Month: November 2023

  • Ankara Türkiyənin bir milyon fələstinli qaçqını qəbul etməyə hazır olduğunu təkzib edib

    Türkiyə Prezident Administrasiyası Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri Benyamin Netanyahu ilə iki milyard dollar müqabilində bir milyon fələstinli qaçqını qəbul etmək və onları Türkiyə vətəndaşı etmək barədə razılığa gəldiyinə dair iddiaları tamamilə uydurma adlandırıb.

    Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzinin yaydığı məlumata görə, nə Netanyahunun müvafiq bəyanatı, nə də İsrail və Türkiyə liderləri arasında danışıqların getdiyi barədə məlumat həqiqətə uyğun deyil.

    Mənbə: mk.ru

  • İlham Əliyev və Mehriban Əliyeva Şuşada “Qızlar gimnaziyası”nda həyata keçiriləcək işlərlə tanış olublar

    Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərində “Qızlar gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanış olublar.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə tarixi abidə barədə məlumat verilib.

    Bildirilib ki, Şuşada müstəqil qız məktəbi 1875-ci il oktyabrın 26-da Şuşa əhalisinin təşkil etdiyi “Xeyriyyə cəmiyyəti” tərəfindən təsis olunub. Dini etiqadından və mənşəyindən asılı olmayaraq, bütün qızlara burada təhsil almaq imkanı yaradılmışdı. Tədris planına rus dili, hesab, ana dilində oxuma, yazma, hüsnxət, rəsm, rəsmxət, ümumi coğrafiya, tarix, ölkəşünaslıq daxil idi. Eyni zamanda, məktəbdə milli mahnılar öyrədilir, təbiət, tarix və fizikadan dərs verilirdi. Məktəbdə təhsil ödənişli olsa da, kasıb ailələrin övladları təhsil haqqından azad idilər. Əlavə təhsil haqqı verənlərə fransız və alman dilləri də tədris edilir, musiqi öyrədilirdi. Qızların rus dilində təhsilinə diqqəti artırmaq və xərcin bir qismini xəzinədən ödəmək şərti ilə Şuşa qız məktəbi 1894-cü ildə Şuşa Marinski qız məktəbi adını aldı və dördsinifli məktəbə çevrildi. Məktəb 120 şagirdlə fəaliyyətə başladı. Artıq 1895-1896-cı tədris ilində burada 147 qız təhsil alırdı. Bu məktəbin təşkili azərbaycanlı qızların da rus dilində təhsilinə şərait yaratmışdı. Şuşa Marinski qız məktəbi qadınların təhsili sahəsində, azərbaycanlı qızların dünyəvi təhsil almasında mühüm rol oynayıb. 1894-cü ildə Şuşada iki şəxsi qız məktəbinin əsasında Müqəddəs Mariya qız məktəbi yaradılmış, bununla da azərbaycanlı qızların Avropa təhsilinə yolları açılmışdı.

    Qeyd edilib ki, bina sovet dövründə internat məktəbi kimi də fəaliyyət göstərib. Gələcəkdə buranın dekorativ tətbiqi sənət mərkəzi və mədəni sahələr üzrə inzibati bina kimi istifadə olunması planlaşdırılır.

  • Benyamin Netanyahu: “İsrail Qəzza zolağında təhlükəsizliklə bağlı “ümumi məsuliyyət” daşıyacaq”

    “Biz təhlükəsizliyə cavabdeh olmadıqda nə baş verdiyini gördük”.

    Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu “ABC News” telekanalına müsahibəsində deyib.

    Onun sözlərinə görə, əgər İsrail bu missiyanı üzərinə götürməsə, Qəzzada terror “çiçəklənməyə” davam edəcək.

    “İsrail qeyri-müəyyən müddət ərzində təhlükəsizliklə bağlı ümumi məsuliyyət daşıyacaq, çünki biz bunu etmədikdə nə baş verdiyini gördük. Biz təhlükəsizliyə cavabdeh olmadıqda, əlimizdə olan tək şey HƏMAS-ın təsəvvür belə edə bilməyəcəyimiz miqyasda artan terrorudur”, – deyə Benyamin Netanyahu qeyd edib.

