Month: November 2023

  • “Instagram” “süni intellektlə işləyən rəqəmsal dost” funksiyası hazırlayır

    “Instagram” istifadəçilər üçün fərdiləşdirilə bilən “süni intellektlə işləyən rəqəmsal dost” funksiyası hazırlayır. Bu funksiya sayəsində istifadəçilər öz seçimlərinə uyğun olaraq süni intellektli söhbət botu yarada və bu botla qarşılıqlı əlaqədə ola biləcəklər.

    Test versiyasında bu funksiya haqqında məlumatı Tətbiq proqramlaşdırıcısı Alessandro Paluzzi paylaşıb.

    İstifadəçilər bu süni intellekt çatbotu ilə söhbət edib, suallar verib, fikirlərini bölüşə bilərlər. İstifadəçilər, həmçinin çatbotun cinsini, yaş aralığını, etnik mənsubiyyətini və şəxsiyyət xüsusiyyətlərini seçə bilərlər.

    Bundan əlavə, istifadəçilər süni intellektlə işləyən dostları üçün ad və avatar seçə bilərlər. Lakin Instagram hələlik bu funksiya ilə bağlı rəsmi açıqlama verməyib və funksiyanın nə vaxt istifadəyə veriləcəyi bəlli deyil.

  • Bayram günlərində Bakıdan Ağstafaya əlavə qatar reysi təyin edilib

    Bayram günlərində Bakıdan Ağstafaya axşam saatlarında, Ağstafadan Bakıya isə səhər saatlarında qatar təyin olunur.

    Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, noyabrın 7-dən 11-dək Bakıdan saat 23:55-də yola düşən qatar Ağstafaya saat 06:40-da çatacaq. Noyabrın 8-dən 12-dək Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya saat 15:50-də çatacaq. Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə təşkil olunacaq. Əlavə reyslər üzrə hərəkət edən qatar həmişəki dayanacaqlardan başqa, Ucar stansiyasında da dayanacaq.

    Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:46-da Ağstafaya, əks istiqamətdə saat 17:30-da Bakıya yola düşən qatar isə saat 22:35-də mənzil başına çatır. Biletləri ady.az-dan və “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

  • “Google”dan yeni funksiya: Riyazi və fiziki məsələlərin həlli mümkün olacaq

    “Google” şirkəti “Search” (Axtarış) və “Lens” (Obyektiv) funksiyalarında əhəmiyyətli yenilənmələr təqdim edib. Bunlar STEAM (Science, Technology, Engineering and Mathematics) fənləri üzrə mürəkkəb məsələlərin həllində şagird-tələbələrə köməyə istiqamətlənib.

    Trend xəbər verir ki, “Google” axtarış sistemi indi riyazi məsələlərin həllində geniş kömək təklif edir.

    İstifadəçilərə axtarış xanasına tənliyi yazmaq və ya “Google Lens”in köməyi ilə məsələnin şəklini çəkmək kifayətdir. Nəticədə onlar addım-addım həlli tapacaqlar. Bundan başqa, “riyazi hesablama” funksiyası personal kompüterlərdə əlçatandır və tezliklə mobil cihazlarda da yaradılacaq.

    “Google”, həmçinin, “Search”da STEM konsepsiyasının vizual şəkildə öyrənilməsi imkanını tətbiq edib. Bu funksiya istifadəçilərə biologiya, kimya, fizika, astronomiya və s. ilə bağlı mindən çox mövzu üzrə 3D modelli və interaktiv diaqramlarla qarşılıqlı əlaqədə olmaq imkanı verir.

    “Google” nümayəndələri ümidvardırlar ki, insanlar yeni və təkmilləşdirilmiş funksiyalar sayəsində öz maraqlarını təmin edəcək və xeyli yeni məlumat öyrənəcəklər.

