Month: Oktyabr 2023

  • Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

    Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb.

    Median.Az-ın xəbərinə görə, bununla da Prezident İlham Əliyevin bu ilin avqustun 16-da imzaladığı Sərəncamın icrası təmin edilib.

    Belə ki, oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Oktyabrın 1-dən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edib.

    Qeyd edək ki, sərəncamla 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

    Habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılıblar.

  • Mətbuat Şurası jurnalistlərə xüsusi gödəkçə verilməsini dayandırdı – SƏBƏB

    Mətbuat Şurası (MŞ) “PRESS” gödəkçələrinin verilməsini dayandırıb.

    Bu barədə MŞ-dan məlumat verilib.

    Bildirilib ki, müxtəlif sosial şəbəkə profillərində bəzi şəxslərin Azərbaycan Mətbuat Şurasına məxsus olduğu iddia edilən, üzərində “PRESS” yazılmış və şuranın loqosunun əksini tapdığı gödəkçələrdə media prinsiplərinə zidd fəaliyyət gerçəkləşdirdiklərinə dair fikirlər və görüntülər paylaşılıb. Bununla əlaqədar Mətbuat Şurası həmin gödəkçələrin verilməsini dayandırıb.

    “Qeyd edək ki, gödəkçələr fərdi şəxslərə deyil, möhürlü və imzalı müraciət əsasında redaksiyalara verilirdi. Lakin Şura belə sadə prosedurun media fəaliyyəti həyata keçirdiyini bildirən təsadüfi şəxslərin də gödəkçələri əldə edə bilməsinə yol açdığını müəyyənləşdirdi. Buna görə gödəkçələrin verilməsi dayandırıldı.

    Mətbuat Şurası, həmçinin, “PRESS” gödəkçələrinin bənzərlərinin ayrı-ayrı şəxslər tərəfindən fərdi qaydada hazırlandığını da müəyyənləşdirib. Hazırda yayılmış görüntülərdə bu tip şəxslər əks olunub. Şura bildirir ki, gödəkçələr jurnalistlərin kütləvi aksiyalarda, ümumən ekstremal durumlarda peşə borclarını sərbəst yerinə yetirmələri, fərqlənmələri üçündür və heç bir halda media fəaliyyətindən kənar məqsədlər naminə istifadə edilə bilməz. Jurnalist adından sui-istifadə, təmənnalı münasibət və digər xoşagəlməz hallar “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na zidd olmaqla yanaşı, hüquqi məsuliyyət də yaradır. Mətbuat Şurası hər kəsi bunu nəzərə almağa çağırır.

    “PRESS” gödəkçələrinin yeni variantı və redaksiyalara verilməsi qaydaları hazırlanır. Yaxın vaxtlarda bununla bağlı şərtlərin açıqlanması planlaşdırılır”, – deyə məlumatda bildirilir.

  • Kardioloq insult riskini azaltmağın yolunu açıqladı

    “Gənclərdə insultun səbəbi çox vaxt aşağı fiziki aktivlik və düzgün olmayan qidalanmadır”.

    Bunu rusiyalı kardioloq və gerontoloq, tibb elmləri namizədi Yuri Konev deyib.

    Professor qeyd edib ki, insult riskini azaltmağın əsas yolu dispanserizasiyadır.

    “Rafinə edilmiş qidalara və fastfuda olan aludəçilik qida balansının pozulmasına səbəb olur, bu da öz növbəsində lipid mübadiləsinin pozulmasına gətirib çıxarır. Bu, damarlarda aterosklerotik dəyişikliklərin erkən formalaşması ilə nəticələnə bilər”, – deyə həkim izah edib.

    Bundan əlavə, insulta genetik meyillilik də az rol oynamır. Həmçinin qan təzyiqinə nəzarət etmək də vacibdir.

    Həkim gənc yaşdan başlayaraq düzgün qidalanmağı, fiziki fəaliyyəti unutmamağı və mütəmadi olaraq tibbi müayinədən keçməyi tövsiyə edib.

    “Fiziki parametrləri yoxlamaq, gənc yaşlarda təzyiqi ölçmək, EKQ-yə baxmaq lazımdır”, – deyə həkim bildirib.

    Konevin sözlərinə görə, çox vaxt qan analizi kifayət edir.

