Mərakeşdə 4.6 maqnitudalı zəlzələ olub.
Yerli “Morocco World News” xəbər portalı məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Beni-Mellal bölgəsində yerləşib.
Dağıntılar və tələfat barədə hələlik məlumat yoxdur.
Naxçıvanda bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə Şahbuz rayon Badamlı kəndində qeydə alınıb.
Kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov Afət Babakişi oğlu özünü bıçaqlayıb.
O, Naxçıvan Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.
//APA

Sabirabadda iki avtomobil toqquşub.
APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Qarağac kəndində qeydə alınıb.
Qəza nəticəsində avtomobildə olan Azadakənd kənd sakini 1998-ci il təvəllüdlü Nəbi Bəxtiyar oğlu Hüseynov xəsarət alıb. Ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılan yaralı bir neçə dəqiqədən sonra keçinib.
Faktla bağlı araşdırma aparılır.

CBC telekanalı İrəvan səmasında dronla çəkiliş aparıb.
Çəkiliş qrupunun qarşısında duran vəzifə – şəhərin əvvəllər azərbaycanlıların yaşadıqları tarixi yerlərini və məhəllələri lentə almaq olub. Etnik təmizləmədən sonra bu tarixi məkanlar Ermənistan hakimiyyəti tərəfindən dağıdılıb və dəyişikliyə məruz qalıb.
CBC ekspedisiyasının məqsədi İrəvanda azərbaycanlıların memarlıq irsinin qəsdən dağıdılması faktlarını aşkara çıxarmaq olub. Bunun üçün qrup havadan çəkiliş üçün dronlardan istifadə edib.
Çəkilişlər hərtərəfli hazırlıq sayəsində mümkün olub.
Bu məqsədlə çəkiliş əraziləri müəyyən edilərək öyrənilib, dronun uçuş marşrutu elə planlaşdırılıb ki, artıq diqqət cəlb etməsin.
Nəticədə unikal videoçəkiliş aparmaq və Ermənistan hakimiyyətinin İrəvanın tarixi ilə bağlı həqiqətləri gizlətməsinə dair əsaslı sübutlar aşkarlanıb.
Bu, CBC telekanalının çəkiliş qrupunun Ermənistana ikinci səfəridir.
Yeni sənədli filmdə CBC ekspedisiyasının İrəvanın əsl sakinləri haqqında tapdığı dəlillərdən bəhs edilir.
Filmi təqdim edirik:

