Month: December 2023

  • İlham Əliyev və Mehriban Əliyeva Xocavənddə “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonunun Şıx Dursun kəndində olublar.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci vitse-prezident kənddəki “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər.

    Qeyd edək ki, Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

    Kənddə 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar nəinki Azərbaycanın, dünyanın ən yaşlı ağaclarından biri sayılır. Ağacın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir.

  • Peruda zəlzələ baş verib

    Peruda 6,1 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Bildirilir ki, yeraltı təkanların episentri təxminən 20 min nəfər əhalisi olan El-Pedreqal şəhərindən 54 km şimal-qərbdə yerləşir. Mənbəyi 94 km dərinlikdə olub.

    Qeyd edək ki, itkilər və dağıntılar barədə məlumat yoxdur.

    Mənbə: TASS

  • Rusiya Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin sayını açıqladı

    Rusiya Mərkəzi Seçki Komissiyasına (MSK) ölkədə prezident seçkisi ilə bağlı 16 namizədin ərizəsi daxil olub.

    Bu barədə komissiya sədri Ella Pamfilova iclas zamanı məlumat verib.

    “Hazırda Rusiya Federasiyası prezidentliyinə seçki ilə bağlı 16 namizəddən ərizə almışıq. Kampaniya aktiv fazaya daxil olub”, – deyə Pamfilova qeyd edib.

    O, həmçinin əlavə edib ki, MSK-nın məlumatına görə, ərizələrin sayı artacaq.

    Mənbə: TASS

  • Hindistanın cənubunda daşqınlar səbəbindən 17 mindən çox insan təxliyə edilib

    Hindistanın cənubundakı Tamilnad ştatında leysan yağışların yağdığı daşqın zonasından 17 mindən çox insan müvəqqəti düşərgələrə təxliyə olunub.

    Bu barədə jurnalistlərə yerli administrasiya rəhbərinin müavini Şiv Das Mina məlumat verib.

    “Bu günə qədər 160 yardım düşərgəsi yaratmışıq və bu düşərgələrdə 17 minə yaxın insan yerləşdirilib. İnsanlara 34 minə yaxın ərzaq bağlaması çatdırılıb, lakin indi suyun səviyyəsi hələ də azalmadığından bəzi kəndlərə gedib çıxa bilmirik”, – deyə Mina bildirib.

    O əlavə edib ki, 1 300-ə yaxın insan, o cümlədən Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Milli Fəlakətlərə qarşı Qüvvələrinin (NDRF) əməkdaşları yardım və təxliyə əməliyyatlarına cəlb olunublar. Zərər çəkmiş ucqar ərazilərə 13,5 ton yardım ləvazimatlarını çatdırmaq üçün doqquz helikopterdən istifadə edilir.

    Mənbə: TASS

  • 13 il əvvəl törədilmiş cinayətin üstü açıldı – Şəmkirdə baş verən dəhşətli hadisənin təfərrüatı

    13 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

    Bu barədə Baş Prokurorluq və Daxili işlər Nazirliyi birgə məluumat yayıb.

    Məlumata görə, ötən illərdən bağlı qalmış cinayətlərin açılması, cinayəti törətmiş şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması məqsədilə mütəmadi olaraq aidiyyəti dövlət qurumları tərəfindən birgə tədbirlər həyata keçirilir.

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində uzun illər bağlı qalmış daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

    Belə ki, 16 fevral 2010-cu il tarixdə Şəmkir rayonunun Mahmudlu kəndindən Yeniabad kəndi istiqamətinə gedən torpaq yolda “Daewoo Nexia” markalı avtomobilin sükanı arxasında 1953-cü il təvəllüdlü rayonun Yeniabad kənd sakini Həsənov Məhərrəm Kamil oğlunun baş və bədən nahiyəsində çoxsaylı xəsarətlər olan meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılsa da, cinayəti törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır.

    Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmiş və həyata keçirilmiş kompleks istintaq və əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonunun Yeniabad kənd sakini Vəliyev Turab Malik oğlunun 15 fevral 2010-cu il tarixdə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovun idarə etdiyi avtomobillə Gəncə şəhərinə getməsi, bir neçə saat sonra yaşadıqları kəndə birlikdə qayıdarkən göstərdiyi taksi xidməti müqabilində ona ödəniş etməyəcəyini bildirməsi, həmin vaxt aralarında baş vermiş mübahisə zamanı avtomobilin içərisində Məhərrəm Həsənova deşici-kəsici alətlə çoxsaylı zərbələr endirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

    Toplanmış sübutlar əsasında Turab Vəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir.

    Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

  • Aybəniz Haşımovanın səhhətində problem yarandı

    Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.

    Bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.