    Mütəxəssis gecə normal yatmağın vacibliyini də vurğulayıb. O, melatoninin orqanizmdə yalnız qaranlıqda yuxu zamanı əmələ gəldiyini və onun çatışmazlığının təzyiqin tənzimlənməsinə böyük təsir göstərdiyini izah edib.

    Mənbə: RT

  • Sumqayıtda 17 yaşlı qız qaçırılıb

    Sumqayıt şəhərində 17 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

    “Report”un yerli bürosu məlumat verir ki, Sumqayıt şəhər sakini, 2006-cı il təvəllüdlü Səbinə Telman qızı Azadəliyeva şəhərin 7-8-12-ci məhəllə ərazisindən Müseyib adlı şəxs tərəfindən evlənmək məqsədilə qaçırılıb.

    Faktla bağlı polisə məlumat verilib.

  • Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb – FOTO

    Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, rayon ərazisində “Daewoo” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

    Həmin nəqliyyat vasitəsini idarə edən Ramin Mövsümov narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub. R.Mövsümov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Samux Rayon Məhkəməsinə göndərilib.

    Bundan başqa Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə digər profilaktiki tədbirlər davam etdirilib. Avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdan ibarət olan monitorinq zamanı polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı 25 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.

  • Sumqayıtda 31 yaşlı şəxs qardaşlar tərəfindən bıçaqlanıb

    Sumqayıt şəhərində 31 yaşlı şəxs qardaşlar tərəfindən bıçaqlanıb.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.

    Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Elməddin Şiralı oğlu Ağayev aralarında baş vermiş münaqişə zəminində Yardımlı rayon sakinləri, 1993-cü il təvəllüdlü Xəyyam Qılman oğlu Rəsulov və 1998-ci il təvəllüdlü İsrail Qılman oğlu Rəsulov tərəfindən bıçaqlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Maynts” Fələstini dəstəklədiyi üçün kənarlaşdırılan futbolçunu geri qaytardı

    Almaniya Bundesliqası klubu “Maynts” daha əvvəl Fələstinə dəstək verdiyi üçün cəzalandırılan və komandadan kənarlaşdırılan Ənvər əl-Qazini geri qaytarıb.

    Bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

    Qeyd olunur ki, 28 yaşlı futbolçu klub rəhbərliyinə mövqeyini izah edib və onun yenidən heyətə qaytarılmasına qərar verilib.

    Yeri gəlmişkən, əl-Qazi yalnız cari mövsümün əvvəlindən “Maynts”da çıxış edir.

    Onu da əlavə edək ki, hazırda klub Bundesliqanın autsayderlərindən biridir.

    Mənbə: euro-football.ru

  • Abşeronda 17 yaşlı oğlan itkin düşüb

    Abşeron rayonunda 17 yaşlı oğlan itkin düşüb.

    “Report”un yerli bürosu məlumat verir ki, Sumqayıt şəhər sakini, 2006-cı il təvəllüdlü İlkin Məlik oğlu Mustafazadə Ceyranbatan qəsəbəsində yaşadığı fərdi evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Keçmiş icra başçısı yenidən hakim qarşısında

    Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsindəki cinayət işi üzrə qərardan yenidən apellyasiya şikayəti verilib.

    Median.Az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək proses noyabrın 2-nə təyin edilib.

    Şikayət hakim İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq.

    Xatırladaq ki, sabiq icra başçısı və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunublar.

    Sonradan Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişib. Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib. Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzaları 5 il 10 aya, rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzaları 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib.

    Ali Məhkəmə isə Ceyhun Cəfərovun cəzasını 4 il 6 aya endirib. Bir neçə gün əvvəl isə məhkəmənin qərarı ilə Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.//pravda.az

  • Daşkəsəndə yanacaqdoldurma məntəqəsində partlayış təhlükəsi: FHN hərəkətə keçdi – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisindəki generatorda qısaqapanma nəticəsində qatı tüstülənmənin baş verdiyi və məntəqə üçün təhlükənin yarandığı müəyyən olunub.

    Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində tüstülənmənin qarşısı qısa müddətdə alınaraq böyük fəsadların yaranmasına imkan verilməyib və yanğınsöndürmə məntəqəsi mümkün yanğın-partlayış təhlükəsindən qorunub.