Month: November 2023

  • Keçmiş şöbə müdiri: “Bir nəfər də deyə bilməz ki, mənə rüşvət verib”

    Çağırışçılara rüşvət qarşılığında hərbi xidmətə yararsız hesab edilmələri barədə saxta sənəd verməkdə ittiham olunan Sabunçu Tibb Mərkəzinin şöbə müdiri İlqar Qaracayevin məhkəmə istintaqı başlayıb.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda ittiham aktı elan olunub.

    İttihamda deyilir ki, İ. Qaracayev şöbə müdiri işlədiyi müddətdə hərbi xidmətə yararlı olan ayrı-ayrı çağırışçıların xidmətə yararsız hesab edilmələri barədə saxta tibbi rəylər verib. Həmin rəylərin qarşılığında onlardan 18 min manatdan artıq məbləğdə rüşvət alıb.

    Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş eks-şöbə müdiri ittihamları qəbul etməyib:

    “Özümü təqsirli bilmirəm. Ona görə ki, mən heç kimdən rüşvət almamışam. Bir nəfər də deyə bilməz ki, mənə rüşvət verib”.

    Prosesdə şahid qismində iki nəfər xəstəxana əməkdaşı ifadə verib. Onlar təqsirləndirilən şəxsin lehinə danışıb, ona pul çatdırmadıqlarını deyiblər.

    Proses noyabrın 6-sı davam etdiriləcək.

    Qeyd edək ki, İ.Qaracayev Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

  • Rusiya sülhməramlı kontingenti Qarabağda daha bir müşahidə məntəqəsini ləğv edib

    Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir müşahidə məntəqəsini ləğv edib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Qurumdan bildirilib ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 9 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

    “Son sutka ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb”, – məlumatda qeyd olunub.

    Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.

    Sənəd sülhməramlıların yerləşdirilməsinin Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq həyata keçirilməsini nəzərdə tuturdu. Kontingentin xidmət müddəti 5 il təşkil edir. Tərəflərdən hər hansı biri müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, sülhməramlıların qalma müddəti avtomatik olaraq daha 5 il uzadılmış sayılacaq.

  • Alman generaldan şok müharibə proqnozu – “2032-ci ilə qədər…”

    Qərbin Ukraynanın müdafiə potensialına dəstəyi uzun illərin vəzifəsidir, ona görə də Almaniya artıq 2032-ci ilə qədər bu ehtiyaclar üçün öz xərclərini planlaşdırır.

    Median.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə xüsusi qərargahının rəisi, general-mayor Kristian Freydinq deyib.

    General qeyd edib ki, Ukrayna Rusiyaya qarşı hazırkı müharibədə hərbi yolla qalib gəlməyə kifayət qədər qadirdir. Amma yekun sülh danışıqları olmalıdır ki, bunda çox şey hər iki tərəfin danışıqlar otağına hansı mövqelərlə girəcəyindən asılı olacaq.

    Qərbin Ukraynaya dəstəyinə gəlincə, Freydinqin fikrincə, bu, köklü şəkildə dəyişib – ilk vaxtlar müvəqqəti yardım anlayışından danışılırdısa, indi uzunmüddətli planlaşdırmadan bəhs olunur.

    “Bir şey məlumdur: Ukraynaya hərbi dəstək onilliyin sonuna və ondan sonrakı dövrə qədər bir vəzifədir. Bizim büdcə planlamamızda artıq 2032-ci ilə qədər vəsait nəzərdə tutulub, bu da bizim qətiyyətimizi göstərir. Mənim üçün azadlıq mübarizəsinin bitmə tarixi yoxdur”, – alman general bildirib.

    Freydinqin sözlərinə görə, Ukraynanın tərəfdaşları mümkün olan hər şeyi etməlidir ki, zaman Rusiya lideri Vladimir Putinin xeyrinə yox, onun əleyhinə işləsin.

  • Məşhur olmaq üçün doğulan 6 bürc: Şan, şöhrət və pul onları tez tapır

    Astrologiyada təbii olaraq məşhur olan bürclər var. Bəzi insanlar dünyəvi şeylərə çox əhəmiyyət vermirlər. Ancaq bəzi insanlar məşhur olmaq üçün yorulmadan çalışırlar. Onların məşhur olmaq arzusu var. Təbiətcə göz oxşayan olduqları üçün həyatları boyu ətraflarında ən populyar insanlara çevrilirlər.

    Median.Az lent.az-a istinadən məşhur olmaq üçün doğulan bürcləri təqdim edir.

