Month: January 2024

  • Rusiya və Şimali Koreya xarici işlər nazirləri görüşüb

    Şimali Koreya və Rusiya xarici işlər nazirləri görüşüb.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Görüşün mətbuata açıq hissəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Vaşinqton və onun regional müttəfiqlərinin Şimali Koreyanın təhlükəsizliyinə təhdidlər yaratmaq siyasəti yarımadadakı problemin həllinə kömək etmir.

    “Biz gərginliyin artmasına səbəb olan istənilən addımdan imtina etməyə çağırış etməyə davam edəcəyik”, – Lavrov Şimali Koreyalı həmkarı Çoi Sonq-hi ilə görüşündə vurğulayıb.

    O bildirib ki, görüşdə Koreya yarımadasındakı vəziyyət müzakirə mövzusu olacaq: “Biz Koreya yarımadasındakı, ümumilikdə Şimal-Şərqi Asiyada vəziyyətlə bağlı məxfi dialoqumuzu davam etdirmək istərdik”, – Rusiya XİN rəhbəri bildirib.

    Nazir həmçinin Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın “Vostoçnı” kosmodromunda keçirilən sammitində əldə olunmuş razılaşmaların həyata keçirilməsinin ilkin nəticələrin’ diqqət çəkərək: “Artıq müvafiq işlər fəal şəkildə aparılır”, – deyə əlavə edib.

    Lavrovun sözlərinə görə, Moskva Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyatı”nda Şimali Koreyanın dəstəyini yüksək qiymətləndirir, həmçinin beynəlxalq platformalarda KXDR ilə əməkdaşlığı səmərəli dəyərləndirir.

    Şimali Koreya XİN rəhbəri isə ölkəsinin Rusiya ilə dost münasibətləri barədə danışıb.

  • Bakıda oğurluğa görə 3 yeniyetmə saxlanılıb

    Bakıda mağazadan, bərbərxanadan və avtomobildən oğurluq edilib.

    Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Yasamal rayonu ərazisində bir mağazadan 5660 manat pul, 1150 manat dəyərində ərzaq məhsulları və tütün məmulatı, “Fiat” markalı avtomobildən 1300 manat dəyərində dərman preparatları, bir bərbərxanadan isə bərbər alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri olan 3 yeniyetmə saxlanılıb.
    Araşdırma aparılır.

  • Bakıda 10, bölgələrdə 12 dərəcə isti olacaq – PROQNOZ

    Yanvarın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, axşam zəifləyəcək.

    Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

    Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

  • Bakıda dəm qazı can aldı

    Bakıda qadın dəm qazından zəhərlənərək vəfat edib.

    Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini 30 yaşlı Ç. Nağıyeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Almaniyanın “Herta” klubunun prezidenti vəfat edib

    Almaniyanın “Herta” klubunun prezidenti Kay Bernşteyn vəfat edib.

    Məlumata görə, o, 43 yaşında qəflətən dünyasını dəyişib.

    Qeyd edək ki, Kay Bernşteyn 2022-ci ilin iyulundan “Herta”nın prezidenti vəzifəsini icra edib.

  • Rusiya Dövlət Dumasının əməkdaşı iş yerində qarət olunub

    Naməlum şəxslər Rusiya Dövlət Dumasının əməkdaşını iş yerində qarət ediblər.

    Məlumata görə, onun kabinetindən Federal Xəzinədarlığın elektron imza sertifikatı olan fləş-kartı götürüblər.

    41 yaşlı Dövlət Dumasının əməkdaşının dediyinə görə, o, qiymətli fləş-kartın itdiyini yanvarın 10-da yanvar bayramından sonra işə qayıdanda aşkar edib. Əvvəlcə iş masasındakı kiçik qarışıqlığı görüb, sonra Federal Xəzinədarlığın elektron imzası yerləşən fləş-kartın olmadığına diqqət edib. Qadının kompüteri və avadanlıqları şəbəkədən ayrılıb.
    Qeyd edək ki, qadının kabinetində işləyən iki həmkarının əşyalarına və iş yerlərinə isə toxunulmayıb. Dövlət Dumasının əməkdaşı hadisə ilə bağlı polisə müraciət edib.

  • Azərbaycanın ilk qadın arxeoloqlarından biri vəfat edib

    Azərbaycanın ilk qadın arxeoloqlarından biri – tarix üzrə fəlsəfə doktoru Firuzə Məmmədrza qızı Muradova vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Qeyd edək ki, F.Muradova 1934-cü il noyabr ayının 19-da Bakı şəhərində anadan olub. 1953-cü ildə Bakı şəhəri 190 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1958-ci ildə universiteti bitirərək AMEA Tarix İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayıb. 1965-ci ildən Qobustan ərazisində arxeoloji tədqiqatlar aparan Firuzə xanım 1974-cü ildə “Qobustan tunc dövründə” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1979-cu ildə işıq üzü görən “Qobustan Tunc dövründə” monoqrafiyası arxeoloqlar tərəfindən yüksək qiymətləndirilib. F.Muradova Qobustanın maddi-mədəniyyəti problemi üzrə tədqiqatlarını davam etdirərək ərazinin üst paleolitdən orta əsrlər dövrünədək aktual məsələlərini tədqiq edib.

