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar qiymətləndirilmiş 3 müəssisənin təsdiqindən imtina olunub. 4 obyektlə bağlı qiymətləndirmə hesabatları isə yekunlaşmaq üzrədir.

    Qiymətləndirilmiş xarici qida obyektləri Rusiya, Belarus, Almaniya, Çin, Ukrayna, İran, Gürcüstan, Polşa və digər ölkələrdə fəaliyyət göstərirlər.

  • “Nə vaxt evlənirəm desə, mən hazıram” – Fədayə Laçın sirləri açdı + FOTO

    “Əslində Azərbaycana qayıtmağıma səbəb toy məclisləri oldu. Bir neçə dəvətdən sonra məcbur olub gəldim. Getməli idim, gördüm ki, dəvətlər artmağa başladı. Rusiyaya qayıdacağam, çünki həm orada toylarım var, həm də orada yaşayıram. İnsanların məni bu cür ürəkdən qarşılamaqları mənə çox xoş oldu. Efirlər də mənim üçün darıxmışdı. Tamaşaçılar yazır ki, efirlərin dadı-duzu, ləzzəti qayıtdı. Mən də o sevgidən ilhamlanıb Bakıya gələn günündən çəkilişlərdəyəm. Öz şəxsi işlərimi kənara qoymuşam. Heç kimlə görüşməmişəm. Dost-tanış, qohum-əqrəba hamısı məndən inciyib. Hələ burdayam, deyə bilirəm ki, sevdiklərimlə arxayın görüşəcəyəm”.


    Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Fədayə Laçın deyib.

    “Ən çox anam, bacılarım üçün darıxmışdım. Rusiyada yaşayan azərbaycanlılar da məni sevirlər, amma buradakı kimi deyil. Heç bilməzdim ki, mənim üçün bu qədər darıxıblar”, – deyə müğənni bildirib.


    Fədayə Laçın oğlu Əlhəmi evləndirmək istəyindən də söz açıb.

    “Mən oğlumu evləndirmək istəyirəm. İstəyərdim də. Amma onun ixtiyarına buraxmışam. O, özü ağıllı oğlandır, deyir ki, bu, elə bir məsələdir ki, gərək yüz ölçüb, bir biçəsən. Əlhəm nə vaxt desə ki, evlənirəm, mən hazıram”, – deyə müğənni bildirib.       


    Fədayə Laçın plastik əməliyyatlara da münasibət bildirib:

    “Bir az artıq çəki aldığım üçün insanlar elə bilirlər ki, üzümə dolğu etdirmişəm. Üzümdə heç nə yoxdur. Arıqlayan kimi yanaqlarım düşür. Kökələn kimi isə əksinə olur. Üz-gözümdə heç nə yoxdur. Ehtiyac da bilmirəm. Nə vaxtsa ehtiyac bilsəm, bəlkə də müraciət edərəm. Plastik cərrahiyyələrdən çox qorxuram. Elə bilirəm ki, həmin prosedurun üstündən illər keçəndən sonra insan peşman olur. Mən də bu peşmanlıqdan qorxuram”, – deyə müğənni bildirib.

    Fədayə Laçın bildirib ki, Moskvada heç bir biznesi yoxdur.

    “Restoranımız daha işləmir. Biz onu oğlum Əlhəm üçün götürmüşdük. Əlhəm də şair adamdır. Biz incəsənət adamıyıq, gördük ki, bizlik deyil. Bir il işlətdik, xoşumuz gəlmədi, istədiyimiz kimi olmadı, ona görə də məsləhət bildik ki, daha çox ziyana düşməmiş restorandan çıxaq. Az ziyanla çıxdıq. Deyirlər ki, Fədayənin bir milyon borcu var, o borc deyil. 1 milyon rubldur. O da bizim pulla 17-20 min manat arası edir. Bu borc deyil, ziyandır, itirdiyimiz puldur. Heç kimə də borcumuz yoxdur. Biznesimiz ancaq toylardır”, – deyə müğənni bildirib.

  • Bağçalarda tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

    Noyabrın 4-də məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayacaq.

    Bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib.

    Ümumilikdə ölkə üzrə 17 imtahan mərkəzində təşkil olunacaq test imtahanlarına 5 038 nəfər namizəd dəvət edilib.

    Namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaqlar.

    Qeyd edək ki, test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılır. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanacaq.

    Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən, məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.

  • Alimlər çay və qəhvədə icazə verilən şəkər miqdarını açıqlayıblar

    Niderlandın “Leyden” Universitetinin alimləri araşdırma aparıblar və müəyyən ediblər ki, çay və qəhvəyə şəkər əlavə etmək orqanizmə heç bir təsir göstərmir.

    Bu barədə oktyabrın əvvəlində “PLOS One” jurnalında dərc olunmuş məqalədə məlumat verilib.

    Müəlliflər içkilərinə müxtəlif miqdarda şəkər əlavə edərək müntəzəm olaraq qəhvə və ya çay içən 3 minə yaxın iştirakçının məlumatlarını təhlil ediblər. Müşahidələrdən əvvəl və sonra mütəxəssislər subyektlərin səhhətini geniş şəkildə müayinə edib, həmçinin bəzi iştirakçıların ölüm səbəblərini də nəzərə alıblar.

    Nəticələr göstərib ki, içkilərə şəkər əlavə etməyin vaxtından əvvəl ölümlə heç bir əlaqəsi yoxdur. Şirin çay və qəhvə içən tədqiqat iştirakçıları, ümumiyyətlə, şəkərdən istifadə etməyənlərlə müqayisədə özlərinin erkən ölüm riskini bir vahid artırıblar və Niderland alimlərinin fikrincə, bu fərq çox kiçikdir.

    Tədqiqat iştirakçıları orta hesabla içkilərinə bir qaşıq şəkər əlavə ediblər ki, bu da təxminən 5 qr təşkil edir. Məhz bu miqdar təhlükəsiz doza hesab edilib. Tədqiqatın müəlliflərinin fikrincə, qazlı içkilər və şirələrin tərkibində təxminən 25 qram şəkər var, buna görə də bu içkilər sağlamlığa mənfi təsir göstərir.

    Mənbə: İzvestiya

  • Vətəndaşların NƏZƏRİNƏ: Azərbaycanın 15 kəndində üç gün qaz olmayacaq

    “Qaz İxrac” İdarəsinə məxsus “Altıağac-Ağsu” magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli magistral qaz kəmərinin birləşdirilməsi ilə bağlı noyabrın 1-dən 3-dək (3 gün müddətində) “Mədrəsə” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, təmir işləri aparılan müddətdə (üç gün) Şamaxı rayonunun Mədrəsə qəsəbəsinin və Adnalı, Kərkənc, Mirikənd, Məlikçobanlı, Çaylı, Qaravəlli, Sabirli, Çarhan, Quşçu, Məlcək, Kələxana, Göylər, Dağ Bağırlı, Nüydü, Yenikənd kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Bakıda qısamüddətli yağış, bölgələrdə leysan, qar gözlənilir – HAVA PROQNOZU

    Azərbaycan ərazisində noyabrın 1-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 13-17, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% olacaq.

    Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

    Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.

  • Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz

    Diş əti xəstəlikləri ürək sağlamlığına mənfi təsir edir.

    Bu barədə ABŞ-nin Sinsinnati Universitetinin alimləri bəyan ediblər.

    Onların sözlərinə görə ağız boşluğuna mənfi münasibət miokard infarktı, aritmiya və ürək çatışmazlığı kimi ciddi ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.

    Həkimlər xüsusilə gingivitin təhlükəsini qeyd ediblər. Onların sözlərinə görə, iltihab zamanı bakterial infeksiya qan axını ilə ürəyə yayıla və ciddi problemlərə səbəb ola bilər.

    Gingivit – diş ətində ağrı, şişlik və qanaxmaya səbəb olan iltihablı xəstəlikdir. İltihabın ən çox yayılmış səbəbi müəyyən bakteriya növləridir.

    Bu xəstəliyin konkret bir növünü müəyyən etmək çətindir. Ancaq adətən diş müayinəsi zamanı aşkar etmək mümkündür. Buna görə, mütəxəssislər vaxtaşırı stomatoloqa müraciət etməyi məsləhət görürlər.

    Mənbə: Gazeta.ru