Month: January 2024

  • Medvedev Britaniyanı müharibə ilə hədələdi – FOTO

    Moskva Böyük Britaniyanın Ukraynaya rəsmi hərbi kontingentini göndərməsini Rusiyaya müharibə elanı kimi qiymətləndirəcək.

    Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” kanalında yazıb.

    “Onların (Britaniya – red.) rəsmi hərbi kontingentinin Ukraynada yerləşdirilməsi ölkəmizə müharibə elanı demək olacaq”, – deyə o bildirib.

    Qeyd edək ki, bu gün Kiyevə səfər edən Britaniyanın baş naziri Rişi Sunak Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə iki ölkə arasında tarixi təhlükəsizlik sazişi imzalayacağını bildirib.

    Londonda vurğulanıb ki, keçən il NATO-nun Vilnüsdə keçirilən sammitində G7 ölkələri Kiyevə ikitərəfli təhlükəsizlik zəmanəti barədə razılığa gəliblər. Böyük Britaniya müvafiq müqaviləni bağlayan ilk ölkə olacaq.

  • Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

    Milli Məclisin deuputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Təqsirləndirilən şəxslərin vəkilləri müvəkillərinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və zərərçəkmiş şəxsin prosesə gətirilməsi ilə bağlı vəsatətlər qaldırıblar.

    Hər iki vəsatət təmin olunmayıb.

    Daha sonra prokuror Orxan Kəngərli prosesin məhkəmə baxışına verilməsini təklif edib.

    Müşavirədən qayıdan məhkəmə heyəti prosesin baxışa verildiyini açıqlayıb.

    Məhkəmənin ilk baxış iclası yanvarın 22-nə təyin edilib.

    Qeyd edək ki, bu il martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdəbirini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

    Cinayəti törətməkdə şübhəli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinov saxlanılıb.

    Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

  • “Kəpəz” ev oyunlarının Qəbələdə keçirilməsinə aydınlıq gətirib

    “Kəpəz” klubu Azərbaycan Premyer Liqasının XX və XXI turundakı oyunlarının Qəbələ şəhər stadionuna salınmasına aydınlıq gətirib.

    Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    “Tovuzdakı stadionda projektorla bağlı məlum məsələdən sonra iki komandanın arenadan istifadə etməsində müəyyən çətinlik yaranıb. Ona görə Qəbələdə oynayacağıq. Yenidən Tovuza qayıtmağımız aktualdır”, – deyə bölgə klubundan vurğulanıb.

    “Sarı-göylər” XX və XXI turlarda müvafiq olaraq “Qarabağ” və “Zirə”ni qəbul edəcəklər.

    Qeyd edək ki, “Kəpəz” Gəncə şəhər stadionundakı yenidənqurma ilə əlaqədar 2023-cü ilin oktyabrından ev matçlarını Tovuzda keçirib. Komanda Premyer Liqada 18 turdan sonra 14 xalla 9-cu pillədə qərarlaşıb.

    Xatırladaq ki, ötən il dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının gedişində Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb. Bu səbəbdən matçın qalan dəqiqələri ertəsi gün oynanılıb.

  • Prezident nazir müavinini vəzifədən azad etdi

    Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub.

    “Report”un əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

    Qeyd edək ki, Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub.

    O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.

    Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncam ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

  • Azərbaycanın ərazi sularında üzən gəmilərə XƏBƏRDARLIQ

    Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.

    Yanvarın 13-ü səhər saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 14-ü səhərədək davam edəcək.

    Küləyin sürəti 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

    Dalğanın hündürlüyü: 3,0-4,0 m, sonrakı inkişafda 4,5-6,5 m çatacağı proqnozlaşdırılır.

    Bu hidrometeoroloji hadisə haqqında məlumat Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə daxil olan kimi mütəxəssislərimiz tərəfindən təhlil olunub və gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri məlumatlandırılıb.

    Həmçinin, neft-qaz platformalarına aid olan qurumlara, lövbərdə dayanan və hərəkətdə olan gəmilərə də məlumatlar ötürülüb.