    Üç kitab və 100-dən artıq məqalənin müəllifi olan Firuzə Muradova Azərbaycan arxeologiyasının ilk qadın arxeoloqlarından biridir.

  • Azərbaycanda kreditlə səyahətə getmək mümkündürmü?

    Azərbaycandan xaricə turist axını getdikcə artmaqdadır.

    Məsələn, 2023-cü ilin yanvar-noyabr aylarında 1 709,4 min nəfər ölkə vətəndaşı xaricə səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25,5% çoxdur.

    Sirr deyil ki, Azərbaycanı tərk edənlərin hamısı aviabilet, hotel və digər xidmətlərin haqqını ödəmək üçün eyni maddi imkana malik deyil. Bu baxımdan ödənişin hissə-hissə (tədricən) həyata keçirilməsi insanların işini asanlaşdırardı. Bəs ölkəmizdə kreditlə səyahətə getmək mümkündürmü? “Report” mövzunu turizm üzrə mütəxəssislərlə müzakirə edib.

    Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, eyni zamanda, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi deyir ki, Azərbaycanda kreditlə səyahət etmək təcrübəsi geniş yayılmayıb, bu da kredit təşkilatlarının, o cümlədən bankların turizm şirkətlərinə etibar etməməsi ilə bağlıdır.

    “Azərbaycanda turizm şirkəti açmaq çox asandır. Bunun üçün böyük məbləğdə vəsaitə və xüsusi icazəyə (lisenziya) ehtiyac yoxdur. Odur ki, bazar iştirakçılarının sayı getdikcə artır. Bu sahəyə baş vuranların bir çoxu da təcrübəsiz adamlardır. Onlar özlərini sınamaq üçün turizm xidmətləri göstərirlər. Bəzilərində bu iş uğurlu alınsa da, çoxunda uğursuzluqla nəticələnir. Odur ki, nizamsız şirkətlər bazarda çoxluq təşkil edir. Banklar da bunu nəzərə alaraq turizm şirkətləri ilə müqavilə bağlamırlar. Son nəticədə turizm sahəsinin inkişafı üçün ixtisaslaşmış kredit məhsullarımız yox dərəcəsindədir. Bəzən daxili kreditlə tur-paketlər satılır, onları da əsasən xaricə gedənlər alırlar. Çünki daxili turizmdə qiymətlər xarici turizmlə müqayisədə aşağıdır, ölkə daxilində səyahət edənlərin hissə-hissə ödənişə ehtiyacı olmur”, – deyə o qeyd edib.

    Azərbaycan Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov isə deyir ki, ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin hamısı kreditlə və yaxud hissəli ödənişlə tur-paket satmırlar.

    “Tur-paketlərin hissə-hissə satılması halları var. Bu da bir növ satış üsuludur. Çünki bəzi insanlar tur-paketin məbləğini bir dəfəyə ödəyə bilmir. Bunu nəzərə alan bəzi turizm şirkətləri məbləğin əhəmiyyətli hissəsini bəri başdan alıb, qalanını aylara bölməklə məhsullarını satmağa çalışırlar. Ya da şirkətlər hansısa bankla anlaşıb müştərilərinə bu imkanı yaratmağa səy göstərirlər. Bunu da ancaq özünəgüvəni olan, bazarı yaxşı bilən, müştəri bazası olan turizm şirkətləri edə bilirlər. Çünki bu məsələdə düzgün siyasət yürüdülməsə, maliyyə çətinliyi yarana bilər. Adətən kreditlə satılan tur-paketlərin qiymətlərinə endirim edilmir. Bu halda nağd ödəniş daha sərfəli olur. Lakin bəzi müştərilər il boyu hissə-hissə ödəməyə üstünlük verirlər”, – deyə o qeyd edib.

  • İtaliya millisinin sabiq futbolçusu “Roma”nın yeni baş məşqçisi olub

    İtaliya millisinin sabiq futbolçusu Daniele De Rossi “Roma”nın yeni baş məşqçisi olub.

    Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    40 yaşlı mütəxəssisin müqaviləsinin müddəti iyunun 30-dək nəzərdə tutulub. O, bu gün istefaya göndərilmiş portuqaliyalı Joze Mourinyonu əvəzləyib.

    Qeyd edək ki, Daniele De Rossi 2001-2019-cu illərdə “Roma”nın formasını geyinib.

  • Avropa İttifaqı HƏMAS-ın siyasi liderinə qarşı sanksiyalar tətbiq edib

    Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvar Avropa İttifaqının sanksiya siyahısına salınıb.

    Bu barədə Avropa Şurasının bəyanatında deyilir.

    “Bu gün Şura daha bir nəfəri terrorçular siyahısına əlavə etmək qərarına gəlib. Bu, HƏMAS-ın siyasi lideri Yəhya Sinvardır”, – deyə o qeyd edir.

    Sənəddə sanksiyaların həmin gün qüvvəyə mindiyi aydınlaşdırılır.

    Mənbə: TASS