Month: January 2024

  • “MTN işi”: Keçmiş general və polkovnik 50 min manat ziyan ödəyəcək – İş adamı məhkəmədə qalib gəldi

    “MTN işi”ndə zərərçəkmiş qismində tanınan iş adamı Orxan Abdullayevin ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevə və onun keçmiş müavini, eyni zamanda 1-ci şöbənin sabiq rəisi Yasin Məmmədova qarşı mülki iddiası təmin edilib.

    “Qaynarinfo” xəbər verir ki, Orxan Abdullayev Səbail Rayon Məhkəməsində qaldırdığı iddiasında Mövlam Şıxəliyev və Yasin Məmmədovun qurama ittihamları ilə saxlanıldığını və barəsində həbs qətimkan tədbiri seçildiyini bildirib. İş adamı əlavə edib ki, bundan sonra adıçəkilən şəxslər onun atasından 50 000 manat alaraq barəsindəki həbs qətimkan tədbirini başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edib.

    “MTN işi” çərçivəsində Mövlam Şıxəliyev və Yasin Məmmədov həbs edildikdən sonra Orxan Abdullayev zərərçəkmiş qismində tanınıb. İş adamı iddiasında Mövlam Şıxəliyev və Yasin Məmmədovun atasından aldığı 50 000 manatın adıçəkilən şəxslərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini istəyib.

    Hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən iclasda iş üzrə materiallar araşdırıldıqdan sonra Orxan Abdullayevin iddiası təmin edilib. Qətnaməyə əsasən, Mövlam Şıxəliyev və Yasin Məmmədov iş adamına dəymiş ziyan olaraq 50 000 manat və 240 manat dövlət rüsumunun əvəzini ödəməlidir.

    Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov isə 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

  • “Sədərək” gömrük postunda yük maşınında 250 ədəd patron aşkar edilib

    Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda Türkiyədən İrana gedən yük maşınında patron aşkar edilib.

    Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlamaya cəlb olunub.

    Müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat vasitəsində aparılan əsaslı yoxlama zamanı kabinin müxtəlif yerlərindən ov silahı üçün 250 ədəd patron aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • İsrail İordan çayının qərb sahilində 27 nəfəri saxlayıb

    İsrail təhlükəsizlik qüvvələri ötən gecə İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 27 nəfəri saxlayıb.

    Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

    Reydləri İsrail Müdafiə Ordusu, Baş Təhlükəsizlik Xidməti və Sərhəd Polisi həyata keçirib.

    Bundan əlavə, hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları Hebron yaxınlığındakı Bani Naim kəndində reyd keçirib, orada onlarla yerli sakini dindirib, axtarışda olan iki şəxsi saxlayıblar. Bu reydlər bir gün əvvəl Raanana şəhərindəki hücumla əlaqələndirilib.

    ///report

  • 22 yanvar qeyri-iş günü olacaq? – RƏSMİ AÇIQLAMA

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

    2024-cü il üçün iş vaxtı normasına əsasən, 20 Yanvar – Ümumxalq Hüzn Günü olduğu üçün qeyri-iş günü hesab edilir. Ancaq 20 yanvar şənbə gününə təsadüf edir.

    Bəs maraqlıdır, 20 yanvar şənbə gününə təsadüf etdiyi üçün 22 yanvar qeyri-iş günü hesab olunacaq?

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı mövzu ilə bağlı Bizim.media-ya açıqlama verib.

    O qeyd edib ki, qanunvericiliyə əsasən, 20 Yanvar – Ümumxalq Hüzn Günüdür və həmin tarix iş günü hesab edilmir:

    “Həmçinin sözügedən tarix hüzn günü olduğuna görə bayramlardan fərqli olaraq, qeyri-iş gününə düşdüyü halda belə əvəz edilmir”.

  • İlkin Həsəni yoldaşından boşanıb?

    Aparıcı İlkin Həsəni və bloqer həyat yoldaşı Aysel Həsəni rəsmi şəkildə boşanıblar.

    Bu barədə “Qafqazinfo”ya ailəyə yaxın olan mənbə məlumat verib.

