Month: December 2023

  • Hacıqabulda 18 yaşlı gənci avtomobil vuraraq öldürüb

    Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.

    “Report”un məlumatına görə, hadisə rayonun Birinci Udullu kəndində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan minik avtomobili evə qayıdan kənd sakini, 2005-ci il təvəllüdlü Xosiyev Pünhan Ehtiram oğlunu vurub.

    Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.

    Onu vuran sürücünün həmkəndlisi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • “Tərbiyəsizlik baş alıb gedir, inamsızlıq yaranıb” – Elgiz şikayət etdi

    Elgiz Əkbər “Arb” televiziyasında aparıcısı olduğu ” Elgizlə izlə” verilişində şou-biznesdə son dönəmlərdə tüğyan edən qalmaqallardan danışıb.

    Teleaparıcı qalmaqalların sənətkarları gözdən saldığını deyib:

    “Böyük tərbiyəsizlik baş alıb gedir. İnsanlarda sənət adamlarına inamsızlıq yaranıb. Sənət adamları həmişə hörmətli olub. Bir qrup sənətçi düşüb ortaya. İstədiklərini təhqir edirlər. Efirdə özlərini tərbiyəsiz kimi aparırlar. Müğənnilərin bu çıxışları gənclərə təsir edir”.

    Onun sözlərinə görə şou-biznesdə bəzi müğənnilər qruplaşma yaradaraq, həmkarlarına meydan oxuyur:

    “Tərbiyəsizliklər yığışdırılmalıdır. İnsanın şərəf və ləyaqətini alçaltmaq üçün hərəkətlər edilir. Pul hesabına ətrafına adam yığırlar. Mənə də zəng ediblər ki, biz qruplaşma yaradırıq, kimin tərəfindəsən? Bax belə hallar yaşanır hal-hazırda sənət aləmində”.
    //azxeber.com

  • BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

    Dekabrın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, telefon danışığı zamanı dövlət başçıları ölkələrimiz arasında münasibətləri və gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

    Prezidentlər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud əməkdaşlıq sahələrinə, xüsusilə iqtisadi inkişaf, bərpaolunan enerji və ölkələrimizin davamlı inkişafı üçün digər vacib istiqamətlərdə əməkdaşlıq imkanlarına toxunublar.

    Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

    Telefon danışığı əsnasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində Dubayda təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinə toxunulub.

    Dövlətimizin başçısı bu Sammitin uğurla keçirilməsi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib, bu tədbirdə iştirak etmək üçün Dubaya səfəri zamanı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünü məmnunluqla xatırlayıb və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan Prezidenti bu tədbirin nəticələrinin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə praktiki və əhəmiyyətli töhfə verəcəyinə, həmçinin dünyada davamlı inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirib.

  • Saray yolunda ölümlə nəticələnən avtomobil qəzası olub – VİDEO

    Abşeron rayonunda Saray yolu deyilən ərazidə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

    Belə ki, “Mercedes” E Klass markalı avtomibilin “Kia Sorento”nun qarşısına çıxması qəza ilə nəticələnib.

    Avtomobil qəzası zamanı “Mercedes”in sürücüsü həyatını itirib.

  • Cəlilabadda avtomobil qəzası olub, iki qadın xəsarət alıb

    Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, ilkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb.

    Onlar Sumqayıt şəhər sakinləri, 1968-ci il təvəllüdlü Diləfruz Mirzəyeva və 1952-ci il təvəllüdlü Təyibə Səmədovadır.

    Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Alimlər: Siqaret və qəhvə artritin inkişafı riskini artırır

    Siqaret çəkmək və qəhvə müxtəlif növ artritlərin inkişaf riskini birbaşa artırır.

    Alimlərin bununla bağlı tədqiqatının nəticələri “Nutrients” jurnalında dərc olunub.

    Araşdırmaya əsasən osteoartrit (oynaq qığırdaqlarının quruluşunun pozulmasına yol açan xəstəlik) və romatoid artrit oynaqlarda və sümüklərdə qığırdaqların pisləşməsinə səbəb olur. Bunlar dünyada 500 milyondan çox insanın ağrıdan əziyyət çəkməsi və yeriməkdə çətinlik çəkməsinin səbəbidir.

