Month: Yanvar 2024

  • 60 nəfərə qarşı milyonluq dələduzluq edən şirkət rəhbərləri narazıdırlar

    60 nəfərə qarşı dələduzluqda təqsirləndirilən “Meqa-Siti Holdinq” MMC-nin direktoru Aqil Qədirov və şirkətin vəzifəli şəxsləri Elnur Məmmədov, Fariz Nuriyev, Maksim Zeynalov və Tamara Novruzovanın cinayət işi üzrə Ali Məhkəməyə kassasiya şikayəti verilib.

    “Qaynarinfo” xəbər verir ki, İlkin Rəcəbov iş üzrə hakim təyin edilib. Məhkəmənin vaxtı bəlli deyil.

    “Meqa-Siti Holdinq” MMC-nin direktoru Aqil Məmmədov və şirkətin digər vəzifəli şəxsləri 2019-cu ildə saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

    İş materiallarına görə, onlar inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satmaqla, bir milyon manatlıq dələduzluq əməli törədiblər. Aqil Qədirov və Elnur Məmmədov barəsində həbs-qətimkan, digər üç nəfər barəsində isə polisin nəzarətinə vermə tədbiri seçilib.

    Bu iş üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərə təyin edilən cəza barədə məlumat yoxdur.

    Təqsirləndirilən şəxslər hökmdən apellyasiya şikayəti versələr də, şikayət təmin olunmayıb. Aqil Qədirov Ali Məhkəməyə kassasiya şikayəti verib, lakin nəticəsi olmayıb.

    “Meqa-Siti Holdinq” MMC-nin direktoru Ali Məhkəməyə şikayət etdiyinə görə, ehtimal olunur ki, budəfəki şikayəti onun şərikləri veriblər. Lakin bəzi məlumatlara görə, Ali Məhkəməyə zərərçəkmiş şəxslər müraciət ediblər.

    Bunu dəqiqləşdirmək mümkün olmayıb.

    İş üzrə İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti də zərərçəkmiş kimi tanınıb.

  • “Azərsığorta” ləğv edildi – FƏRMAN

    Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) ləğv edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmana əsasən, Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

  • Azərbaycanda şagird xəstəlikdən vəfat edib

    Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi vəfat edib.

    Bu barədə Mübariz İbrahimov adına lisey məlumat yayıb.

    “Dərin hüzn və kədər hissi ilə bildiririk ki, şagirdimiz Nuray Əmirli xəstəlik səbəbindən dünyasını dəyişib. O, kompleksin 9-cu sinif şagirdi idi. Şagirdimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik”, – məlumatda bildirilib.

  • DİN-dən 16 yaşlı qızın 32 yaşlı oğlanla nikahsız yaşaması məsələsinə REAKSİYA – VİDEO

    Mingəçevirdə 32 yaşlı Ruslanın 16 yaşlı Yeganə ilə nikahsız yaşaması ilə bağlı məlumat sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

    Sosial şəbəkələrdə cütlüyün yaş fərqinə görə valideynləri də qınanıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, rəsmi nikah olmadan toy edərək birlikdə yaşayan Ruslan Məsiyev və 2007-ci il təvəllüdlü şəxs Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət ediliblər:

    “Onlarla profilaktik iş aparılıb. Müəyyən olunub ki, onlar ötən il dekabr ayında könüllü olaraq ailə qurublar, məcburetmə halı yoxdur. Onlara izah verilib ki, yaşa görə qanunla icra hakimiyyətinin müvafiq qərarı ilə nikah tezləşdirilə bilər. Yaxın günlərdə onun 17 yaşı tamam olduğuna görə rəsmi nikah bağlanılacaq”.

  • Sabiq deputatın həbs müddəti uzadıldı

    Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq davam edir.

    “Report”un məlumatına görə, bu gün Nərimanov Rayon Məhkəməsində seçilmiş qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

    Hakim Vüsal Qurbanov seçilmiş qətimkan tədbirinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyini elan edərək təqdimatı təmin edib. Qərara əsasən, Bəydəmirlinin həbsdə saxlama müddəti daha 2 ay uzadılıb.

