Month: January 2024

  • Rusiya 800 kiloqramlıq aviaraket hazırladı

    Rusiyanın 310 kilometr mənzilli aviasiya raketinin gücü iki dəfə artırılıb və onun döyüş başlığının kütləsi 800 kiloqrama çatdırılıb.

    Median.Az Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Taktiki Raket Silahları Korporasiyasının baş direktoru Boris Obnosov Müdafiə Naziri Sergey Şoyquya bildirib.

    Obnosov qeyd edib ki, 310 kilometr məsafə qət edən yeni məhsul artıq sınaqdan keçirilib. O, həmçinin əlavə edib ki, konstruktorlar raketin qiymətini aşağı salıblar.
    Aerokosmik Qüvvələrin baş komandanının silahlanma üzrə müavini, general-polkovnik Yuri Qrexov deyib ki, raketin döyüş başlığı əvvəllər 450 kiloqram olduğu halda, hazırda 800 kiloqramdır.

    Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, “bu cür raketlərin kifayət qədər olmasını” təmin etmək lazımdır.

  • Qazaxda 13 yaşlı qız qızılcadan öldü

    Qazaxda yeniyetmə qızılcadan dünyasını dəyişib.

    Hadisə rayonun Hüseyinbəyli kəndindən qeydə alınıb.

    Kənd sakini Şabanzadə Nəzrin Fərrux qızı qızılca xəstəliyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına oradan isə Gəncə xəstəxanasına aparılıb.

    Yeniyetmə qızın vəziyyətinin ağır olduğunu görən ailə övlandını Bakıya aparmaq qərarına gəlib.

    Bu zaman Şabanzadə Nəzrin yolda dünyasını dəyişir

    Bildirilib ki, Nəzrinin 10 yaşlı qardaşı da ondan öncə xəstəliyə yoluxmuşdu.

  • Çin istehsalı süni yumurtaların zərəri varmı?

    Son zamanlar internetdə Çində istehsal olunan süni yumurtaların videoları yayılır, hətta satışda da bu yumurtaların olduğu danışılır.

    Dietoloq Polina Juravleva süni yumurta barədə miflərə aydınlıq gətirib.

    “Norma çərçivəsində yedikdə, bu yumurtalar sağlamlıq üçün elə də təhlükəli deyil, hətta bəzi hallarda adi toyuq yumurtasından faydalı da ola bilər.

    Süni yumurta təbiidən fərqli olaraq, adətən bitki tərkibli – soya zülalı və digər bitki inqridiyentlərindən hazırlanır.

    Bu tərkib isə insan orqanizminə yad deyil, az miqdarda yeyilsə faydalıdır. Çünki orqanizmə zülal lazımdır”.

    Amma Çindən də olsa o yumurtaların istehsal şirkəti və tərkibi aydın olmalıdır. Kütləvi olaraq ucuz başa gələn süni yumurtada dadlandırıcı, konservantlar ola bilər. Toyuq yumurtasına allergiyası olanlara bu yumurta alternativ ola bilər.
    //bakupost.az

  • Şuşada “paytaxt ili”nin açılış mərasimi keçiriləcək

    “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilən Şuşa şəhərində “paytaxt ili”nin açılış mərasimi keçiriləcək.

    Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü və təşkilatın İcraiyyə Şurasının 44-cü sessiyasında müzakirə aparılıb.

    Tədbirlərdə nazirlər, səfirlər, üzv dövlətlərin nümayəndələri, regional və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

    Azərbaycanda keçiriləcək COP29-a dair tədbir iştirakçılarına məlumat verilib və COP29-un beynəlxalq layihələrin və təşəbbüslərin qlobal təqdimatı üçün yaxşı platforma olduğu diqqətə çatdırılıb. COP29 çərçivəsində həyata keçirilməsi üçün müvafiq sahələr üzrə komandalar tərəfindən yeni ideyalar da irəli sürülüb.

    İclasda Azərbaycanın da təmsil olunduğu ICESCO-nun Maliyyə Nəzarəti Komitəsinin üzv ölkələrinin komitəyə üzvlük müddətinin uzadılması barədə qərar qəbul edilib.

    Bu ilin beynəlxalq tədbirlərin keçirilməsi və ICESCO ilə əməkdaşlıq baxımından Azərbaycan üçün önəmli il olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində “paytaxt ili”nin açılış mərasimi keçiriləcək və il ərzində çoxlu sayda tədbirlər təşkil olunacaq. Şuşanın mədəniyyət paytaxtı elan edilməsinə görə bir daha ICESCO və üzv ölkələrə təşəkkür edilib və onlar Şuşada keçiriləcək tədbirlərə dəvət olunublar.