    Tədqiqatçılar müxtəlif həyat tərzi vərdişləri ilə artrit riski arasında səbəb-nəticə əlaqəsinin olub-olmadığını yoxlayıblar. Bunun üçün onlar, məsələn, qəhvə sevgisi ilə əlaqəli mutasiyalar və artrit riskinə cavabdeh olan mutasiyalar arasında əlaqənin mövcudluğunu qiymətləndirən üsuldan istifadə etdilər. Bu yanaşma ətraf mühitin təsirlərini istisna etməyə və xəstəliklə qəhvə istehlakı arasında birbaşa bioloji əlaqənin mövcudluğuna diqqət yetirməyə imkan verir.

    Tədqiqatda MRT-dən istifadə ilə artritin varlığını qiymətləndirilib. Alimlər qəhvə içmək, siqaret çəkmək və artroz və revmatoid artrit riski arasında səbəb-nəticə əlaqəsi tapıblar.

  • Naxçıvandakı toyda mahnı üstündə DAVA – MƏHKƏMƏ İŞİ

    Naxçıvan şəhərində toy mərasimində dava salan şəxsə hökm oxunub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə 2023-cü ilin 17 iyununda şadlıq saraylarının birində baş verib.

    Belə ki, 1967-ci il təvəllüdlü Əli Qafarov (ad şərtidir) həmin tarixdə şadlıq sarayında qardaşı oğlunun toy şənliyində iştirak edib.

    Toyda spirtli içki qəbul edən Əli Qafarov qohumlarının mahnı üstündə mübahisə etdiklərini görüb.

    O, bacısı oğlu ilə qardaşı oğlunun mahnı dəyişmək üstündə yaranan mübahisələrinin davaya keçdiyini görüb. Qohumlarının çölə çıxaraq mübahisəni davam etdirdiklərini görən Əli Qafarov onları sakitləşdirmək istəyib.

    Lakin dava böyüyüb və ora digər şəxslər də gəliblər.

    Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Fuad Məmmədov (ad şərtidir) bildirib ki, o, hadisə zamanı sakitliyin təmin olunmasını tələb edib.

    “Xahiş edirəm, asayişi pozub səs-küy salmayın. Sakit olun və hörmətsizlik etməyin”, – dedim. Lakin Əli Qafarov aqressiv şəkildə reaksiya verdi. Üzərimə gəlib sifət nahiyəmdən bir yumruq zərbəsi vurdu”, – deyə F.Məmmədov ifadəsində göstərib.

    O aldığı yumruq zərbəsindən üst dodağında qançır əmələ gəlib.

    Əli Qafarov ifadəsində qeyd edib ki, sərxoş olduğundan hadisəni tam olaraq xatırlamır. O, baş vermiş hadisəyə görə üzr istədiyini və peşman olduğunu bildirib. Ona yüngül cəza verilməsini xahiş edib.

    Zərərçəkmiş isə təqsirləndirilən şəxsi bağışladığını, onun sərxoş olduğundan bu əməli törətdiyini, ondan şikayət və tələbinin olmadığını bildirib.

    Naxçıvan Şəhər Məhkəməsinin dekabrın 8-də keçirilən iclasında cinayət işi ilə bağlı hökm oxunub.

    Hökmə əsasən, Əli Qafarov 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

    Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.

    Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

  • Zəlzələdən sonra böhran: Ürək xəstəliklərilə bağlı müraciət edənlər artıb

    Dekabrın 7-də baş verən zəlzələdən sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciətlərin sayında artım qeydə alınıb. Belə hadisələr zamanı qəfləti miokard infarktına, ürək damarlarında koronar spazmaya gətirib çıxaran stress hallarının, hipertonik krizlərin, fobiyaların kəskin artması müşahidə olunur.

    Median.Az Trend-ə istinadən bildirir ki,  bunu jurnalistlərə açıqlamasında institutun direktoru, professor Gülnaz Dadaşova deyib.

    Müraciət edənlərin yaş qrupları barəsində məlumat verən G.Dadaşova onların arasında tələbələrin də olduğunu deyib.

