Month: Oktyabr 2023

  • Bakıda 67 yaşlı kişini avtomobil vurub, vəziyyəti ağırdır

    Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Həsənov Ələkbər Tofiq oğlunu vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

    Hadisənin təfərrüatı araşdırılır.
    //report

  • Latviya Rusiya ilə sərhəddə iki keçid məntəqəsini bağlayır

    Latviya hökuməti Rusiya ilə sərhəddə iki keçid məntəqəsini – Vientuli və Pededzeni bağlamaq qərarına gəlib.

    Bu barədə LETA agentliyi məlumat yayıb.

    Qətnamə layihəsini hazırlayan Latviya Daxili İşlər Nazirliyi bildirib ki, Vientuli Latviya-Rusiya sərhədində ən aşağı keçid qabiliyyətinə malik sərhəd nəzarət məntəqəsidir.

    Vurğulanıb ki, Latviya Xarici İşlər Nazirliyi qərarla bağlı Rusiyanı məlumatlandıracaq.

  • Göygöldə ağır yol qəzasında xəsarət alanların sayı 12-yə çatıb

    Göygöldə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, onların arazında azyaşlı da olduğu bildirilir.

    Yaralılar xəstəxanaya yerləşdirilib, hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Vergi orqanları doqquz ayda 31 milyon manat ziyanı büdcəyə ödətdirib

    Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 31 milyon 381,1 min manat ziyanın dövlət büdcəsinə ödətdirilməsini təmin edib.

    Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

    Məlumata görə, 9 ay ərzində Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi vergi ödəməkdən yayınma faktları üzrə 452 cinayət işi başlayıb. Əvvəlki ildən qalıq qalmış işlər də nəzərə alınmaqla, cəmi 119 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, bunlardan 68 cinayət işinin icraatına xitam verilib, 62 nəfər barəsində ittiham elan edilməklə 51 cinayət işi məhkəməyə göndərilib, 6 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    İstintaqı tamamlanmış 68 cinayət işindən 29-u üzrə vergi ödəyicilərinin yayındırdığı vergi ibtidai istintaq zamanı tam ödənildiyindən, Cinayət-Prosessual Məcəlləsinə əsasən müvafiq qərarlar qəbul edilib. Həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla, dövlət büdcəsinə 16 milyon 417,7 min manat vəsait ödənilib.

    Bundan əlavə, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində büdcəyə 4,6 milyon manat vəsait ödətdirilib.

    Hesabat dövründə müxtəlif sahələrdə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 125 vergi ödəyicisində 252 vergi nəzarət tədbiri həyata keçirilib, 99 vergi ödəyicisində 210 nöqsan aşkar edilib. Operativ vergi nəzarəti tədbirləri nəticəsində ümumilikdə 1 milyon 650 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

  • Azərbaycan ərazisi yaxın 4 ildə tamamilə rəqəmsal radioyayımla əhatə olunacaq

    2027-ci ilə qədər Azərbaycanın bütün ərazisinin tamamilə rəqəmsal radio yayımı ilə əhatə olunması gözlənir.

    “Report” xəbər veirr ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı”nda öz əksini tapıb.

    Sənədə əsasən, rəqəmsal radioyayıma keçidlə əlaqədar Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrdə DAB+ standartlı rəqəmsal radionun tətbiqinə başlanılması Azərbaycanda da bu standarta keçidlə əlaqədar müvafiq tədbirlərin görülməsini zəruri edib.

    Sözügedən keçidin məqsədi radioyayım sahəsində rəqəmsallaşmanın təmin olunması, tezlik resurslarından səmərəli istifadə, ölkə ərazisində müasir və daha keyfiyyətli radio yayımının tətbiqi, yeni növ rəqəmsal informasiya xidmətlərinin təşkili, eləcə də efir məkanının təhlükəsizliyinin gücləndirilməsinə nail olmaqdır.

    2019-cu ilin 26 avqust tarixindən etibarən Bakı şəhərində və Abşeron yarımadası ərazisində DAB+ standartında rəqəmsal radionun test yayımı həyata keçirilir.

    Tədbirlər Planının icrası nəticəsində 2026-cı ilə qədərrespublikanın şəhərlərinin və rayon mərkəzlərinin, həmçinin magistral avtomobil yollarının təxminən 70 %-nin, 2027-ci ildə ölkə ərazisinin 99,6 %-nin rəqəmsal radio yayımı ilə əhatə olunması nəzərdə tutulur. Prosesin yekunu olaraq ölkə ərazisində rəqəmsal radio yayımına tam keçid təmin ediləcək.

    Keçid zamanı rəqəmsal radio ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sayı, DAB+ radioqəbuledici qurğuların satışda kifayət qədər olması, həmçinin əhalinin məlumatlılıq səviyyəsi nəzərə alınacaq.

