Month: November 2023

  • İstanbulda pis hava şəraiti ilə əlaqədar 50-dən çox reys təxirə salınıb

    Türkiyənin Türk Hava Yolları aviaşirkətinin nümayəndəsi çərşənbə axşamı, noyabrın 28-də pis hava şəraiti ilə əlaqədar İstanbuldan və İstanbula uçuşların ləğv edildiyini açıqlayıb.

    “Meteorologiya komitəsinin fövqəladə iclasının qərarına əsasən, əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbul Hava Limanına (İST) və buradan kənara reyslər ləğv edilib”, – deyə o, bildirib.

    Qeyd olunur ki, ümumilikdə 56 reys təxirə salınıb. Onlayn tabloya əsasən, onların əksəriyyəti daxilidir. Şəhərin Asiya hissəsindəki “Sabiha Gökçen” hava limanında daha 16 reys təxirə salınıb.

    Mənbə: osnmedia.ru

  • Fırtına səbəbindən Dardanel boğazında gəmilərin hərəkəti dayandırılıb

    Türkiyə rəsmiləri fırtına səbəbilə çərşənbə axşamı günortadan sonra Dardanel boğazında gəmilərin hərəkətini dayandırıb.

    “Pis hava şəraiti ilə əlaqədar olaraq, yerli vaxtla saat 15:15-dən (Bakı vaxtı ilə 17:15-də – red.) etibarən Dardanel boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb”, – deyə Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz İşləri Baş İdarəsinin bəyanatında qeyd olunub.

    Qeyd edək ki, Türkiyə son günlər əlverişsiz hava şəraitinin təsirinə məruz qalıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, dalğaların hündürlüyü doqquz metrə çatan ölkənin Qara dəniz sahillərində bir həftə ərzində beş gəmi quruya çırpılıb. Onlardan biri 12 dənizçi ilə noyabrın 19-da batıb, beş ekipaj üzvünün cəsədi tapılıb, digərlərinin axtarışları gecə-gündüz davam edir.

    Türkiyə ərazisinin üçdə bir hissəsində sarı və narıncı hava xəbərdarlığı elan edilib.

    Mənbə: TASS

  • İsrail hökuməti səkkiz milyard dollarlıq müharibə büdcəsini təsdiqlədi

    İsrail hökuməti, etirazlara baxmayaraq, müharibə xərcləri üçün səkkiz milyard dollarlıq əlavə büdcəni təsdiqləyib.

    Bu barədə KAN İsrail dövlət televiziyası məlumat verib.

    Məlumata görə, oktyabrın 7-dən sonra ölkədə yaradılan hərbi kabinetin üzvü, keçmiş müdafiə naziri Benni Qantz büdcəyə qarşı çıxıb. Həmçinin Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasından nazirlər Nir Barkat və Ofir Akunus də büdcəni dəstəkləməyiblər.

    Lakin bu etirazlara baxmayaraq, müharibə xərclərinin maliyyələşdirilməsi üçün 30 milyard şekel (8 milyard dollar) məbləğində əlavə büdcə təsdiqini tapıb.

    Mənbə: Haber Global

  • “TikTok”da qanunazidd hərəkətlərə yol verən şəxs saxlanılıb

    “TikTok”da qanunazidd hərəkətlərə yol verən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

    Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri ilə iki nəfərin kart hesablarından 920 manat və 1200 avro oğurlamaqda şübhəli bilinən Raul Rəşad oğlu Əmrahov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma zamanı onun “TikTok”da “@gizlikamerasatisi” adlı səhifə yaradaraq sosial şəbəkə istifadəçilərinə qarşı qanunazidd hərəkətlərə yol verdiyi məlum olub.

    R.Əmrahovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polis orqanlarına müraciət edə bilərlər.

    “Bir daha vətəndaşları internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağı, tanımadığınız şəxslərə, etibar etmədiyiniz səhifələrə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşdiyiniz təqdirdə isə bu barədə polisə məlumat verə bilərsiniz”, – deyə məlumatda qeyd olunub.

  • Kürdəmir sakini odlu silahını polisə təhvil verib

    Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, sakinlər arasında aparılan profilaktiki tədbirlər nəticəsində bugün bir nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Bakıda ayırıcı zolaq ləğv edildi – Avtobusların bu yolla hərəkətinə icazə verildi

    Paytaxtın Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində avtobusların marşrutları optimallaşdırılır.

    Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Qeyd edilib ki, AYNA tərəfindən ictimai nəqliyyatın rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə yol infrastrukturu və nəqliyyat axını təhlil edilir, nəticələrə uyğun olaraq infrastruktur layihələri hazırlanır və icra olunur:

    “Bu istiqamətdə növbəti layihə Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazini əhatə edir.

    Sözügedən ərazidə infrastrukturun yenidən təşkili ilə bağlı işlər artıq yekunlaşıb. Bu gündən ictimai nəqliyyat yeni hərəkət sxemi üzrə fəaliyyət göstərir.

    Həyata keçirilən kompleks işlər çərçivəsində:

    – ayırıcı zolaq ləğv edilərək işıqforla nizamlanan yolayrıcı təşkil edilib;

    – qeyd edilən yolayrıcından avtobusların Ziya Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətində hərəkətinə icazə verilib;

    – əlilliyi olan şəxslər üçün panduslarla təchiz edilən piyada keçidləri təşkil olunub;

    – yeni işıqforlar və yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib;

    – avtobusların hərəkət marşrutuna uyğun olaraq yeni dayanacaq məntəqələri quraşdırılıb.