    Mənbə: “The Times of İsrael”

  • Bir milyona başa gələcək kitabla bağlı RƏSMİ AÇIQLAMA

    Sosial şəbəkələrdə ötən gündən bəri “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitaba xərclənən məbləğlə bağlı məlumat yayılıb. Kitaba 1 178 672 manat məbləğində vəsaitin xərcləndiyini əks etdirən sənədlər paylaşılır.

    Qeyd edək ki, məlumat sosial şəbəkələrdə sərt tənqidlərə səbəb olub. Bir milyona başa gələcək kitab əksər izləyicilərdə bir çox sual doğurub.

    Qarabağ Dirçəliş Fondu yayılan məlumatlara elə sosial şəbəkə hesabında aydınlıq gətirib. Qeyd olunub ki, “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı layihə təkcə kitab yazılması deyil, həm də xüsusi internet platformasının yaradılması, kitabın müxtəlif çap və rəqəmsal formatlarda nəşri, Azərbaycanda və xaricdə təqdimatı və yayılması və s. istiqamətlər üzrə işləri əhatə edir:

    “Xüsusilə, layihəyə aşağıdakı komponentlər daxildir:

    • Arxivlərdə müvafiq araşdırmaların aparılması və Azərbaycanda və xaricdə 50-dən çox müsahibənin aparılması;

    • Kitabın ingilis dilində yazılması;

    • Kitabın Azərbaycan, türk və rus dillərinə tərcüməsi;

    • Kitabın 6000 ədəddən çox sayda xüsusi hədiyyəli sərt üzlü (VIP), standart sərt və yumşaq üz qabığı formatlarında nəşri;

    • Kitabın elektron versiyasının PDF, EPUB, MOBI, KINDLE formatlarında nəşri;

    • Arxiv sənədlərinin, müsahibələrin videoyazılarının, interaktiv xəritələrin və digər rəqəmsal məzmunun mövcud olacağı, linklər, QR kodlar, heşteqlər, daxil edilmiş məzmunlar vasitəsilə kitabın elektron və çap nəşrləri ilə əlaqələndiriləcək internet platformasının yaradılması;

    • Bakıda və xaricdə kitab təqdimatlarının keçirilməsi;

    • Sosial şəbəkələrdə və axtarış xidmətlərində genişmiqyaslı kampaniyanın aparılması”.

    Məlumatda, həmçinin bildirilib ki, kitabın nəşri Azərbaycanın erməni işğalçı qüvvələri üzərində tarixi Zəfərinin əsas nailiyyətlərini sənədləşdirmək; Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə səylərini və regionda sonrakı müsbət dəyişiklikləri əks etdirmək; oxucuları münaqişədən sonrakı quruculuqla bağlı çağırışlar və çətinliklər haqqında məlumatlandırmaq; Azərbaycan xalqının mədəniyyətini nümayiş etdirmək (xüsusən də Qarabağ bölgəsi kontekstində); münaqişədən sonrakı digər zonalarda mümkün tətbiqi üçün yenidənqurma işlərində Azərbaycan təcrübəsini təbliğ etmək və s məqsəd daşıyır.

    Qeyd olunub ki, layihənin təşəbbüskarı və müəllifi britaniyalı müəllif Qrem Vilsondur. Bu layihə üzrə müəllif hüquqları “Media Prima Advertising” şirkətinə məxsusdur. “Media Prima Advertising” şirkəti başqa ölkənin rezidenti olduğu üçün müqavilənin yuxarıda göstərilən işlərdən əlavə, müqavilənin dəyərinə (1 178 672 manat) əlavə dəyər vergisi (18%) və ödəmə vergisi (10%) daxildir.

  • Təşkilat rəhbəri: “Gələcəkdə ayılar üçün xilasetmə mərkəzi yaradıla bilər”

    “Məqsədimiz gələcəkdə ayılar üçün xilasetmə mərkəzinin yaradılmasıdır”.

