Month: December 2023

  • KTMT-nin baş katibi Ermənistan XİN-in rəhbərilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

    KTMT-nin baş katibi İmanqali Tasmaqambetov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Görüş zamanı Ararat Mirzoyan və İmanqali Tasmaqambetov regiondakı vəziyyət, nəqliyyat və iqtisadi əlaqələrin inkişafına yönəlmiş layihələr barədə fikir mübadiləsi aparıblar.

    Mənbə: TASS

  • Özbəkistan XİN-dən Rusiyaya etiraz

    Rusiyanın Özbəkistandakı səfiri Oleq Malqinov rusiyalı yazıçı, “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət naminə” siyasi partiyasının həmsədri Zaxar Prilepinin Özbəkistanın ilhaqı ilə bağlı bəyanatı ilə əlaqədar ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub.

    Rusiya nümayəndəsinə Prilepinin “Özbəkistan ərazisinin Rusiyaya birləşdirilməsi” təklifinin “dərin narahatlıq hissi ilə” qarşılandığı barədə məlumat verilib.

    Əlavə edilib ki, “Rusiya Federasiyası kimi dost ölkənin partiya rəhbərlərinin bu cür bəyanatları, təəssüf ki, Özbəkistan Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin ruhuna uyğun gəlmir”.

    Mənbə: TASS

  • İsrail ordusu Hizbullahın Livandakı mövqelərinə zərbələr endirib

    İsrail ordusu Hizbullahın Livandakı mövqelərinə zərbələr endirib.

    Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

    Qeyd olunub ki, İsrail aviasiyası Hizbullahın hücumlarına cavab olaraq Livandakı Hizbullah mövqelərinə zərbələr endirib.

    Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

  • Azərbaycanda fərqli sağlamlıq sığortası modelləri hazırlanır

    “Azərbaycanda 2020-ci ildən icbari tibbi sığorta sistemi tətbiq olunur. Eyni zamanda, fərqli sağlamlıq sığortası modelləri də hazırlanır”.

    “Report” xəbər verir ki, bunu ümummilli lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda Azərbaycanın səhiyyə naziri Teymur Musayev deyib.

    “Bunlar tamamlanmış sağlamlıq sığortası və özəl tibbi sığorta modelləridir. Bunların nəticəsində qarşılıqlı memorandumlar əsasında Türkiyə vətəndaşları üçün Azərbaycanda, Azərbaycan vətəndaşları üçün Türkiyədə özəl sığorta üzərindən müəyyən sağlamlıq turizmi paketlərinin təminatı həyata keçiriləcək”, – nazir bildirib.

  • Təyyarə biletləri 500 manatdan çox ucuzlaşdı – SON QİYMƏTLƏR

    Son aylarda Azərbaycandan xarici ölkələrə təyyarə ilə sərnişindaşıma qiymətlərində azalma müşahidə edilir.

    Qiymətin azalması dinamikası həm MDB ölkələrinə, həm də digər xarici ölkələrə uçuş xidmətlərində baş verir.

    2023-cü ilin avqustunda təyyarə biletlərində qiymətlər son ayların ən yüksək həddinə çatmışdı. Həmin tarixdə MDB ölkələrinə uçuş qiyməti orta hesabla 1099 manat, digər xarici ölkələrə 1141 manat idi. Noyabrda orta qiymətlər MDB ölkələrinə 528,1 manata, digər xarici ölkələrə 641,1 manata düşüb.

    Son 3 ay ərzində MDB ölkələrinə təyyarə biletlərinin qiyməti 2,08 dəfə (571 manat), digər ölkələrə sərnişindaşıma qiyməti 1,78 dəfə (500 manat) düşüb.

    Xaricə səfər etmək istəyən insanlar üçün təyyarə biletlərinin kəskin ucuzlaşması əlverişlidir. Çünki quru sərhədləri bağlı olduğundan xaricə səfər etmək istəyənlər yalnız hava nəqliyyatından istifadə etmək imkanına sahibdir.
    //sfera.az

  • SOCAR Türkiyəyə 18 milyard dollardan çox yatırım edib

    SOCAR Türkiyəyə 18,2 milyard dollarlıq yatırım edib. Bu ölkəmiz üçün çox əhəmiyyətli bir investisiyadır.

    APA xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunun panel çıxışı zamanı Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Nevzat Şatıroğlu deyib.

    N.Şatıroğlu qeyd edib ki, həm işğaldan azad olunan ərazilərdə, həm də Naxçıvanda yaşıl enerji ilə bağlı müxtəlif layihələrin icrasına dəstək olacaqlar.

    Nazir müavini 2023-cü ildə təməli qoyulan İğdır-Naxçıvan təbii qaz boru kəmərinin rolundan danışaraq qeyd edib ki, bununla Naxçıvanın enerji baxımdan təhlükəsizliyi artacaq.

  • İTV-də növbədənkənar prezident seçkisi ilə əlaqədar efir vaxtına start veriləcək

    “Gələn həftədən etibarən İctimai Televiziyanın efirində növbədənkənar prezident seçkisi ilə əlaqədar maarifləndirmə xarakterli efir vaxtına start veriləcək”.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

    O qeyd edib ki, bununla paralel olaraq MSK nümayəndələri regionlarda dairə seçki komissiyalarının üzvləri üçün təlimlərə cəlb ediləcəklər.

  • Rusiyanın Ermənistandakı səfirliyi ölkədə “Sputnik” radiosunun bağlanmasına münasibət bildirib

    Rusiyanın Ermənistandakı səfirliyi “Sputnik” radiosunun ölkə ərazisində fəaliyyətinin qadağan olunmasına münasibət bildirib.

    Məlumat diplomatik korpusun saytında dərc edilib.

    “Rusiyanın İrəvandakı səfirliyi “Sputnik” radiosunun yayımının dayandırılmasından təəssüfləndiyini bildirir”, – deyə ictimailəşdirilən məlumatda qeyd olunub.

    Xatırladaq ki, ölkənin Televiziya və Radio Komissiyası “Sputnik Ermənistan” radiosunun ölkədəki retranslyatoru olan “Tospa” radiostansiyasının lisenziyasını 30 gün müddətinə ləğv edib.

    Ermənistan mediasının məlumatına görə, komissiya başqa bir qərarı ilə yayımçını 500 min dram (təxminən 1 200 dollar) cərimələyib.

    Tənzimləyicinin ilk qərarı “Tiqran Keosayanla cümə” proqramı ilə bağlıdır. Bildirilir ki, bu proqramda müəllif ölkənin, xalqın şərəf və ləyaqətini alçaldan ironik bəyanatlar verib.

    Mənbə: RİA Novosti

  • İlham Əliyev Xankəndidə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb

    Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

    “Xoş gəlmisiniz Xankəndiyə!

    İdmançılarla ənənəvi görüşü bu il Xankəndidə keçiririk. Bunun çox böyük mənası var. Sizi, ilk növbədə, əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Siz öz zəhmətinizlə dövlətimizin idman şöhrətini göylərə qaldırmısınız və Azərbaycan dövləti də sizi mükafatlandırmaqda tam haqlıdır, çünki siz buna layiqsiniz.

    Bu gün burada düzülən mükafatlar, mənzillərin orderləri, digər mükafat növləri sizə işğaldan azad olunmuş Xankəndi şəhərində tarixi futbol matçının fasiləsində təqdim edilir. Bu münasibətlə sizi ürəkdən təbrik etmək istəyirəm.

    Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi – Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir.

    Mən bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Mən sizi buraya dəvət etməklə sizə öz münasibətimi, hörmətimi bildirmək istəmişəm. Bu görüşü biz Bakıda da keçirə bilərdik. Ancaq hesab etdim ki, bu görüşün burada keçirilməsi və sizə bu yüksək mükafatların burada verilməsi tam ədalətli olacaqdır. Bir daha təbrik edirəm”.

    Sonra xatirə şəkli çəkdirilib.

    Xatırladaq ki, Azərbaycan Prezidenti həmişə olduğu kimi, bu il də idmançılarımızı sevindirib. Belə ki, dekabrın 20-də Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 1 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 17 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə 3 nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Həmçinin ölkə idmanının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 4 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib. İdman ictimaiyyətinin 29 nümayəndəsinə isə mənzil verilib.

  • Uşaqları sağlamlıqlarına təhlükə törədən valideyndən almaq dövlətin vəzifələri sırasına daxil edilir

    Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri artırılır.

    APA xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, məişət zorakılığından zərər çəkmiş yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72-ci maddəsi (Uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda uşağın valideynlərdən (onları əvəz edən şəxslərdən) alınması) ilə müəyyən edilmiş əsaslar olduqda, uşağın valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq alınması ilə bağlı tədbirlər görmək dövlətin vəzifələri sırasına daxil edilir.

    Eyni zamanda, layihəyə əsasən, cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri sırasından ailə münasibətlərinin bərpa olunmasına kömək göstərmək çıxarılır.

    Dövlət məişət zorakılığının qarşısının alınması üzrə bu qanunda nəzərdə tutulmuş tədbirlərin monitorinqini və əlaqələndirilməsini təmin etməlidir.

    Qeyd olunur ki, ümumi mənada tərəflərin münasibətlərinin normallaşmasına dövlət orqanları tərəfindən kömək göstərilməsi məqsədəmüvafiq hesab edilsə də, ailədə münasibətlərin bərpa olunması artıq ailə üzvlərinin öz seçiminə, şəxsi mülahizələrinə söykənməlidir.