Month: Yanvar 2024

  • Prezident olmaq istəyənlər üçün ayrılan vaxt altı gün sonra başa çatır

    Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.

    “Report”un xəbərinə görə, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb.

    Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək.

    Bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

    Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

    Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyevin, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.

    MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.

    Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.

    Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

  • Goranboyda minik maşını aşıb, xəsarət alanlar var

    Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

    “Mercedes” markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı rayon sakinləri – 2005-ci il təvəllüdlü Əbdürrəhman Nəsibov, 2004-cü il təvəllüdlü Allahverdi Nəsibov və 2006-cı il təvəllüdlü İbrahim Yolçuyev – müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiya vətəndaşlığını almış şəxslərin DİQQƏTİNƏ: Sürücülük vəsiqəsi ilə bağlı problem yarana bilər

    Rusiya vətəndaşlığı və ya yaşayış icazəsi almış şəxslər bu ölkəyə köçdükdən bir il sonra xarici sürücülük vəsiqəsi ilə avtomobil idarə edə bilməyəcəklər.

    Ölkə qanunvericiliyinə edilən dəyişikliyə əsasən, onlar Rusiya sürücülük vəsiqəsi almaq üçün yenidən imtahan verməli olacaqlar.

    2024-cü il aprelin 1-dən qüvvəyə minən qanuna əsasən, əcnəbilərin Rusiyada yaşamaq icazəsi və ya Rusiya vətəndaşlığını aldığı tarixdən bir il sonra xarici və beynəlxalq sürücülük vəsiqələri etibarsız hesab ediləcək. Tələb xaricdə uzun müddət qaldıqları müddətdə sürücülük vəsiqələri əldə edən rusiyalılara da şamil edilir. Rusiyalılar sənədlərini ölkəyə ilk daxil olduqları tarixdən bir il sonra dəyişdirməli olacaqlar.

    İstisnalar Belarusda verilmiş sürücülük vəsiqələri və Rusiya Federasiyasında yaşamaq icazəsi almış Belarus vətəndaşlarına olacaq.

    Diplomatik nümayəndəliklərin əməkdaşları və onların ailə üzvləri də təlim keçmədən, imtahan vermədən, ancaq nəqliyyat vasitəsini idarə etməyə əks-göstərişlərin olmaması barədə tibbi arayış təqdim edərək xarici sürücülük vəsiqəsi əsasında sürücülük vəsiqəsi ala biləcəklər.

    Avtomobil sürücüsü Rusiyada etibarsız vəsiqə ilə avtomobil idarə edərsə, onu cərimə (15 min rubla qədər) və lisenziyası bərpa olunana qədər sürücülük hüququndan məhrumetmə gözləyir.

    Ən populyar kateqoriyalar üzrə xarici sürücülük vəsiqələrə əsaslanan Rusiya sürücülük vəsiqələri (M – mopedlər, skuterlər, yüngül kvadrosikllər, A – motosikletlər, B – minik avtomobilləri və altkateqoriyalar A1, B1 – yüngül motosikletlər, üçtəkərlilər və kvadrosikllər) nəzəri imtahandan uğurla keçdikdən sonra veriləcək.

    Sürücülük məktəbinə getməyə ehtiyac yoxdur. Belə sürücülər həm də yol polisində praktiki imtahan verməyəcəklər. Lisenziya almaq üçün ilkin şərt avtomobil idarə etmək üçün əks-göstərişlərin olmadığını təsdiq edən tibbi arayışın təqdim edilməsi olacaq.

    Yük maşınları və avtobus sürücüləri (C, D, CE, DE kateqoriyaları) sürücülük məktəblərində tam təlim kursu keçməli və imtahanlardan keçməlidirlər. Açıq kateqoriya B və CE (qoşqulu yük maşını) olan sürücülər minik avtomobilində ən azı bir il sürücülük təcrübəsinə malik olmaq şərti ilə avtomatik olaraq BE kateqoriyasını (qoşqulu minik avtomobili) alacaqlar.

    Qanuna əsasən, minik avtomobilində və ya yük avtomobilində azı bir il sürücülük təcrübəsi olmayan vətəndaşa D kateqoriyalı (avtobus) vəsiqəsinin verilməsi qadağan ediləcək.

    Mənbə: TASS

  • Masallıda restoranda yanğın baş verib

    Masallı rayonu, Qəriblər kəndində yerləşən restoranda yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

    Qeyd olunub ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

    Dərhal yanğınsöndürmə işləri həyata keçirilib və yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Çeçenistanda yeni şəhər peyda oldu

    Yeni ilin ilk günü Çeçenistan üçün yeni Oysxara şəhərinin yaranması ilə əlamətdar olub.

    Bu barədə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov öz “Telegram” kanalında yazıb.

    O bildirib ki, imzaladığı müvafiq qanun artıq qüvvəyə minib.

