Month: November 2023

  • “Mahir Ay Brat” ləqəbi ilə tanınan meyxanaçının cinayət işi üzrə baxış iclası təxirə salındı – VİDEO

    “Mahir Ay Brat” ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə baxış iclası təxirə salınıb.

    “Report” xəbər verir ki, iclas Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilməli idi.

    Baxış iclası dekabrın 12-nə təyin edilib.

    Qeyd edək ki, meyxanaçı saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin, onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.

    Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

  • “Muğan Bank”ın əmanətçilərinə nə qədər kompensasiya ödənilib?

    “Muğan Bank” ASC-nin qorunan əmanətçilərindən 1 849 nəfərə ötən gün ərzində 65 milyon manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

    Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) bildirib.

    Məlumata görə, bu, bank üzrə ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğinin təqribən 32%-ni təşkil edir. Kompensasiyaların verilməsi hazırda da uğurla davam etməkdədir.

    Qeyd edək ki, Fond ləğv prosesində olan “Muğan Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə noyabrın 27-dən etibarən başlayıb. Kompensasiya ödənişləri agent banklar olaraq seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin bütün ölkə üzrə filial şəbəkələri vasitəsilə həyata keçirilir.

    Qurum əmanətçilərə bir daha xatırladır ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcək və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.5-ci maddəsinə əsasən kompensasiya ödənişi əmanətçilərin ərizələrinin qəbul edildiyi gündən ən geci 30 təqvim günü ərzində həyata keçirilir.

    Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Fondun saytından əldə etmək mümkündür.

  • Qadın özünü maşının altına atıb sürücünü şantaj etdi – “100 manat ver polisə deməyim” – VİDEO

    Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən açıqlanana 2023-cü ilin qəza göstəricilərində piyadavurmaların sayı çoxluq təşkil edir.

    Təbii ki, bəzi hallarda piyada qayda pozan sürücünün qurbanı olur. Lakin diqqətsiz davranan, həyatını riskə atanlar da az deyil. Hətta yaxınlıqda keçid olsa belə maşınların üzərinə qaçan piyadalar kifayət qədərdir.

    Qəribə səslənsə belə qəzaya düşən piyadalar içərisində qəsdən həyatını təhlükəyə atan şəxslər də var. Təəssüf hissiylə qeyd edək ki, belə insanlar üçün pul canlarından daha önəmlidir. Belə ki, onlar avtomobil yaxınlaşan zaman özlərini nəqliyyat vasitəsinin üzərinə qəsdən ataraq xəsarət almağa və “şikayət etməmək üçün” sürücüdən pul almağa çalışırlar. İşin əsl mahiyyətindən xəbərsiz olan sürücü isə qorxuya düşərək inanır və tələb olunan pulu, hər hansı bir əşyanı dələduz piyadaya verir.

    Dünyada da sıx müşahidə olunan bu hala Azərbaycanda da tez-tez rast gəlinir.

    Analoji hadisə bir neçə gün əvvəl paytaxt ərazisində baş verib.

    Avtosfer.az-ın məlumatına görə, qəzada xəsarət alan qadının videosu sürücü tərəfindən lentə alınıb. İddiaya görə, o, avtomobiliylə hərəkətdə olarkən piyada özünü maşının altına atıb. Nəticədə xəsarət alan qadın ağrıdığını bildirsə də, sürücünün pul təklifinə razılıq verib. Görüntüdən aydın olduğu kimi, piyada ona uzadılan 100 manatı götürüb və şikayət etməyəciyini deyir.

    Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, son zamanlarda məqsədli şəkildə özünü nəqliyyat vasitələrinin altına atan piyadaların sayı artıb.
    “Təəssüf ki, sürücülərdən pul qopartmaq üçün qəsdən özünü maşının altına atan piyadaların sayı çoxalıb. Bu yola baş vuran şəxslərin tətbiq etdiyi bir neçə metod var. Adətən hərəkətdə olan nəqliyyat vasitəsinə toxunmaqla yüngül xəsarət almağa çalışırlar, yaxud köhnə, yararsız mobil telefonu yerə çırpırlar. Daha sonra sürücünü təqsirləndirərək müəyyən məbləğdə pul şərti qoyurlar və qarşılığında şikayətçi olmayacaqlarını bildirirlər.
    İstənilən halda vətəndaşlar çəkinmədən bu hadisələrin qeydiyyatını aparmalıdır”.

    Ekspert sosial mediada geniş yayılmış videoya da münasibət bildirərək insanlara çağırış edib.