  • Uşağını zibilliyə atan qadın: “Yeməyini yanına qoymuşdum” – VİDEO

    Ötən ilin iyulunda Sabunçu rayonunda yenidoğulmuş körpəsini zibil qutusuna atan qadına hökm oxunub.

    “Qafqazinfo” xəbər verir ki, 1992-ci il təvəllüdlü Səbinə Qasımova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsi ilə təqsirləndirilib.

    Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə S.Qasımova uşağı qeyri-rəsmi nikahda olduğu şəxsdən dünyaya gətirdiyini, sənədi olmadığı üçün onu uşaq evinə verə bilmədiyini deyib:

    “Dörd il olar, həyat yoldaşımdan boşanmışam. Qeyri-rəsmi ər-arvad münasibətində olduğum Xəyal adlı şəxsdən hamilə qalmışdım. Xəyal uşağı dünyaya gətirməyimə razı olmadı. Maddi imkanım olmadığı üçün vaxtında tibbi müdaxilə ilə hamiləliyi sonlandıra bilmədim. Qadın məsləhətxanasında həkim hamiləliyin müddətinə görə sonlandırılmanın mümkünsüz olduğunu dedi. 15 iyulda Sabunçu xəstəxanasının doğum şöbəsində qız uşağı dünyaya gətirdim.

    İmkanım zəif olduğu və ailə üzvləri tərəfindən həmin uşağın qəbul edilməyəcəyi üçün öncə uşaq evinə müraciət etdim, şəxsiyyət vəsiqəm olmadığı üçün uşaq evinin rəhbərliyi tərəfindən müraciətimə imtina cavabı verildi. 17 iyul 2023-cü il tarixdə, saat 14 radələrində Sabunçudakı həmin əraziyə gedərək bir qədər gəzişdim.

    Sonra uşağı, hazırladığım uşaq yeməyini və bezlərini məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş dəmir materialdan olan qutunun içərisinə qoyaraq bir qədər kənarda dayanıb uşağın götürülməsini gözlədim. Bir müddət sonra əvvəllər tanımadığım bir nəfərin oradan keçərkən uşağı görüb götürdüyünü müşahidə etdim. Həmin şəxs ətrafa nəzər yetirəndə məni gördü. Dərhal oradan uzaqlaşaraq yaşadığım evə getdim”.

    Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 32 yaşlı qadına bir il islah işləri cəzası verilib.

    Qeyd edək ki, hadisədən bir neçə saat sonra S.Qasımova müəyyən edilərək saxlanılıb, barəsində cinayət işi açılıb və iki gün sonra isə məhkəmənin qərarı ilə polisin nəzarəti altına verilməklə sərbəst buraxılıb. Uşaq isə körpələr evinə yerləşdirilib.

  • DİQQƏT! Bu əlamətlər varsa, mütləq həkimə müraciət edin, əks halda…

    Həkim Mike Hansen ciddi qəbul edilməli olan ağciyər xərçənginin xəbərdaredici əlamətlərini sadalayıb.

    Onun sözlərinə görə, erkən diaqnoz ağciyər xərçəngi olan xəstənin həyatını xilas edə bilər.

    Soyuqdəymə və ya tənəffüs yoluxucu infeksiya ilə əlaqəli öskürək bir və ya iki həftə sonra yox olur, lakin keçməyən davamlı öskürək ağciyər xərçənginin göstəricisi ola bilər.

    “Həmçinin, əgər siz qan öskürürsünüzsə, bu çox vacibdir. Çünki az miqdarda qan öskürsəniz belə, bu, ağciyər xərçənginin əlaməti ola bilər”, – məlumatda deyilir.

    Nəfəs darlığı həm də ağciyər xərçənginin potensial xəbərdaredici əlaməti sayılır.

    Bundan əlavə, ağciyər xərçəngi, xüsusən də sinə divarına metastaz veribsə və ya sinə içərisində şişkin limfa düyünlərinə səbəb olarsa, bu ağrıya səbəb ola bilər.

