Month: December 2023

  • Müştəri səhv ünvana gedən “Prius” sürücüsünün qarnını dişlədi, sonra isə bıçaqladı

    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahir Pənahovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, 8 may 2023-cü il tarixdə, saat 23:40-da paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Humay” marketin yaxınlığında qeydə alınıb.

    Belə ki, Mahir Pənahov müştəri qismində taksi sürücüsü, zərərçəkmiş Daşqın Babayevin (şərti) idarə etdiyi “Toyota Prius” markalı avtomobilinə əyləşib. Sözügedən ərazidə təqsirləndirilən şəxs zərərçəkmişə sifariş verdiyi ünvana düzgün aparmadığına görə irad bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Sonra Daşqın onu yumruqla vuraraq üst dodağına xəsarətlər yetirib. Daha sonra Mahir zərərçəkmiş şəxsin sol qolundan, sinəsindən və qarın nahiyəsindən dişləyib. Eyni zamanda o, cibindən çıxartdığı bıçaqla Daşqının sinəsinin sol nahiyəsindən qəsdən bir dəfə zərbə endirərək ona xəsarət yetirib.

    Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

  • SAXAL: “HƏMAS-ın girovluğunda 20-yə yaxın qadın və uşaq var”

    İsrail Müdafiə Ordusu (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağında hələ də 138 nəfəri girov saxladığını bildirib.

    Xəbəri dərc edən mənbə bu barədə SAXAL-ın nümayəndəsi Daniel Haqariyə istinadən məlumat yayıb.

    “Qəzzada saxlanılanlar arasında ümumilikdə 20-yə yaxın qadın və uşaq var”, – deyə SAXAL nümayəndəsi əlavə edib.

    Xatırladaq ki, HƏMAS və İsrail arasında sonuncu – üçüncü girov mübadiləsi noyabrın 28-də baş tutub. HƏMAS 14 israillini və 3 əcnəbini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. İsrail isə öz növbəsində 39 yeniyetmə fələstinli məhbusu azad edib. Bununla da atəşkəsin başlamasından bu vaxta qədər İsrail və HƏMAS-ın əsir mübadiləsi çərçivəsində 26 israilli və 78 fələstinli əsir sərbəst buraxılıb.

    Mənbə: The Jerusalem Post

  • Dünyada neyroşəbəkə tərəfindən hazırlanmış ilk qanun Braziliyada qəbul edildi

    Braziliyanın Riu-Qrandi-du-Sul əyalətinin paytaxtı Portu-Aleqri Şəhər Şurası mətni tamamilə ChatGPT süni intellektindən istifadə edilməklə yazılmış qanun qəbul edib.

    Qeyd olunur ki, sənəd şəhər şurasının iştirakçısı Ramiru Rosariunun sorğusuna əsasən neyroşəbəkə tərəfindən yaradılıb. Qanun layihəsi bələdiyyələrə su sayğaclarının oğurlanması halında vergi ödəyicilərindən onları dəyişdirmək üçün ödəniş etməməyə imkan verəcək. Sənəd artıq şura tərəfindən təsdiqlənib və şəhərin meri Sebaştiau Melu tərəfindən imzalanıb.

    Şəhər Şurasının üzvləri, mer və şəhər sakinləri qanun layihəsinin neyroşəbəkə tərəfindən işlənib hazırlandığını yalnız qanun qəbul edildikdən sonra öyrəniblər.

    “Bizim strategiyamız bunu süni intellektin etdiyini bildirməməkdən ibarət idi, biz sadə eksperiment aparmaq istəyirdik”, – deyə Rosario bildirib.

    O əlavə edib ki, yaxın bir neçə ildə cəmiyyəti süni intellekt sayəsində müxtəlif sahələrdə inqilabların baş verməsi gözləyir və siyasət də bu dəyişikliklərdən kənarda qala bilməz.

    Qeyd edək ki, ABŞ şirkəti OpenAI 2022-ci ildə istifadəçilərlə dialoq rejimində əlaqədə olan ChatGPT xidmətini təqdim edib. Çat-bot aydınlaşdırıcı suallara cavab verə, səhvlərini etiraf edə, yanlış fərziyyələrə etiraz edə və uyğun olmayan sorğuları rədd edə bilər.

    Mənbə: TASS

  • Oğuzda qızılcaya 10 yoluxma qeydə alınıb

    Oğuzda qızılca xəstəliyinə 10 yoluxma faktı qeydə alınıb.

    “Report”un məlumatına görə, rayon mərkəzindən və kəndlərdən qızılca xəstəliyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə 10 nəfər daxil olub.

    Xəstəliyə yoluxanlardan ikisi bu gün xəstəxanaya daxil olub. Hazırda bir nəfər stasionarda müalicə alır, yeddi nəfərə isə ambulator müalicə göstərilib.