    “Görüntüdən aydın olur ki, vətəndaş həmin şəxsi pulla ələ almağa çalışır və o da dərhal razılaşır. Lakin belə formada insanları şirnikləndirmək olmaz. Onlara qanunun diliylə cavab vermək lazımdır. Əksinə vətəndaşın tətbiq etdiyi üsul gələcəkdə belə insanların qəza qurbanına çevrilməsinə zəmin yaradır. Bu tip qəzalarla qarşılaşdığınız zaman vətəndaşın sizi şantaj etməməsi, həyatınıza çökməməsi üçün polisə məlumat verməlisiniz. Araşdırma zamanı sizin günahkar olmadığınız da müəyyənləşə bilər və bu zaman onun əlində oyuncağa çevrilməzsiniz. Bəzi hallarda vətəndaş sonradan aidiyyəti orqana müraciət edir və məsələ daha da ağırlaşır. Ona görə də polisi vaxtında məsələylə bağlı məlumatlandırmaq lazımdır”.

  • Sabah Bakıya yağış yağacaq – HAVA PROQNOZU

    Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi arabir güclənəcək.

    Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

    Azərbaycanın rayonlarında
    Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

    Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

  • Sabah 3 rayonda qaz kəsiləcək

    Bərdə, Tərtər və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə “QAzəriqaz” məlumat yayıb.

    Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Azadqaraqoyunlu-Ağdam” yüksək təzyiqli magistral qaz kəmərinin “Yevlax-Naxçıvan” qaz kəmərinə birləşdirilməsi ilə bağlı 29.11.2023-cü il saat 08:00-dan etibarən işlər başa çatanadək “Kətəlparaq”, “Tərtər 2” və “Ağdam 4 Yol” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Qeyd olkunub ki, təmir işləri aparılan müddətdə Bərdə, Tərtər və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Azərbaycanda 100-ə yaxın məktəbdə yoxlama aparılıb

    Bu il 93 ümumtəhsil məktəbində inspeksiya aparılıb.

    APA xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.

    O bildirib ki, bunların 52-si Bakı Şəhəri üzrə Təhsil İdarəsi, 41-i isə regional idarələr tabeliyindəki müəssisələrdə olub.

    “Həmçinin 28 məktəbəqədər təhsil müəssisəsində inspeksiya aparılıb. Monitorinqlərlə bağlı müvafiq hesabat həm təhsil müəssisələrinə, həm də nazirliyə təqdim olunub”.

  • Bəzi dönərlərdən götürülmüş nümunələrdə “Salmonella” aşkarlanıb

    Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri dönərxanalarda növbəti plandankənar yoxlamalar keçirib.

    AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, agentliyə vətəndaşlardan daxil olan müraciətlər, həmçinin sosial şəbəkələrdə paylaşımlar və mediada dərc olunmuş məlumatlar müvafiq qaydada təhlil edilərək, müvafiq sahədə araşdırmaların miqyası daha da genişləndirilib. Agentlik dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlərin növbəti nəticələrini açıqlayıb. Keçirilən monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsində uyğunsuzluq aşkarlanmış aşağıda adları qeyd olunan dönərxanalarda agentliyin müfəttişləri tərəfindən növbəti plandankənar yoxlamalar həyata keçirilib:

     Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 11/18 ünvanında fəaliyyət göstərən “Dönərzadə”;

     Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, M.Mustafayev küçəsi, ev 11 ünvanında fəaliyyət göstərən dönərxana;

     Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., ev 126C, 8-ci km ünvanında fəaliyyət göstərən “Manqal Afiyət Dönər”;

     Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr., ev 155 ünvanında fəaliyyət göstərən “Line Lahmacun”;

     Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ştq, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən dönərxana;

     Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi, ev 8 ünvanında fəaliyyət göstərən dönərxana;

     Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 264A ünvanında fəaliyyət göstərən “Hicaz Dönər”;

     Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 134 ünvanında fəaliyyət göstərən “Manqal Dönər”.

    Yoxlama zamanı qida blokunda çalışan işçi personaldan, qidaların hazırlanması sahələrində səthlərdən, alət və ləvazimatlardan, doğrama lövhələrindən, dönər şişlərindən, “Çiy toyuq əti dönəri”, “Çiy mal əti dönəri”, “Bişmiş toyuq əti dönəri”, “Bişmiş mal əti dönəri” və digər məhsullardan nümunələr götürülüb. Müayinələr nəticəsində “S.Aureus”, “E.Coli”, “Salmonella” aşkarlanıb.

    Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda qida obyektlərində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdirilir.

  • Azərbaycanda orta və yaşlı əhali qızılcaya görə vaksinasiya olunacaq

    Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ölkə ərazisində endemik halların qeydə alınmaması) elan edilib.