    Onun sözlərinə görə, cütlük arasında uzun müddətdir soyuq münasibət var, onlar bir müddət əvvəl boşanmaq istəsələr də, Ayselin ikinci uşağa hamilə olması bu məsələni təxirə salıb.

    Aysel ötən ilin sentyabrında ikinci övladını dünyaya gətirib.

    Daha bir diqqətçəkən məqam isə, İlkinlə Ayselin “Instagram”da bir-birini izləmədən çıxarması və birlikdə olduqları fotoları silmələridir. Ayselin son paylaşımlarında da İlkin yer almır.

    “Qafqazinfo”ya açıqlama verən İlkin Həsəni isə məlumatın həqiqətə uyğun olmadığını bildirdi: “Boş söhbətdir. Yalan məlumatdır. Heç bir əsası yoxdur”. O, Aysellə bir-birini “Instagram”da izləmədən çıxarmaları haqqında suala “sizə bir azdan zəng edəcəyəm” deyərək dəstəyi asıb və daha sonra nə zəng edib, nə də zəngləri açıb.

    Xatırladaq ki, bir müddət əvvəl də cütlüyün boşandığı deyilirdi, lakin sonra tərəflər bunu yalanlamışdı.

  • Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib, ölən var

    Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

    APA xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində baş verib.

    Onlardan birinin öldüyü bildirilir.

  • Bakıda məşhur restoranda dava: Müğənni xəsarət aldı – MƏHKƏMƏ

    Bakının Suraxanı rayonunda 1983-cü il təvəllüdlü Saday istirahət mərkəzində münaqişə zamanı müğənnilik edən Rövşən adlı şəxsə xəsarət yetirib.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən “Su Pərisi” ailəvi istirahət kompleksində baş verib. Saday orada keçirilmiş yığıncaqda rəqs edərkən musiqi dayandığından, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə musiqiçilərə mikrofonun dəmir modernini masanın üzərindən götürərək müğənni Rövşənin sifət nahiyəsindən qəsdən bir zərbə vurub.

    Hadisəni törədən Sadayın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saday ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2 iyul 2022-ci ildə həyat yoldaşı ilə birlikdə xalası oğlunun “Su pərisi” adlı restoranda keçirilən toy məclisinə gedib: “Toy məclisində çalğıçılar olmasa da, bir nəfər sintezator ifaçısı və bir müğənni olub. Məclisdə yemək yedim, spirtli içki qəbul etdim. Sonra isə həyat yoldaşım ilə birlikdə rəqs etməyə başladım. Bir qədər rəqs etdikdən sonra musiqi qəflətən kəsildi. Mən də ifaçılara yaxınlaşaraq, nə üçün musiqinin dayandırıldığını soruşdum. Mənə kobud cavab verildi. Mən də bundan əsəbiləşdim. Sintezator masasının üstündə olan bir ədəd metal moderni götürərək, stulda oturmuş müğənninin üstünə tulladım. Modern müğənninin üzünə dəydi. Mən bunu gördükdən sonra etdiyim hərəkətdən peşman olaraq zalı tərk etdim”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, xəsarət yetirdiyi müğənnini əvvəllər tanımayıb və onunla aralarında hər hansı bir mübahisə, ədavət olmayıb: “Həmin hərəkəti etməyimə səbəb həyat yoldaşım ilə birlikdə rəqs edərkən qəflətən musiqinin kəsilməsi olub. Həmin metal moderni götürərək müğənniyə tərəf atarkən ona hər hansı bir xəsarət yetirmək məqsədim olmayıb. Sonda zərərçəkmiş şəxslə barışıq əldə etmişəm. Eyni zamanda özüm və iki uşağım vərəm xəstəliyindən əziyyət çəkirik”.