    A.Haşımova vəziyyəti ilə bağlı müayinə üçün Milli Onkologiya Mərkəzinə getdiyini açıqlayıb:

    “Ötən gün səhhətimdə ciddi problem yaranmışdı. Bu, məni çox ciddi narahat etdi. Milli Onkologiya Mərkəzinə üz tutdum. Onlar mənə çox yaxşı xəbər verdilər. Məndə ciddi bir xəstəliyin olmadığını söylədilər. Bu müjdəni verdikləri üçün həkimlərə sonsuz təşəkkürümü bildirirəm” .

  • Rusiyada deputatlara qəribə qadağa

    Rusiyada deputatları seçim qarşısında qoyublar. Belə ki, Dövlət Duması xarici istehsal maşınları üçün onlara benzin pulu verməyəcəyini açıqlayıb.

    Bu barədə Aşağı Palatadakı mənbələr məlumat verib, həmçinin deputatların özləri də təsdiqləyiblər.

    Bildirilib ki, 2024-cü ilin yanvarın 1-dən deputatlardan yerli istehsal olan avtomobillərə keçmələri istənilib.

    Onların sözlərinə görə, əgər buna razı olmasalar, yanacaq pulunu öz hesablarına ödəməlidirlər.

    Mənbə: İz.ru

  • Hacıqabulda traktor aşıb: Ölən var

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunun Birinci Udullu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən məlumat verilib.

    Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Belarus” markalı traktorun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı dərəyə aşıb, bir nəfər traktorda sıxılmış vəziyyətdə qalıb.

    Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • İlham Əliyev və Mehriban Əliyeva Xocavənd və Xocalı rayonlarına səfər ediblər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 20-də Xocavənd və Xocalı rayonlarına səfər ediblər.

    AZƏRTAC xəbər verir ki, onlar Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində “Çinar müqəddəs yer” abidə kompleksində və Xocalı rayonunun Şuşakənd kəndində olublar.

  • Azərbaycan telekanallarında efirin əsas hissəsini informasiya və analitik proqramları təşkil edir – STATİSTİKA

    Azərbaycanda ümumölkə yerüstü televiziya yayımında olan kanalların 2023-cü ilin noyabr ayında informasiya və analitik proqramların özəl çəkisi ən çox olmaqla ümumi payın 25 faizini təşkil edib.

    Bu barədə Audiovizual Şuranın təqdim etdiyi televiziya proqramlarının janrlar üzrə bölgüsü və hər bir kanal üzrə ayrı-ayrılıqda statistikasında qeyd olunub.

    Statistikaya əsasən, reklam və sponsor proqramları 16,6 %, idman 15,3 %, musiqi və əyləncə janrında olan proqramlar 12,1 %, mədəni-maarif janrında olan proqramlar 9,7 %, sosial yönümlü proqramlar 5,7 %, bədii filmlər 3,9 %, anons və elanlar 3,4 %, seriallar (xarici istisna olmaqla) 2 %, sosial reklamlar 0,8 %, cizgi filmləri və bədii filmlər (yerli istehsal) 0,6 %, teleticarət xarakterli proqramlar 0,5 %, uşaq proqramları 0,4 % təşkil edib.

    Ayrı-ayrı telekanalların statistikasına əsasən, Azərbaycan Dövlət Televiziyasında efirin ən çox hissəsi informasiya və analitik proqramlardır. Onarın özəl çəkisi 43,8 % təşkil edib. Reklam və sponsor təqdimatları 18,7 %, mədəni-maarif janrında olan proqramlar isə 7,2 %-dir.

    İctimai Televiziyada ümumi efirin ən çox hissəsini 25,5 faizlə informasiya və analitik proqramları təşkil edir. Mədəni-maarif janrında olan proqramlar 21,9 %, bədii filmlər (xarici istehsal) isə 8,3 %-dir.

    ATV-də musiqi və əyləncə janrında olan proqramlar üstünlük təşkil edir. Onlara ümumi efirin 18,5% ayrılıb. Bu kanalda reklam və sponsor təqdimatları 17,7 %, sosial yönümlü proqramlar 15,5 %-dir.

    Space TV-də reklam və sosial təqdimatları efir vaxtının 20 %-ni təşkil edir, musiqi və əyləncə proqramları 19,4 %, sosial yönümlü proqramlar 18, 5 %-dir.

    Xəzər TV-də ən çox pay reklam və sponsor təqdimatlarıdır. Onların çəkisi 20,10 faiz təşkil edir. Musiqi və əyləncə janrında olan proqramların payı 19,4 %, informasiya və analitik proqramlar 15,9 %, mədəni-maarif janrında olan proqramlar isə 10,5 %-dir.

    ARB televiziyasında ən çox pay sahibinə malik 24 %-lə musiqi və əyləncə janrında olan proqramlardır. Sosial yönümlü proqramlar 16,4 %, informasiya və analitik proqramlar isə 12, 9 %-dir.

    Real TV və ARB24 telekanalları informasiya istehsalı üzrə ixtisaslaşdıqlarından efir vaxtrının ən çox özəl çəkisi informasiya və analitik proqramlar təşkil edir – müvafiq olaraq 61,6 % və 79,8%.