İtaliyalı futbol məşqçisi Karlo Ançelotti “Real Madrid”in onun üçün son iş yeri olacağını açıqlayıb.
29 dekabr 2023-cü ildə 64 yaşlı Ançelotti “Real”la yeni müqavilə imzalayıb. Sənədin müddəti 30 iyun 2026-cı ilə qədərdir.
“Bu mənim son işimdir. Karyeramı bitirəndə 2026-cı il ola bilər. Amma 2028-ci ilə qədər məşqçi olmaq istəyirəm. Çünki Madridi sevirəm, burada qalmaq istəyirəm. Bu, əldə edə biləcəyimiz uğurlardan asılı olacaq”, – deyə Ançelotti bildirib.
Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə “Real Madrid”ə rəhbərlik edib və 2021-ci ildə yenidən kluba qayıdıb.
Mənbə: TASS
Gənclər arasında boks üzrə üçqat Azərbaycan çempionu, Avropa ikincisi Məhəmmədəli Aşurəliyev Yeni il axşamı bıçaqlanıb.
Bu barədə Bakupost.az məlumat yayıb.
Hadisə dekabrın 31-də idmançının yaşadığı Abşeron rayonunun Ceyranbatan qəsəbəsində baş verib.
Məlumata görə, insidentə səbəb Nicat və Nemət adlı şəxslərin qəsəbənin mərkəzində qadın və uşaqların yanında söyüş söyməsi səbəb olub. Hadisəyə müdaxilə edən Məhəmmədəli Aşurəliyevlə həmin şəxslər arasında mübahisə yaranıb. Daha sonra mübahisə davaya çevrilib və onlar idmançını bıçaqlayıblar.
Bədəninin müxtəlif nayihələrindən xəsarətlər alan Məhəmmədəli Aşurəliyev hazırda xəstəxanada müalicə alır.
Qeyd edək ki, 11-ci sinif şagirdi olan idmançı gənc bokusçular arasında üç dəfə Azərbaycan çempionu olub. Boks üzrə Avropa çempionatında erməni idmançını məğlub edən M.Aşurəliyev gümüş medal qazanıb. Bir sıra beynəlxalq yarışların qızıl mükafatçısıdır. M.Aşurəlyev 2023-cü ildə boks üzrə Azərbaycan çempionatda 57 kq çəkidə birincilik qazanmaqla yanaşı, “ən yaxşı boksçu” adına layiq görülüb.
Azərbaycan teleməkanında daha bir biabrçı hal yaşanıb.
Xəzər Tv-də yayımlanan “İncə səhər” verilişində uyğunsuz kadrlar yayımlanıb.
Belə ki, efirə dəvət olunan əcnəbi xanımların ombalarını nümayiş etdirməsi birmənalı qarşılanmayıb. Sözügedən video sosial şəbəkənin gündəm mövzusuna çevrilib.
Çoxsaylı tənqidi şərhlərlə münasibət bildirilən həmin görüntüləri təqdim edirik:
//milli.az
Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2023-cü ildə 50,012 milyard ABŞ dolları artıb.
“Report” xəbər verir ki, bunu “Bloomberg” agentliyinin dərc etdiyi “Milyarderlər İndeksi” göstərir.
Hesabata əsasən, ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 9,29 milyard ABŞ dolları qazanıb və onun sərvəti 24,7 milyard ABŞ dollarına yüksəlib. “Eurochem”in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti isə 5,67 milyard ABŞ dolları artaraq 17,2 milyard ABŞ dollarına yüksəlib. NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin sərvəti isə 23,9 milyard ABŞ dolları təşkil edib.
Qeyd edilib ki, “Akron”un əsas səhmdarı Vyaçeslav Kantor ən çox itkiyə məruz qalıb, onun sərvəti 0,149 milyard ABŞ dolları azalaraq 6,21 milyard ABŞ dolları təşkil edib
Ölkəmizdə cəmi 1 şagirdi olan 7 məktəb fəaliyyət göstərir. Həmin məktəblər İsmayıllı, Quba, Lerik (hərəsində 2 məktəb) və Ağsudadır (1 məktəb).
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağsu rayon Axunlu kəndində yaşayan Zəhra Babayevanın 6 yaşı var. O, kənd məktəbinin yeganə şagirdidir. Hazırda birinci sinifdə oxuyan Zəhranı digər məktəblilərdən fərqləndirən, onun sinif yoldaşlarının olmamasıdır. Hər gün məktəbə tək gedir, partada tək oturur. Amma bütün bunlar onu dərslərindən geridə qoymur.
Məktəbin kollektivi cəmi 4 nəfərdən – direktor-müəllim, iki texniki işçi və bir şagirddən ibarətdir.
Otuz ildən çoxdur pedaqoji fəaliyyətlə məşğul olan Zəhranın müəllimi Bədurə Babayeva deyir ki, əslində, onun üçün sinifdə uşaq sayının fərqi yoxdur. Şagird sayından asılı olmayaraq, tədris təyin olunmuş proqram üzrə aparılır: “Əvvəllər məktəbimizdə şagird sayı çox olub, indi isə bir nəfərdir. Bu da kənddə əhalinin sayının az olması ilə əlaqədardır. Amma gələn il 4-5 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində məktəbdə bir neçə şagird təhsil alıb, onlar ibtidai təhsillərini başa vurublar və hazırda qonşu kənddəki ümumi orta məktəbində təhsillərini davam etdirirlər”.
Kənd sakini Səməd Qəmbərov isə bildirib ki, kənddə cəmi 20 ev var. Qonşu kənddə tam orta məktəb olsa da, oraya xeyli məsafə var. “Bizim kəndlə o məktəb arasında 3 kilometr məsafə var. Ona görə də bu məktəbin olması bizim üçün yaxşıdır. Çünki azyaşlı uşaqların o qədər yolu piyada getməsi çətin məsələdir. Ona görə də kəndimizdə dərs keçirilməsi bizə daha uyğundur”, – deyə o əlavə edib.
Xatırladaq ki, ölkəmizdə cəmi 1 şagirdin təhsil aldığı 7 məktəb olsa da, şagird sayı 4000-dən çox olan 10 məktəb də var. Bunlardan 3-ü Abşeron rayonunda, 7-si isə Bakı şəhərindədir. Eyni zamanda, şagird sayı 5000-dən çox olan 3 məktəbin 1-i Bakı şəhərində, 2-si isə Abşeron rayonunda fəaliyyət göstərir.