    Qeyd edək ki, şimal-qərb bölgəsində qızılca xəstəliyinə ilk yoluxma halı sentyabrın ikinci ongünlüyündə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeydə alınıb. Oktyabrın birinci ongünlüyündə isə Zaqatala rayonunda qızılca xəstəliyinə yoluxma qeydə alınıb. Dünən isə Qax rayonunda iki nəfər bu xəstəliyə yoluxub.

  • Sumqayıt sakini yüksək doza narkotikdən ölüb

    Sumqayıtda yüksək doza narkotik vasitə qəbulu nəticəsində bir nəfər ölüb.

    APA xəbər verir ki, hadisə Corat qəsəbəsində baş verib.

    Sumqayıt sakini, 2000-ci il təvəllüdlü Ağarza Vüqar oğlu İsaxanov yüksək doza narkotik vasitənin təsirindən komatoz vəziyyətə düşüb.

    A.İsaxanovun həyatını xilas etmək mümkün olmayıb, o, yaşadığı mənzildə dünyasını dəyişib.

  • MEDİA: AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşının ölkədən çıxarılmasını qınayırıq

    AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsini və polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq.

    Bu barədə Medianın İnkişafı Agentliyinin bəyanatında bildirilib.

    Qeyd olunub ki, jurnalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinə müdaxilə edilməsi və polis nəzarəti altında saxlanılaraq təyyarəyə minənədək müşahidə altında olması hadisənin siyasi sifariş olduğunu deməyə əsas verir.

    Vurğulanıb ki, bu, Fransada müxtəlif tədbirləri işıqlandıran jurnalistlərin, o cümlədən Azərbaycan media təmsilçilərinin peşəkar fəaliyyətinə maneçilik törədilməsi, onların informasiya əldə etmək hüququnun kobud, qeyri-qanuni üsullarla qarşısının alınmasına yönəlmiş növbəti addımdır.

    “Biz dünyada ifadə azadlığının vəziyyətini qiymətləndirmək kimi kifayət qədər geniş və ciddi missiyanı öz üzərinə götürmüş beynəlxaq təşkilatların, jurnalistlərin hüquqlarının qorunması sahəsində ixtisaslaşmış QHT-lərin məsələyə münasibət bildirməsini tələb edirik“, – bəyanatda qeyd olunub.

  • Bakıda havalar soyudu, istilik kəsildi – Səbəb nədir?

    Bu gündən Bakıda hava pisləşib və tempratur aşağı düşüb. Havanın soyuması ilə istiliyə tələbat da artıb. Buna bazxmayaraq, Binəqədi rayonu, Biləcəri qəsəbəsində mənzillərə verilən istilik sistemi kəsilib.

    Bununla bağlı Baku.ws-in “qaynar xətti”nə sakinlər müraciət ediblər. Bildiriblər ki, bu gün səhər saatlarından evlərə verilən istilik sistemi kəsilib. Sakinlərə qeyri-rəsmi bildiriblər ki, hansısa ərazidə qəza olduğu üçün kəsinti yaranıb. Lakin hələ də qəza aradan qaldırılmayıb və bu axşam da istiliyin veriləcəyi məlum deyil.

    Məsələyə rəsmi münasibət öyrənmək üçün “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Elvin Basqallı BAKU.WS-ə bildirdi ki, məsələ araşdırlandan sonra ətraflı məlumat veriləcək.

  • Rusiya və İran XİN rəhbərləri deklarasiya imzaladılar

    Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Moskvada ikitərəfli danışıqlar zamanı birtərəfli sanksiyalara qarşı mübarizə haqqında deklarasiya imzalayıblar.

    Sənəd rəsmi olaraq “Birtərəfli məcburetmə tədbirlərinin mənfi nəticələrinə qarşı mübarizə, yüngülləşdirmə və kompensasiya yolları və vasitələri haqqında Rusiya və İranın Bəyannaməsi” adlanır.

    Danışıqlar Xəzəryanı dövlətlərin – Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri ilə görüş çərçivəsində baş tutub.

    Mənbə: TASS

  • Ağstafada yeniyetmə qızı cərəyan vurdu

    Ağstafada bədbəxt hadisə baş verib.

    APA-nın məlumatına görə, hadisə rayonun Pirli kəndində qeydə alınıb.

    Belə ki, yeniyetmə qızı vanna otağında elektrik cərəyanı vurub.

    O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

  • Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olunub

    Şamaxıda sanitar-gigiyena qaydalarının pozulması halları ilə bağlı bələdiyyə sədri məsuliyyətə cəlb olunub.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

    Qeyd olunub ki, Şamaxı Rayon Polis Şöbəsinin və 6 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirilən tədbirlər zamanı Birinci Çaylı kəndi ərazisində məişət tullantılarının qalaqlanmasını aşkar ediblər.

    İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilərək o, inzibati məsuliyyətə cəlb olunub.