Month: November 2023

  • Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib

    Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.
     
    Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
     
    Bildirilib ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının seçim komissiyası tərəfindən 2024-cü il üzrə namizədliyi irəli sürülən Şuşa şəhərinin “İƏT Gənclər Paytaxtı” seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib.
     
    İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və nazirliyin gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova iştirak ediblər.

  • Azərbaycanda hotel işçiləri qəzaya düşdü: Xəsarət alanlar var

    Şabran rayonunun Pirəbədil kəndi ərazisində hotel işçiləri qəzaya düşüb, 5 nəfər xəsarət alıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, “VAZ-2106” və “Nissan X-Trail” markalı minik avtomobillərinin toqquşması nəticəsində “Şabran Hotel”in işçiləri – 1992-ci il təvəllüdlü Zeynalov Əlisahib Mirzə oğlu, Vəliyev Cəmil Əşrəf oğlu, 2004-cü il təvəllüdlü Sərdarov Elmir Vüsal oğlu, 2007-ci il təvəllüdlü Zeynalov Cavad Həbib oğlu və 1988-ci il təvəllüdlü Haşımov Elxan Pirverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan Premyer Liqasının XIII turunun təyinatları açıqlanıb

    Azərbaycan Premyer Liqasının XIII turunun təyinatları açıqlanıb.

    “Report”un məlumatına görə, turun mərkəzi qarşılaşması hesab olunan “Qarabağ” – “Səbail” matçını Rəvan Həmzəzadə idarə edəcək.

    10 noyabr (cümə)

    19:00. “Araz-Naxçıvan” – “Kəpəz”

    Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev.

    VAR: İnqilab Məmmədov.

    AVAR: Fərid Hacıyev.

    Hakim-inspektor: Zöhrab Qədiyev.

    AFFA nümayəndəsi: Rüfət Əmirov.

    “Dalğa Arena”

    11 noyabr (şənbə)

    16:30. “Neftçi” – “Sumqayıt”

    Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.

    Hakim-inspektor: Ramil Diniyev.

    AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

    “Neftçi Arena”

    19:00. “Turan Tovuz” – “Sabah”

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

    Hakim-inspektor: Rəhim Həsənov.

    AFFA nümayəndəsi: Elgiz Abbasov.

    Tovuz şəhər stadionu

    12 noyabr (bazar)

    16:30. “Zirə” – “Qəbələ”

    Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev.

    Hakim-inspektor: Ceyhun Haşımov.

    AFFA nümayəndəsi: Yavər Rəhimov.

    Zirə İdman Kompleksinin stadionu

    19:00. “Qarabağ” – “Səbail”

    Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu.

    Hakim-inspektor: Orxan Məmmədov.

    AFFA nümayəndəsi: Azər Əsgərov.

    Tofiq Bəhramov adına Respublika stadionu

  • Ceyhun Bayramov Səudiyyə Ərəbistanına səfərə gedib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 10-da Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasında iştirak edəcək.

  • Maştağada evdən 3 000 manatlıq generator və təmir alətləri oğurlanıb

    Bakının Maştağa qəsəbəsində bir evin həyətindən 3 000 manat dəyərində generator və təmir alətləri oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən noyabrın 4-də Maştağa qəsəbəsində bir evin həyətindən 3 000 manat dəyərində generator və təmir alətləri oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini E.Qurbanov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Atatürkün xatirəsi Bakıda anılıb

    Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümü Bakıda anılıb.

    “Report”un xəbərinə görə, Atatürkün abidəsi önündə keçirilən anım mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, qardaş ölkənin dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər.

    Tədbirdə Şimali Kipr Türk Respublikasının (ŞKTR) baş nazirinin müavini, turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu da iştirak edib.

    Əvvəlcə Atatürkün xatirəsi birdəqiqəlik sükutla yad edilib, daha sonra səfirlik binasında Türkiyə bayrağı yarıya qədər endirilib. F.Ataoğlu və C.Bağçı abidə önünə əklil qoyublar.

    Mərasimdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

    C.Bağçı çıxışında Atatürkün işğala, zülmə boyun əyməyərək böyük türk millətini milli istiqlal və azadlıq mübarizəsi ruhunda birləşdirdiyini, Anadolunun azad edilməsinə rəhbərlik etdiyini deyib. Türklərin düşmən işğalına son qoymasından və cümhuriyyətin qurulmasında türk xalqının göstərdiyi şücaətdən bəhs edib.

    Atatürkün müstəqil yaşamaq iradəsinin məzlum xalqların azadlıq və istiqlal mübarizələrinə nümunə olduğunu bildirən səfir əlavə edib ki, Mustafa Kamal Atatürk ülvi hissləri ilə millətinə bağlı, istiqlal, müdafiə və sevgini hər şeydən üstün tutan bənzərsiz bir dövlət xadimidir:

    “Atatürkün ən böyük əsəri olaraq xarakterizə etdiyi cümhuriyyətin 100-cü ildönümünü qeyd etməkdən qürur duyuruq. Bu gün Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında hörmətli, problemləri həll edən, regional və qlobal səviyyədə qlobal ədalətsizliklərə qarşı ədalətin müdafiəçisi olan güclü dövlətdir”.

    Şimali Kipr baş nazirinin müavini Fikri Ataoğlu jurnalistlərə açıqlamasında bildirib ki, bu yaxınlarda Mustafa Kamal Atatürkün qurduğu cümhuriyyətin 100-cü ildönümü qeyd edilib:

    “Cümhuriyyəti daim yaşatmaq türk milləti olaraq borcumuzdur. Atatürkün vəfatının 85-ci ildönümünün Azərbaycanda anılması bütün türk millətinin Atatürkə sədaqətinin göstəricisidir. Atatürkü rəhmət və ehtiramla yad edirəm”.

    Eyni zamanda Türkiyənin Azərbaycandakı səfirliyində azərbaycanlı rəssam Ramil Əhmədovun Atatürklə bağlı rəsm sərgisi və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş fotosərgi də keçirilib.

  • Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb

    Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.

    “Report”un yerli bürosu xəbər verir ki, anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya abidə önünə gül çələngi qoyub.

    Tədbirdə dövlət nümayəndələri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

    Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib.

  • Ərdoğan: “Avropa İttifaqı Türkiyənin qapısını çox döyəcək”

    “Avropa İttifaqı Türkiyənin qapısını çox döyəcək”.

    “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Ali Mədəniyyət, Dil və Tarix Qurumunun Beştəpə Millət Konqresi və Mədəniyyət Mərkəzində təşkil etdiyi Mustafa Kamal Atatürkü anma tədbirindəki çıxışında bildirib.

    Onun sözlərinə görə, Türkiyə onlarla hücumun qarşısını almış bir ölkədir: “Gələcəyimizi, müstəqilliyimizi hədəfə alan daxili və xarici ssenariləri, çirkin ittifaqları bir-bir üzə çıxardıq”.

    Ərdoğan deyib ki, ölkənin əsas infrastruktur ehtiyaclarını ödəyiblər: “Biz hər sahədə çox yaxşı səviyyədəyik. PKK-dan FETÖ-yə qədər terror təşkilatlarını fəaliyyət göstərə bilməyəcək hala gətirmişik”.

    Xatırladaq ki, Türkiyə Cümhuriyyətinin qurucusu və əbədi lideri Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya Muzeyindən Anıtqəbirə köçürülüb. Hər il noyabrın 10-u Atatürkü anım günü olaraq qeyd edilir.

  • Mağazadan qızıl-zinət əşyaları oğurlayan şəxsdən silah-sursat götürüldü

    Bakının Nizami rayonu ərazisindəki mağazaların birindən 1 050 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxsdən silah-sursat götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Cəlal Məmmədov saxlanılıb, ondan 1 ədəd odlu silaha aid döyüş sursatı aşkarlanıb.

    Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Ötən gün şübhəli bilinən 39 nəfər saxlanılıb

    Noyabrın 9-da qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Qeyd edilib ki, ötən sutka ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bundan başqa, narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

    Həmçinin cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.