    Eyni zamanda rəqəmsal radio avadanlıqların ölkəyə idxalının təşviq edilməsi və yayımçılara dəstəyin göstərilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

  • 20 günə kökəldən təhlükə: Qeydiyyatdan keçməyən dərman ölkəyə necə daxil olur? – FOTO

    Azərbaycanda dərman bazarı tam olaraq sağlamlaşdırılmayıb. Ölkəyə hələ də qeyri-qanuni idxal olunan və dövlət qeydiyyatından keçməyən dərman, eləcə də qida əlavələri daxil olur. Bu azmış kimi dövlət qeydiyyatından və ekspertizasından keçməyən təhlükəli tərkibli məhsulların sosial şəbəkələrdə kütləvi satışı həyata keçirilir.

    Bizim.media belə bir faktı ortaya çıxarıb.

    “Instagram” platformasında “elen cosmetics” adlı səhifə istifadəçilərə bir çox problemlərlə bağlı alıcılara müxtəlif çeşidli dərman və qida əlavələri təklif edir. Hansı ki, kütləvi şəkildə satdıqları məhsulların çoxu hormonal, yan və zərərli təsirlərə malikdir.

    Qeyd edək ki, dərman vasitələrinin dövlət qeydiyyatı, təkrar qeydiyyatdan keçirilməsi və qeydiyyat dosyesində olan dəyişikliklərin qeydiyyatı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilir. Ekspertizanın keçirilmə qaydaları Nazirlər Kabinetinin 25 dekabr 2020-ci il tarixli 502 nömrəli qərarı ilə tənzimlənir.

    Potensial təhlükə

    Azərbaycan bazarında populyarlıq qazanan və çəki artırmaq üçün nəzərdə tutulan “Samyun Wan” məhsulunu araşdırdıq. Tərkibində “jenşen” olduğu bildirilən dərman əlavəsi ilə nəinki Azərbaycanda, dünyada heç bir dövlətin reyestrində rəsmi şəkildə qeydiyyata alınmayıb.

    Bu məhsulun ölkəyə gətirilməsi ilə bağlı nə Səhiyyə Nazirliyinin İnnovasiya idarəsindən rəy, nə Qida Təhlükəsizliyi Agentliyindən sertifikat, nə də ki başqa bir rəsmi sənəd mövcuddur. Bir sözlə, məhsulla bağlı Azərbaycanın heç bir orqanı tərəfindən rəsmi sənəd verilməyib. Alıcılara 20 gün ərzində nə az, nə çox 8 kq çəki artımı zəmanəti verilir. Maraqlısı da budur ki, həmin müddət ərzində dərman öz effektini verir.

    Bundan əlavə qablaşdırma üzərində göstərilmiş istehsalçı nə İndoneziyada, nə də ki Çində var.

    Yəni məhsulun konkret mənşəyi məlum deyil. Qablaşdırma heç bir inkişaf etmiş ölkənin QOST-larına (dövlət standartları) uyğun deyil. Saxlama şərtlərinin, ştrix-kodların, normativ sənədlərin və bu məhsula görə cavabdeh olan təşkilatlara istinadların olmaması aydın şəkildə göstərir ki, bu qaçaqmalçılıqla gətirilmiş, nədən hazırlandığı məlum olmayan saxta bir məhsuldur.

    Tərkibində gizli komponentlər olan məhsulun tərkibində çox zərərli hormonal dərman olan deksometazonun olması potensial təhlükə yaradır. Hansı ki, deksometazon yalnız ağır və kritik xəstələrə tətbiq edilir.

    Qeyd edək ki, “elen cosmetics” adlı səhifə başqa çeşidli dərman və qida əlavələrinin satışı ilə də məşğuldur.

    Maraqlıdır, dövlət qeydiyyatından və ekspertizasından keçməyən bu cür məhsullar ölkəyə necə daxil olur?

    Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi sözügedən məhsulun dövlət qeydiyyatından və ekspertizasından keçmədiyini təsdiqləyib.

    Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov isə bildirib ki, ölkə ərazisinə kommersiya məqsədləri üçün gətirilən bioloji fəallığa malik qida əlavələrinin gömrük rəsmiləşdirilməsi aidiyyəti dövlət qurumlarının icazə sənədi əsasında həyata keçirilir:

    “Həmin icazə sənədi ilə təmin olunan malların ölkə ərazisinə idxalına icazə verilir. Bioloji fəallığa malik qida əlavələri fiziki şəxslər tərəfindən şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirildikdə isə hər hansı icazə sənədi tələb olunmur”.

    Amma sözügedən məsələdə şəxsi istifadədən söhbət getmir. Eyni zamanda qurumun açıqlamasında konkret məhsula, qanunsuz və kütləvi satışına toxunulmur.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi isə hələ göndərilən sorğunu cavablandırmayıb. Görünən odur ki, dövlət qurumları da qanunsuz dövriyyəsi həyata keçirilən məhsulları araşdırmağa maraqlı deyillər…

    Xatırladaq ki, bu məsələ Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə məsuliyyət yaradır.

    Daha geniş araşdırma aparılarsa, dövlət qeydiyyatından keçməyən digər məhsulların tərkibi və mənşəyi ilə bağlı çox güman ki, bənzər faktlar üzə çıxacaq.

  • Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri oktyabrın 13-də başa çatıb.

    AZƏRTAC xəbər verir ki, Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidentini rəsmi şəxslər yola salıblar.

  • Peskovdan Bakı və İrəvanın danışıqlar platforması üçün təklifə REAKSİYA

    “Moskva Azərbaycan və Ermənistan arasında vəziyyətin həlli üçün çox mühüm vasitəçi olaraq qalır, bu ölkələr arasında danışıqların Rusiya platformasında aparılması məntiqli olardı”.

    Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

    “Siz (Rusiya Prezidenti Vladimir Putinin) sözlərini eşitdiniz, biz öz platformamızı təqdim etməyə hazırıq. Moskva Ermənistanla Azərbaycan arasında vəziyyətin nizamlanmasının yekunlaşdırılması üçün çox vacib vasitəçi olaraq qalır”, – deyə Kreml nümayəndəsi bildirib.

    Xatırladaq ki, bu gün Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir. Tədbirdə Rusiya Prezidenti Vladimir Putin Moskvanın Bakı və İrəvan arasında danışıqları təşkil etməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, dialoq nazirlər səviyyəsində baş tuta bilər.

    Mənbə: TASS

  • Həbs edilən separatçılara ailələri ilə əlaqə saxlamaq imkanı verilib

    Qarabağ bölgəsində törətdikləri cinayətlərə görə Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkəmə qarşısına çıxarılan erməni separatçılarına ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb.

    Bu barədə Ermənistan mətbuatına Milli Assambleyanın “Hayastan” blokundan olan deputatı Qeqam Manukyan məlumat verib.

    Xüsusilə, iki gün əvvəl onun qardaşı, qondarma rejimin keçmiş “müdafiə ordusu komandirinin müavini” general-mayor Davit Manukyan ailə üzvləri ilə qısa telefon danışığı aparıb.

    Həmçinin separatçıların keçmiş “prezidentləri” və “müdafiə naziri” vəzifəsini tutan Leva Mnatsakanyana qohumları ilə ünsiyyət imkanı verilib.

    Qeyd edək ki, dünən separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyanın oğlu atasının ailə ilə əlaqə saxladığını, vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

    Xatırladaq ki, David Manukyan, Leva Mnatsakanyan və Ruben Vardanyandan başqa, Qarabağda separatçılara rəhbərlik edən, hazırda Bakıda həbsdə olan Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan və “parlament sədri” David İşxanyan da Bakıya gətirilib.

  • Bu il Azərbaycanda altı tondan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

    Bu ilin yanvar-sentyabr ayları ərzində hüquq mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8 320 cinayət faktı aşkarlayıb.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

    Qeyd olunub ki, onlardan 2 855-i narkotik vasitələrin qanunsuz satışı, 5 151-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 284-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

    Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 207 kq 543,024 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 840 kq 546,704 qr-nı heroin, 3 ton 566 kq 504,126 qr-nı marixuana, 248 kq 31,811 qr-nı tiryək, 51 kq 583,994 qr-nı həşiş, 750,831 qr-nı kokain, 363 kq 138,333 qr-nı psixotrop maddələr,136 kq 987,225 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 48321 ədəd həb metadon,15102 ədəd çətənə bitkisi, eləcə də 3 kq 197,368 qr, 7703 ədəd kapsul,3308 ədəd həb və 12,95 qr güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən götürülüb.

    Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 416,494 hektar sahədən çəkisi 299 ton 377kq 290,98 qr olan 932 781 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

    Bu ilin yanvar-sentyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 6 ton 207 kq 543,024 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 252 milyon 353 min manat kimi qiymətləndirilir.

    Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6 483 nəfər cəlb edilmiş və həmin şəxslərdən 6 329-u kişi, 154-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 64 nəfəri xarici ölkə vətəndaşlarıdır.

    Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 216 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 727 kq 407,771 qr və 6 150 ədəd həb metadon müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, 89 655 ədəd həb, 7 631 kapsul və 1 kq 517qr güclü təsir edən maddə, 40,682 qr prekursor çıxarılıb.

    Ümumilikdə, aşkar edilmiş cinayətlərin 241-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 903 kq 63,36 qr və 680 ədəd metadon narkotik vasitə və psixotrop maddə 170,3 güclü təsir edən maddə müsadirə edilmişdir.

    2453 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 265 kq 943,86 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

    Təhlil göstərir ki, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 374, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 86, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 135, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 103, digər növ cinayət faktların sayı 50 , qrup halında olan cinayətlərin sayı isə 51 fakt azalmışdır. Qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 6 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 234 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 380 kq 10,249 qr artıb.

    Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 66 711 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1 884 nəfərdən 1 054-nün istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

    Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 9 ay ərzində İİV-ə 717 nəfər yoluxub. Onlardan 691 nəfəri Azərbaycan vətəndaşları, 26 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında 59 nəfəri (8%-i) İnyekson Narkotik İstifadəçiləri olub.