    Səhiyyə Nazirliyindən verilən məlumata görə, ötən illər ərzində (2014 və 2018-ci illərdə) ölkə ərazisində qızılca infeksiyasının 2 kiçikmiqyaslı alovlanmasının qeydə alınmasına baxmayaraq, həyata keçirilən əks-epidemik və profilaktik tədbirlər nəticəsində qısa müddət ərzində bu alovlanmalar dayandırılıb.

    Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub.

    Hadisələrin epidemioloji təhlili yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma hallarının olunmasıdır. Bu da, əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur. Belə ki, yoluxan xəstələrin 95%-i profilaktik peyvənd təqviminə əsasən, peyvəndlərini almayan uşaqlardır. Yaranan vəziyyətlə əlaqədar olaraq, mütəşəkkil kollektivlərdə (xüsusilə internat tipli məktəblərdə), qapalı müəssisələrdə (uşaq evləri, sanatoriyalar) uşaqların sıx təması nəticəsində hava-damcı infeksiyalarının yayılması üçün daha əlverişli mühitin olmasını nəzərə alaraq, bütün ölkə ərazisində tibb müəssisələri tərəfindən profilaktik peyvənd işi gücləndirilib. Eyni zamanda, yaşa görə peyvəndlərdən kənar qalan uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət artırılıb. Həmçinin ocaqlarda əks-epidemik tədbirlər görülür, xəstə insanlarla təmasda olan şəxslər müəyyən edilir və 21 günlük müşahidə aparılır.

    Bununla yanaşı, epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq.

    Azərbaycan Texniki Universitetində 8 tələbədə qızılca xəstəliyi aşkar edilməsi məsələsinə gəldikdə isə, noyabr ayı ərzində Azərbaycan Texniki Universitetindən 1 nəfər qızılcaya şübhəli şəxsin məlumatı daxil olub və onun son diaqnozu inkar edilib.

  • Zabitlərin öz arzularına əsasən həqiqi hərbi xidmətdən buraxılmasına dair şərt dəyişir

    Zabitlərin öz arzularına əsasən həqiqi hərbi xidmətdən buraxılmasına dair şərt dəyişir.

    APA-nın xəbərinə görə, bu, Milli Məclisə daxil olan “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qüvvədə olan qanuna görə, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beşillik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər.

    Layihəyə əsasən, zabit artıq 5 il deyil, vəzifələrində 10 illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla biləcək.

  • Evindən iki milyon manatlıq narkotik vasitələr aşkar edilən şəxs: “Kiminsə balasını öldürməmişəm”

    Dəyəri 2 milyon manatdan artıq olan narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən şəxsin məhkəmə istintaqı yekunlaşıb. Saxlanılan şəxsin evindən 40 kiloqrama yaxın narkotik vasitələr aşkarlanıb.

    Ölkə.Az xəbər verir ki, Bəhruz Beybutov bu ilin fevralında Xəzər rayonunun Mərdəkan qəsəbəsində saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Bəhruz Beybutovun yaşadığı evdən və üzərindən külli miqdarda narkotik vasitə aşkar edilib.

    Ona qarşı Cinayət Məcəlləsinin (CM) bir neçə maddələri ilə cinayət işi başlanılb. İstintaq yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işinin istintaqı hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilib.

    Məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə başlayıb.

    “Dərinliyinə getsək, bəlkə də mən bu zaldan aç-burax gedərəm. Günah eləmişəm. Günahım nədirsə, iki qatını çəkməyə hazıram. Amma 206-cı maddə ilə razı deyiləm”.

    Narkotik maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkməyə hazır olduğunu deyən Bəhruz Beybutov qaçaqmalçılıqla məşğul olmadığını deyib. İfadəsi zamanı dediyinə görə, qohumlarının yarısı həbsdədir.

    “Qohumlarımdan həbsxanada olan çoxdur – əmilərim, əmim uşaqları. Narkotik maddə ilə tutulan da var, başqa maddələrlə cəza çəkən qohumlarım da”, – o deyib.

    Şahid ifadələrindən sonra məhkəmə çıxışları başlayıb. Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsi elan olunan ittihamla təqsirli bilərək 17 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

    Vəkil müdafiə etdiyi şəxsə CM-nin qaçaqmalçılıq maddəsi ilə bəraət verilməsini məhkəmədən xahiş edib.

    Bəhruz Beybutov son sözündə dövlət ittihamçısının ona ağır cəza istəməsinə narazılığını bildirib:

    “Mənə 17 il iş istəyirsiniz. Mən adam öldürməmişəm. Kiminsə balasını öldürməmişəm. Mən məhkəmənin ədalətli qərar çıxaracağına əminəm”.

    Sonda məhkəmənin hökmü ilə Bəhruz Beybutov 15 il müddətinə azadlıqdan məhrum olunub.