    Bunu “Report”un Xızıya ezam olunmuş əməkdaşına açıqlamasında “Good World Animal Rescue and Protection” (GWARP) Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının rəhbəri Fərid Mansurov deyib.

    Qurum rəhbərinin sözlərinə görə, “Four Paws Global International” heyvanların mühafizəsi təşkilatı bütün dünyada vəhşi və ev heyvanlarının xilası ilə məşğul olan ən önəmli təşkilatlarından biridir:

    “Onların Azərbaycana səfərinin əsas məqsədi himayəmizdəki nəsli tükənməkdə olan və adı “Qırmızı kitab”a düşən qonur ayıların müayinəsi, müalicəsi və gələcəkdə onlar üçün Avropa standartlarına uyğun xilasetmə mərkəzinin yaradılmasıdır. Hazırda ölkədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Four Paws Global International” heyvanların mühafizəsi təşkilatı ilə əməkdaşlığı çərçivəsində ayıların müalicəsi aparılır. Bu əməkdaşlığın gələcəkdə daha da genişlənərək davam edəcəyinə ümid edirik. İnanıram ki, onlar bizimlə vəhşi heyvanların və təbiətin qorunması məsələlərində öz təcrübələrini bölüşəcəklər”.

    F.Mansurov vurğulayıb ki, proses ilkin mərhələdə 4 gün davam edəcək:

    “Bu mərhələdə ayıların müayinəsi, müalicəsi və zəruri əməliyyatların keçirilməsi nəzərdə tutulub”.

  • Bu il Azərbaycanda ali məktəbi bitirən 225 tələbə diplom ala bilməyib

    Bu il Azərbaycanda ali məktəbi bitirən 225 tələbə dövlət imtahanından kəsilib və diplom ala bilməyib.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, 2022-2023-cü tədris ilində 7 762 bakalavrdan 7 532 tələbə dövlət imtahanında uğur qazanıb.

    “Ali təhsil müəssisələrini bitirən 225 tələbə isə uğur qazanmayıb”, – deyə nazirlikdən bildirilib.

  • Bakıda 40 marşrut xəttinin hərəkət istiqaməti müvəqqəti dəyişdirilir

    Sabah Bakıda 40 marşrut xəttinin hərəkət istiqamətlərində müvəqqəti dəyişiklik ediləcək.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Məlumata görə, bunlar E2, M3, H1, 1, 2, 3, 4, 5, 6, 10, 13, 14, 17, 18, 21, 29, 30, 31, 32, 33, 37, 38, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 83, 88, 88A, 96, 125, 149, 175, 205 və 206 nömrəli marşrut xətləridir.

    Dəyişikliyə səbəb 8 Noyabr – Zəfər Günü ilə əlaqədar saat 09:00-dan 13:00-a qədər Bakı şəhərinin müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlərin tətbiq edilməsidir.

  • Füzuli, Laçın və Zəngilanda hərbçilərin Zəfər yürüşləri keçiriləcək

    8 Noyabr – Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunacaq.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Hərbi qulluqçular hərbi orkestrlərin müşayiəti ilə noyabrın 8-i saat 10:00-dan 12:00-dək Bakı şəhərində aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

    – Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “AMAY” Ticarət Mərkəzi;

    – Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli;

    – Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanı;

    – “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev sarayı – Nəsimi heykəli – Neftçilər prospekti.

  • Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

    Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib.

    Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun ayrı-ayrılıqda Astara, Cəlilabad, Biləsuvar, Lənkəran və Masallı şəhər/rayon komissiyalarının birgə təşkilatçılığı ilə qeyd olunan rayonlarda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyaları tərəfindən ümumilikdə 224 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.

    Məhvetmə prosesləri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.

  • Bakıda DƏHŞƏT: 74 yaşlı kişi 16-cı mərtəbədən özünü atdı

    Bakıda intihar hadisəsi baş verib.

    Lent.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

    İlkin məlumata görə, rayon sakini, 1949-cu il təvəllüdlü Vidadi Hüseyn oğlu Xanlarov yaşadığı 16-cı mərtəbədən özünü atıb.

    Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

    Hadisənin motivi hələlik məlum deyil.

    Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.