    Təbii olaraq diqqəti çəkən xüsusiyyətlərə malik olan insanlar ətrafdakı bütün baxışları cəlb edir. Belə olan halda bundan ciddi həzz alırlar. Məşhur və populyar olmağı sevirlər.

    Əslində, onlar daha çox tanınmaq üçün daim mübarizə aparırlar.

    Qoç

    Qoçlar məşhur olmaq üçün hər şeyi diqqətlə planlaşdırırlar. Qərarlarına sadiq qalaraq məqsədlərinə çatmaq üçün çalışırlar.

    Qoçlar ağıllarından çox yaxşı istifadə edir və məşhur olmaq üçün hər cür cəhd edirlər. Məqsədlərinə və planlarına necə çatacağını yaxşı bilir.

    Xərçəng

    Xərçəng bürcləri, ümumiyyətlə, özləri ilə tək qalmağı xoşlayırlar. Bununla belə, onlar da məşhur olmaq üçün doğulan bürclər sırasındadırlar.

    Xərçəng bürcü həmişə məşhur olmağı xəyal edir. Onlar hərəkətlər və nəticələr haqqında düşünməyə və ya çox düşünməyə davam edirlər. Harada olduqlarını saymaq Xərçəng bürcü üçün deyil.

    Qız

    Qız bürcü insanları məşhur olmaq üçün müxtəlif yollara əl atırlar. Onlar karyeralarında çox çalışırlar və ya insanların həsəd aparacaqları həyat tərzini ağıllıca nümayiş etdirə bilirlər.

    Qızlar adətən planlarında uğur qazanırlar. Ancaq bütün bunlardan qısa müddət ərzində sıxıla bilərlər. Ətrafındakı insanlardan razılıq istəyirlər.

    Əqrəb

    Əqrəb şöhrət və populyarlıq istəyir. Onlar manipulyasiyadan özlərini populyarlaşdırmaq üçün bir vasitə kimi istifadə edirlər. Hətta məşhur olmaq və ya populyarlıq qazanmaq üçün çoxlu pul xərcləyə bilərlər.

    Onlar adətən istədiklərinə nail olurlar və bu halda onların qaranlıq tərəfləri çox üstünlük təşkil edə bilər.  

    Oğlaq

    Oğlaqlar da şöhrəti və populyarlığı sevirlər. İnsanlar onları izlədikdə bunu sevirlər. Oğlaqlar şöhrət və populyarlıq qazanmaq üçün insanları təəssüratlandırmağa çalışır və ya başqalarının diqqətini cəlb etmək üçün çoxlu pul xərcləyə bilər.

    Onlar şöhrət və populyarlıq qazanmalarına kömək edə biləcək nüfuzlu insanlara çatmaq qabiliyyətinə malikdirlər.

    Dolça

    Dolçalar maraqlı fikirləri ilə hər zaman bütün diqqətləri çəkirlər. Çox vaxt digər insanlardan çox fərqli düşünürlər.

    Dolça məşhur olmaq istəyirsə, hər hansı bir hərəkətə keçməzdən əvvəl hər şeyi yaxından müşahidə etməlidir. Bunu etdikdə, populyarlıq axtarışlarını yerinə yetirə biləcək çox diqqəti cəlb edirlər.

  • Milli Elmlər Akademiyasının vəzifələri müəyyənləşib

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vəzifələri müəyyənləşib.

    Median.Az xəbər verir ki, Akademiyanın nizamnaməsinə əsasən, müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Akademiyanın vəzifələri aşağıdakı kimidir:

    – elm sahəsində normativ hüquqi aktların, dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların hazırlanmasında, bu sahənin prioritet inkişaf istiqamətlərinin və inkişaf strategiyasının müəyyənləşdirilməsində iştirak etmək;

    – elmi tədqiqatlar aparılmasını təşkil və təmin etmək, elmi tədqiqatların elm sahəsində dövlət siyasətinin əsas prioritetlərinə uyğun təşkilinə dəstək vermək;

    – ekspertizalar, o cümlədən elmi ekspertizalar təşkil etmək və keçirmək;

    – elm sahəsində islahatlar aparılmasında, elmi infrastrukturun təkmilləşdirilməsində və elmin maddi-texniki bazasının müasirləşdirilməsində iştirak etmək;

    – Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Akademiyanın səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

    – Azərbaycan dilinin qorunmasında, azərbaycançılıq və milli dövlətçilik ideologiyasının elmi əsaslarının işlənib hazırlanmasında iştirak etmək, bu istiqamətdə ardıcıl və sistemli tədqiqatlar aparmaq;