    “İnstitut 18 yaşdan yuxarı vətəndaşlara tibbi xidmət göstərir. Zəlzələdən sonra müxtəlif yaş qruplarından çoxsaylı müraciətlər qeydə alındı. Onlar arasında tələbələr, yaşlı insanlar, ürək, beyin patologiyalarından, şəkərli diabetdən əziyyət çəkənlər var idi. İndiyə qədər təzyiqdən şikayət etməyənlərdə təzyiqin artması müşahidə olunmuşdu. Hətta şəkərli diabeti olmayanlarda həmin xəstəliyin yaranması qeydə alınıb”, – o qeyd edib.

    G.Dadaşova bildirib ki, səhiyyənin bu qədər innovativ yenilikləri olmasına baxmayaraq, bütün dünyada ürək-damar xəstəlikləri həm ölüm, həm də əlilliyə gətirib çıxaran bir nömrəli qlobal patologiyadır. Hətta COVID- 19-un tüğyan elədiyi dövrlərdə də göstəricilər dəyişmədi. Bu da ürək-damar sistemi xəstəliklərinin nə qədər ciddi problem olduğunu göstərir.

    “Patologiyaların sayının artmasında bizdən asılı olmayan səbəblər də var. Ətraf mühit hadisələri, ekoloji amillər, stress faktorları, fors-major hallar, düzgün qidalanmamaq, zərərli vərdişlər, energetik içkilər burada rol oynayır. Bizdən asılı olan səbəbləri aradan qaldırmaq üçün maarifləndirici tədbirlər keçirir, əhalini, xüsusilə də gəncləri zərərli vərdişlərdən, energetik içki qəbulundan çəkindirməyə çalışırıq”, – deyə institut direktoru bildirib.

    Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

    Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.

  • Metroda DAVA: müəllim döyüldü, sonra…

    “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Koroğlu” stansiyası istiqamətində hərəkət edən qatarında müəllimi döyən sərnişinə hökm oxunub.

    Median.Az qaynarinfo-ya istinadən xəbər verir ki, dava yaşlı iki qadına yer verməmək üstündə baş verib.

    Belə ki, Adil (ad şərti) adlı müəllim saat 17:30-da metronun “Nəriman Nərimanov” stansiyasında qatara minib, həmin vaxt tanımadığı oğlan və qızın vaqonda qucaqlaşıb oturduğunu görüb. “Ulduz” stansiyasında qatara əllərində sellofan paket olan iki yaşlı qadın daxil olub. Qadınların əllərində yük olduğu üçün onlar əyləşmək istəyiblər və müəllim sözügedən gənclərin birinə yaxınlaşaraq, qadınlara yer verməsini istəyib. Gənclərdən biri isə ona kobud cavab verib.

    Bu zaman Adil “tərbiyəsizə baxın, yer vermir, anası buna tərbiyə verməyib”, deyib. Bu sözdən xoşu gəlməyən 2004-cü ildə Bakı şəhərində anadan olmuş Vüsal (ad şərti) yerindən qalxaraq onunla danışmaq istəyib. Müəllim isə əli ilə onun sinə nahiyəsindən vuraraq, geri itələyib. Bundan sonra Vüsal yumruqla həmin şəxsin sifət və boyun, təpiklə qarın nahiyəsinə vurub.

    Sərnişinlər onları ayıraraq, sakitləşdiriblər. Qatar stansiyada saxladıqdan sonra polis əməkdaşları hadisə eyrinə gəlib, onları aparıblar. Vüsal barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

    Məhkəminin hökmü ilə Vüsala 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

  • Rusiya XİN Ukrayna ilə sülh üçün şərtləri açıqlayıb

    “Ukraynada davamlı sülh o zaman mümkündür ki, Qərb Kiyevə silah ötürməyi dayandırsın və ölkə rəhbərliyi “yeni ərazi reallıqlarını” qəbul etsin”.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Frans Press” (AFP) agentliyinə bildirilib.

    Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Moskva danışıqlara açıqdır, lakin hazırda danışıqları aparmaq üçün Kiyevdə və ya Qərbdə siyasi iradə görmür.

    Qadın diplomat qeyd edib ki, Ukrayna Rusiyanın təslim olmasında israrlıdır, lakin belə şərtlərə əsaslanaraq, Moskva Ukrayna rəhbərliyindən heç kimlə danışmayacaq.

    Zaxarova həmçinin bildirib ki, Ukraynada münaqişənin həllinin “Koreya” modelini zorla tətbiq etmək cəhdləri nəticəsiz qalıb, başqa həll yollarına ehtiyac var.