  • Rusiyada yumurta böhranı – Daha bir ölkə köməyə gəlir

    Rusiya Hindistandan toyuq yumurtası tədarükünü artırmağı xahiş edib.

    Median.Az News.ru-ya istinadla xəbər verir ki, bu barədə Hindistanın cənubundakı Tamilnada əyalətinin Quşçuluq və Yumurta Fermerləri Marketinq Cəmiyyətinin prezidenti Vangili Subrahmanyam bildirib.

    Qeyd edək ki, hazırda Rusiya yumurta qıtlığı yaşayır və Hindistandan onların tədarükünü artırmağı istəyib.
    “Buna hökumət səviyyəsində qərar verilsə, Rusiya Hindistan üçün nəhəng bazara çevriləcək”, – deyə Subrahmanyam bildirib.

    O deyib ki, ölkələr artıq danışıqlar prosesinə başlayıb. Subrahmanyam əlavə edib ki, yumurta ixracının 95%-ni verən Namakkal şəhərindəki broyler fabrikləri Rusiya Federasiyasına tədarükün həcmini artırmağa hazırdır.

    Bundan əvvəl məlum olub ki, Azərbaycan Rusiyaya 1,5 milyon yumurta tədarük edib. Tədarük olunan məhsulun ümumi çəkisi 90,63 tona çatıb. Belə ki, “Rosselxoznadzor” yanvarın 11-də Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə Azərbaycandan yeni yumurta partiyasının gətirildiyini bildirib. Təhvil verilmiş məhsulların həcmi 306 min ədəd, partiyanın çəkisi 18,63 ton təşkil eDİB.

    Bundan başqa, yanvarın 5-də Türkiyədən Rusiyaya 316,8 min ədəd yumurtanın ikinci partiyası gətirilib. Çatdırılmanın ümumi çəkisi 19 tonu ötüb. Yanvarın 3-də eyni miqdarda türk yumurtasının ilk partiyası ölkəyə gətirilib.
    //bakupost.az

  • İsrail Qəzzanın cənubunu vurdu: 16 ölü

    İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərində hücum edib.

    Şəhərdə gecə boyu davam edən hücumlar nəticəsində aralarında uşaqların da olduğu 16 fələstinli həyatını itirib.

    Qeyd edək ki, oktyabrın 7-dən başlayan hücumlarda əksəriyyəti uşaq və qadın olmaqla 24 min 448 fələstinli həyatını itirib.

  • Fermerlər keçi saxlamağa niyə maraq göstərmir? (ŞƏRH)

    “Hazırda ölkədə qoyunların sayı azalıb”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Azərbaycanda qoyun və keçilərin sayının az olma səbəini izah edərkən deyib.

    Onun sözlərinə görə, Azərbaycanda xırda buynuzlu heyvan qismində qoyun əti daha populyardır:

    “İnsanların böyük əksəriyyəti keçi ətinin iyindən, dadından xoşu gəlmir. Keçi əti qoyun ətindən insan orqanizmi üçün daha faydalıdır. Keçi ətində vitamin bolluğu var. Amma məsələ burasındadır ki, sahibkar həmişə bazarın təlabatına köklənir. Məsələn, bu gün quzu əti 18-20 manatdır, keçi əti isə 15-16 manata təklif olunur. İllik keçi ətinin bir kilosu 12 manata təklif olunur. Bu onunla əlaqədardır ki, keçini hər adam almır. Alıcının təlabatına uyğun olaraq keçi sayı az olub. Biz kənddə böyümüşük. Baxırdın ki, 100 qoyunun arasında bir keçi var. Bu həmişə belə olub”.

    Ekspert bildirib ki, keçi əti mövsümlə yeyilir:

    “Yay aylarında keçi ətinə tələb daha da azalır, iyi kəskin olur. Qış aylarında isə ona tələb artır. Bu digər heyvanlarda da belədir. Saylar təlabata uyğun olaraq balanslaşıb. 7 min qoyun da çox deyil. Azərbaycanın qoyuna olan təlabatı 7 deyil, hardasa 9 milyona yaxındır. 8 milyon 500 min qoyun yetişsə, bu Azərbaycanın təlabatının 40% yaxınını ödəyər. Qalan hissəsini isə iribuynuzlu heyvanlar ödəyə bilir”.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 7 milyon 81 min 200 qoyun və keçi var. Onun 81 min 200-ü keçi, 7 milyonu təmiz qoyundu.