    Metronun “Nəriman Nərimanov” stansiyası və Atatürk prospekti istiqamətinə hərəkət etmək üçün əvvəllər geridönməni Əhməd Rəcəbli küçəsində həyata keçirən 7A, 7B, 11 və 93 nömrəli avtobuslar hazırda düzünə gedərək və sola geridönüşü bilavasitə yol kəsişməsində reallaşdıracaqlar.

    Həyata keçirilən dəyişikliklər nəticəsində yuxarıda qeyd edilən marşrutlar üzrə hərəkət edən avtobusların yürüş məsafəsi 1.3 km qədər qısalıb ki, bu da onların hərəkətdə olma müddətini azı 5-7 dəqiqə azaldacaq. Gündəlik bu marşrutlardan istifadə edən 50 minə yaxın sərnişin hərəkətin yenidən təşkilində müsbət dəyişiklikləri hiss edəcək və yola sərf olunan vaxta qənaət edə biləcək.

    Qeyd edək ki, dəyişikliklər yalnız müntəzəm sərnişindaşıma xidmətləri göstərən nəqliyyat vasitələrinə aid edilir. Bu səbəbdən şəxsi nəqliyyat vasitələrini idarə edən sürücülərdən yol nişanlarının tələblərinə riayət etmələrini xahiş edirik”.

  • Çində kömür mədəninin çökməsi nəticəsində 11 nəfər ölüb

    Çinin Heyluntszyan əyalətində kömür şaxtalarından birində çökmə baş verib.

    Məlumata görə, mədəndə qayalar uçub, çökmə baş verib, hadisə nəticəsində azı 11 nəfər ölüb.

    Qeyd olunub ki, hüquq-mühafizə orqanları faciənin konkret səbəblərini müəyyən etmək üçün araşdırmalara başlayıb.

    Mənbə: osnmedia.ru

  • Ciddi təhlükə yaxınlaşır: 14 gün ərzində… – XƏBƏRDARLIQ

    NASA-nın yaydığı son görüntülər Günəşin üzərindəki böyük ləkələri ortaya çıxarır. Video on ildən artıqdır ki, Günəşi izləyən NASA Solar Dynamics Observatory tərəfindən çəkilib.

    Bəs bu görüntü nəyin göstəricisidir?

    Median.Az musavat.com-a istinadən bildirir ki, alimlərin fikrincə, bu, böyük Günəş partlayışlarının xəbərçisi ola bilər.

    Günəş ləkələrindən ibarət “arxipelaqlar” Yerdən 15 dəfə böyükdür və bu qaranlıq ləkələrin yaranması “Günəş maksimumu”nun sürətlə yaxınlaşdığını göstərir.

    Alimlər xəbərdarlıq edirlər ki, bu ləkələr Yerə doğru şiddətli enerji dalğaları yaradaraq geomaqnit qasırğalarına səbəb ola bilər.

    Günəşin maqnit qütbləri hər 11 ildən bir yerlərini dəyişir və buna Günəş dövrü deyilir. Cari dövr 2019-cu ildə başlayıb və müddətin təxminən 2030-cu ilə qədər davam edəcəyi gözlənilir. Günəşdəki partlayış və ləkələrin minimum səviyyəyə endiyi dövrlərə “günəş minimumu”, ləkələrin artdığı və partlayışların tez-tez baş verdiyi dövrlərə isə “günəş maksimumu” deyilir.

    Bu hadisələr nəticəsində kosmosa atılan yüksək enerjili hissəciklər saniyədə yüzlərlə kilometr sürətlə hərəkət edərək Yerin maqnit sahəsinə dəyir. Güclü günəş alovlarının buraxılması qlobal rabitəni pozmaq, peykləri zədələmək, elektrik şəbəkələrində nasazlıqlara səbəb olmaq və hətta uçuşlara təsir edən radiasiya fırtınaları kimi ciddi risklər yaradır.

    Məlumata görə, yaxın günlərdə Günəş alovları Yerə doğru istiqamət ala bilər. Bu isə planet miqyasında problemlərə və uzunmüddətli radiasiya fırtınalarına səbəb ola bilər. Meteoroloq Kris Vikland deyir ki, indiki Günəş tsikli zamanı müşahidə olunan ləkələr “onun indiyə qədər gördüyü ən böyük Günəş ləkələridir”.

    “Növbəti 14 gün çox maraqlı ola bilər” – o deyib.

  • Bakı Dəmiryol Vağzalındakı ticarət mərkəzində tüstülənmə baş verib

    Bu gün saat 16:00 radələrində Bakı Dəmiryol Vağzalı ərazisində fəaliyyət göstərən ticarət mərkəzinin elektrik paylayıcısında baş vermiş qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

    Bildirilib ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub, hadisənin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.

  • Sumqayıtda güllələnmə hadisəsində yaralanan Türkiyə vətəndaşı ölüb

    Sumqayıtda güllələnmə hadisəsində yaralanan Türkiyə vətəndaşı bu gün ölüb.

    “Report” xəbər verir ki, ötən ay Sumqayıtda silahlı basqın zamanı yaralanan Türkiyə vətəndaşı Sərkan Karakaş bu gün xəstəxanada vəfat edib.

    S.Karakaş ötən gün axşam saatlarında Türkiyədəki xəstəxanalardan birinə köçürülmüşdü.

    Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, dörd nəfər isə xəsarət alıb.