    Qeyd edək ki, sabiq deputat ötən ilin iyulunda həbs olunub.

    İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

    Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Ali Məhkəmə “Berlin Pub”da adam öldürməkdə təqsirləndirilən şəxs barədə qərar verib

    “Berlin Pub”da adam öldürməkdə təqsirləndirilən Orxan Şahbazov barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə keçirilib.

    “Report”un məlumatına görə, iş Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə baxılıb.

    Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs barəsində çıxarılan qərar qüvvədə qalıb.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Şahbazov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

    Qeyd edək ki, ötən il avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Vüqar İlham oğlu Mustafayevin aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Orxan Rəhman oğlu Şahbazovun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

    O.Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

  • Rusiyadan Ermənistana NATO ilə bağlı XƏBƏRDARLIQ

    “Əgər Ermənistan NATO ilə yaxınlaşmaq istəyirsə, bunun nə qədər təhlükəsiz olduğunu və hansı nəticələrə gətirib çıxaracağını başa düşməlidir”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə News.ru-nun İrəvanın NATO ilə yaxınlaşmasına cəhd etməsinə dair sualına cavab verərkən deyib.

    Onun sözlərinə görə, belə qərarlar qəbul etməzdən əvvəl rəsmi İrəvan ölkənin özündəki vəziyyəti təhlil etməlidir.
    “Siz Ermənistanın özünün milli maraqlarının nədən ibarət olduğunu, onun üçün nəyin faydalı olduğunu, nəyin qısamüddətli fayda gətirdiyini və nəyin uzunmüddətli fayda verdiyini başa düşməlisiniz və bundan çıxış etməlisiniz. Qərb hamıya vədlər verir. Mənə sadəcə maraqlıdır, onlar harada və nəyi yerinə yetiriblər?!” – deyə rusiyalı diplomat vurğulayıb.

  • Çexiya Deputatlar Palatasının sədri Azərbaycana gəlir

    Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova bu gün Azərbaycana səfərə gəlir.

    Bu barədə “Report”a Çexiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

    Bildirilib ki, Çexiya parlamentinin Deputatlar Palatası sədrinin regiona səfərinin mühüm hissəsini Bakıda keçirəcəyi görüşlər təşkil edəcək.

    Qeyd edək ki, M.P.Adamova hazırda Ermənistanda səfərdədir.

  • Alen Simonyan çexiyalı həmkarı ilə Bakı və İrəvan arasında normallaşmanı müzakirə edib

    Ermənistan parlamentinin spikeri Alen Simonyan və Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.

    Ermənistan mediasının məlumatına görə, bu barədə Simonyan çexiyalı həmkarı ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

    “Biz ölkələrimiz arasında əlaqələrin inkişafı, ticarət dövriyyəsi, müxtəlif beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini müzakirə etdik. Bundan başqa regional məsələlər, o cümlədən Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsi ətrafında fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.

  • Bakıda məktəb binası söküləcək

    Bakının Nərimanov rayonunda yerləşən 57 nömrəli tam orta məktəbin binası söküləcək.

    İqtisadiyyat.az xəbər verir ki, söküntü aparılan ərazidə 480 şagird yerlik yeni bina tikiləcək.

    Təhsilin İnkişafı Fondu tikinti işlərini Global İnteriors Group şirkətinə həvalə edib. Təhsil müəssisəsinin yeni inzibati binasının inşası 3 640 578.16 manata başa gələcək.

    Qeyd edək ki, məktəbin əsası 1930-cu ildə qoyulub. 2010-cu ildə məktəb ilk dəfə olaraq əsaslı təmir edilib. Bir neçə il əvvəl isə məktəbin binası qəzalı vəziyyətə düşüb. Həmin vaxt məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə dərs keçiblər.

    Hazırda məktəbdə 74 müəllim fəaliyyət göstərir, 878 şagird (məktəbəhazırlıq qrupunda 72 şagird) təhsil alır.