  • Məşhur tikinti materialları bazarı məhkəməyə verildi – Tanınmış iş adamı müflis olub?

    “Azsığorta” ASC tanınmış iş adamı Azay Möhnətov və onun oğlu Aqil Möhnətov, həmçinin “EuroHome” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

    Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatına verilib.
    Məhkəmə iddiası hüquqi şəxsin müflis olması işi ilə əlaqədar qaldırılıb.

    Məlumat üçün bildirək ki, cəmi bir həftə əvvəl Təhsil Tələbə Krediti Fondu Möhnətov Aqil Azay oğlu ilə 96 min manatlıq, Möhnətov Azay Xasay oğlu ilə isə 56 min manatlıq icarə müqaviləsi imzalayıb.

    Məlumat üçün bildirək ki, Azay Möhnətov “AF Holdinq” şirkətlər qrupunun prezidentidir.

    Holdinqin rəsmi səhifəsində qeyd olunur ki, 1989-cu ildə təsis olunan “AF General Trading” şirkəti ixrac-idxal əməliyyatları ilə məşğul olub. Bildirilir ki, holdinqin baş ofisi Bakıda yerləşir, Frankfurt və Londonda da filialları var.

    Aşağıda adları qeyd olunan şirkətlər də “AF Holdinq”ə daxildir:
    – “Everton”
    – “Uğur-97”
    – “AFSAN Plastik”
    – “AF Business House”
    – “AF City”
    – “AF Mall”
    – “AF Com Plaza”
    – “AF Com Center”
    – “Aqua Park Baku”
    – “Aqua Park Shikhov”
    – “AF Hotel Aqua Park”

    Bundan başqa, “AF-Holdinq”in rəsmi veb-səhifəsində yer alan məlumatda göstərilir ki, 2000-ci ildə “AF Bank” təsis edilib. Sonradan bu bank Rusiyanın VTB bankına satılıb.

    Bakı-Sumqayıt yolunun kənarında yerləşən “EuroHome” inşaat materialları bazarının da əvvəllər Azay Möhnətova məxsus olduğu bildirilirdi. 2019-cu ildə bazarda baş verən güclü yanğın zamanı Holdinqin rəsmi saytında “AF Euro Home”un şirkətlər qrupuna daxil olduğu qeyd olunub. Daha sonra “EuroHome”un adı şirkətlər qrupunun rəsmi saytından çıxarılıb.

    Azay Möhnətov ilə bağlı diqqət çəkən məqmlardan biri də odur ki, “EuroHome” da yanğının baş verməsindən qısa müddət əvvəl Rusiyanın “Vedomosti” qəzeti yazıb ki, “AF-Holdinq”in rəhbəri Azay və İlyas Möhnətovlar Moskvada “Safmar” şirkətinə məxsus 21,7 hektar torpaq sahəsini və 111 min kvadratmetrlik ofis-anbar kompleksini satın alıb. İddia olunub ki, “Safmar” şirkəti qeyd olunan ərazinin səhmlərini özündə cəmləşdirən “Rusinkom” şirkətini əvvəlcə 2,6 milyard rubla (40 milyon dollar) satmağı planlaşdırıb. Lakin, sonradan yekun qiymət onların istədiyindən də yüksək olub. Aktivin neçəyə satıldığı açıqlanmayıb. “Vedomosti” qəzeti yazıb ki, iki mənbə aktivlərin Azərbaycanın “AF Holdinq” şirkətlər qrupuna satıldığını açıqlayıb və məlumt bu günə kimi təkzib olunmayıb.

    Məlumat üçün bildirək ki, “Safmar” şirkətinin Baş direktoru milliyətçə erməni olan Avet Mirakyandır. Şirkətlər qrupunun sahibi isə Dövlət Neft Şirkətinin (SOCAR) əsas ortaqlarından biri olan “RussNeft” şirkətinin sahibi inquş əsilli milyarder Mixail Qutseriyevdir.

    Onu da bildirək ki, Azay Möhnətov barəsində iddia qaldıran “Azsığorta” ASC-nin səhmlərinin 100%-nin Hikmət Əbuzər oğlu İsmayılova məxsus olduğu bildirilir. Mətbuatda “Azsığorta” ASC-nin səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bu günə kimi təkzib olunmayıb.

  • Hansı universitetlər Bakıdan köçürüləcək?

    Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Mərkəzi Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur.

    Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı, tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin ediləcək.

