Month: Yanvar 2024

  • Xaçmaz sakinini cərəyan vuraraq öldürüb

    Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.

    “Report”un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Arif Səlimov küçəsində qeydə alınıb.

    Belə ki, 1954-cu il təvəllüdlü Elarov Valeri Babaəli oğlunu həmin ərazidə elektrik cərəyanı vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • “TikTok”un Azərbaycan seqmentində yeni trend: Hədiyyə qarşılığında fala baxırlar – VİDEO

    Falçılar, baxıcılıq edən şəxslər artıq fəaliyyətlərini sosial şəbəkələrə daşıyıblar. Əvvəl üzlərini gizlədirdilərsə, “xidmətlər”inin qurbanları artdığından kələkbazlar indi açıq formada bu işi davam etdirirlər.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, heç çəkinmədən “TikTok” platformasında canlı yayım açan bu şəxslər insanlara gələcək barədə məlumat verdiklərini iddia edirlər.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişdirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır:

    “Vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq hal barəsində inzibati və yaxud cinayət icraatı açılır. Sosial şəbəkə istifadəçilərinə bu kimi hallarda diqqətli davranmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamağı tövsiyə edirik”.

  • Laporta keçmiş baş məşqçini “Barselona”ya dəvət etmək istəyir

    Frank Raykard da “Barselona”nın hazırkı baş məşqçisi Xavinin yerinə namizədlər sırasında yer alıb.

    Məlumata görə, klub prezidenti Joan Laporta artıq Raykardla əlaqə saxlayıb. Bundan əlavə, “blauqrana”nın rəhbəri irlandiyalı Marko van Basteni komandada köməkçi məşqçi kimi görmək istəyir.

    61 yaşlı Raykard 2003-2008-ci illərdə “Barselona”nın məşqçisi olub. Onun rəhbərliyi altında kataloniyalılar iki dəfə İspaniya çempionu və Çempionlar Liqasının qalibi olublar.

    2013-cü ildən Səudiyyə Ərəbistanı millisindən ayrıldıqdan sonra məşqçilik etməyib.

    Mənbə: sport.ua

  • Laçın aeroportunun tikintisi üçün idxal olunan mallarla bağlı QƏRAR

    Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün gətirilən malların idxal gömrük rüsumundan azad edilməsi müddəti 2025-ci ilədək uzadılıb.

    “Report” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 18 iyun tarixli 174 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

    Bu güzəşt 2024-cü il yanvarın 1-dək qüvvədə idi.

    Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

    Qeyd edək ki, hazırda işğaldan azad olunan ərazilərdə Füzuli və Zəngilan hava limanları tikilərək istifadəyə verilib.

    Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin isə 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq.

    Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.

  • Ermənistanda nazir müavini saxlanıldı

    Ermənistan iqtisadiyyat nazirinin müavini Ani İspiryan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

    Median.Az “report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat katibi Astxik Sarqsyan bildirib.

    O bildirib ki, Ani İspiryanın saxlanılma səbəbi məlum deyil. Mətbuat katibi qeyd edib ki, korrupsiyaya qarşı mübarizə vacib olsa da, təqsirsizlik prezumpsiyasını rəhbər tuturlar.

  • Yaponiyada zəlzələ nəticəsində xəsarət alan 30-dan çox insan soyuqdan ölüb

    Yaponiyada baş verən silsilə güclü zəlzələlər nəticəsində ölənlərin sayı 238 nəfərə çatıb.

    Məlumata görə, zəlzələ anında 222 nəfər ölüb, 92 nəfər digər günlərdə binalar altından çıxarılıb, 49 nəfər boğularaq ölüb, 32 nəfər isə kömək gözləyərkən soyuqdan dünyasını dəyişib.

    Xatırladaq ki, zəlzələ 2024-cü ilin ilk günündə İşikava prefekturasının Noto yarımadası ərazisində baş verib, ən güclü təkan 7,6 bal gücündə olub.

  • Aİ Ukraynaya verdiyi vədi yerinə yetirə bilmir

    Avropa İttifaqı (Aİ) ölkələri martın 1-nə qədər Ukraynaya vəd edilən 1 milyon artilleriya mərmisi əvəzinə, cəmi 600 mini tədarük edə biləcək.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Məlumata görə, sursat istehsalında davam edən gecikmələr və mövcud ehtiyatların tükənməsi ilə bağlı narahatlıqlar səbəbindən Aİ ölkələri Kiyevə 1 milyon mərmi tədarük planından xeyli geri qalacaq və cəmi 600 minə yaxın döyüş sursatı göndərmək mümkün olacaq.

    Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen 2024-cü ildə mərmi istehsalını ildə 1 milyona çatdıracaqlarını vəd etmişdilər.

    ///report

  • “Qarabağ”ın məşqçisi “Braqa”nın oyununu izləmək üçün Portuqaliyaya gedəcək

    “Qarabağ” klubunun video-analitik məşqçisi Yanuş Vasilyev UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqib “Braqa”nın oyununu Portuqaliyada canlı izləyəcək.

    Bu barədə “Report”a “köhlən atlar”ın mətbuat katibi Anar Hacıyev məlumat verib.

    Onun sözlərinə görə, mütəxəssis fevralın 4-də sözügedən ölkəyə yollanacaq. O, fevralın 5-də, Bakı vaxtı ilə saat 00:30-da start götürəcək “Braqa” – “Moreyrense” matçına tribunadan baxacaq.

    “Braqa”nın isə iki nümayəndəsi fevralın 8-də Bakıda olacaq. Həmin gün Ağdam təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Sabah”ı (ilk oyun – 7:1) qəbul edəcək.

    Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.

  • Tanımış idmançılar həbs olundu, Tofiq Musayev saxlanıldı

    Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törədikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

    Median.Az APA-ya istinadən xəbər verir ki, fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər barəsində digər qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslərdən Tofiq Musayev və Mehman Məmmədovdan başqa digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda xuliqanlıq maddəsi ilə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

    Fedarasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, R.Əsədov, X.Rüstəmov, Vüqar Kərəmov, M.Məmmədov münaqişə vəziyyəti yaradaraq ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək ona qarşı xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.

  • Azərbaycan və Ermənistan sərhəd komissiyalarının iclası başa çatıb

    Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti – altıncı iclası başa çatıb.

    Bu barədə Ermənistan KİV məlumat yayıb.