    Dr. Hansen izah edir:

    “Dərin nəfəs alma, öskürmə, gülmə və ya asqırma ilə güclənən sinə ağrısı ağciyər xərçənginin əlaməti ola bilər”.

    Bununla belə, ağciyərlərin hava keçidləri tıxandıqda, sıxıldıqda və ya iltihab olduqda, nəfəs alarkən, xüsusən də nəfəs verərkən xırıltı hiss edə bilərsiniz. Xırıltı astma kimi çoxsaylı tibbi vəziyyətlərlə əlaqələndirilə bilsə də, ağciyər xərçənginin əlaməti ola bilər.

    Xərçənglə əlaqəli yorğunluq adətən daha sıx olur və insan istirahət edəndə belə keçmir.

  • Direktor həyat yoldaşını özünə müavin təyin etdi

    Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru Daxil Qurbanov həyat yoldaşı Fəxriyyə Ağarəhim qızı Qurbanovanı özünə təsərrüfat işləri üzrə müavin təyin edib.

    Konkret.az-ın əldə etdiyi məlumata görə, F.Qurbanova bundan əvvəl Xaçmazın İstisu kənd orta məktəbində laborant vəzifəsində çalışıb.

    Qeyd edək ki, bu, rayonun təhsil sektorunda baş verən ilk qohum təyinatı deyil. Belə ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun keçmiş müdiri İnqilab Musayev də oğlunu,1990-cı il təvəllüdlü Əfsun Musayevi özünə sürücü təyin etmişdi.

  • Azərbaycanda ərini öldürən qadın həbsxanada ana oldu

    Dörd ay əvvəl Sumqayıt şəhərinin Corat qəsəbəsində ərini öldürmə ittihamı ilə həbs edilmiş 34 yaşlı Əfsanə Məmmədovanın istintaq təcridxanasında övladı dünyaya gəlib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ə.Məmmədova Penitensiar Xidmətin müalicə müəssisəsində ana olub.

    Bu günlərdə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatıb. İbtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror seçilmiş qətimkan tədbirinin uzadılması üçün məhkəməyə təqdimat verib. Sumqayıt Şəhər Məhkəməsi məhkum ananın həbsdə saxlama müddətini 3 ay daha uzadıb.

    Xanım müttəhimə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bu maddənin sanksiya həddi 9 ildən 14 ilə kimidir. Qanuna əsasən himayəsində yetkinlik yaşına çatmayan övladının olması müttəhimin cəzasını yüngülləşdirən hallardan hesab edilir.

    Qeyd edək ki, hadisə ötən ilin avqustunda baş verib.

    İddianamədə deyilir ki, Ə.Məmmədova əri Ağahüseyn İmanovu bıçaqla qətlə yetirdikdən sonra könüllü olaraq təslim olub. Onlar hadisədən 3 ay əvvəl ailə həyatı qurublarmış.

  • Döyülərək xəstəxanaya düşən türkiyəli referi işinə qayıdır

    Türkiyədə Superliqanın 15-ci həftəsində keçirilən “Ankaragücü” – “Çaykur Rizespor” matçında hücuma məruz qalan FİFA lisenziyalı referi Halil Umut Meler biraylıq fasilədən sonra işinə qayıdır.

    Bu barədə Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Şurasından məlumat verilib.

    Məlumata görə, Halil Umut Meler Superliqanın 20-ci həftəsində yanvarın 14-də baş tutacaq “İstanbulspor” – “TÜMOSAN Konyaspor” matçını idarə edəcək.

    Xatırladaq ki, dekabrın 11-də “Ankaragücü” – “Çaykur Rizespor” matçında Halil Umut Meler ev sahibi komandanın prezidenti Faruk Koca və daha iki nəfər tərəfindən hücuma məruz qalıb və iki gün xəstəxanada müalicə alıb.

    Mənbə: Anadolu