    Məlumata görə, Oysxara şəhəri ərazisinə Verxne-Noyberskoye, Nijne-Noyberskoye və Oysxarskoye yaşayış məntəqələri daxildir.

    Kadırovun fikrincə, qəsəbənin şəhər status alması onun gələcək inkişafına müsbət təsir göstərməli və yerli sakinlərin rifahının artmasına töhfə verməlidir.

    Kadırov Oysxara sakinlərini yeni şəhərin yaranması münasibətilə təbrik edib və onun Çeçenistan üçün yeni qürur mənbəyinə çevriləcəyinə söz verib.

  • Almaniyada üç nəfər pirotexniki vasitələrdən istifadə edərkən ölüb

    Almaniyada Yeni il gecəsi pirotexniki vasitələrdən ehtiyatsız istifadə nəticəsində üç nəfər ölüb.

    Məlumata görə, ölüm halları Bavariya, Reynland-Pfalz və Saksoniya federal əyalətlərində qeydə alınıb.

    Ümumiyyətlə, Almaniyada hüquq-mühafizə orqanlarının qeyd etdiyi kimi, Yeni il gecəsi əvvəlki illərlə müqayisədə nisbətən sakit keçib.

    Eyni zamanda təkcə Berlində 400-ə yaxın adam saxlanılıb, 50-dən çox polis əməkdaşı yaralanıb.

    Mənbə: TASS

  • Həmyerlimizin hazırladığı şüşə xalçalar diqqət çəkdi – VİDEO

    İncəsənət elə bir sahədir ki, çoxlarının xəyal edə bilmədiyini yaradıcı insan təxəyyülündə canlandırır və onu reallaşdırır.

    Həmyerlimiz, bədii şüşə ustası Məhər Məhərrəmovun bəzii şüşədən hazırladığı xalçanın özəlliyi asılıb, sərilə bilməsidir.

    Bədii şüşədən belə bir əsərin hazırlanması təkcə ölkəmizdə deyil, dünya ölkələrində də maraqla qarşılanıb.

    Daha ətraflı İTV-nin süjetində:

  • Bu gün bayrağımızı düşmənə təslim etməyən şəhid Natiq Qasımovun doğum günüdür

    Bu gün Natiq Qasımovun doğum günüdür.

    Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımov beş gün ac-susuz qalsa da bayrağımızı əlindən düşürməyib.

    N.Qasımov 1971-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürüb.

    Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı altı döyüş yoldaşı həlak olduqdan sonra beş gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından altıncı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər – Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.

  • Köməksiz vəziyyətdə qalan ahıl ər-arvadı öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib

    Daşkəsəndə köməksiz vəziyyətdə qalan ahıl ər-arvadı qəsdən öldürməkdə ittiham olunan 40 yaşlı Şahin Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    “Qafqazinfo”nun məlumatına görə, iş Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə araşdırılıb.

    İttihamda deyilir ki, təqsirləndirilən şəxs 86 yaşlı Məhərrəm Məmmədov və onun arvadı 77 yaşlı Pəri Məmmədovanın övladlarının olmadığı üçün tənha yaşadıqlarını bilib, evdə pul olacağını düşünərək onları quldurluq niyyəti ilə öldürmək qərarına gəlib.

    Müttəhim cinayət törətmək məqsədilə evə girərkən ilk olaraq P.Məmmədova ilə qarılaşıb. O, əlində olan taxta parçası ilə yaşlı qadının başına ardıcıl zərbə vuraraq ölümünə səbəb olub. Təqsirləndirilən şəxs arvadının qışqırıq səsinə çıxan əri M.Məmmədovu da eyni qaydada öldürüb. O, hadisədən sonra bir müddət sahibindən icazəsiz kənd sakinlərdən birinin evində gizlənib.

    Ş.Ələsgərov məhkəmədə özünü təqsirli bilib, törətdiyi cinayət əməlinə görə peşman olduğunu deyib.

    Məhkəmə istintaqının sonunda prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən şəxsin qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməsini tələb edib.

    Hökmə əsasən, Şahin Ələsgərov köməksiz vəziyyətdə olan iki nəfəri öldürməkdə, oğurluqda, quldurluqda, mənzil toxunulmazlığını pozmaqda və əmlakı məhv etməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. O, qalan ömrünü həbsxanada keçirəcək.

  • Gəncə sakini Biləsuvarda külli miqdarda narkotiklə tutuldu

    Gəncə şəhər sakini Biləsuvarda külli miqdarda narkotik vasitə ilə saxlanılıb. Əməliyyat zamanı ümumilikdə 2,5 kiloqramdan artıq güclü təsiredici xassəyə malik narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində keçirdikləri əməliyyat zamanı Gəncə şəhər sakini Elnur Allahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan iki kiloqram heroin, 535 qram tiryək aşkarlanaraq götürülüb.

    Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.