    İş üzrə zərərçəkmiş Rövşənin sözlərinə görə, xanəndədir və 20 iyun 2022-ci ildən “Su Pərisi” restoranında toy, digər şənliklərdə müğənni olaraq iştirak edir: “İyulun 2-də həmin restoranda toy məclisi keçirilirdi. Mən də da həmin məclisdə həm müğənni, həm də aparıcı kimi, digər şəxs isə özünün sintezatoru ilə sintezator ifaçısı olaraq iştirak edirdi. Şənlikdə sintezatorda səsləndirilən rəqs havaları ifa olunurdu. Mən də arada bir muğam və ya xalq mahnıları oxuyurdum. Saat 17 radələrində sintezatorda rəqs mahnısı çalınırdı və qonaqlar ortada rəqs edirdilər. Mən də səhnədə stulda əyləşmişdim. Bu vaxt məclisdə olan iştirakçılardan biri musiqini dayandırdı. Bundan sonra rəqs edən şəxslərdən bir nəfər kişi səhnəyə yaxınlaşaraq nə üçün musiqinin dayandırıldığını soruşdu. Mən bunu aydınlaşdırmaq üçün sintezator ifaçısına müraciət etməsini dedim, üzümü digər tərəfə döndərdim. Bunu görən həmin şəxs qışqırmağa başladı, ünvansız olaraq ucadan nalayiq ifadələr işlətdi. Mən dönüb yenidən ona baxmaq istədikdə üzümə bərk bir əşyanın dəydiyini hiss etdim. Baxdıqda, həmin əşyanın istifadə etdiyimiz mikrofonun metal moderni olduğunu gördüm. Zərbədən burnumdan qan axmağa başladı. Orada olan şəxslər məni vuran şəxsi oradan uzaqlaşdırdılar, mənə tibbi yardım göstərilməsi üçün Təcili Tibbi Yardım çağırdılar. Oraya gələn həkimlər mənə ilkin tibbi yardım göstərdilər. Daha sonra restoranın müdiri Çingiz adlı şəxs gələrək, məni Sabunçu rayon xəstəxanasına apardı. Xəstəxanada tibbi yardım göstərildikdən sonra evə getdim”.

    Zərərçəkmiş deyib ki, onu vuran şəxs ilə əvvəllər hər hansı bir tanışlığı, münasibəti olmayıb: “Həmin şəxsin mənə xəsarət yetirməsi nəticəsində burun sümüyüm sındığından sənətim ilə məşğul ola bilmirəm. Ona görə də mənə xəsarət yetirənin, yəni sonradan adının Saday olduğunu bildiyim şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edirəm”.

    Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sadayın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza təyin olunub.

  • Güclü külək əsəcək – Xəbərdarlıq

    Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 17-si səhərdən axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

    Azərbaycanın rayonlarında yanvarın 17-də qərb küləyinin 15-20 m/s, bəzi şərq rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi, havanın 17-si axşam əsasən Gəncə-Qazax, Balakən-Şəki zonalarında qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir.

  • Türkiyənin 28 vilayətində ANTİTERROR ƏMƏLİYYATI: Xeyli sayda şübhəli şəxs tutuldu

    Türkiyənin daxili işlər naziri Yerlikaya 28 vilayətdə Separatçı Terror Təşkilatına (BTÖ) qarşı eyni vaxtda həyata keçirilən “Qəhrəmanlar-43” əməliyyatının keçirildiyini və 165 şübhəlinin ələ keçirildiyini açıqlayıb.

    “Əziz xalqımızın rahatlığı, sülhü və həmrəyliyi üçün heç bir terrorçuya dözməyəcəyik. Təhlükəsizlik güclərimizin üstün səyləri ilə mübarizəmizi fasiləsiz davam etdirəcəyik”, – deyə Yerlikaya açıqlamasında bildirib.

    Qeyd edək ki, “Qəhrəmanlar-43” əməliyyatı Adana, Adıyaman, Ağrı, Ankara, Antalya, Batman, Balıkesir, Denizli, Diyarbakır, Qaziantep, Hakkari, Hatay, Iğdır, İstanbul, İzmir, Qars, Kilis, Kocaeli, Manisa, Mardin, Mersin, Muğla, Osmaniye, Rize, Siirt, Şırnak, Tekirdağ və Vanda keçirilib.

    Mənbə: Haber Global

  • Ильхам Алиев посетил памятник общенациональному лидеру Гейдару Алиеву в городе Лянкяран – ФОТО

    16 января Президент Азербайджанской Республики Ильхам Алиев посетил памятник общенациональному лидеру Гейдару Алиеву в городе Лянкяран.

    Об этом сообщает President.az.