    – Azərbaycan ədəbi-ictimai fikrinin, mədəniyyətinin, tarixi-mədəni irsinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına və inkişaf etdirilməsinə dair elmi tədqiqatlar həyata keçirmək;

    – görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin elmi irsini, şəxsi arxivlərini, əlyazmalarını, tarixi əhəmiyyət kəsb edən digər materialları qoruyub saxlamaq və istifadə üçün təqdim etmək, elmi məktəbləri inkişaf etdirmək;

    – apardığı elmi tədqiqat işlərini elmin prioritet inkişaf sahələrinə və istiqamətlərinə uyğunlaşdırmaq;

    – sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirləri Akademiyanın inkişafına və əməkdaşlarının sosial müdafiəsinə yönəltmək;

    – elmi innovasiyanı təşviq etmək;

    – elmi müəssisə və təşkilatlarla, ali təhsil müəssisələri ilə, təsis sənədlərində elmi fəaliyyət nəzərdə tutulan ictimai birliklər və digər hüquqi şəxslərlə əməkdaşlıq etmək, sahələrarası elmi tədqiqat işlərini inkişaf etdirmək;

    – kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

    – öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

    – dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

    – Akademiyanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

    – Akademiyaya ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadəni təmin etmək;

    – Akademiyanın informasiya təminatını təşkil və onun təhlükəsizliyini təmin etmək;

    – Akademiyanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

    – qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

    – Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

  • İsrail TŞ-dan vətəndaşlara çağırış: Xaricə səfərlərdən çəkinin

    İsrailin Təhlükəsizlik Şurası və Daxili İşlər Nazirliyi antisemitizm hadisələrinin artması ilə əlaqədar ölkə vətəndaşlarına xaricə səfərlərdən çəkinməyi tövsiyə edib.

    Median.Az APA-ya istinadən bildirir ki, bu barədə hər 2 qurumun birgə məlumatında bildirilib.

    Bildirilib ki, son bir neçə həftədə antisemitizm və təhriklərin əhəmiyyətli dərəcədə artması, həmçinin dünyada israillilərə və yəhudilərə qarşı həyati təhlükəsi olan hücumlar müşahidə olunur.

    İsrail hakimiyyəti vətəndaşları ərəb ölkələri, Yaxın Şərq, Şimali Qafqaz və İran ətrafındakı ölkələrə səyahətdən çəkinməyə çağırıb.

  • Ağcabədidə xəstəliyinə görə əsəbiləşən kişi özünü öldürdü

    Ağcabədidə intihar olub.

    Median.Az lent.az-a istinadən bildirir ki, hadisə şəhərin İ. Qayıbov küçəsində baş verib. 44 yaşlı Məmmədov Azər Camal oğlu yaşadığı evin hamam otağında özünü asıb.

    Onun uzun müddət əziyyət çəkdiyi xəstəliyə görə keçirdiyi əsəbdən özünü asdığı ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • AMEA-nın Ümumi Yığıncağında qəbul olunmuş Nizamnamə təsdiqlənib

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi Yığıncağında qəbul olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi” təsdiq edilib.

    Median.Az 
    xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

    Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

  • AMEA-nın fəaliyyət istiqamətləri açıqlanıb

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyət istiqamətləri təsdiqlənib.

    “Report” xəbər verir ki, Akademiyanın nizamnaməsinə əsasən, qurumun fəaliyyət istiqamətləri aşağıdakılardır:

    – elm sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

    – Akademiyanın həqiqi, müxbir, xarici və fəxri üzvlərinin seçkilərini təşkil etmək və keçirmək;

    – həyata keçirdiyi elmi tədqiqatların Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair milli prioritetlərə və inkişaf strategiyasına uyğun təşkilini və inkişafını təmin etmək;

    – elmi potensialın formalaşdırılması və qorunması mühitini təmin etmək;

    – elmi innovasiyanı və elmin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

    – strukturuna daxil olan elmi müəssisələrdə elmi-metodik və elmi təşkilati işlər həyata keçirmək.

    Nizamnaməyə əsasən, təbiət, cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə, Azərbaycanın iqtisadi, sosial, mədəni və innovativ inkişafına xidmət göstərmək Akademiyanın fəaliyyətinin əsas məqsədidir.

  • Antisanitar şəraitdə işləyən kafenin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

    Bakıda antisanitar şəraitdə xidmət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, daxil olan məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən, fiziki şəxs Aynurə Kərəm qızı Bədəlovaya məxsus “Papanin” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

    Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin olunmadığı, eləcə də gigiyenik təlimlərə cəlb edimədiyi və digər nöqsanlar aşkarlanıb.

    Faktla bağla qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.