Month: November 2023

  • Sabah 25 dərəcə isti olacaq

    Noyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-13° isti, gündüz 20-25° isti, dağlarda dağlarda gecə 4-9° isti, gündüz 11-16° olacaq.

  • Tehranda məhkəmə və prokurorluq binasının qarşısında partlayış törədilib

    İranın paytaxtı Tehranda məhkəmə və prokurorluq binasının qarşısında partlayış törədilib.

    Məlumatı “Azad İran” yayıb.

    Məlumata görə, hadisə noyabrın 2-də gecə saatlarında baş verib. 3 dəfə partlayış səsinin eşidildiyi də bildirilib.

    Hadisəni törədənlər barədə məlumat yayılmayıb. Partlayış nəticəsində ölən və xəsarət alanın olduğuna dair məlumat yoxdur.

  • Xəzər dənizi səviyyəsinin ən çox qalxma və enmə tarixləri açıqlanıb

    “Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi ilə bağlı Milli Hidrometeorologiya Xidməti, AMEA və aidiyyəti elm və təhsil müəssislərində çoxsaylı tədqiqatlar, araşdırmalar aparılsa da, hələ ki kifayət qədər qeyri-müəyyənliklər qalmaqdadır”.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə Ekspert Qrupunun iclasında deyib.

    O bildirib ki, çıxış yolu həm yerli, həm xəzəryanı ölkələrin mütəxəssislərinin, eləcə də beynəlxalq ekspertlərin mövcud problemin həllinə cəlb edilməsi və birgə həll yollarının araşdırılmasıdır: “Müşahidələrimizin nəticələri göstərir ki, ötən əsrin ikinci yarısında Xəzər dənizində baş verən səviyyə tərəddüdləri müvəqqəti xarakter daşıyıb. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə, Baltik sistemi ilə 29 metrə qədər azalıb və sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artaraq 26,5 metrə çatıb. 1995-ci ildən dəniz səviyyəsində yenidən azalma müşahidə olunmağa başlanıb”.

    Xidmət rəisi vurğulayıb ki, ən gözəçarpan azalma (1 metrə yaxın) 2006-2015-ci illərdə baş verib: “2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb. Hazırda Xəzər dənizinin səviyyəsi fəsilə uyğun olaraq Baltik sistemi ilə 28,79 metrə bərabərdir”.

  • Paris Olimpiadasında milli komandanın xərcləri ilə bağlı büdcədən əlavə vəsait ayrılacaq

    Fransanın paytaxtı Parisdə keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarına hazırlıq və iştirakla bağlı xərclər üçün 12,9 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

    Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

    Bununla yanaşı, 2024-cü ildə Paralimpiya idman və Abilimpiya komandalarının təlim-məşq toplantılarının, həmçinin Xüsusi Olimpiya Komitəsinin idman komandalarının müxtəlif idman tədbirlərinin keçirilməsi və həmin idman komandalarının beynəlxalq yarışlarda iştirakı və beynəlxalq idman tədbirlərinə hazırlıq və digər təşkilati işlərinin maliyyə təminatı üçün 2,9 milyon manat vəsait proqnozlaşdırılıb.

    Qeyd edilir ki, bu, 2023-cü illə müqayisədə 1,3 milyon manat və ya 1,8 dəfə çoxdur.

    Artımın əsas səbəbi növbəti ildə XVII Paris Yay Paralimpiya oyunlarında milli komandamızın iştirakı ilə bağlı xərclərin qarşılanmasıdır.

  • Artıq bir-birinizə pul göndərəndə az faiz çıxacaq

    Ötən həftədən banklararası kartlarla olan komissiya haqları azaldılıb.

    Median.Az trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

    O qeyd edib ki, məqsəd nağdsiz ödənişlərin təşviq edilməsidir.

    T.Kazımov əhali arasında manata inamın artdığını diqqətə çatdırıb.

    Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.

  • Naxçıvanda üç vəzifəli şəxs işdən çıxarıldı

    Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən azad olunub.

    APA xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Samıq Sadıxov əmr imzalayıb.

    Əmrə əsasən, xəstəxananın baş həkimi Adəm İmanov işdən çıxarılıb.

    Eyni zamanda, baş həkimin müavinləri Kəmalə Bağırova və İsrafil Cəfərovun da işinə xitam verilib.

  • Oğlu intihar etmiş biznesmen həbs edildi – FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədova hökm oxunub.

    “Qafqazinfo” xəbər verir ki, 1974-cü il təvəllüdlü iş adamı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib. Ona 7 il həbs cəzası verilib.

    Bildirilib ki, iş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. M.Əhədov onlardan ümumilikdə 1,2 milyon (340 000, 351 884, 68 000, 170 000, 272 000) manat alaraq dələduzluq yolu ilə ələ keçirib.