    Bəs universitet şəhərciklərinin yaradılması təhsilə necə təsir göstərəcək? İlkin mərhələdə hansı universitetlər şəhər kənarına köçürülə bilər?

    Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, təhsil xidmətlərinə şəhərin bütün ərazilərində əlçatanlığın təmin edilməsi məqsədilə bu xidmətləri göstərən təhsil müəssisələrinin mərhələlərlə Baş plana uyğun olaraq bu məqsədlər üçün müəyyən edilmiş ərazilərdə yerləşdirilməsi həyata keçiriləcək.

    “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli qərarı ilə “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Baş plan özündə şəhərin bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. Bu məqsədlə şəhərin ərazi inkişafının istiqamətlərini müəyyən edəcək şəhər mərkəzləri sisteminin yaradılması təklif olunur. Əsas məqsəd bütün şəhər ərazisində hər bir sakin üçün bərabər imkanları və xidmət standartlarını təqdim etməkdir. Baş planda təhsil xidmətləri də şəhər xidmətlərinin bir növü kimi təsnifləşdirilib.

    Təhsil xidmətlərinin əlçatanlığı nəticə etibarı ilə ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək”, – deyə əlavə edilib.

    Trend-in suallarını cavablayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, Bakı şəhərinin Baş planının yeni variantda təsdiq olunması və Bakı ətrafında universitet şəhərciklərinin və bilik mərkəzlərinin yaradılması ölkəmizin iqtisadi və davamlı inkişafı ilə birbaşa bağlıdır.

    “Universitetlərin böyük əksəriyyəti paytaxtda şəhərin mərkəzində yerləşib. Bu gün həmin universitetlərin mərkəzdə yerləşməsi yeni kampusların salınması, binaların tikilməsi problemlərini yaradır. Ərazi olmadığından universitet üçün yeni binalar tikilə bilmir. Universitet əraziləri geniş olmalıdır. Dünyanın bir çox yerində universitet şəhərciyi ayrıca bir şəhər kimi olur. Binalar, yataqxanalar həmin ərazidə yerləşir. Bəzən bizim universitetlərdə kütləvi tədbirlər keçirmək üçün ərazi olmur. Hətta təcrübə mərkəzləri üçün belə ərazi yoxdur.

    Bu məsələlər universitetin inkişafdan geri qalmasına gətirib çıxarır. Baş planda Bakının ətraf ərazilərində universitet şəhərciklərinin yaradılması inkişafa yol aça bilər. Mən deməzdim ki, bütün universitetləri paytaxt ərazisindən çıxarmağa ehtiyac olacaq. Məsələn, ADA Universitetinin kampusu artıq formalaşıb. Artıq tıxac məsələsini də həll etmək olar. Bu tıxacın yaranmasında universitetlərin böyük rolu var. Universitet şəhərcikləri salınsa, Bakının kompleks inkişafı üçün şərait yaranacaq”, – deyə o bildirib.

  • Şvartseneggerin saata görə həbsi onun dəyərini kəskin şəkildə artırdı

    Çərşənbə günü Arnold Şvartsenegger İsveçrənin “Audemars Piguet” şirkətinin bəyan edilməmiş qol saatlarına görə Münhen hava limanında gömrük yoxlaması zamanı saxlanılıb. Bu model xüsusi olaraq aktyor üçün hazırlanıb, o, bu saatları bir neçə filmdə taxıb. Saatın korpusunda Şvartseneggerin gövdəsinin təsviri və “Arnold Classic” sözləri var. Dünyada cəmi 20 belə saat var. Bunlara görə kino ulduzu üç saat polis otağında saxlanılıb, sonra saatın dəyərini, cəriməni və vergiləri ödəməyə məcbur edilib. Şvartsenegger özü isə saatları hərracda satmaq və pulu iqlimin mühafizəsinə istifadə etmək niyyətində olub.

    Qaynarinfo xəbər verir ki, “Bild”ə verdiyi şərhdə Şvartsenegger bürokratik əngəlləri “Almaniyanın xəstəliyi” adlandırıb.

    76 yaşlı aktyor ingilis dilində “Bu, hazırda dünyanın ən çox baxılan saatıdır” deyə zarafat edib. O, hələ də saatı hərraca çıxarmaq niyyətindədir, lakin indi daha baha qiymətə. O, əvvəlcə onları təxminən 20.000 avro dəyərində qiymətləndirib. İndi hərracın başlanğıc qiyməti 50 000 avrodur.

    “Bild” xəbər verir ki, gömrükdə baş verən hadisədən sonra onlarla kolleksiyaçı bu modellə maraqlanıb.