  • 36 yaşlı keçmiş məhkum öldürüldü

    Xaçmazda 36 yaşlı keçmiş məhkum öldürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

    Bildirilib ki, bu gün saat 11 radələrində Xaçmaz rayonunda 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Alxasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    Qeyd edilib ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırmalar aparılır.

    Əlavə məlumat veriləcək.

  • “WhatsApp”da bir telefon nömrəsi ilə iki profil yaratmaq mümkün olacaq

    “WhatsApp” yaxın zamanda bir telefon nömrəsilə iki profil yaratmağa imkan verən funksiyasını təqdim edəcək.

    Məlumata görə, “Alternativ Profillər” ilə istifadəçilər yalnız müəyyən insanların görə biləcəyi ayrıca profil şəkli və istifadəçi adı təyin edə biləcəklər.

    Xatırladaq ki, yeni funksiya həmçinin müxtəlif qruplar üçün müxtəlif profillər yaratmağa imkan verəcək. Məsələn, dostlarınız və ailəniz əsas profilinizdən istifadə edə bilər, lakin siz yalnız biznes əlaqələrinin görə biləcəyi alternativ profil yarada bilərsiniz.

    Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün “WhatsApp”dan istifadə edir. “WhatsApp” ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.
    //Trend

  • “Togg T10X” modelinin çatdırılmasında rekord qırmağa davam edir

    “Togg T10X” modelinin çatdırılmasında rekord qırmağa davam edir.

    “Togg”, ilk SUV modeli “T10X” haqqında açıqlama verib.

    Şirkətin “X” hesabındakı yazısına görə, 3567 ədədi oktyabr ayında təhvil verilən “T10X” may ayından bu yana 9171 elektrikli avtomobil tədarük edib.

    Qeyd edək ki, mühərrik gücü 160 kW olan avtomobilin maksimal sürəti 180 km/saatdır.

  • Sərxoş halda qəza etdi, avtomobildə olan anası öldü

    Saatlıda ölümlə nəticələnən yol qəzası olub.

    Qara Nuru kəndi ərazisində 2000-ci il təvəllüdlü Saatlı rayonu, Məmmədabad kənd sakini Astanov Emil Elşad oğlu sərxoş vəziyyətdə, “VAZ- 21063” markalı avtomobilin idarəetməsini itirərək yol kənarındakı binaya dəyib.

    Nəticədə avtomobildəki sərnişin, E.Astanovun anası 1959-cu il təvəllüdlü Astanova Aybəniz Xanoğlan qızı aldığı xəsarətlərdən ölüb.

    Faktla bağlı cinayət işi başlanılaraq istintaqı aparılır.

  • Bir neçə ölkədən heyvandarlıq və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət tətbiq olunub

    Yunanıstan, Rumıniya və ABŞ-ın müəyyən ərazilərindən heyvandarlıq və quşçuluq məhsullarının ölkəyə idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Trend-ə verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Yunanıstan Respublikasının Egey adalarında xırdabuynuzlu heyvanların çiçək, Rumıniyanın Teleorman inzibati ərazi vahidində və Amerika Birləşmiş Ştatlarının Ayova, Oreqon ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

    Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Yunanıstan Respublikasının Egey adalarında xırdabuynuzlu heyvanların çiçək xəstəliyi baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Rumıniyanın Teleorman inzibati ərazi vahidində və ABŞ-ın Ayova, Oreqon ştatlarında yüksək patogen quş qripi xəstəliyi baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən bütün növ quşçuluq məhsullarının, o cümlədən quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

    Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində üç nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb.

    Belə ki, həmin şəxslərdən iki ədəd “İj” və bir ədəd “TOZ” markalı ov silahı aşkarlanaraq götürülüb.

    Faktlarla bağlı Lerik Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

  • Vilayət Eyvazov 7 şəhər və rayonun sakinini qəbul edəcək

    Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 15-də Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Kəlbəcər, Xocalı, Goranboy, Samux, Göygöl və Naftalan şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 14.11.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

    Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.