    Qeyd edək ki, M.Əhədova cinayət işinin açılmasından bir il əvvəl oğlu, 1995-ci il təvəllüdlü Mirvəfayıl Əhədzadə (şəkillərdə) Yasamal rayonunda yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib.


  • Türkiyədə 650 yaşı olan əlyazma İncil aşkar edilib

    Türkiyənin Tekirdağ şəhərinin Çerkezköy rayonunda Tekirdağ Vilayət Jandarm Komandanlığı və Çerkezköy Şəhər Jandarm Komandirliyi tarixi əsərlərin olduğu bildirilən bir evdə axtarış aparıb. Axtarış nəticəsində yaşı 650 il olduğu təxmin edilən əlyazma İncil aşkar olunub.

    Qeyd edək ki, İncil üzərində araşdırma aparmaq üçün müvafiq orqanlara ötürülüb. Ev sahibi isə nəzarətə götürülüb.

    Mənbə: Haber Global

  • Xoşqədəm Doğuşdan boşanmaq üçün 1 milyon istədi – Şok iddia

    Aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, müğənni Doğuş haqqında “Show Tv” kanalında yayımlanan “Didem Arslan Yılmazla vazgeçme” verilişində şok iddia ortaya atılıb.

    Esra adlı qadın Doğuşla dini nikah bağladığını deyib.

    “Həyat yoldaşından boşanacağını və niyə səninlə evlənmədim və sair deyirdi. Mən onu, o da məni sevirdi. Mənimlə evlənəcəyini və Antalyada yaşayacağımızı planlaşdırmışdı. Doğuş bir neçə dəfə evimdə qalıb. Həyat yoldaşı və uşaqları Azərbaycanda idi. Hələ də Doğuşu insan kimi sevirəm. Mən ona, o da mənə hədiyyə alıb. Mənə iki qızıl üzük hədiyyə edib, onları da atdım.

    Dini nikah günü Doğuş məni ana-atamın məzarına apardı. Sonra restoranda səhər yeməyi yedik. O zaman həyat yoldaşından ayrılmaq istədiyini dedi. Doğuş həyat yoldaşının ondan boşanması üçün bir milyon dollar istədiyini söylədi. Onu dəqiq bilmirəm. Sonra Azərbaycana getdi, bir il orada qaldı. Həmin günü gəldi, dini nikahda iki rəfiqəm və Doğuşun meneceri iştirak edib.

    Öncədən Doğuşla dini nikah bağlayacağımızı bilmirdim. Mənə sürpriz oldu. Mən Doğuşun həyat yoldaşından boşanacağını düşünürəm. Doğuşla dini nikah başladıq, evli olduğu halda niyə dini nikah bağladığımızı soruşdum. Cavabında isə “günahdır” dedi. Hələ də boşanacağını deyirdi.

    Doğuşun qəribə xasiyyəti var. Əlimdən belə tutmurdu. Sonra onunla görüşməməyimin səbəbi boşanmaması oldu. Düşünürəm ki, həyat yoldaşından boşana bilmədi”.

    Xoşqədəm Hidayətqızı sosial şəbəkə istifadəçisinin “Doğuş bəyin xəbərini eşidəndə pis olduq. Bunu sizə qarşı necə edə bilər, yəqin sabah verilişində qarğış edəcək” şərhinə “Çox gözləyirsən, o zaman bu gün məni izlə”, – deyə cavab verib.

    Qeyd edək ki, Doğuş ilə Xoşqədəm Hidayətqızının Arda və Arın adlı əkiz övladı var.
    //Teleqraf.com

  • Azərbaycan Kubokunda limit Premyer Liqaya uyğun olacaq

    Azərbaycan Kubokunda limit Premyer Liqaya uyğun olacaq. Komandalar meydançada 7 əcnəbi oyunçudan yararlana biləcəklər.

    “Report” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Azərbaycan Kubokunun 2023/2024 mövsümünün püşkatma mərasimində məlumat verib.

    Qurum rəsmisi tapşırıqları yerinə yetirdikləri üçün klublara təşəkkür edib:

    “Builki mövsüm əvvəlkilərdən fərqlənir. Çünki yeni liqa yaradıldı, əvəzedicilərlə I Liqa ayrıldı. Aşağı liqalarda problemlər var, bunu inkar etmirik. Bir çox komanda bu turnirdə iştirak etməklə təcrübə toplayacaq”.

    O, ölkə kubokunun qalibinin Avropa Liqasına vəsiqə qazanacağını xatırladıb:

    “Bu amil turnirə marağı daha da artıracaq”.

    E.Abbasov əlavə edib ki, ölkə kubokunda VAR sistemindən istifadə olunacaq. Ancaq bu, yalnız sistem quraşdırılan stadionlarda olacaq”.