Month: December 2023

  • Röyanın “Tut əlimdən” mahnısı yutub trendində birinci pilləyə yüksəlib – VİDEO

    Xalq artisti Röya Ayxanın “Tut əlimdən” adlı yeni mahnısı Azərbaycan yutub trendində birinci pilləyə yüksəlib.

    Dekabrın 15-də dinləyicilərin ixtiyarına verilən mahnı artıq yarım milyona yaxın baxış sayı toplayıb.

    Sözügedən mahnıya davamlı olaraq TikTokda və instaqramda videolar çəkilməkdədir.

    Qeyd edək ki, mahnının musiqisi Hacı Nazimə, sözləri isə Sərxan Nizamioğluna məxsusdur.
    //baku.ws

  • Nazir şöbə müdirini işdən çıxarıb

    Müdafiə Sənayesi Nazirliyinin maliyyə və uçot şöbəsinin müdiri Nadim Babayev vəzifəsindən azad edilib.

    “Report”un xəbərinə görə, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.

    Həmin vəzifəyə hələlik təyinat olmayıb.

    Məlumatı Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər.

    Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

  • İlham Əliyevin Xankəndi stadionundakı çıxışının TAM MƏTNİ

    Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.

    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

    Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış edib:

    “Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!

    İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

    Bu gün qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadır. Gəlin, hamımız birlikdə onları salamlayaq.

    Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.

    Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.

    Biz – bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.

    Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ – Ordu – Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.

    Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!

    İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl – İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl – sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik.

    Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!”

    Sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olunub.

    Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşüb, onlarla xatirə şəkli çəkdirib.

    Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ” – MOİK görüşü başlayıb.

  • Prezident: “Bütün Qarabağ bölgəsində bu gün Azərbaycan Bayrağı dalğalanır, bu, böyük tarixi hadisədir”

    “Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Bütün Qarabağ bölgəsində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.

    “Bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”, – dövlətimizin başçısı bildirib.

  • Prezident: “Biz sübut etdik ki, bu torpaqların sahibləri bizik – Azərbaycan xalqıdır”

    “Əfsuslar olsun ki, otuz il ərzində Xankəndi şəhərində separatçılar yuva salmışdılar, bu şəhər separatizmin rəmzinə çevrilmişdi”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.

    Dövlətimizin başçısı bildirib: “Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi və əzəli torpağımızdır, bu torpaqların sahibləri bizik – Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.

  • Ильхам Алиев выступает с речью на стадионе в Ханкенди перед историческим матчем – ПРЯМОЙ ЭФИР

    Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева прибыли на городской стадион Ханкенди, чтобы посмотреть матч 1/8 финала Кубка Азербайджана по футболу между агдамским “Карабахом” и бакинским МОИК.

    Глава нашего государства выступает с речью перед игрой.

  • İlham Əliyev Xankəndi şəhər stadionunda çıxış edir – CANLI YAYIM

    Prezident İlham Əliyev futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında baş tutacaq oyundan əvvəl Xankəndi şəhər stadionunda çıxış edir.

    Həmin çıxışı təqdim edirik:

  • Baş nazirdən TƏBİB barədə QƏRAR

    Epidemik göstərişlərə görə profilaktik peyvəndləmə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən aparılacaq.

    Bu barədə Baş nazir Əli Əsədov “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılması müddəti və Qaydası”nda, “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”də və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

    Belə ki, dəyişikliyə əsasən, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əhali arasında immunsəviyyənin yüksəldilməsi üçün immunoprofilaktikanı təmin edən Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və idarəetmə orqanlarının müvafiq strukturları tərəfindən profilaktik peyvəndlər aparılır.

    Əvvəlki qaydaya görə, bu istiqamətdə profilaktik peyvəndləmə aparmaq səlahiyyəti olan qurumların siyahısında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də vardı. Dəyişiklikdən sonra bu səlahiyyət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən alınaraq TƏBİB-ə verilib.

  • İsrailin Almaniyadakı səfiri HƏMAS-ın hücumunda fələstinli dinc sakinlərin iştirakından danışdı

    “Oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatı yaraqlılarının İsrailə hücumunda fələstinli dinc sakinlərin əli var”.

    Bu sözləri İsrailin Almaniyadakı səfiri Ron Prozor Almaniyanın Azad Demokratik Partiyasının üzvü Frank Müller-Rozenrittin podkastında deyib.

    Onun sözlərinə görə, İsrail tərəfinin əlində məlumatlar və həmçinin fotoşəkillər var ki, minlərlə insanın bu hadisələrdə iştirak etdiyini, əhalinin bir hissəsinin daha dəhşətli əməllər törətdiyini əks etdirir.

    Nümunə kimi səfir qadınlara qarşı pis rəftarı və onlara qarşı cinsi zorakılığı göstərib.

    Ron Prozor, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsini Qəzza zolağındakı hərəkətlərinə görə tənqid edib.

    Mənbə: Gazeta.ru

  • Azərbaycanda oğul atasını bıçaqladı

    İsmayıllıda ailə-məişət zəminində oğul atasını bıçaqlayıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 29 yaşlı İsmayıllı şəhər sakini Emin Maarifli aralarında yaranan mübahisə zamanı 53 yaşlı atası Sübhan Dadaşovu bıçaqlayıb. S.Dadaşov xəstəxanaya yerləşdirilib.

    İlkin məlumatda oğlun hadisəni törədən zaman sərxoş olduğu bildirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Maarifli saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir.