Month: February 2024

  • Restoranların “Sevgililər günü”nə olan fantastik qiymətləri (SİYAHI)

    Bakıda fəaliyyət göstərən məşhur restoranlar “Sevgililər günü” kimi qeyd olunan 14 fevral tarixinə xüsusi olaraq hazırlaşıblar. Restoranların hər birində təklif olunan menyular, şou-proqramlar və ifa edən sənətçilər fərqli olduğu kimi qiymətlər də müxtəlifdir. Belə ki, qiymətlər dəvət olunan sənətçiyə, təklif olunan menyuya, masanın yerləşdiyi mənzərəyə, restoranın zalına yaxud terrasına görə dəyişir.

    Median.Az Trend-ə istinadən bu gün üçün bəzi restoranlarda təklif olunan qiymətlərlə bağlı araşdırmasını təqdim edir:

    “İstanbul Meyhane” də iki nəfər üçün qiymət 150 manatdır.

    “SHOW MUSIC HALL”da isə bir nəfər üçün qiymət 120-200 manat arasında dəyişir.

    “Kaddeh”də bir nəfər üçün 200-250 manatdır.

    “Sosyete Baku”da kənar masalar 150, səhnəyə yaxın masaların qiyməti isə hər adam üçün 200 manatdır.

    “Zeyd” restoranında iki nəfərlik menyu 250-300 manat aralığında dəyişir.

    Sakit və romantik abu-hava istəyənlər üçün “ADA” restoranında depozit yoxdur.

    “El Piano” restoranında isə bu qiymət adambaşı 100 manatdır.

    Sonda qeyd edək ki, paytaxtda fəaliyyət göstərən restoranlarda “Sevgililər günü” kimi qeyd olunan 14 fevral tarixinə xüsusi hazırlıqlar görülüb. Lakin qiymətlər əvvəlki illərlə müqayisədə bu il daha çox yüksəkdir. Sosial şəbəkə istifadəçiləri “fantastik qiymətlər”, “qiymətlər uçur”, “o pula millət xaricə getmək üçün bilet alar”, “bu qiymətlə hansısa ölkəyə getmək Bakıda qeyd etməkdən yaxşıdır” və s. bu kimi rəylər qeyd ediblər.

  • “Kurtlar Vadisi” ekranlara qayıdır…

    Azərbaycanda da böyük maraqla izlənilən “Kurtlar Vadisi” teleserialı yenidən yayımlanacaq.

    Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

    Bildirilib ki, ekran işində yenə baş rolu Necati Şaşmaz canlandıracaq. Serialın yayıma nə zaman başlayacağı hələlik açıqlanmayıb.

    “Kurtlar Vadisi Pusu”nun davamı olduğu bildirilən yeni serialın Acun Ilıcalının sahibi olduğu “Exxen”də yayımlanacağı iddia edilib.//musavat.com

  • Rusiyada süni intellektə əsaslanan tanışlıq saytı yaradıldı

    Rusiyalı proqramçılar süni intellektə (AI) əsaslanan tanışlıq saytı yaradıblar.

    Bu barədə “İzvestiya” qəzeti layihənin müəlliflərinə istinadən yazır.

    Cütlük tapmaq üçün parametrlər olaraq sistem “Cattell”in psixoloji testini rəhbər tutur.

    Qeydiyyatdan keçərkən istifadəçi bir neçə suala səslə cavab verir və gələcək tərəfdaşın vacib şəxsi xüsusiyyətlərini göstərir.

    Sankt-Peterburq Dövlət Universitetinin tərtibatçıları qrupu unikal funksionallığı olan yeni onlayn tanışlıq saytını təqdim edib.

    Layihənin rəhbəri Yeqor Krasilnikov bildirib ki, əsas vəzifə səslə müəyyən edilən parametrlər əsasında cütlük seçməkdir.

    Bu məqsədlə şəxsiyyət xüsusiyyətlərini müəyyən etməyə kömək edən “Cattell” psixoloji testindən istifadə olunur.

    Tətbiqin prinsipi belədir: qeydiyyatdan keçərkən istifadəçi bir neçə səsli mesaj yazır və beş suala cavab verir.

    Qəbul edilən səs nümunələri istifadəçinin xarakterini müəyyən edən süni intellekt vasitəsilə təhlil edilir.

    Bundan sonra istifadəçi gələcək partnyorun ünsiyyətcillik, zəka, emosional sabitlik və başqaları kimi şəxsi xüsusiyyətlərini faizlə seçir. Alqoritm məlumatları təhlil edir və ən uyğun tərəfdaşı seçir.

    Portal hazırda tətbiqin mobil versiyası da daxil olmaqla tam fəaliyyət göstərir.
    //Baku.ws

  • Bahalaşan və ucuzlaşan tikinti materialları – QİYMƏTLƏR

    Azərbaycanda bəzi tikinti materiallarının qiymətində bahalaşma, bəzilərində isə ucuzlaşma müşahidə olunur.

    Bahalaşma əsasən taxtanın qiymətində özünü göstərir.

    Taxtanın Rusiya və Belarusdan idxal olunduğunu nəzərə alsaq artımların gələcəkdə bir qədər də artacağı istisna edilmir. Hazırda Rusiyadan ölkəmizə idxal olunan taxtanın kubu 370, Belrusdan isə gətirilən taxta 320-340 manata satılır.

    Qiymətində daha çox ucuzlaşma müşahidə olunan tikinti materialı isə dam örtükləridir. Buna qədər kvadratmetrəsi 8-10 manat olan örtüklər artıq 7 manata satılır.

    Tikinti materialları üzrə qiymətlər belə dəyişir:

    Kərpic – 15-64 qəpik, daş (növünə görə) – 50 qəpik – 1 manat, qum (növünə görə) – 1 tonu 200-250 manat, sement 5-7 manat.
    //Baku.ws

  • TƏBİB Şəmkirdə dönərdən zəhərlənənlərin durumunu açıqlayıb – YENİLƏNİB

    TƏBİB Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

    Median.Az xəbər verir ki, bu barədə TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, fevralın 12-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-də isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib.

    Qeyd olunub ki, onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb, vəziyyətləri qənaətbəxşdir.

    * * * * *

    Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.

    Median.Az report-a istinadən xəbər verir ki, zəhərlənən şəxslər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Həmin şəxslər 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il İ.Məmmədova, 2020-ci il R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədovadır.

    Onlardan ikisinin vəziyyəti kafi qiymətləndirilir.

    Zərərçəkənlər dönərxanada yedikləri dönərdən sonra özlərini pis hiss etdiklərini bildirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Xəzər dənizində gəmi-bərələrin sayı artırılacaq

    Xəzər dənizində hazırda gəmi-bərələrlə bağlı problemlər var və onun həlli üçün müəyyən işlər həyata keçirilir.

    Median.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib.

    Onun sözlərinə görə, hazırda Orta Asiya-Türkiyə istiqamətində yükdaşımalar artır: “Xəzər dənizində gəmi-bərələrlə bağlı çatışmazlıq hiss edilir. Hazırda bu problem üzərində düşünülür. Bərələrin tipi, ölçüsü, texniki göstəriciləri ilə bağlı məsələlər nəzərdən keçirilir. Əsas məsələ bərələrin mövcud yük həcmini emal edə bilməsidir”.

    “TRACECA olaraq bu istiqamətdə müəyyən tədqiqat aparırıq. Xəzərdə tələb edilən gəmi-bərələrin optimal həcmini, sayını, ölçüsünü müəyyən etməliyik. Bundan sonra Xəzəryanı ölkələrlə artıq həmin gəmilərin istehsalı və istismarı ilə bağlı proseslər davam edəcək”, -deyə R. Bayramov qeyd edib.

    Xatırladaq ki, TRACECA Avropa İttifaqının MDB-yə göstərdiyi texniki yardım çərçivəsində həyata keçirilən xüsusi layihədir. Layihə 1993-cü ilin mayında Bekçikanın paytaxtı Brüsseldə keçirilmiş konfransda 8 ölkənin iştirakı ilə qəbul edilib.

  • Hərbi vəzifəlilərin təlim toplanışı davam edir – VİDEO

    2024-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.

    Median.Az MN-ə istinadən xəbər verir ki, hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunan hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, təhlükəsizlik qaydaları çatdırılır, onlarla sıra hazırlığı üzrə məşğələlər keçirilir.

    Hərbi vəzifəlilərin yüksək kalorili və keyfiyyətli qidalarla qidalanmaları üçün hərbi hissədə hər cür şərait mövcuddur.

    Təlim toplanışının növbəti günlərində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə plana uyğun olaraq müxtəlif tapşırıqlar icra ediləcək.

  • İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

    Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

    Bu barədə President.az xəbər verir.

    Qeyd olunur ki, dövlətimizin başçısı və Birinci vitse-prezident ulu öndərin məzarı önünə gül dəstələri qoyublar.

    Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.

    Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.

  • UEFA-nın prezidenti İlham Əliyevi təbrik edib

    UEFA-nın prezidenti Aleksander Çeferin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Avropa futbol ictimaiyyəti adından ürəkdən təbrik edirəm.

    Seçkidə yenidən qazandığınız inamlı qələbə Azərbaycan xalqının Sizə göstərdiyi etimad və inamın bariz sübutudur. Sizin rəhbərliyinizlə Azərbaycan xalqı müxtəlif sahələrdə, o cümlədən idman və futbolda böyük nailiyyətlər əldə edib. Futbola göstərdiyiniz yüksək qayğıya görə Sizə təşəkkürümü bildirirəm. Bundan əlavə, Bakı UEFA-nın “Avro-2020”nin həlledici oyunlarına ev sahibliyi edərkən hər kəsin əsl həyəcan hissləri keçirdiyini xatırlatmaq istəyirəm.

    Bildiyiniz kimi, 30 il əvvəl – 1994-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA-nın üzvü seçilib. Hökumətin dəstəyi və milli assosiasiyanın fəaliyyəti sayəsində Azərbaycanda futbol bütün səviyyələrdə davamlı olaraq inkişaf edir. Futbol infrastrukturu inkişaf edir və bu, oyunlara yeni yanaşmaları təmin edir. Klubların mütəmadi olaraq Avropa səviyyəsində çıxışları fəxr etməyə və gələcəyə böyük ümidlə baxmağa imkan yaradır.

    Cənab Prezident, bu çox gözəl ölkəyə və xalqa liderliyinizi davam etdirməyiniz münasibətilə ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.

  • Nazirlər Kabineti istefa verdi

    Nazirlər Kabineti istefa verib.

    APA-nın əldə etdiyi məlumata görə, Konstitusiyanın 116-cı maddəsində nəzərdə tutulan bütün addımlar yerinə yetirilib.